• şənbə, 20 Aprel, 14:16
  • Baku Bakı 23°C

Milli Şuradan Ermənistana rəğbət?

30.06.20 19:17 698
Milli Şuradan Ermənistana rəğbət?
Siyasətçilərin fikrincə, onlar bir daha anti-Azərbaycan mövqeyində olduqlarını sübut etdilər

Dağlıq Qarabağ problemi həllini tapanadək hər azərbaycanlı üçün prioritet məsələdir. Bunun dəfələrlə Prezident İlham Əliyevin çıxışlarında da şahidi olmuşuq. Dövlət başçısının bu günlərdə Mingəçevirdə N saylı hərbi hissənin açılışı zamanı Dağlıq Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair çıxışı növbəti dəfə diqqət mərkəzində oldu. Hətta Ermənistanla bağlı vəziyyəti dilə gətirən Prezident İlham Əliyev bu ölkənin korrupsiya bataqlığında boğulduğunu, iqtisadi tənəzzül və siyasi özbaşınalıqların baş alıb getdiyini vurğuladı.
Təəssüflər olsun ki, ölkəmizdəki radikal müxalifət düşərgəsində bu məsələyə yanaşmada əks mövqe müşahidə etdik. Qarabağ məsələsi kimi Azərbaycanın taleyüklü probleminin həllinə dəstək olmaq əvəzinə, özünü Milli Şura adlandıran qurum, onun sədri Cəmil Həsənli və Arif Məmmədov kimiləri milli maraqlardan uzaq olduqlarını bir daha göstərdilər. Bunlar siyasi mübarizələrinə nifrət toxumu səpərək hakimiyyət əleyhinə yox, Azərbaycan dövləti əleyhinə mübarizə aparmağa çalışırlar. Onların bu mövqeyi milli heysiyyatın itirilməsi deyilmi? Azərbaycan əleyhinə çağırışlar, düşmən Ermənistana rəğbətdən irəli gəlmirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi ki, Milli Şura millilikdən uzaq, antiAzərbaycan dairələrin əlində oyuncağa, alətə çevrilən bir qurumdur: "Bunlara heç qurum da demək olmaz, sadəcə, Əli Kərimli və onun ətrafına toplanmış beş-on boşboğazdan, avantürist adamdan ibarət bir dərnəkdir”.
E.Səlimov qeyd etdi ki, antimilli şura üzvlərinin məqsədi Azərbaycanda qarşıdurma, çaxnaşma yaratmaqdır: "Onları nə xalq, nə dövlət, nə dövlətçilik maraqlandırır. Onları ancaq vəzifə, kürsü, pul, şəxsi, cılız, dar maraqları düşündürür. Belə radikal qruplar üçün heç bir ali dəyər yoxdur, bütün milli və mənəvi dəyərləri ayaqlar altına salıb tapdalayıblar. Məhz buna görə də Azərbaycan xalqının haqlı nifrətini və qəzəbini qazanıblar. O qədər qeyri-ciddiləşiblər ki, artıq nə dediklərinin, nə danışdıqlarının fərqində belə deyillər. Ağıllarına gələni danışır, özlərini gülüş hədəfinə çevirirlər. Görün nə qədər qeyri-ciddi və məsuliyyətsizdirlər ki, belə bir həssas dönəmdə də lağlağı, dedi-qodu, qeybətlə məşğul olur, xalqa qarşı növbəti sayğısızlıqlarını və hörmətsizliklərini nümayiş etdirirlər. Onlar əgər əvvəl siyasi cəhətdən bitmiş və tükənmişdilərsə, indi artıq insani cəhətdən də tam bitib və tükəniblər. Keçirdikləri "toplantılar", "konfranslar", irəli sürdükləri "təkliflər" bunun daha bir əyani sübutudur. Bunlar bu ağıllamı və bu düşüncəyləmi hakimiyyətə gəlmək istəyirlər? Sadəcə, rəzalət və biabırçılıqdır. Belələrinin yeri tarixin kif basmış arxivi və zibilliyidir. Çünki bundan artıq heç nəyə yaramırlar, heç nəyi haqq etmirlər. Onlar nə edirlərsə-etsinlər, heç nəyə nail ola bilməyəcəklər. Həmişə və hər zamankı kimi, fiaskoya, məğlubiyyətə məhkum olacaqlar. Bu, onların taleyi və alın yazısıdır”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifət düşərgəsini, Milli Şura adlanan qurumu heç vaxt Qarabağ məsələsi maraqlandırmayıb: "Bu qurum yarandığı gündən indiyədək onun fəaliyyətində bunu müşahidə etməmişik. İndiyədək Qarabağ məsələsi cəmiyyətin bir nömrəli problemi olub və bu gün də bunu müşahidə edirik. Kimdən soruşsanız, ilk növbədə Qarabağ problemini dilə gətirəcək. Amma təəssüflər olsun ki, özünü Milli Şura adlandıran qurum yaranışından bu günədək Qarabağ məsələsi ilə bağlı heç bir mövqe açıqlamayıb. Onlar yarandıqları ilk dövrdən ancaq hakimiyyətə can atırdılar. Lakin ötən müddət ərzində münaqişənin həlli ilə bağlı fikirləri olubsa da, bu, aydın olmayıb. Yəni, birmənalı mövqe sərgiləməyiblər ki, heç olmasa, bunlar hakimiyyətə nə vaxtsa gələrlərsə, Qarabağ məsələsi ilə bağlı hansı addımlar atacaqlarını ictimaiyyət bilsin. Yaxud da bilək ki, bunların əlində yol xəritəsi və ya proqram, platforma var. Bilirik ki, radikal düşərgənin aydın, açıq heç bir platforması yoxdur. Bu ondan xəbər verir ki, bu insanlar Azərbaycana bağlı insanlar deyil və heç vaxt da Qarabağdan danışmayıblar. Bunları maraqlandıran odur ki, hakimiyyətə gəlsinlər. Amma Azərbaycanın əsas problemləri bunların maraqlarından kənardadır. Belə olmasaydı, Milli Şura adlanan qurumun sədri ABŞ-da gedib oturub, başqa maraqlardan çıxış etməzdi”.
M.Səfərli vurğuladı ki, Prezident İlham Əliyev Mingəçevirdə N saylı hərbi hissənin açılışında çıxışı zamanı bir daha Azərbaycanın qəti mövqeyini nümayiş etdirdi: "Dövlət başçısı bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar heç kim oyun oynamasın, başqa fikrə düşməsin. Bu, Azərbaycanın əzəli torpaqlarıdır və biz bu məsələni həll edəcəyik, kiminsə buna şübhəsi olmasın. Prezidentin sonuncu çıxışı bununla bağlı hansısa bir şübhəsi olan xaricdəki qüvvələrə də çox ciddi mesaj oldu. Onlara da aydın oldu ki, Azərbaycanın mövqeyi birmənalı və qətidir. Belə bir fonda Milli Şura adlanan qurumun antimilli mövqe sərgiləməsi, Ermənistanın mövqeyindən çıxış etməsi ondan xəbər verir ki, onlar Azərbaycanın maraqlarından kənar qüvvələrdir. Radikal düşərgə, sadəcə olaraq Qərbdə müəyyən dairələrin xoşuna gəlmək və eləcə də yaşamaq üçün bu yoldan istifadə edir. Milli Şura onsuz da Azərbaycanın ictimai mühitində heç bir təsirə malik olmayan qurumdur. Əslində AXCP-dən başqa kim var ki, bu qurumda? AXCP də bu gün o qədər zəifləyib, geriləyib ki, hətta rayon strukturları dağılıb, yerli təşkilatları yox səviyyəsindədir. O baxımdan da Milli Şura adlanan qurum ictimai-siyasi təsirə malik olmayan bir qüvvəyə çevrilib. Ona görə də onlar suyun üzərində qalmaq, Qərbdəki hansısa dairələrdən maddi dəstək almaq üçün belə mövqe sərgiləyirlər. Biz bilirik ki, onların bir çoxunun övladları xaricdə oxuyur, yaşayır. Bu səbəbdən də Azərbaycanı sevməyən dairələrin xoşuna gəlmək üçün antimilli addımlar atırlar. Təəssüflər olsun ki, onlar bu gün "Milli Şura” adını daşıyırlar. Onlar sonuncu çıxışları ilə bir daha anti-Azərbaycan mövqeyində olduqlarını sübut etdilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər