• cümə, 19 Aprel, 13:39
  • Baku Bakı 25°C

Milli Şuranın uğursuz seçki taktikası

20.09.13 08:57 1797
Milli Şuranın uğursuz seçki taktikası
Təbliğat-təşviqat kampaniyasına əsaslandırılmış strategiya olmadan başlayan Milli Şuranın vahid namizədi İctimai televiziyanın efirindən özünün məntiqsiz, reallığı əks etdirməyən, şər-böhtan xarakterli çıxışı ilə yadda qaldı. Təşviqat kampaniyasının ilk günlərindən özünün və təmsil etdiyi düşərgənin hazırlıqsızlığını nümayiş etdirən Cəmil Həsənli qaragüruhçu müxalifətçi xislətinə sadiq qalaraq qarayaxma, şərləmə kampaniyasına start verdi. Bununla o, sübut etdi ki, müxalif düşərgə hazıkı iqtidara qarşı mübarizədə alternativ proqrama, platformaya malik deyildir. Onlar yalnız iqtidarın fəaliyyətini ucdantutma qaralama taktikası seçdiklərini ortaya qoydular.
Bu isə gözüaçıq Azərbaycan seçicisinin diqqətindən yayına bilməz. Siyasi şüur səviyyəsi kifayət qədər yüksək olan Azərbaycan seçicisi doğru ilə yalanı, utopiya ilə reallığı bir-birindən ayıra bilir.
Normalda müxalifət iqtidarın çatışmazlıqlarını, səhvlərini göstərməklə yanaşı, təklif etdiyi alternativləri də açıqlamalıdır. Yoxsa C.Həsənli gözünü yumaraq ağzını açmaqla bir ucdan hansısa qeyri-ciddi mənbələrdən əldə etdiyi yalan informasiyalarla xalqı çaşdırmağa cəhd edir. Özünü ciddi siyasi qüvvənin təmsilçisi, prezidentliyə real namizəd hesab edən birisi üçün isə bu cür taktika qəbuledilməzdir.
O da nəzərə alınmalıdır ki, müxalifət təmsilçiləri öz aralarından ən layiqli şəxs, ziyalı insan kimi C.Həsənlinin namizədliyini irəli sürüblər. O isə efirdən nə prezidentliyə namizəd kimi, nə də ziyalı kimi özünü seçiciyə təqdim edə bilmədi.
C.Həsənli televiziya ilə çıxışında bildirdi ki, seçki günü yalnız vəd vermə deyil, həm də hesabat günüdür. Bu mənada o, hazırkı iqtidarı xalqa hesabat verməməkdə ittiham edib. Onun bu ittihamının nə qədər gülünc olduğu isə ortadadır.
Belə ki, Azərbaycanın iqtidarının, Prezident İlham Əliyevin təkcə seçki dövründə deyil, bütün zamanlarda verdiyi vədlərlə bağlı hesabatlarını gözü kor olan və yaxud özünü korluğa vuranlardan başqa hər kəs görür, müşahidə edir. Prezident İlham Əliyev həm paytaxt Bakıda, həm də ölkənin ayrı-ayrı bölgələrində insanlarla mütəmadi olaraq görüşür, gördüyü işlərin hesabatını verir, əldə olunan uğurları bölüşür, qarşıda duran vəzifələrdən danışır. Bəs bunlar nədir? Xalqa hesabat deyilmi?
C.Həsənli əgər haqlı idisə, konkret misal çəkərək İlham Əliyevin seçkidən əvvəl verdiyi hansısa vədi yerinə yetirməməsini göstərərdi. Göründüyü kimi, o, bunu edə bilmədi. Çünki belə bir fakt tapmaq mümkün deyil. Sadəcə olaraq C.Həsənli ümumi fikirlər səsləndirməklə siyasi xal qazanmağa çalışdı.
Bundan başqa, ayrı-ayrı nazirlərin, digər dövlət qurumlarının rəhbərlərinin ölkənin müxtəlif bölgələrinə səfərlər edərək qəbullar keçirməsi, insanların problemlərini həlli etməsi də iqtidarın, Prezident İlham Əliyevin xalqa, seçiciyə hesabatının bir formasıdır. Bununla da seçici, vətəndaş görür ki, dövlət, prezident vətəndaşla, onun sosial qayğıları ilə maraqlanır və köməklik göstərir.
Müxalifətin bütün bunları görməzdən gəlməsi isə sadəcə köhnə xəstəlikdir. Seçki gününün vəd vermək deyil, həm də hesabat vaxtı olduğunu bildirən müxaliflər bu sualı özlərinə də verirlərmi?
Onlar bu vaxtadək seçki dövründən başqa, insanlarla görüşdüklərini xatırlayırlarmı? Xalqın, vətəndaşların problemləri ilə maraqlanıblarmı, onların həlli istiqamətində təşəbbüs göstəriblərmi? Əlbəttə ki, yox. Onlar yalnız seçki dövründə xalqla ünsiyyətə girməyi üstün tuturlar. Bu zaman isə seçici onları qəbul etmir və səsini də onlardan əsirgəyir.
C.Həsənlinin İTV-dəki debatı vaxtın əvvəl tərk etməsi onun opponentlərinin əsaslı arqumentləri qarşısında tab gətirə bilməyəcəyinin göstiricisidir. Belə ki, arqumentsiz və əsassız hədyanlar yağdıran birisinin başqa yolu seçəcəyi də inandırıcı deyil.
YAP-ın sədr müavini Əli Əhmədovun onun fırıldaqlarını faktlarla, sənədlərlə sübut etməsi, bununla da onun dövlət qurumlarını aldadaraq vaxtından əvvəl təqaüdə çıxaraq hər ay 2000 manat məbləğində büdcəyə ziyan vurması faktı qarşısında susması da çox mətləbdən xəbər verir. Digər tərəfdən C.Həsənlinin tədbiri vaxtından əvvəl nümayişkəranə şəkildə tərk etməsi onun digər namizədlərə və seçicilərə olan “hörmətini” də nümayiş etdirir.
C.Həsənli Azərbaycandan 48 milyard dollar pul çıxarıldığını və bunun sənədli-sübutlu olduğunu iddia edir. Hanı o sənədlər? Nə qədər qərəzli olmaq lazımdır ki, 48 milyardın izsiz-filansız çıxarıldığını və səssiz-soraqsız uzun müddət haradasa saxlandığını iddia edəsən. Bir qəzet məqaləsinə istinad edərək bu cür iddia irəli sürmək böhtandan başqa bir şey deyil. Həmin böhtanı tirajlayan qəzetin hansı antimilli qüvvələrin sifarişi ilə bu iddianı ortalığa qoyduğu isə insanlara gün kimi aydındır. Məlumdur ki, həmin iftira 2012-ci ildə «Eurovizion» yarışması öncəsi ortaya atılmışdı. O dövrdə erməni lobbisinin, onların havadarlarının Azərbaycan dövlətinə qarşı necə aktivləşdiyi hər kəsin xatirindədir.
C.Həsənlinin seçki təşviqatı zamanı mənbəyi məlum bu cür iftiralara istinad etməsi sağlam düşüncəli seçicidə müəyyən suallar doğurmaya bilməz.
Yəqin ki, C.Həsənli növbəti çıxışlarında BP-dən 30 milyon funt rüşvət alaraq neft kontraktlarını pay-pülüş edən AXC-Müsavat hakimiyyəti dövründə baş verən talançılıq faktları barədə də danışacaq. Həm də İ.Qəmbərin, Ə.Kərimlinin və digər partiya “liderlərinin” uzun müddətdir xarici fondlardan vəsait aldıqlarını, xarici dairələr qarşısında öhdəliklər götürdüklərini ifşa edəcək.
Özünü seçici qarşısında «xalqın halına yanan namizəd» kimi göstərməyə çalışan birisi bu məqamların üzərindən sükutla keçməməlidir. Debatdakı çıxışında C.Həsənli ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitabda əks etdirdiyi müsbət fikirlərin üzərində dayandığını da bildirdi. Digər tərəfdən isə onun əsasını qoyduğu bugünkü siyasəti tənqid edir. Gündə bir mövqe dəyişən, bu gün təriflədiyini sabah tənqid edən birisinin səmimiliyi isə şübhə doğurmaya bilməz.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər