• şənbə, 20 Aprel, 12:36
  • Baku Bakı 23°C

Milli Şura yaranmadan fiaskoya uğradı

08.06.13 08:31 1625
Milli Şura yaranmadan fiaskoya uğradı
Xeyli müddətdir haqqında söz söhbətlər yayılan Milli Şura nəhayət ki, dünən elan edildi, tərkibi və nizamnaməsi açıqlandı. Mayın 28-də tələm-tələsik verilən elan edilən, amma tərkibi dəqiqləşdirilməyən şuranın razılaşdırılması çox çətin keçdi. Müxalifətin pərakəndəliyə yuvarlandığını anlayan Milli Şuranın ideya müəllifləri partiyalararası rəqabət savaşını səngitmək üçün ortaya müxtəlif adlardan ibarət siyahılar atdılar. İlk öncə 50, daha sonra 70-dən artıq nümayəndənin təmsil olunacağı deyilən şurada nəhayətdə 129 nəfərin təmsil olunduğu məlum olundu. Amma diqqət yetirəndə görürük ki, siyahıda yeni heç bir sima yoxdur. Milli Şurada təmsil olunanlar son 20 ildə Azərbaycan müxalifətində təmsil olunan şəxslərdir. Siyahıya diqqət yetirəndə görürük ki, burada yeganə yeni sima kinorejissor Rüstəm İbrahimbəyovdur.
Şura üzvlərinin hansı prinsiplərlə seçildiyi də məlum deyil. Görünən odur ki, 3 nəfər Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov oturaraq 129 nəfərlik heyət müəyyənləşdiriblər. Ümumilikdə isə tərkibə diqqət yetirəndə təşkilatçıların daha çox Müsavat və AXCP üzvləri arasında balans yaratmağa çalışdıqları hiss olunur. Əslində R.İbrahimbəyov və E.Namazov belə bir addım atmaqla öz aləmlərində mərhum prezident Əbülfəz Elçibəyin sağlığında nail ola bilmədiyini reallaşdırmağa, Ə.Kərimli ilə İ.Qəmbər arasında balans yaratmağa çalışıblar. Amma baş verənlər göstərir ki, onların bu arzuları elə ürəklərində də qala bilər.
Belə ki, Milli Şuranın ilk iclasının keçiriləcəyi vaxtdan bir gün qabaq məşhur müxalifət nümayəndələrinin Şuradan imtina etməsi barədə xəbər yayılıb. Yazıçı-dramaturq R.İbrahimbəyov mətbuata açıqlamasında bildirib ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu son anda Milli Şuradan imtina ediblər. Bu iddiaya cavab verən R.Arifoğlu isə deyib ki, R.İbrahimbəyov əvvəlcədən yanlış məlumatlandırılıb. O, heç zaman Milli Şurada təmsil olunmaq barədə razılıq vermədiyini də dilə gətirib: “Milli Şurada təmsil olunmayacağımı hələ aylar öncə başqanım İsa Qəmbərə, daha sonra isə İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvlərinə dəfələrlə söyləmişəm. Onlar da əvvəlcədən bilirdilər ki, mən Milli Şurada təmsil olunmayacağam. Adları çəkilən Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu da heç zaman heç yerdə deməyiblər ki, onlar Milli Şurada təmsil olunacaqlar”.
Milli Şuranın ilk yığıncağı da maraqlı nüanslarla yadda qalıb. Məsələn, elan olunan tərkibin böyük bir hissəsi heç ilk iclasa belə qatılmayıb. Azərbaycan cəmiyyətində tanınmayan, siyasi proseslərdən və elan edilən siyahıdan kənar adamlar kütləvilik görüntüsü yaratmaq üçün zala doldurulub. Bu, nəinki orada iştirak edənlərin, hətta prosesləri internet üzərindən canlı izləyən insanların, o cümlədən REAL Hərəkatının Məclis sədri Erkin Qədirlinin də gözündən yayınmayıb. O, sosial şəbəkədə Milli Şuranın toplantısına münasibət bildirərkən, tədbirdə iştirak edən adamların çoxunun məsələlərdən xəbərsiz olduğunu qeyd edib. E.Qədirli ehtimal edib ki, gündəlik ya tam razılaşdırılmayıb, ya da öncədən iştirakçılara paylanmayıb. Məclis sədri toplantı iştirakçılarının Rusiya və Avropa məkanına inteqrasiya arasında tərəddüd etdiklərini də diqqətə çatdırıb: “Şuranın iclasında yersiz söhbətlər, uzunçu mübahisələr çoxdur. Hərdən şəxsi atmacalar da olur. Bu isə konkret məsələlərin birgə müzakirəsi təcrübəsinin olmamasındandır. Problemlərə “issue based” yanaşma yoxdur, təəssüf ki. Keçmişə istinadlar çoxdur, gələcəyə baxış azdır. Zalda, gördüyüm qədərilə, dəxilsiz adamlar da xeylidir, mövzuya girə bilmirlər. Başlanğıc toplantısı üçün, bəlkə də keçmək olar, amma belə davam etmək olmaz. Bu iclasdan sonra çevrəni mütləq seyrəltmək lazımdır. Onsuz da oradakılar seçilmiş adamlar deyil, xaric etmək asan olmalıdır. Bunu etmək lazımdır, bugünkü iclas bunu bir daha göstərir”.
Milli Şuranın ilk iclasında müxalifətin əbədi problemi olan vahid namizəd məsələsi də qalmaqala səbəb olub. Belə ki, Milli Şura təsis edilən kimi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus əvvəlcədən təxmin edildiyi kimi R.İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsi təklifi ilə çıxış edib. O, yığıncaq iştirakçılarını da bu təklifi dəstəkləməyə çağırıb. Bu təklif şurada ciddi çaxnaşmaya səbəb olub. Keçmiş AXCP-çi, tarixçi-alim Cəmil Həsənli bu təklifə dərhal sərt dərhal reaksiya verərək, məsələnin müzakirəsinin sonraya saxlanılmasını vacib sayıb. Müsavat Partiyasının İcra aparatının rəhbəri A.Hacılı da təklifə kəskin etiraz bildirərək, vahid namizədi elan etməməyə çağırıb. O, fikirlərini əsaslandırmaq üçün deyib ki, Milli Şuranın vahid namizədinin indi elan olunması uğursuzluq ola bilər. Sonda L.Yunusun təklifi səsə qoyularaq, rədd edilib.
Yığıncaqda Müsavat başqanı İ.Qəmbər, AXCP sədri Ə.Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan da çıxış edərək seçkiyə vahid namizədlə getməyin zəruriliyini vurğulayıblar. “El” Hərəkatının rəhbəri, politoloq Eldar Namazov çıxışçıların sərt reaksiyalarını nəzərə alaraq, R.İbrahimbəyov Bakıya qayıdandan sonra onun vahid namizədlik məsələsinin müzakirə olunmasını doğru sayıb. Beləliklə də vahid namizəd məsələsində müxalifət liderlərinin ortaq məxrəcə gəlməsi qeyri-mümkün olub. Özlərini demokrat adlandıranlar kinorejissor R.İbrahimbəyovu yalnız Milli Şuraya sədr seçməklə təskinlik tapıblar. Fürsətdən istifadə edən AXCP sədri Ə.Kərimli isə deyib ki, Milli Şuranın sədri seçilən R.İbrahimbəyov həm də qurumun vahid namizədi kimi tanına bilər. Müsavatçılar isə dərhal bu fikri təkzib edən açıqlamalar verməyə başlayıblar. Bir sözlə, Milli Şura yarandığı gündən intriqalar yuvasına çevrilməklə əslində yaranmamışdan fiaskoya məruz qalıb.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər