AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli Şurada vahid namizəd problemi gərginlik fazasında

Milli Şurada vahid namizəd problemi gərginlik fazasında

Siyasət
19 İyun 2013, 08:40 1498
Milli Şura ideyasının hələ də formalaşa bilməməsi və bu fonda cərəyan edən hadisələrin gərginlik fazasına keçid alması kifayət qədər öz təsdiqini tapır edir. Gözlənildiyi kimi, vahid namizəd probleminin həll edilməməsi fonunda müxalifət funksionerlərinin də inamsız bəyanatlar səsləndirirlər. Yeni-yeni iddiaların ortaya atılması Milli Şuradakı çaxnaşmalara zəmin yaratmaqdadır. Hətta qurumun iyunun 21-də keçiriləcək ilk sessiyası da böyük sual altında qalıb. Məsələ ondadır ki, sessiyanın gündəliyinə salınacaq məsələlərdən biri və ən əsası vahid namizədin müəyyənləşdirilməsidir ki, bu ətrafda ümumi rəyə hesablanmış qərarın verilməsi heç də inandırıcı görünmür. Siyasi analitiklər isə belə düşünürlər ki, Milli Şuranın parçalanma tarixi məhz sessiyanın keçirildiyi günə təsadüf edəcək. Bunu sübut edən amillər isə kifayət qədərdir.

İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyi xeyrinə geri addım atması inandırıcı görünmür

Daha bir məqam isə Müsavat Partiyasının Milli Şuradakı mövqeyi ilə əlaqəlidir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, AXP sədri Pənah Hüseynin qurumla bağlı verdikləri bəyanatlardan da aydın olur ki, onlar Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını qətiyyən qəbul etmirlər. Çünki ənənəvi müxalifətdə ilk olaraq namizədliyini Müsavat başqanı İsa Qəmbər irəli sürüb. Eyni zamanda yerlərdə öz seçki qərargahlarını yaradan Müsavat başqanı artıq, öz tərəfdarları ilə görüşlərini də keçirməkdədir. Belə olan halda onun R.İbrahimbəyovun namizədliyi xeyrinə geri addım atması ümumiyyətlə, inandırıcı görünmür.

Başqa tərəfdən, İ.Qəmbərin yandaşları ardıcıl olaraq onun təbliğatını aparmaqla, bilavasitə başqanın irəli sürdüyü tezisləri öz dillərindən ictimailəşdirməkdə davam edirlər. Bu səbəbdən də belə qənaətə gəlmək olar ki, Müsavatın bu ideyanın reallaşmasına imkan verməyəcəyi dəqiqləşir. Həmçinin, İctimai Palatanın son sessiyasında İsa Qəmbərin çıxışı da buna misal ola bilər. Məsələ ondadır ki, Müsavat başqanı R.İbrahimbəyova işarə olaraq deyib ki, əgər o həqiqətən də müxalifətin vahid namizədi olmaq istəyirsə, bu iddialarını xaricdə deyil, ölkə daxilində gerçəkləşdirməlidir. Əgər belə olmayacaqsa, onda Müsavat Partiyası da onun namizədliyini dəstəkləməyəcək.

İbrahimbəyovun “qayıdacağam” bəyanatları cəmiyyətə inandırıcı təsir bağışlamamaqdadır

Xatırladaq ki, R.İbrahimbəyov həbs olunacağını əsas götürərək, Azərbaycana dönməyəcəyini bəyan edib. Hansı ki, “EL” hərəkatının sədri Eldar Namazov, onun müavini Eldəniz Quliyev, eləcə də Milli Şuranın üzvü Zəfər Quliyev ötən həftə bəyan edirdilər ki, R.İbrahimbəyov iyunun 25-28-i arasında Azərbaycana geri dönəcək və şuranın iclaslarında iştirak edəcək. Ancaq R.İbrahimbəyov öz müsahibəsində qeyd edib ki, o, həmin vaxt ölkəyə qayıtmayacaq. Qayıdacağı tarix isə iyulun 1-də ola bilər. Amma bu bəyanat da cəmiyyətə inandırıcı təsir bağışlamamaqdadır. Nəticədə Müsavat başqanı da öz iddialarını İctimai Palatanın toplantısında məlum bəyanatını səsləndirib. Başqa sözlə desək, müsavatçılar R.İbrahimbəyovun namizədliyini müdafiə etməməklə bağlı yaxşı bir bəhanə tapıblar. Onlar kinorejissorun ölkədə olmamasını əsas tutaraq İsa Qəmbəri vahid namizəd kimi önə keçirmək istəyirlər. Buna isə nə AXCP sədri Əli Kərimli, nə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva, nə də ABŞ-da mühacirətdə olan ACP sədri Rəsul Quliyev razılaşmayacaq. Təsadüfü deyil ki, müsavatçıların İsa Qəmbərlə bağlı təbliğatı genişləndirdikləri məqamda RəQuliyev xüsusi bəyanatla çıxış edərək vahid namizədin R.İbrahimbəyov olacağını deyib.

Bu arada Müsavat başqanının müavini Gülağa Aslanlının Modern.az-a, digər müsavatçı funksioner Hikmət Hacızadənin isə Bizimyol. info-ya verdikləri açıqlamalar da olduqca maraqlı və düşündürücüdür. Belə ki, G.Aslanlı da rəhbəri İ.Qəmbərin iddialarını müdafiə edərək Milli Şurada Müsavatın təmsil olunmayacağını dolayısı ilə etiraf edib.

H.Hacızadə isə əslində daha sərt və şok doğuracaq ittihamları ilə yadda qalıb. Onun fikrincə, Milli Şura ideyası məhz Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən irəli sürülüb “İsa Qəmbər olsa, Milli Şurada da olacaq” deyə bildirən H.Hacızadə eyham edib ki, əgər İ.Qəmbər oradan uzaqlaşarsa, bu ideya dərhal iflasa uğrayacaq. Daha dəqiq desək, əgər Müsavat başqanı vahid namizəd olmasa, Milli Şuranın dağılması qaçılmazdır.
Başqa namizədlər haqqında bu fikirdə olmadığını deyən Müsavat funksioneri bildirib ki, Milli Şura seçkiyə Müsavatsız getsə, biabır olacaq: “...Hansı ki, başqa namizədlər haqqında bu fikirləri deyə bilmərəm. O da böyük şeydir, yəni satılmadıq, qorxmadıq, etiraz etdik. Nəyi bacarıb, bacarmamağımız ikinci sualdır, ancaq millətin vicdanı və namusunu gələcək üçün qorumaq lazımdır”.

Göründüyü kimi, artıq qarşı tərəfə, yəni Milli Şuraya qarşı hətta təhqir dili ilə ismarıclar yollayan Müsavat rəhbərliyi bununla qəti mövqeyini ortaya qoyur və seçkilərə ayrıca partiya şəklində qatılacaqlarını iddia edirlər.

RÖVŞƏN