Millimiz 0-6 uduzanda da, inamını itirməyən xanım jurnalist

Millimiz 0-6 uduzanda da, inamını itirməyən xanım jurnalist

Müsahibə
17 Avqust 2019, 10:30 10659
"Futbol mənim üçün hissləri ən pik həddə çatdıran sahədir. İzləyən biri, bunu daha yaxşı anlayar. Bəzən deyirlər ki, futbol 22 nəfərin bir topun arxasınca qaçdığı idman növüdür. Bu, düzgün yanaşma deyil. Bəzi insanlar izləmədiyi filmlər, yemədiyi yeməklər haqqında mənfi fikirlər deməyi sevirlər. Məsələn suşini yeməyib, "pisdir” deyənlər çoxdur. Halbuki, dadına baxanların əksəriyyəti suşini sevir. Futbol da belədir. Mən düşünmürəm ki, futbolu izləyən və anlayan biri onu bəyənməsin”.
 
Müsahibimiz idman jurnalisti Zeynəb Əliyevadır. Zeynəb Bakı Slavyan Universitetinin jurnalistika fakültəsini bitirib. Hazırda goal.az saytında çalışır. Deyir ki, universitetə qəbul olunduğu vaxtdan jurnalist olmağı qarşısına məqsəd qoyub.
 
- Zeynəb xanım, idmanla ilk tanışlığınız nə vaxt olub?
- Bizim evdə, gözümü açandan futbola baxılıb. Uşaqlıqdan xatırlayıram ki, hər dəfə əsas xəbərlər bitdikdən sonra idman xəbərləri başlayırdı. O vaxt 5-6 kanalımız var idi. Birində idman xəbərləri bitirdi, o biri kanala çevirirdik. Mənə idmandan daha çox, onun ətrafında olan hadisələr, açıqlamalar, oyunun gedişində yaşanan epizodlar, hansısa bir qalmaqallı, diqqətçəkən məqamlar maraqlı idi. İndi də belədir. Mən tək futbolu sevmirəm, nəticələri, futbolda maraqlı gedişləri, gözəl qolları, idmana aid olan hər şeyi sevirəm. Mənə maraqlı olan komandaların, klubların oyunlarına baxıram. Bilmirəm futbolu sevmək necə olur? Bu, sevgidir, yoxsa zövqdür - anlamıram. Hansısa klubun, uşaqlıqdan fanatları var ki, haqlı fikir bildirəndə aqressiv reaksiyalar verirlər. Mənə görə, bu, normal deyil. Bizim millinin bütün oyunlarına baxıram – udsaq da, uduzsaq da. Hətta bu məğlubiyyət 0-6 olsa da, eyni hiss, eyni həyəcanla baxır, qalib gələcəyimizi düşünürəm. Hər dəfə yeni bir inamla izləyirəm. Amma futbola ilk dəfə 2001-2002-ci ildən baxmışam. Yadıma gəlir ki, İngiltərə Avropa və dünya çempionatında Portuqaliyaya penaltilər seriyasında iki dəfə uduzdu. Həmin məğlubiyyətlər mənə çox pis təsir etmişdi. Ondan sonra penaltilər seriyasını izləmirəm. Baxmayaraq ki, oyunun nəticələri bitən kimi xəbər hazırlamalı oluruq, o anlarda belə, televizorun səsini tam alıram. Çünki mənə pis təsir edir. Oyunun gedişində olan penalti vəziyyətlərini də, çalışıram ki, izləməyim. Bu, həddən artıq həyəcan verir. Xüsusilə həmin oyunda qol çox önəm daşıyırsa, stress keçirirəm. Bunun üçün də məcburam ki, bir az da səhhətimi gözləyim.
 
- Azarkeşlik edən qızların oğlanlara nisbətən, yəqin ki, çətinlikləri çox olur...
- Bəzi ailələr hələ qızın stadiona getməsini qəbul etmirlər. Mən ilk dəfə "Milli"nin oyununu izləməyə atamla getmişəm. Xoşbəxtlikdən, ailəm belə halları normal qarşılayır. Düşünürəm ki, bir neçə il sonra kifayət qədər xanım gələcək. Oğlanlar söyüş söyə bilmədikləri üçün qızların stadiona gəlməsinə sevinmirlər. Çünki futbolçu səhv edəndə, azarkeşlər onu rahatlıqla təhqir edirlər. Bu, absurd yanaşmadır. İlk dəfə atamla futbola gedəndə bileti mən almışdım. Hansı sektor olması ilə bağlı anlayışım yox idi. Kassa əməkdaşından xahiş etdim ki, yaxşı yerdən bilet versin. O yaxşı yer haradır, onu belə bilmirdim. Hesab etdim ki, bileti satan daha yaxşı bilər. Təsadüfən, stadiona ilk gedişimdə hansısa fan-klub üzvlərinin arasına düşdüm. Çox səsli-küylü idi. Hətta nağara da gətirmişdilər. İndi xatırlamıram hansı klub idi. Rəqib elə də güclü deyildi. Səhv etmirəmsə, millimiz uduzmuşdu. Amma yadıma gəlir ki, hamısı oğlanlar idi, eləcə, qışqırırdılar. Amma indi çox dəyişib. Artıq futbol mədəniyyəti bizdə də formalaşıb. Bəzən futbolu izləməyə gələn xanımların geyimi, toya gedirlərmiş kimi bəzənib gəlmələri müzakirə olunur. Hesab edirəm ki, bu da səhv yanaşmadır. Hər kəsə necə rahatdırsa, elə də gəlməlidir. Hündürdaban ayaqqabı geyib stadiona gələn qız, hər halda meydanda futbol oynamır. O, özünü rahat hiss edirsə, stadiona da elə gələ bilər. Stadiona gələn tamaşaçıya "mütləq krassovka, "spartivni” geyinməlisən, makiyaj etməməlisən” demək düzgün deyil.
 
- Bir az da işinizdən danışaq. İdman jurnalisti kimi təəccüblü baxışlarla qarşılaşıbsınız?
- Əvvəllər o təəccüblü baxışlarla çox rastlaşmışam. İstər həmkarlarım, istər azarkeşlər, istərsə də orada oturan qeydiyyatdakı şəxslərə xanım idman jurnalisti maraqlı gəlirdi. Düzünü desəm, ilk vaxtlar, baxmayaraq ki, mən jurnalist idim, sosiallaşmada problem yaşayır, əgər orada tanımadığım insanlar varsa, çox sıxılırdım. İndi artıq elə deyil, hər kəs tanıyır. Xanımlara da xüsusi hörmətlə yanaşırlar. Bəzən sıxlıq yarananda kömək etməyə çalışırlar. Bu, mənə xoş gəlir.
 
- İdman jurnalistikasının iş prinsipləri necədir?
- Mənə elə gəlir ki, idman jurnalistikası daha çox operativlik tələb edir. Oyunları izləməli, saatından fərqli olmayaraq, bitən kimi məlumat verilməli, oyunun video yazısı dərhal getməlidir. İdman jurnalistikasının digərlərindən əsas fərqi, daha çox operativlik tələb etməsidir. Düzdür, hər hansı hadisə olanda da operativlik tələb olunur. Amma bizim üçün hər oyun fövqəladə hadisə effekti verir. Xüsusilə də bu aralar "Neftçi”nin, "Qarabağ”ın oyunları var. Yəni oyun bitdisə, nəticəsi dərhal verilməlidir. Videosu 10 dəqiqə sonra artıq saytda olmalıdır. "Nəticəni sabah verərik” deyə bir lüksümüz yoxdur. Şənbə-bazar günləri çempionat oyunları, həftə içi çempionlar liqası, dördüncü gün Avropa Liqası olur. Bunlar da bir neçə oyundur. Çempionlar Liqası daha çətin olur. İdmanla bağlı xəbərlər isə adətən gecələr verilir. Bir çox hallarda evə gec getmək məcburiyyətində qalırıq.
 
- Gec saatlarda evə getmək problem yaratmır ki?
- Heç vaxt evdə problem yaratmayıblar. Atam idmanla çox maraqlanır və məni anlayır. İdman sahəsini seçməyim ən çox onu sevindirirdi. Təkcə futbol deyil, voleybol, basketbol digər növlər ona həmişə maraqlı gəlirdi. Ailədə, ətrafımda idmanla bağlı nə lazımdırsa, mən məlumat verirəm. Əsasən gündüzlər işləyirəm. Amma oyunlar olanda gec gəlirəm. Ən gec gəldiyim oyun isə Avropa Liqasının finalı idi. Evə gələndə gecə saat 4 idi. Düzdür, müəyyən çətinliklər olur. Stadiona giriş, çıxış rahat olmur. Həmin əraziyə təhlükəsizlik üçün maşınlar burqxılmır. Məcbur olub, xeyli məsafə qət etməli olursan. Amma mən işimdən zövq alıram.
 
-Profilinizdə Ronaldo ilə bağlı paylaşımlar edirsiniz. Messi fanatlarının qəzəbinə tuş gəlirsinizmi?
- Əvvəl onların reaksiyaları daha qəribə gəlirdi. Öz profilimdə ard-arda Ronaldo ilə bağlı xəbər paylaşırdımsa, həmin an etiraz edirdilər ki, tərəfkeşlik edirsiniz. Deyirdilər saytın admini əsl azarkeşidir (gülür). Və ya əksinə, Messidən yazanda Ronaldo azarkeşləri etiraz edir. Yaxud Ronaldo rekord qırır, bu kimi statistikaları çox paylaşırıq. Etiraz edirlər ki, Messi o qədər möcüzələr edir, yazmırsınız. Bizim səhifənin izləyiciləri adminin oğlan olduğunu düşünürlər və oğlana müraciət edirlərmiş kimi danışırlar. Məncə, öz klubunu sevmək digər klublara nifrət etmək demək deyil. Klubunu sevib, yalnız dəstəkləyərək davam edə bilərsən.
 
Aygün ƏZİZ