• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Milli Şuranın növbəti mitinq hoqqası

17.09.19 17:54 503
Milli Şuranın növbəti mitinq hoqqası
Uzun müddətli "yay tətilinə” çıxan radikal müxalifət düşərgəsi yenidən mitinq keçirmək qərarı verib. Milli Şura sentyabrın 28-ə mitinq təyin edib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Radikallar mitinqin keçirilməsi üçün 3 yer təklif edib: "28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.
Qeyd edək ki, bir müddət əvvəl "Məhsul” stadionu əsaslı təmirə bağlanılıb. Bu xəbərin ardınca Milli Şuranın mitinq qərarı verməsi heç də diqqətdən kənarda qala bilməz. Bəs Milli Şura hansı məqsədlə mitinq qərarı verdi və bunun üçün insanların gur toplaşdığı əraziləri istədi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirdi ki, Azərbaycanın indiki yüksək sosial, iqtisadi durumunda kütləvi aksiyanın keçirilməsi ilə bağlı qərarın verilməsi yalnız özünün siyasi reputasiyası barədə lazımi düşüncəsi olmayan, məsuliyyətsiz dairələrin işi ola bilər: "Açığını deyim ki, belə bir qərarın radikal müxalifət düşərgəsi tərəfindən veriləcəyini gözləyirdim. Çünki nəzərə alsaq ki, intellektual mübarizədə xeyli geri qaldıqlarını anlayıblar, sosial şəbəkələrdə artıq hakimiyyət yönümlü düşərgə üstünlüyü ələ alıb. Nəzərə alsaq ki, keçirilən kütləvi aksiyalara ictimaiyyətin dəstəyindən danışmaq absurddur. Bu cür şəraitdə radikalların belə bir qərar verəcəyini açıq məğlubiyyətin dərk olunmasından doğan bir məsuliyyətsizlik kimi dəyərləndirirəm. Başa düşürlər ki, Azərbaycanın indiki şəraitində kütləvi aksiyaların keçirilməsi ilə hər hansı ciddi uğur qazanmaq mümkünsüzdür. Amma bununla belə, başqa hər hansı mübarizə ilə öz varlıqlarını təsdiq etməyin mümkünsüz olduğunu başa düşdüklərinə görə yeri gəldi-gəlmədi bu tip qərarlar verirlər. Düşünürəm ki, sentyabrın 28-i ilə bağlı verilmiş qərar radikal düşərgənin növbəti məğlubiyyəti və siyasi səhnədən silinmə prosesini sürətləndirən bir hadisəyə çevriləcək”.
A.Quliyev vurğuladı ki, radikallar indiyə qədər icazəli aksiyalara əhalinin diqqətini cəlb edəcək qədər sosial baza toplaya bilməyiblər. İndiki halda onların icazəsiz aksiyalara hansısa bir qüvvəni çıxara biləcəkləri ümumiyyətlə inanılmazdır: "Müraciətlərində "Nərimanov”, "Gənclik” və "28 may metro stansiyaları qarşısında aksiya keçirmək istədiklərini vurğulayıblar. Elə yerləri istəyirlər ki, kənardan baxanlar məxsusi olaraq aksiyaya gələnlərlə təsadüfən orda olan insanların fərqini görə bilməsinlər. O cümlədən kənardan vizual olaraq iştirak edənlərin hamısı guya etiraz aksiyasının tərəfdarları və baza kimi təqdim olunsun. Məhz indiki şəraitdə radikallar belə aldadıcı gedişlər etmək istəyirlər. Yəqin ki, həmin yerlərdə aksiyaya icazə verilməyəcək. Çünki belə yerlərdə aksiyaya icazə verilməsi ən azından təhlükəsizlik baxımından düzgün deyil. Görünür ki, bu aksiyanın keçirilməsi barədə qərar verən və Milli Şuraya daxil olan AXCP və digər qüvvələr məhz bu aksiyanın keçirilməsindən sonrakı vəziyyətin üzərində yox, onun alınmamasından sonrakı vəziyyətin üzərində siyasət qurmaq haqqında fikirləşirlər. Onlar bunu guya Azərbaycanda kütləvi aksiyalara icazə verilməməsi, radikal müxalifətin təqib olunması, sərbəst toplaşmaq imkanından məhrum edilmələri kimi tezislər ətrafında dünyada Azərbaycan haqqında rəy yaratmaq işi ilə məşğul olacaqlar. Yəni, bunlar üçün mitinq keçirməkdən daha çox, mitinq qərarından sonrakı vəziyyətin üzərində siyasi oyun qurmaq daha əlverişlidir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal siyasi partiyalar iflasa uğrayıblar və heç bir fəaliyyətləri yoxdur: "Bütün bunların da səbəbkarı özlərinin fəaliyyətsizliyidir. Seçkilərin yaxınlaşdığı bir dönəmdə radikal müxalif düşərgə fəallaşmağa başlayıb və "biz də varıq” fikrini cəmiyyətə sırımağa çalışırlar. Amma onların bu addımı əbəsdir. Onlar indi də mitinq qərarı veriblər. Sosial bazası olmayan bu düşərgənin belə bir qərar verməsi gülüncdür. Axı nə ilə bağlı mitinq keçirəcəklər? Bunların aydın fəaliyyət proqramları yoxdur ki, nə üçün mübarizə apardıqlarını, cəmiyyətə hansı mesajlar verdiklərini biləsən. Onların 25 illik müxalifətçilik dövrlərində bunların heç birinə rast gəlinməyib. Hesab edirəm ki, radikal müxalifət düşərgəsi yalnız gündəmdə qalmaq üçün belə addımlar atırlar. Onların mitinqləri onsuz da biri digərindən fərqlənmir, yəni elektoratları göz qabağındadır, səsləndirdikləri fikirlər taftalogiyadan başqa bir şey deyil”.
M.Səfərli vurğuladı ki, Milli Şuranın mitinq üçün təklif etdiyi məkanlar aksiyaların keçirilməsi üçün əlverişli deyil: "Təklif olunan yerlərin hər üçü insanların və avtomobillərin sıx hərəkət etdiyi ərazilərdir. Aksiyanın təhlükəsizliyi üçün nəqliyyatın yarım saat dayandırılması meqapolis olan şəhərimizin nəqliyyat intensivliyinə mənfi təsir göstərə bilər. Nərimanov metrosunun yaxınlığındakı parkda uşaqlar, yaşlı insanlar istirahət edirlər və radikal düşərgə burada aksiya keçirməklə onların istirahət hüququnu pozmuş olar. Təbii ki, Milli Şura qeyd edilən yerləri məqsədyönlü şəkildə seçir ki, müəyyən sayla aksiya keçirəndə kənardan onları izləyən insanların hesabına çox görünsünlər. Bu "çoxluqdan” da istifadə edərək şəkillər çəkib xarici mətbuata ötürməklə görüntü yaratsınlar ki, guya bunlar hansısa möhtəşəm tədbir keçiriblər. Güman etmirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti bu yerlərdə aksiyanın keçirilməsi ilə razılaşa bilər. Ümumiyyətlə, heç bir vətəndaş razı olmaz ki, qeyd edilən yerlərdə kütləvi aksiyalar keçirilsin”.
AZAD


banner

Oxşar Xəbərlər