• cümə, 19 Aprel, 21:24
  • Baku Bakı 24°C

Milli varlığımızın simvolu, milli inkişafımızın ulu qaynağı - Novruz bayramı

19.03.20 19:00 1467
Milli varlığımızın simvolu, milli inkişafımızın ulu qaynağı - Novruz bayramı
Prezident İlham Əliyev: Novruz bayramı bizim milli bayramımız, milli sərvətimizdir
Sabah Azərbaycan milli varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtəşəm qaynağı olan Novruz bayramını qeyd edəcək. Bahar bayramı bu əsas vəzifəni bu gün də uğurla yerinə yetirir. Müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində muğam, xalçaçılıq və aşıq sənəti ilə yanaşı, mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilib.
AZƏRTACNovruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemindəki rolu ilə bağlı filologiya elmləri doktoru Ramazan Qafarlının fikirlərini öyrənib. Onun sözlərinə görə, sovet ideoloqları Novruz bayramına sırf dini bayram donu geydirib, onu milli mədəniyyətimizdən silməyə çalışırdılar. Odur ki, millətsevər alimlər Novruz bayramının dini bir bayram olmadığını, dini ənənələrin bu bayrama sonradan qarışdığını sübuta yetirməyə çalışmaqla, onu xilas etməyə, yaşatmağa, hücumlardan, repressiyalardan qorumağa çalışırdılar. Bundan irəli gəlməklə Novruz bayramı həmin tədqiqatlarda, əsasən, yaz bayramı, təbiət bayramı kimi təqdim olunur.
"Tanınmış filoloq Cəlal Qasımov göstərir ki, XX əsrin əvvəllərində – 30-cu illər stalinizm repressiyaları dövründə milli mədəniyyətimiz bütövlükdə repressiyalara, bir çox hallarda məhvə məruz qaldığı kimi, bu qanlı təqiblər Novruz bayramından da yan keçmədi. Həmin dövrdə Novruz bayramının keçirilməsi qadağan edildi. Lakin bu bayrama İslam dininin qalığı kimi baxan bolşevizm bütün cəhdlərə baxmayaraq, onu xalqın yaddaşından silə bilmədi. Öz tarixi ənənələrinə sadiq qalan xalq bu mərasimin meydanlarda olmasa da, mənzillərdə keçirilməsinə nail oldu. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. Bir sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər illərlə gendə köklənmiş Novruzu yaddaşlardan birdəfəlik silə bilmədi, sadəcə, bu bayramın məkanı daraldı, küçədən, meydandan çıxaraq, evlərə, ürəklərə daxil oldu”, - deyə folklorşünas qeyd edib.
Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, "insanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olub, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatıb. Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır… Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir...
Ramazan Qafarlı vurğulayıb ki, Novruz bayramının milli-mənəvi dəyər kimi xalqımızın həyatında yerini çox gözəl bilən Heydər Əliyev ümumiyyətlə bu dəyərlərə böyük əhəmiyyət verirdi. Ulu Öndər dəfələrlə qeyd etmişdir ki, xalq öz mədəniyyətinə, milli mənəvi dəyərlərinə görə tanınır: "Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Bəkir Nəbiyev yazır ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi Sərəncamından sonra Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə bayramın nüfuz çevrəsini daha da genişləndirdi, özünəqayıdışı gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə, Vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər olmasına öz dəyərli töhfəsini verdi. Bütün bunlar isə bayramın beynəlxalq aləmdə şöhrətlənməsinə və dünya xalqları içərisində sürətlə yayılmasına öz müsbət təsirini göstərdi.
Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev də Novruz bayramının milli dövlətçilik ənənələri ilə bağlılığına həmişə böyük əhəmiyyət verir. Belə ki, adət-ənənələrimizin, mərasim və bayramlarımızın yaşadılması, milli ruhda zənginləşdirilməsi, onların, xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynaması kimi vacib məsələlər həmişə İlham Əliyevin diqqətindədir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu bayramın önəmini bir daha vurğulayan İlham Əliyevin dediyi kimi, "Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir”.
Xatırladaq ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunub, 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Qeyd edək ki, bahar sabah - martın 20-də saat 07:49 dəqiqə 36 saniyədən etibarən Azərbaycana qədəm qoyacaq. Bununla da ölkə ərazisində yaz fəsli başlayacaq. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə həmin gün qeyd olunacaq.
Bayramınız mübarək!
banner

Oxşar Xəbərlər