AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mingəçevir Su Anbarı təhlükə mənbəyidir

Mingəçevir Su Anbarı təhlükə mənbəyidir

Cəmiyyət
17 May 2013, 08:15 6418
“Mingəçevir Su Anbarı Azərbaycan üçün seysmik baxımdan ən təhlükəli ərazilərdən biridir. Burada vəziyyətin necə olduğunu dəqiqləşdirmək üçün mütləq seysmik müşahidələr aparmaq, analiz etmək lazımdır. Seysmik riski azaltmaq üçün göl ətrafına stansiyalar qurulmalıdır. Çünki Mingəçevir Su Anbarının altından zəlzələ ocaqları, dərinlik qırılması keçir. Buna görə də anbarda ağırlığı, təzyiqi azaltmaq lazımdır ki, zəlzələ ocaqlarına təsir göstərməsin. Seysmik təhlükəyə görə, bənddə suyun səviyyəsini 70 sm-dən yuxarı qaldırmaq olmaz”. Bu sözləri bizimlə söhbətində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi.

Q.Yetirmişlinin sözlərinə görə, su anbarında suyu tənzimləmək, vaxtı gələndə azaltmaq lazımdır: “Dünyanın hər bir ölkəsində seysmik yükü azaltmaq üçün su anbarları qorunur. Artıq monitorinqlər üçün müraciətlər edilib, məsələ gündəmdədir”.

Dünyada su anbarlarında seysmik təhlükə 1, ölkəmizdə 4 baldır

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında da sözügedən məsələ qaldırılıb və Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş idarəsinin rəisi Tariel Hüseynov bildirib ki, Mingəçevir Su Anbarında 4 baldan yuxarı olan zəlzələlərin sayı artıb. Onun sözlərinə görə, əslində dünyada su anbarlarında seysmik təhlükə 1 baldan yuxarı olmamalıdır: “T.Hüseynov deyib ki, Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir, Yenikənd su anbarları ilə bağlı da kompleks tədqiqatlar aparılmalıdır”.
AMEA prezidenti Akif Əlizadə isə deyib ki, Mingəçevir hövzəsi ciddi təhlükə olaraq qalmaqdadır: “60 ildən artıq istifadədə olan bu hövzədə ciddi tədqiqatlar aparılmalıdır. Çünki 60 il ərzində orada müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verib. Bu tədqiqatlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN-lə birlikdə aparılmalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilə qədər baş verən zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşib. F.Qədirov deyib ki, Azərbaycan ərazisində Gəncə, Şamaxı, İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal tərəfində 8-9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.

Harada zəlzələ gözlənilir?

F.Qədirovun sözlərinə görə, araşdırmalar nəticəsində qarşıdakı 50 ildə təhlükəli ola biləcək ərazilər də müəyyənləşib: “Bu siyahıda ilk yerdə Şamaxı, İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub tərəfləri, Biləsuvar, Cəlilabad dayanır”.

Qeyd edək ki, 2012-ci il ərzində ölkəmizdə 5214 yeraltı təkan qeydə alınıb. Onlardan 3380-i yaxın, 1834-ü isə uzaq zəlzələlərdir. 2012-ci il ərzində 50 hiss olunan zəlzələ qeyd edilib. 2012-ci il ərzində zəlzələlərin sayı və ayrılmış seysmik enerjinin miqdarı 2011-ci ilə nisbətən yüksək olub.

Böyük Qafqazda vəziyyət yaxşı deyil

Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov APA-ya açıqlamasında bildirib ki, Abşeron yarımadasının cənubunda çox güclü şəkildə gərilmə baş verir: “Bu gərilmə Bakı şəhəri üçün də müəyyən təhlükə yarada bilər. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Geologiya İnstitutunun dəstəyi ilə Bakı şəhərində iki il 600-dən artıq nöqtədə mikrotremor ölçüləri aparılıb. Bu ölçülərin nəticələri əsasında Bakı şəhəri üçün seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanıb”.

F.Qədirov deyib ki, Azərbaycandakı geodinamik situasiyanı öyrənmək üçün 1998-ci ildən Azərbaycan GPS poliqonu yaradılıb. Bunun əsasında yapon alimləri ilə birlikdə Azərbaycan ərazisinin gərginlik toplanılması xəritəsi qurulub: “Geoloji təhlükələrlə məşğul olan hər bir təşkilat bu xəritədən istifadə etməlidir. Abşeronun cənub tərəfində - Şıxlar, Qobustan ərazisində çox güclü gərilmə zonası var. Burada gərginliyin qiyməti çox yüksəkdir. Böyük Qafqaz boyu yenə də gərilmə sahələri var. Kiçik Qafqazda isə sıxılma sahələrinin olduğunu görürük. Həmin sahələr də təhlükəli sahələrdir. İran ərazisində hazırda çoxsaylı zəlzələlər baş verir. Bizdə Naxçıvan ərazisində sıxılma sahələri var. Bizim hesablamalar göstərir ki, Kiçik Qafqazda Ermənistanın Spitak rayonunda olduğu kimi güclü zəlzələnin baş verməsi üçün 200-300 il vaxt lazımdır ki, burda enerji toplansın. Böyük Qafqazda isə daha böyük deformasiyalar toplanır. Ona görə də gələcək planlarda Böyük Qafqaza dair tədqiqatları genişləndirmək, Abşeronda və Böyük Qafqazda GPS stansiyaların sayını çoxaltmaq var. Abşeron yarımadasında və onun ətrafında çox sıx GPS şəbəkəsinin qurulması çox vacibdir. Ayda bir dəfə Azərbaycan hökumətini burdakı geodinamik şəraitlə tanış etmək lazımdır. Azərbaycan mütəxəssisləri artıq buna hazırdırlar”.

Lalə