• cümə, 19 Aprel, 14:16
  • Baku Bakı 25°C

Min oğlandan yaxşı iş görməyi bacaran xanım - Fotolar

06.10.17 12:15 8034
Min oğlandan yaxşı iş görməyi bacaran xanım - Fotolar
Ona görə hansı ixtisas üzrə təhsil almağının fərqi yoxdur. Deyir ki, hansı ixtisas üzrə təhsil alsa, hətta özünün sevmədiyi bir sahə olsa belə, o istiqamətdə gözəl mütəxəssis olar və sevə-sevə işini görər. Hansı sahədə və harada olsa, həm də lider olmağı özü üçün məqsəd olaraq görür və hələ ki, buna həmişə nail olduğunu bildirir. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetində korreksiyaedici təlim ixtisası üzrə təhsil alan 18 yaşlı Lamiyə Hacıyevadır.

Lamiyənin haqqında hələ bundan əvvəl təhsil aldığı Bakı İdarəetmə və Texnologiya Kollecində oxuyarkən məlumat almışdıq. Kollecdə çalışanlar bildirmişdilər ki, çox aktiv, məqsədləri olan bir qızdır, daim çalışır, oxuyur, hətta evdə universitetə hazırlaşır, üstəlik də, əlavə bir işdə çalışıb müəyyən qədər pul da qazanır. İş elə gətirdi ki, onudan müsahibə götürmək planımız yubandı və o, artıq universitetə qəbul olub.

- Söhbətə elə sizi tanımaqla başlayaq...
- 1999-cu ildə Bakı şəhərinin Əmircan qəsəbəsində doğulmuşam. 2005-ci ildə birinci sinfə getmişəm. 9 il orda təhsil aldıqdan sonra Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul oldum. Qəbul zamanı kollecdə ibtidai sinif müəllimliyi ixtisasını yazacaqdım. Amma elə oldu ki, mən sənəd verən il həmin ixtisası kolleclərdən yığışdırdılar. Mən də mühasibatlığı seçdim. 60 sualdan 54-ü düz yazaraq, fakültədə ən yüksək balı yığmışdım. İlk yerdə Bakı İdarəetmə və Texnologiya Kollecini yazmışdım, elə ora da düşdüm. 3 il orda mühasibat uçotu üzrə təhsil aldım. Bir neçə günə qırmızı diplomumu alacam.

- Amma ali təhsil almaq arzunuz da olub deyəsən...
- Kollecə qəbul olanda 15 yaşım vardı, təcrübəsiz idim. Amma ora mənim üçün uğurlu bir təcrübə oldu. Hər yeri tanıdım, tədbirlərə qatıldım. Birinci kursda oxuyanda Tələbə Gənclər Təşkilatına qoşulmağı təklif etdilər. Əvvəl utanırdım, lakin sonra qoşuldum və gördüm ki, nə yaxşı ki, bu seçimi etmişəm. Respublika Yaradıcılıq Evinə yazıldım, bir çox tədbirlərə getdim. Zamanla açılışdım. Kollec təhsilinin mənim üçün çox böyük köməkliyi oldu, gözəl insanlar tanıdım.

- Ali təhsili kollecdə yiyələndiyiniz ixtisas üzrə niyə davam etdirmədiniz?
- Kollecdə mühasibat uçotu oxuduğumu bilən çox adam bu sualı mənə verir. 3 il orda oxumuşdum, bir də 4 il burda eyni sahə üzrə oxumaq mənə bir az mənasız gəldi. Eyni şeyi 7 il oxu, sonra da adi bir bankda işlə. Əvvəldən istəyim BDU-nun filologiya fakültəsi idi, lakin bu il o ixtisasa qəbul balı çox yüksək oldu, ona görə oranı heç yazmadım. İndi qəbul olduğum yeri birinci olaraq yazdım və ora da düşdüm. Həm də fikirləşdim ki, filologiyanı seçsəm, yalnız Azərbaycan hüdudlarında çalışa bilərəm. Amma mənim seçdiyim ixtisasla başqa ölkələrdə də fəaliyyət göstərə bilərəm. Gələcəyi bilmək olmur. Mən sabah üçün yaşayıram.

- Dərslərlə yanaşı, həm də bir uşağa baxdığınızı da eşitmişdik...
- Kollecdə dərsim günorta növbəsi idi. Tələbə Gənclər Təşkilatının sədrinin uşağı bir az qüsurlu idi. Danışmırdı, heç bir şey etmirdi. Dedilər ki, sən uşaqlarla yaxşı yola gedirsən, onunla məşğul ola bilərsənmi? Mən də uşaqları sevdiyim üçün qəbul etdim. Günlər keçdikcə uşağın vəziyyəti yaxşılaşırdı, danışır, gülür, özünü həmyaşıdları ilə bir aparmağa çalışırdı. Və nə təsadüf ki, kiçik bir uşaq mənim bu gün universitet həyatımda böyük rol oynadı. Fikrimin dəyişməsinə gətirib çıxardı. Mən qəbul imtahanından sonra universitetlərin fakültələri ilə maraqlanmağa başladım və çox gözəl bir ixtisasa qəbul oldum. Bugünkü təhsil aldığım fakültə - korreksiyaedici təlim qüsurlu uşaqlara yardım etməklə bağlıdır. İndi görürsünüzmü, hər işdə bir xeyir var.

- Kollecdə oxuya-oxuya universitetə hazırlaşırdınız. Hələ uşağa da vaxt ayırırdınız. Bunu necə çatdırırdınız?
- İnanırsınız, bəzən elə olurdu ki, gecələr yatmırdım, ancaq oxuyurdum. Müəllim yanına getmədən evdə hazırlaşırdım. Kollecə qəbul olanda da müəllim yanına getməmişdim. Kurslardan birində işləyən Paşayeva Ballı müəllimə mənə məsləhətlərini verirdi, suallarım olanda ona müraciət edirdim. Azərbaycan dili və ədəbiyyat müəllimim idi. Qəbulda Azərbaycan dilindən 23, ədəbiyyatdan 19 düz cavab yazmışdım. Digər fənlər də elə. Köməklik göstərən müəllimlərim çox oldu.

- Kolleci bitirəndən sonra işləyə də bilərdiniz. Niyə yenidən təhsil almaq qərarına gəldiniz?
- İlin əvvəlindən Bakı Şəhəri Baş Polis İdarəsindən mühasibatlıqla bağlı iş təklif etdilər. Kollecdən müəllimim məni məsləhət görmüşdü. Universitetə qəbul olduğum üçün imtina etdim. Bilirsiniz, ali təhsil başqadır. İki nəfər iş üçün müraciət edəndə, biri kollec, digəri universitet bitirmiş olsa, universitet təhsili alanı seçirlər. Kollec tələbəsinin xarici dil, kompüter biliyinin digərindən yaxşı olmasına çox vaxt fikir vermirlər. Mən kollecdə oxuyan zaman kompüteri də öyrənirdim, rus dilindən də bazam var, təkmilləşdirmək üçün də çalışıram. Əslində, indi də oxuya-oxuya işləyə bilərdim, amma dərsim günorta saatlarında başladığı üçün işləməyə vaxt qalmır.

- Ev şəraitində ali məktəbə təkbaşına hazırlığın çətin olduğunu, bəzən mümkün olmadığını deyirlər. Hələ xarici dil üçün müəllim yanına getmədən dil öyrənmək elə də asan deyil. Bunların öhdəsindən necə gəlirdiniz?
- Mən evdə hazırlaşanda da deyirdilər ki, özün oxumaqla alınan iş deyil. Amma bu cür mənfi fikirlər mənə daha da güc verirdi. Mənə "edə bilməzsən” deyəndə, həvəsdən düşmürəm, əskinə, daha güclü oluram. İstədiyimə də nail oldum. Kollecdə bizi ingilis və rus dili qrupuna bölmüşdülər. Rus dili bazası ordan var, öz fikrimi ifadə edə bilirəm. İngilis dilini 9 il orta məktəbdə oxumuşam, qəbula hazırlaşanda da öyrənirdim. Əlimdə kitab varsa, mənim üçün çətin heç nə yoxdur. İngilis dili elədir ki, 70 faiz öyrənənin üzərinə düşür, 30 faiz müəllimin rolu olur. Dil öyrənmək üçün mütləq kursa getmək lazım olduğunu demək, artıq bəhanədir. Bu gün o qədər kitab bazası var ki. Dövlət tədris olunmalı hər şeyi bizə verib. Kitab almağa da pul lazım deyil. Məsələn, mən kitaba o qədər də çox pul verməmişəm. Ordan-burdan tapırdım. Hər fürsəti dəyərləndirmək lazımdır. Anamın bir sözü var, deyir ki, şans qarşına bir dəfə çıxır. Əgər dəyərləndirdinsə, qazanırsan, dəyərləndirmədinsə, getdi. İndiyə qədər dəyərləndirmədiyim fürsət ağlıma gəlmir.

- Yaşınız az olsa da, güclü bir qız təsir bağışlayırsınız...
- Qarşına məqsəd qoyanda, nə olur-olsun, ona çata bilirsən. Mən Əmircanda doğulub-böyümüşəm, orda mentalitet lap güclüdür. "Qız onu-bunu edə bilməz” yanaşması var. Amma qız olaraq min oğlandan yaxşı iş görməyi bacararam. Bu sualı çox verirlər ki, necə çatdırıbsan? Səhər uşağın yanına gedirdim, günorta dərsə, axşam da gəlib ali məktəbə hazırlaşırdım. Fevraldan avqust ayına qədər rejimim o qədər gərgin idi ki, orqanizmim çox zəifləmişdi, çünki vaxt olmadığı üçün normal qidalana bilmirdim, nə olsa, ayaqüstü yeyirdim.

- Bu qədər çalışmağa güc, stimul verən nədir?
- Yaxşı bir yerdə olmaq istəyirəm. Sıxılmaq istəmirəm. Riski sevənəm. Həm də anamın mənə olan etimadını doğrultmağa çalışıram. Mənim uğurlarımla fəxr etməyini istəyirəm.

- Sizi digərlərindən fərqləndirən nədir?
- Kompleksim yoxdur. Həmişə sinif nümayəndəsi olmuşam. Qərarlaşdığım yerdə lider olmaq istəyirəm. Kollecdə sinif nümayəndəsi idim, universitetə qəbul olanda düşünürdüm ki, orda sinif nümayəndəsi olmasam, necə olacaq? Universitetdə də qrupun ən yüksək balla qəbul olan tələbəsi olduğum üçün sinif nümayəndəsi təyin edildim. Ətrafdakı insanların çoxunda kompleks hiss edirəm. Deyirlər ki, birdən bacarmaram. Amma mən bacarmasam da, cəhd edirəm. Ən azından sınamış olaram. "Bacarmaram” qorxusu yoxdur. Əgər bacarmayacağamsa, deməli, xeyirlisi budur.

- Bu qədər işləri çatdırmaq üçün gərək həm də sürətli işləmək bacarığın olsun. Sizdə də bu formalaşıb, yəqin?
- Bizim evdə həmişə sərhədlər olub, mənim icazə limitim var. Hər gün istədiyim yerə gedə bilmərəm. Bu gün harasa gedirəmsə, sabah başqa yer üçün icazə ala bilmərəm. Limitim dolur. Həmişə fikirləşmişəm ki, bir gün evdən çıxıramsa, 5 işim varsa, hamısını görüm, 5 gün evdən icazə almayım. Bu da məndə sürətli rejim yaradıb. Qadağa olanda, mənfi tərəfdən yanaşsaq da, xeyirli tərəfi də var.

- Müsahibədən öncə söhbət edəndə şanslı adam adlandırdınız özünüzü. Bunu hansı əsaslara görə deyirsiniz?
- Allahın şanslı quluyam. Hər kəsə belə bir şans arzulayıram. Allah həmişə qapımı açır. Təbii ki o, açır, amma gedib-getməmək mənim əlimdədir. Mən də gedirəm. "Hər işdə bir xeyir var” cümləsi ilə bu yerə gəlib çatmışam. Pessimistliyi sevmirəm, pul baxımından qənaətciləm. Xəsis deyiləm, amma bir qəpiyimin də qədrini bilirəm. Kollecdə də, universitetdə də təhsilim pulsuz olub, əksinə, təqaüd alıb, özümü idarə etmişəm.

- Gələcəyinizlə bağlı bir plan qurubsunuz?
- Evdar xanım olmaq istəmirəm. İctimai, beynəlxalq fəaliyyətli biri olmağı hədəfləmişəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər