Milli yazıqlar
Xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə
qarşı mübarizə aparan antimilli ünsürlər son davranışları ilə riyakar, xain
mahiyyətlərini növbəti dəfə ortaya qoyurlar
Müxtəlif yollarla Azərbaycanı tərk edib xaricə
sığınan, özünü müxalifətçi, tənqidçi, jurnalist, hüquq müdafiəçisi kimi qələmə
verənlərin əksəriyyəti xalq, millət mənafeyini deyil, yalnız şəxsi maraqlarını
güdürlər. Onların həyat tərzi, davranışları bunu açıq şəkildə ortaya qoyur. Bu
adamların məskunlaşdıqları xarici ölkələrdə gördüyü ilk iş Azərbaycan barədə
qeyri-obyektiv, dəqiqləşdirilməmiş, dezinformasiya xarakterli məlumatları
sosial şəbəkələr, onlayn media vasitəsilə tirajlamaq olur. Milli mənafeyi, dövlətçilik
maraqlarını, xalq təəssübünü 5-10 avroya, yaxşı həyat tərzinə satan bu şəxslər
bir sıra hallarda düşmənlərimizlə eyni cəbhədə yer alır, onlarla sinxron şəkildə
hərəkət edirlər. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti
dəfə təxribata əl atmasından, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışmasından, artilleriya atəşindən
istifadə edərək hücuma cəhd etməsindən sonra da xaricdə oturub ölkəmizi hədəf
alan "özümüzünkülər”in eyni mövqedən çıxış etmələrinin şahidi olduq.
Xaricdəki antimilli şəbəkənin
ermənilərlə sinxron hərəkəti
Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata
keçirdiyi əks-tədbirlər nəticəsində geri otuzdurulan, xeyli sayda canlı qüvvəsini
və hərbi texnikasını itirən düşmən xaricdə satın aldığı "azərbaycanlıları” –
"5-ci kolon”u dərhal işə saldı, xalq-ordu arasında uçurum yaratmaq üçün
internet üzərindən dezinformasiyalar yaymağa çalışdı. Lakin bu, heç bir nəticə
vermədi. Əksinə, Azərbaycan xalqı şəhidlərin ruhuna hörmət, Orduya dəstək məqsədilə
aksiyalar keçirərək, könüllü şəkildə xidmətə yazılaraq Azərbaycanın haqq işində
Silahlı Qüvvələrimizlə bir yerdə olduğunu nümayiş etdirdi. Bu dəstək sadəcə ölkə
daxili ilə yekunlaşmadı və xaricdə də davam etdirildi. Müxtəlif ölkələrdə
yaşayan, ürəyi Vətən eşqi ilə döyünən azərbaycanlılar işğalçı Ermənistanın təxribatçı
hərəkətlərini bütün dünyaya duyurmaq üçün silsilə yürüşlərə, aksiyalara start
verdilər. Belə olan halda düşmən ön cəbhədəki, sərhəddəki uğursuzluğunu pərdələmək,
bizi haqsız çıxarmaq, beynəlxalq aləmdə Azərbaycanın mənfi imicini yaratmaq
üçün ölkəmizə qarşı əsas silahlarını bir qədər də aktivləşdirdilər. Nəticədə
xaricdəki antimilli şəbəkə sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə
hücuma keçdi. AXCP sədri Əli Kərimlinin, onun mətbuat katibi funksiyasını yerinə
yetirən Sevinc Osmanqızının, xəyanətkar səfir Arif Məmmədovun, küçə söyüşləri və
təhqirlərlə gündəmə gələn Vidadi İsgəndərlinin son davranışları buna əyani
misaldır. Adları sadalananlar və onlar kimiləri ermənilərin tapşırığı ilə, eyni
tezislər əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başlayıblar. Onlar
xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan
aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər. Bununla
onlar azərbaycanlıların vətənpərvərlik
aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışırlar ki, bu
da məhz ermənilərə xidmətdir, düşmənlərimizin mövqeyi ilə üst-üstə düşməklə
onların cinayətkar əməllərinə bəraət qazandırmaqdır. Beləliklə, xarici ölkələrə
sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu antimilli ünsürlər
son davranışları ilə əsl riyakar, xain mahiyyətlərini növbəti dəfə ortaya
qoydular, Azərbaycan xalqına özlərini bir daha tanıtdılar.
Millət qarşısında
yazıq olanlar
Milli Məclisin
deputatı Hikmət Babaoğluerməni
maraqlarına xidmət edən bu şəxsləri Allahın günahkar bəndələri sayıb. Bildirib
ki, onlar milli yazıqlardır: "Azərbaycan dilində bir söz var: yazıq. İzahlı lüğətimizdə
əsasən iki mənası qeyd olunur: birincisi, dinc, sakit, fağır, aciz; ikincisi,
acınacaqlı, zavallı, bədbəxt. Ancaq yazıq sözünün üçüncü bir mənası da var. Qədim
mətnlərdə yazıq günahkar demək imiş. Bu gün də bəzən birinə "ay Allahın
yazıq bəndəsi" deyən zaman elə Allahın günahkar bəndəsi demək istəyirikmiş.
Yəni, şüuraltı yaddaşımız bizə sözün arxaikləşmiş məzmununu diqtə edərək
qeyri-iradi olaraq bu cür fikir səsləndirməyimizi aşılayırmış. Xaricə sığınan
bir qrup insan var ki, onlar bizim milli yazıqlarımızdır və yazıq sözünün bütün
vəsflərinə uyğun gəlirlər, dinc, sakit, fağırdan başqa. Qalan digər hamısı, yəni
aciz, acınacaqlı, zavallı, bədbəxt və bir də sonuncu tapıntımız, yəni günahkar
tam olaraq onların vəsfidir. "Onlar" deyəndə mən iyun ayının 12-dən
sonra ölkə daxilində və xaricində milli davamıza xəyanət edən Əli Kərimlini,
Sevinc Osmanqızını, Vidadi İskəndərlini, Arif Məmmədovu və bənzər addımlar atan
digərlərini nəzərdə tuturam. Bu həssas günlərdə də siyasi həmrəylik nümayiş
etdirə bilməyən "siyasətçi" Əli Kərimli yazıqdır! Yazıq sözünün
yuxarıdakı bütün mənalarında. Atasını ermənilər şəhid edən, vətənpərvər bir
atanın övladı Sevinc Osmanqızı öz haqqını tələb edən dinc nümayişçilərimizin
haqlı davasını "qeyri-sivil", erməni terrorçusunu "sivil"
adlandırarkən yazıqdır! "Vicdanım haqqı ermənilərin bizə elə də ziyanı dəyməyib",
- deyən Vidadi İskəndərli yazıqdır! Ondan geri qalmayan Arif Məmmədov yazıqdır.
Bunlar milli yazıqlardır. Yəni etdikləri, milli səviyyədə yazıqlıqdır, millət
qarşısında yazıq olmaq isə elə Tanrı qarşısında da yazıq olmaqdır”.
Siyasi sistemin autsayderləri
Deputat vurğulayıb ki, hazırda Azərbaycan bütün
milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər
edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir: "Ön cəbhədə
olduğu kimi informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması
düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir. Bu prosesdə
xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox
ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa
edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir. Ərazi bütövlüyümüzün bərpa
olunmasını istəyir. Bu haqq milli haqqımız, bu dava milli davamızdır. Təəssüf
ki, içərimizdə olan beşinci kalon nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər
milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər.
Ancaq Azərbaycan xalqının milli yaddaşı bütövdür, obyektiv əsaslarda formalaşıb
və üzündür. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı
yadında saxlayır və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza
ictimai qınaqdırsa, sabah seçki qutularının başında ona xəyanət edənlərin
boykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş
etdirdiyi bu milli birlik, həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək,
ona mane olanlar isə yenə də siyasi sistemimizin autsayderləri olaraq
qalacaqlar”.
Özü-özünü təkzib edən
Osmanqızı
Media eksperti Müşfiq
Ələsgərli antimilli
mövqeləri ilə gündəmə gələn "5-ci kolon” təmsilçilərinin Azərbaycan xalqı və
dövləti əleyhinə çıxışlarının çoxsaylı olmasına diqqət çəkib. O, S.Osmanqızının
davranışlarının timsalında fikrini bu cür izah edib: "Sevinc Osmanqızının bütün
arqumentlərinin əsassızlığını sübut edən faktlar uzaqda deyil, onun öz arxivində
var. 2019-cu il oktyabrın 31-də ABŞ-da yaşayan azərbaycanlılar Konqresin
"Reynbörn” zalının qarşısında aksiya keçirmişdilər. Soydaşlarımız işğal edilmiş
Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin dırnaqarası xarici işlər
naziri kimi təqdim edən Masis Mayılyanın Birləşmiş Ştatlara səfərinə etiraz
edirdilər. Zalın qarşısına toplaşan erməni diasporun nümayəndələri buraya
etiraza gələn Azərbaycan diaspor təmsilçilərinə qarşı təxribat, insident törətmişdilər.
Həmin vaxtı Sevinc Osmanqızı öz verilişində erməniləri deyil, məhz azərbaycanlıları
qınamışdı. İndiki kimi eyni iddia ilə çıxış etmişdi ki, "Konqres binasının
qarşısına toplaşmaq absurddur” və sair. Bunu Sevinc Osmanqızının iki gün öncə
etdiyi və qalmaqala səbəb olan çıxışı fonunda xatırladım. O, ciddi etirazlara səbəb
olmuş fikirlərinin kontekstdən çıxarıldığını iddia edir. Məsələn, "azərbaycanlılar
nə üçün Brüsseldəki, ABŞ-dakı səfirliklərin qarşısına toplaşıb onları müdafiə
etməlidirlər?!” fikrini belə əsaslandırır ki, bu səfirliklər mövcud olduqları
ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə mühafizə
olunduqları üçün oraya toplaşmaq lazım deyilmiş. Davam edir ki, Qarabağ
probleminin həlli üçün səfirliklərin qarşısına deyil, digər qurumların, o cümlədən
Konqresin qarşısına toplaşıb tələblər irəli sürmək lazımdır və sair. Amma səmimi
deyil, sadəcə vəziyyətdən çıxmaq üçün belə danışır. İndi Konqresin qarşısını
ünvan göstərir, amma 7-8 ay öncə Konqresin qarşısına gedənləri "mənasız hərəkətlər
etdikləri üçün” qınamışdı, təhqir etmişdi. Özünü inkar edən bütün arqumentlər
onun arxivində var və çox zəngindirlər. Adamın anti-milli çıxışları "N” qədərdir”.
Rufik İSMAYILOV