• cümə, 29 Mart, 15:35
  • Baku Bakı 14°C

Milli Şura vahid orqanizmə çevrilə bilmir

12.07.13 09:27 1452
Milli Şura vahid orqanizmə çevrilə bilmir
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 8-də qurumun üzvlərinə müraciət edib. Belə ki, İbrahimbəyov sözügedən müraciətində qeyd edib ki, Milli Şura seçkiyə vahid namizədlə getməlidir. Lakin bildiyimiz kimi, İsa Qəmbər və Mirmahmud Mirəlioğlu Rüstəm İbrahimbəyovun vahid namizəd olduğunu qəbul etsələr də, rəhbərlik etdikləri Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları özlərinin başqa namizədlərini müəyyənləşdiriblər.
Qeyd edək ki, indiyədək Milli Şurada təmsil olunan Müsavat Partiyasının başqanı və KXCP sədrinin namizədliyi partiya tərəfindən irəli sürülüb. İsa Qəmbər bəyan edib ki, R. İbrahimbəyovun prezidentliyə namizədliyi qeydə alınana qədər onun namizədliyi barədə Müsavat Məclisinin 4 yanvar qərarı qüvvədə qalacaq. M.Mirəlioğlu da bir müddət öncə bu kimi fikirlərini önə sürmüşdü.
Tezliklə Milli Şuranın tərkibində Müsavat adlı partiyanın işinə xitam veriləcək
Məhz bu amil qurumda ehtiyat namizəd məsələsini qabardaraq, vahid namizəd problemini kölgə altında qoyub. Nəticədə xüsusilə, Müsavat partiyasına qarşı hücumlara start verilib ki, bu faktor MŞ-nın daxilində kifayət qədər narazılıq və ajiotajlar yaratmaqdadır. Bütün hallarda məlum olur ki, tezliklə Milli Şuranın tərkibində Müsavat adlı partiyanın işinə xitam veriləcək.
Yuxarıda qeyd etdiyimiz kimi, AXCP rəsmiləri ilə yanaşı, şurada təmsil olunan digər siyasi təşkilatlar da sözügedən hücumda cəbhəçilərin mövqeyindən çıxış edirlər.
Arif Hacılı: “Müsavat Partiyası kollegial formada belə bir qərar qəbul edib və qərarı ictimaiyyətə açıqlayıb”
Ancaq bütün bunlara baxmayaraq, Müsavat öz iddiasında israrlı olduğunu müxtəlif vasitələrlə bəlli edir. Belə ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mediaforum.az-a söyləyib ki, partiyanın İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı qərarı Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınanadək qüvvədə qalacaq: “Müsavat Partiyası kollegial formada belə bir qərar qəbul edib və qərarı ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, bu qərar Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması yolunda əngəl deyil, əksinə, müxalifətin vahid namizədinin qeydə alınmasını asanlaşdırır.”
Göründüyü kimi, Müsavat yetkilisi dolayısı ilə eyham edir ki, İbrahimbəyov Azərbaycana dönməyə də bilər. Həmçinin, kinorejissorun ikili vətəndaşlığı da onun namizədliyinin qeydə alınmamasında başlıca rollardan biri kimi qiymətləndirilməkdədir.
Bu arada AXCP sədrinin müavini Asəf Quliyev iddia edib ki, Müsavat Partiyası müxalifətdaxili qarışıqlıq yaradır. O bəyan edib ki, Milli Şuraya daxil olan partiyaların hamısı ümumi razılığa gəliblər: “Müsavat Partiyasının bu cür bəyanatla çıxış etməsi cəmiyyətdə müəyyən qarışıqlıq yaradır. Bu məsələyə aydınlıq gətirilməlidir. Vahid namizəd müəyyənləşib, indiki vəziyyətdə qərarın qüvvədə qalmasını düzgün hesab etmirəm... Bu gün Rüstəm İbrahimbəyova qarşı alternativ namizədin göstərilməsi siyasi partiya və lider üçün yolverilməzdir. Bu, cəmiyyət tərəfindən qəbul olunan məsələ deyil. Ümid edirəm ki, Müsavat Partiyası ictimai rəyi nəzərə alıb qərar qəbul edəcək”.
Asəf Quliyev: “AXCP üzvləri Əli bəyin namizədliyinin verilməsində israrlıdır”
Lakin A.Quliyevin bu kimi bəyanatı daha sonradan başqa müstəviyə doğru yönəlib. Bəlli olub ki, AXCP rəsmisi də öz növbəsində Əli Kərimlinin vahid namizəd ola biləcəyi ehtimalını gündəmə gətirməyə çalışıb. Onun sözlərinə görə, hələ R.İbrahimbəyovun namizədliyi irəli sürülməzdən əvvəl AXCP üzvləri Əli Kərimlinin vahid namizəd olması üçün təkliflər irəli sürüb: “AXCP üzvləri onun namizədliyini irəli sürmək istəyirdilər. İl yarım bundan əvvəl seçki strategiyamız vardı... Mənə dəfələrlə “İbrahimbəyov qeydə alınmazsa, AXCP digər namizədi qəbul edərmi” sualı ünvanlanıb. Mən də demişəm ki, başqa namizədə öncə MŞ-ya daxil olan bütün partiyaların razılığı lazımdır. İkincisi də elə bir vəziyyət alınarsa, yerlərdə AXCP üzvləri, rayon şöbələri Əli bəyin namizədliyinin verilməsində israrlıdır. Onun namizədliyinin qeydə alınması üçün bütün addımları atacağıq və onun seçki marafonunda bütün qüvvəmizlə iştirak edəcəyik”.
Açıq şəkildə görünür ki, AXCP-nin Müsavat Partiyasına qarşı başlatdığı hücum taktikasında pərdəarxası məqam R.İbrahimbəyovu müdafiə etmək faktoru deyil, məhz Ə.Kərimlinin namizədliyini önə sürməkdir.
Milli Şuranı parçalayan üç faza
Nəticə etibarı ilə bir daha belə qənaətə gəlmək mümkündür ki, sözügedən problemdən qaynaqlanan qarşılıqlı ittihamlar və iddialar Milli Şuranın vahid orqanizmə çevrilməsinə heç cür imkan vermir. Düzdür, buna əsil səbəbkar kimi Müsavat Partiyasının başqanı İsa Qəmbər göstərilsə də, yerdə qalanların da, yəni AXCP və partiyaya yaxın digər siyasi təşkilatların da bu vəziyyətin yaranmasında xüsusi rolları mövcuddur. Beləliklə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sözdə lider kimi qəbul olunsa da, əməldə belə deyil. Hətta onun ehtiyat namizədlə bağlı sonuncu müraciəti belə Milli Şuranın sessiyasının gündəliyinə çıxarılmadı. Baş verənlər həm də onu göstərir ki, Milli Şura hətta seçkilərdə iştirak etmək qabiliyyətini itirib və oktyabr marafonuna qədər dağılacaq. Bu çıxılmaz situasiyanı eyni zamanda parçalanmanın ikinci fazası kimi də qəbul etmək olar. Daha dəqiq desək, birinci fazada vahid namizədlik ətrafında yaşananlar, ikinci fazada ehtiyat namizədlik uğrunda aparılan savaşla əvəzləndi. Milli Şuranı parçalayacaq üçüncü və ən nəhayət sonuncu faza isə AXCP və Müsavat arasındakı açıq savaş olacaq.
RÖVŞƏN
banner

Oxşar Xəbərlər