AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Milli Şurada olan qüvvələr prinsipcə elə İctimai Palatada idilər”

“Milli Şurada olan qüvvələr prinsipcə elə İctimai Palatada idilər”

Siyasət
19 İyun 2013, 09:41 1004
Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

“Milli Şuranın yaradılma prinsipi və qarşısına qoyduğu məqsəd elə İctimai Palatanın da qarşısına qoyduğu məqsədlərlə tamamilə eynilik təşkil edir”, - deyən millət vəkili Milli Şuranın da artıq İctimai Palata kimi mitinq keçirmək istədiyini və bu barədə mətbuatda müzakirələrin getdiyini xatırladıb.

“Baxmayaraq ki, İctimai Palata tək müxalifətin deyil, ümumilikdə cəmiyyətin ictimai tribunasına çevrilmək kimi bir iddia ilə çıxış edirdi, sonradan məlum oldu ki, o sadəcə olaraq icazəsiz aksiyaların təşkilat komitəsi funksiyasını yerinə yetirir. Bunların da sonu olan nüfuzun itirilməsinə, gənclərin onun ətrafından çəkilmələrinə və sonda qurumun içində bir-birlərini ittiham etmələrinə gətirib çıxardı”, - o vurğulayıb.

A.Mirzəzadə qeyd edib ki, demokratiya, insan hüquqları, şəffaf və ədalətli seçkilər üçün yaradılması iddia edilən Milli Şura yaranan kimi elə İctimai Palatanın, ondan əvvəl yaranan qurumların taktikası ilə getməyə başlayıb. Bunun özü göstərir ki, Milli Şuranı da İctimai Palatanın aqibəti gözləyir.

“Daxili çəkişmələr, əsas məqsəddən yayınaraq siyasi intriqalarla dövlətə və qanuna qarşı hörmətsizlik və itaətsizlik nümayiş etdirmə, qeyri-demokratik prinsiplərlə fəaliyyət göstərmək istəyi və s. Yəni bu gün əslində cəmiyyətdə Milli Şuranın güclü, nüfuzlu və demokratik bir qurum olacağına əslində heç kəs inanmır. Bu, onu yaradan insanların cəmiyyətdəki imicindən, onların vaxtaşırı təkrar-təkrar ortaya qoyduqları taktikalardan və ən əsası isə cəmiyyətin deyil, özlərinin şəxsi maraqlarından çıxış etmələrindən aydın görünür”, - A.Mirzəzadə qeyd edib.