• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

Milli təəssübkeşlik

17.05.13 08:27 2755
Milli təəssübkeşlik
Son zamanlar bəzi antiazərbaycançı qüvvələrin dövlətimizin və dövlətçiliyimizin əleyhinə yönəlmiş məkrli çalışmalarına böyük təəssüf hissi ilə şahidlik etməkdəyik. Aydındır ki Azərbaycanda dinc və mehriban şəraitdə yaşayan azsaylı xalqları etnik qarşıdurma girdabına sürükləmək, bunun nəticəsində isə ölkəmizdə xaosa və separatizmə nail olmaq bəzi təşkilatların üzərinə götürdüyü öhdəliklərdəndir. Bu kimi təşkilatlar adətən Ermənistan, Rusiya, İran və eyni zamanda bəzi Avropa ölkələri tərəfindən dəstəklənir və çox zaman “sapı özümüzdən olan baltalar” tərəfindən öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Digər tərəfdən, Azərbaycanda yaşayan digər xalqların nümayəndələrini hökumətə qarşı qaldırmaq erməni disporasının da çoxdankı arzusudur. Amma vaxtı ilə Azərbaycanda ermənilərin sıxışdırılması barədə Ermənistanın irəli sürdüyü qondarma faktlar hazırda Azərbaycanda hökm sürən yüksək milli və dini tolerantlığın fonunda kölgədə qalır…
Məhz elə erməni diasporasının təsiri ilə bir müddət bundan əvvəl Brüssel Avropa Universitetinin Qafqaz üzrə mütəxəssisi Professor Aude Merlin Türkiyədə nəşr olunan erməni qəzeti “Agos” üçün köşə yazıb. Bakı səfərinin təəssüratlarını ermənilər üçün qələmə alan bu xanım professorun kağız üzərinə tökdüyü hər kəlmədən erməni təbliğatının iyi gəlir. Hava limanına endiyi andan etibarən Bakı səfərini bədbin çalarlarla ifadə edən ermənipərəst professor şəhərin gün-gündən dəyişən simasını gözardı edərək, şəhərin gözəlliyinə rəng qatan göydələnləri də “saçma- sapan” tikililər adlandırır. Çox böyük ehtimalla xanım Aude Merlin daha öncə İrəvana da səfər edib və İrəvanın nimdaş görüntüsünün müqabilində Bakının parlayan üzü onda əməlli başlı məyusluğa səbəb olub…
Düşündürücüdür ki, professor Merlin Bakıdan Azərbaycanın digər dilbər güşələrinə nədənsə məhz Qusara yola düşüb. Öz yazısında yol boyu gördüyü insanları aclıq və fəlakətə məhkum insanlar kimi təsvir edir. Elə bu separatçılıq cəhdi də səfərin məqsədini və onun kimlər tərəfindən göndərildiyini tam şəkildə izah edir.
Professor Aude Merlini “şoka” salan isə buradakı insanların erməniləri qatil adlandırmaları və Xocalı soyqırımından bəhs etmələri olub. İnsanların Xocalı soyqırımından ürək ağrısı ilə danışmaları çağrılmamış qonağımızın əməlli-başlı hiddətinə səbəb olub və özünü saxlaya bilməyərək - Bəs siz Sumqayıtda nə etdiniz? - deyə “əsaslı” bir sual verib. Sumqayıt hadisələrinin əslində qondarma olduğunu, ermənilərin yeni qılafa bürünərək öz bədnam niyyətlərini həyata keçirmək üçün zəmin hazırladıqlarını, bu təxribatın sonradan ermənilər tərəfindən hədsiz dərəcədə şişirdildiyini eşitdikdə isə xanım Merlin dəli olmaq dərəcəsinə çatıb… Nəysə ki sağ-salamat Brüsselə çatıb və “Agos” qəzeti üçün bu köşəni qələmə alıb. Xanım Merlini başa düşmək çətin deyil. O yəqin ki, bundan sonra da əlinə düşən hər fürsətdə ermənilərə dostluğunu nümayiş etdirəcək. Erməni mətbuatı da hər vəchlə Azərbaycanın əleyhinə bu cür dezinformasiyalarla dolu yazıları yayımlamağa davam edəcəklər. Bu başa düşüləndir. Çünki biz düşmənik. Anlaşılmayan isə bəzi Azərbaycanlı siyasi fəalların (məs-Elnur Məcidi) və ya Azərbaycanlı sənət adamlarının (məs-Nəsrin Cavadzadə) erməni mətbuatına (Agosa) böyük sevinc hissi ilə müsahibə vermələri və var gücləri ilə düşmənin dəyirmanına su tökmələridir . Əlbəttə ki hər bir Azərbaycan vətəndaşının Azərbaycanda var olan hökumət haqqında subyektiv fikri ola bilər. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da bu fərdin öz yanaşma tərzindən, siyasi qavrayışından, ölkədə və ətrafında baş verən hadisələri öz beyninin süzgəcindən necə keçirməyindən asılıdır. Amma düşmən ölkənin mətbuatında Azərbaycanın uğurlarını inkar etmək, ölkənin gələcəyini bədbin çalarla təsvir etmək, qısacası düşməni sevindirmək, onlarla həmrəylik nümayiş etdirmək heç bir vətəndaşlıq ölçüsünə sığmır. Bu ən azından öz əziz canlarını bu torpaq uğrunda qurban vermiş şəhidlərimizin ruhuna hörmətsizlikdir. Bu qəbildən olan insanların nəzərinə bir ibrətamiz faktı çatdırmaq istəyirəm. 2006-cı ilin may ayında Amerikanın Türkiyədə yeni fəaliyyətə başlayan səfiri Ross Wilson digər partiyaların ardından Milliyətçi Hərəkat Partiyasını da ziyarətə gəlmişdi. Ziyarət zamanı MHP lideri Dövlət Baxçalı ilə səfir Ross Wilson arasında aşağıdakı dialoq yaşandı:
Ross Wilson: - Bəzi qərbli analtiklər Türkiyə hökumətinin xarici siyasətini yetərsiz hesab edir… Siz bu haqda nə fikirləşirsiniz?
Dövlət Baxçalı: - Türkiyədəki hökumət ilə daxili məsələlərdə fikir ayrılıqlarımız var əlbəttə. Amma öz hökumətimin qüsurlarını belə sizin kimi bir yabancı ilə müzakirə etmərəm…
Cavab möhtəşəm idi... Wilson pərt halda MHP-dən ayrıldı…
Bir sözlə iqtidara müxalif olmaqla, milli maraqlara müxalif olmaq arasında olan fərqi anlamaq üçün yalnız bir keyfiyyətə - milli təəssübkeşlik hissinə sahib olmaq lazımdır. Vay o günə ki, bu keyfiyyətdən mərhum insanlar müxalifətçilik etsin…
banner

Oxşar Xəbərlər