AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli Şuraya beynəlxalq dəstək yoxdur

Milli Şuraya beynəlxalq dəstək yoxdur

Siyasət
16 May 2013, 09:36 1145
Bir müddət əvvəl EL Hərəkatının sədri Eldar Namazov mətbuata açıqlamasında təsis etdikləri Milli Şuranın təqdimat mərasiminin mayın 28-də keçiriləcəyi barədə məlumat verib. Lakin, indidən bəzi müxalifət partiyalarının sədrləri yeni qurumda təmsil olunmayacaqlarını açıqlamağa başlayıblar. Buna misal olaraq, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbərin açıqlamalarını göstərmək olar. Hər üç partiya sədri müəyyən şərtlər irəli sürməklə Milli Şura barədə heç də birmənalı fikirdə olmadıqlarını bəyan ediblər.

Xüsusən də ALP sədri Ə.Temirxan rəhbərlik etdiyi siyasi təşkilatın Milli Şuranın təsisçisi funksiyasını icra etməyəcəyi təqdirdə, nə partiyasının, nə də Lalə Şövkətin orada olmayacağını vurğulayıb. Deyib ki, Milli Şuranın yaranmasını dar çərçivədə, “əvvəl biz, sonra qalanları” prinsipi ilə müzakirə etmək çox zərərlidir. Onun sözlərinə görə, əgər Milli Şuranın elanı vaxtı məlum olubsa, deməli, 3 partiyanın iştirakı ilə yaranır və Liberal Partiya təsisçilər sırasında yoxdur. Bu isə o deməkdir ki, Lalə Şövkət də orda yoxdur. Ə.Temirxan belə olan halda yeni təsisatı Milli Şura deyil, İctimai Palata və üstəgəl Eldar Namazov birliyidir. Bu vəziyyəti müxalifətin bölünməsi kimi dəyərləndirən partiya sədri söyləyib ki, Milli Şura yaratmaq istəyənlər, tələsməməli daha geniş spektrlə danışıqlar aparmalıdırlar.

ACP sədri Sülhəddin Əkbər də şərtini açıqlayıb. Birmənalı şəkildə qeyd edib ki, danışıqlar dar çərçivədə aparılacaqsa, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edəcəksə, ACP orda iştirak etmək niyyətində deyil.

Ancaq E.Namazov ACP və Rəsul Quliyevin Milli Şuraya gəlmək məsələsi ilə bağlı danışması fərqli bir mənzərə yaradıb. Müxalifət təmsilçilərinin üzdə bir söz, gizlində isə başqa söz söylədikləri aşkara çıxıb. Bununla yanaşı, ACP-nin Milli Şurada təmsil olunmayacağı bir daha aydın olub: “Rəsul Quliyevə hörmətlə yanaşıram. Baxmayaraq ki , o, mətbuata açıqlamalarında mən və ELHərəkatı ilə bağlı neqativ fikirlər söyləyib. Ancaq mən heç vaxt emosional deyil, səbirli olmuşam. Mövqelərə yox, işlərə qiymət vermişəm. Biz ACP-nin də bu proseslərdə olmasını istəyirik. Kifayət qədər ciddi söhbətlərimiz mətbuatda da işıqlandırılmır. Proses yenicə başlayanda mən ACP sədri Sülhəddin Əkbərlə görüşdüm. Proseslərlə bağlı kifayət qədər ətraflı söhbət etdik. Nəinki Milli Şuranın əsas məqamları barədə, eyni zamanda onun yaranmasının texnologiyası, hansı məqamlarla qurulması ətrafında söhbətlərimiz oldu. Sülhəddin bəy mənə dedi ki, biz partiyanın içində bunları müzakirə edib öz konkret təkliflərimizlə 3-4 günə bir də görüşərik. Hətta yazılı surətdə də təkliflərini hazırlayıb göndərəcəklərini deyiblər. Həmin söhbətin üstündən ay yarım vaxt keçib. Nə konkret təkliflər, nə də cavab olaraq addımlar olmadı”.

Bu açıqlamadan həm də belə qənaətə gəlmək olar ki, artıq müxalifət düşərgəsində Milli Şuraya heç bir inam qalmayıb. Buna misal olaraq Demokratik Qüvvələrin Məşvərət Məclisinin verdiyi qərarı göstərmək olar. Bu birlikdə təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Bəybala Əbil Milli Şurada təmsil olunmaqdan rəsmən imtina etdiklərini bəyan edib. Bildirib ki, Məşvərət Məclisi müxalifətin demokratiya uğrunda geniş koalisiyasının yaradılmasını məqsədəuyğun hesab etsə də, Milli Şura kimi qeyri-şəffaf qurumlarda iştirak etməyəcək: "Məşvərət Məclisi məramı, məqsədi, prinsipləri bəlli olmayan, qeyri-şəffaf qurumlarda iştirak etməyəcəyini bəyan edərək, müxalifətin birliyinin bu cür yaranmasının ümummilli maraqlara xidmət etmədiyini düşünür”.

Göründüyü kimi, Rüstəm İbrahimbəyovun, E.Namazovun pafoslu bəyanatlar səsləndirmələrinə rəğmən vəziyyət heç də yaxşı deyil. Milli Şura ideyasına nəinki daxildən, heç xaricdən də dəstək yoxdur. Bunu “Bizim yol” qəzetinə müsahibəsində Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev də etitaf edib. O, bu yaxınlarda Milli Şura ilə bağlı Eldar Namazovla danışdığını, bəzi suallarına aydınlıq gətirsə də, bir çox məsələlərin hələ də açıq qaldığını diqqətə çatdırıb, Milli Şuranın uğurlu prosesə çevriləcəyinə şübhə ilə yanaşdığını ifadə edib. B.Hacıyev fikirlərini əsaslandırmaq üçün deyib ki, Vaşinqtonda və Londonda olarkən Milli Şuraya beynəlxalq dəstəyi müşahidə etməyib: “Mənə Milli Şuraya çoxdan dəvət var idi. Sadəcə, bir müddət əvvəl düşündüm ki, ABŞ-a gedib bəzi məsələləri müzakirə edəndən sonra buna baxa bilərəm. Yəni mənim onunla söhbətdə qaldırdığım məsələlərdən biri də o oldu ki, beynəlxalq dəstək olacaqmı, ancaq Vaşinqtonda və Londonda olanda, bu beynəlxalq dəstəyi görə bilmədim. Ola bilsin ki, Milli Şuraya beynəlxalq dəstək var, amma bu dəstək Qərbdən deyil... Mən Qərbdən bu dəstəyi hiss etmədim. Elə buna görə də bir çox suallar açıq qaldı...”.

B.Hacıyev Milli Şuraya üzv olub-olmayacağı barədə hələlik yekun qərar vermədiyini də dilə gətirib. O, buna əsas kimi, çoxsaylı cavabsız sualların olmasını misal çəkib: “Milli Şuraya üzv olmaqla bağlı son qərarımı verməmişəm, amma bir daha deyirəm, Milli Şurayla bağlı çoxlu suallar var. Birinci sual beynəlxalq dəstəyin olub-olmamasıdır. Əgər beynəlxalq güclərdən və xalqdan da dəstək olmayacaqsa, bu təşəbbüs fiaskoya uğraya bilər və mən növbəti dəfə insanların ümidsizliyə uğramasında iştirak etmək istəmirəm. Çox da mənfi səslənməsin, Harvardda bizə dəstək vermiş proqram direktoru vardı, o, istefa verəndə, zəng edib məni çağırıb görüşmək istədiyini dedi. Səbəbini soruşanda, cavab verdi ki, o, mənfi səsləndirmək istəyən insan deyil, ona görə səbəblərini demədi. Mən də bu proses haqqında mənfi səslənmək istəmirəm, ümumiyyətlə, bildirirəm ki, bundan sonra o proseslərdə iştirak etmək istəyirəm ki, həlledici olsun. Əmin olum ki, mənim qoşulmağımla proses demokratik dəyişikliklərlə nəticələnəcək”.

R.İSMAYILOV