• cümə axşamı, 28 mart, 19:54
  • Baku Bakı 13°C

Milli Şura insanların diqqətini yalnız qalmaqalla cəlb etmək taktikasını seçib

27.09.13 15:23 1598
Milli Şura insanların diqqətini yalnız qalmaqalla cəlb etmək taktikasını seçib
Yeni Azərbaycan Partiyasının sədr müavini - icraçı katibi Əli Əhmədovun Trend-ə müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının təşviqat kampaniyası necə aparılır, hansı işlər görülür və qarşıda duran planlar nədən ibarətdir?

- Məlum olduğu kimi, seçkinin təşviqat kampaniyası artıq demək olar ki, yarıya çatıb və bu müddət ərzində prezidentliyə namizədlərin televiziya debatlarının da hansı səviyyədə və tematikalara uyğun şəkildə keçirilməsi məlumdur. Qeyd etmək istəyirəm ki, bütövlükdə televiziya debatlarında aparılan seçki təşviqatının səviyyəsi o qədər də ürəkaçan deyil, burada prezidentliyə namizədlərin bir qismi demək olar ki, debatları dedi-qodu və çayxana söhbətləri səviyyəsində aparmağa üstünlük verirlər. Bu da ona dəlalət edir ki, namizədlərdən bəziləri seçki kampaniyasının gedişində seçicilərin və bütövlükdə Azərbaycan xalqının diqqətini cəlb edəcək proqram, platforma ortaya qoymaq iqtidarında olmadığından insanların diqqətini çayxana söhbətləri və dedi-qoduları ilə cəlb etməyə üstünlük verirlər.
Bütövlükdə Yeni Azərbaycan Partiyasının seçki təbliğatı geniş, şaxələndirilmiş şəkildə, əvvəlcədən müəyyən etdiyimiz proqrama uyğun olaraq həyata keçirilir. Bizim hörmətli seçicilərə, xalqa demək istədiyimiz sözlərin bir hissəsi debatlar vasitəsilə çatdırılır, daha böyük hissəsi isə Azərbaycanın hər bir guşəsində Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvlərinin seçicilərlə apardığı görüşlər vasitəsilə onların diqqətinə çatdırılır. Bütövlükdə mən Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının təşviqat hissəsini uğurlu hesab edə bilərəm. Ən azından bu günə qədər aparılan işlərimiz belə fikir söyləməyə əsas verir. 2013-cü ilin seçki kampaniyasında istifadə etdiyimiz taktika bundan ibarətdir ki, daha çox seçicilərlə ünsiyyət quraq, daha çox sayda seçicilərlə görüşlər təşkil edək. Biz indi bununla məşğuluq. Kütləvi tədbirlərə gəldikdə isə biz çoxlu sayda görüşləri eyni zamanda kütləvi tədbirlərlə əlaqəli şəkildə həyata keçiririk. Bakı şəhərində isə hələlik kütləvi aksiyanın keçirilməsini planlaşdırmamışıq. Azərbaycanın bütün bölgələrində bizim kütləvi aksiyalarımızın planlaşdırılması nəzərdə tutulub və planımıza uyğun olaraq belə görüşlər keçirilir. Biz hadisələri və prosesləri izləyirik və əgər Bakı şəhərində də möhtəşəm bir kütləvi aksiyanın keçirilməsinə ehtiyac duyacağıqsa, belə bir tədbir keçirəcəyik.
- Mərkəzi Seçki Komissiyası Milli Şuranın namizədinə ciddi xəbərdarlıq etsə də, o, yenə də öz təşviqatını daha çox ittihamlar üzərində qurmaqda davam edir. Sizcə, bunun səbəbi nədir?

- Müşahidə olunduğu kimi, Milli Şura tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli Azərbaycan seçicilərinin diqqətini şər və böhtanla cəlb etmək taktikasını seçib. Prezident seçkiləri kampaniyası eyni zamanda namizədliyini irəli sürmüş insanların şəxsi keyfiyyətlərinin üzə çıxarılmasını nəzərdə tutur, bu prosesdə namizədlər öz mənəvi, əxlaqi keyfiyyətlərini ortaya qoyurlar. Ölkə prezidenti sadəcə ölkədə ən yüksək vəzifənin daşıyıcısı deyil, eyni zamanda, milləti birləşdirən və öz nümunəsi ilə insanların mobilizasiyasına töhfə verən şəxs olmalıdır, bu vəzifəni tutmağa layiq olduğunu sübut etməlidir. Digər tərəfdən, prezidentliyə namizəd insanların diqqətini hay-küy, yalan və böhtanla deyil, ölkənin inkişafının təmin edilməsinə yönəlmiş proqramı ilə cəlb edilməyə çalışmalıdır. Artıq televiziya debatlarının yarıdan çoxu keçirilib və bu debatlarda Milli Şura tərəfindən namizədliyi irəli sürülmüş şəxsin ağzından ölkənin inkişafı ilə əlaqədar bir kəlmə də olsun proqram səsləndirilməyib. Ancaq qalmaqal, şər və böhtan.
Təəssüfləndirici hallardan biri də odur ki, Milli Şuranın namizədi Azərbaycan Konstitusiyasının 106-cı maddəsini kobud şəkildə pozaraq ölkə başçısının ünvanına əsassız iddialarla böhtanlar səsləndirir. Hesab edirəm ki, bu düşünülmüş bir taktikadır və bu taktikanın arxasında təxribatın gizləndiyini də görməmək mümkün deyil. Təəssüf ki, YAP-ın Milli Şuranın irəli sürdüyü namizədin Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozması ilə əlaqədar müraciətlərinə baxmayaraq, bu pozuntular yenə də davam edir və güman edirəm ki, YAP olaraq biz yenidən MSK-ya müraciət etmək məcburiyyətindəyik. Hələlik YAP MSK-nın məsələyə daha ciddi şəkildə reaksiya göstərəcəyinə inanır. Güman edirik ki, Azərbaycanda seçki kampaniyası təxribatlar, yalanlar, böhtanlar üzərində qurulmaq kimi xoşagəlməz ənənənin əsasının qoyulmasına gətirib çıxarmamalıdır. MSK ən azından ölkədə belə bir seçki ənənəsinin əsasının qoyulmasının qarşısını almaq üçün addımlar atmalıdır. Bu günə qədər MSK tərəfindən belə bir ciddi addımın atılmadığını qeyd edə bilərik. Mən tərəfdarı deyiləm ki, seçki prosesinə qoşulmuş namizədlərin hansınınsa seçki qanunvericiliyini pozduğuna görə namizədlikdən məhrum edilməsi kimi ciddi addım atılsın. Amma əgər edilən xəbərdarlıqlar təsir gücünə malik deyilsə, xəbərdarlığın formasını dəyişmək barədə düşünmək lazımdır. MSK bu barədə düşünməlidir.
- Cəmil Həsənlinin bu ittihamlarına hüquqi qiymət verilməsi məsələsi nə dərəcədə real görünür?

- Hesab edirəm ki, Azərbaycan qanunvericiliyində bu məsələ tamamailə öz əksini tapıb. Hər şeydən əvvəl Konstitusiyanın 106-cı maddəsinə görə, Azərbaycanın dövlət başçısının şərəf və ləyaqəti qanunla qorunur. Belə olan halda əsassız ittihamlarla ölkə başçısını ittiham etmək qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Ümumiyyətlə, istənilən vətəndaşa qarşı yalan və böhtan əsasında ittihamların irəli sürülməsi Azərbaycan qanunvericiliyi ilə qəti şəkildə qadağan edilir və bu, müvafiq cinayət məsuliyyəti yaradır. Prezidentə qarşı isə böhtanın atılması təbiidir ki, daha ciddi cinayət məsuliyyəti yaradır və mən inanıram ki, seçki kampaniyası başa çatdıqdan sonra Azərbaycan Konstitusiyasının qorunmasına cavabdeh olan müvafiq dövlət orqanları Konstitusiyanın müvafiq maddələrinin pozulması ilə müşayiət olunan çıxış və bəyanatlarla bağlı araşdırmalar aparacaq və buna hüquqi qiymətlər veriləcək.
Bilirsiniz, Milli Şuranın seçki kampaniyası ilə əlaqədar taktikası o qədər bəsitdir ki, onu başa düsməmək qeyri-mümkündür. Nədən ibarətdir bunların taktikası? Əlbəttə, Azərbaycanda son 10 ildə İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir inkişaf yaşanıb. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ölkənin həyatında ciddi dəyişikliklər baş verib, bütövlükdə Azərbaycanın siması dəyişib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə alternativ ola biləcək seçki proqramı və yaxud Azərbaycanı idarə etmək konsepsiyası ortaya qoymaq sadəcə olaraq mümkün deyil. Çünki 10 il ərzində Azərbaycanın bu qədər inkişaf edəcəyini yəqin ki, 10 il bundan əvvəl heç kim düşünə bilmirdi. Bütün bunların qarşısında insanları bundan da artıq cəlb edə biləcək bir proqramın ortaya qoyulması mümkün deyil. Hesab edirəm ki, Milli Şura tərəfindən irəliyə sürülən namizəd də, onun ideoloqları da bunu çox gözəl başa düşürlər. İrəliyə sürülən istənilən proqram Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə müqayisədə çox sönük görünəcək və insanların diqqətini cəlb etmək gücündə olmayacaq. Belə olan halda Milli Şura insanların diqqətini yalnız qalmaqalla cəlb etmək taktikasını seçib. Böhtan atmaq, şərləmək və təbiidir ki, bunun adekvat reaksiyasını almaq və beləliklə də özlərinin guya təzyiqlərə və hücumlara məruz qaldıqları haqqında bir təəssürat yaratmaq. Onların taktikası bundan ibarətdir. İnanıram ki, belə bir taktika heç bir uğura gətirib çıxara bilməyəcək.
- Bəzi beynəlxalq mətbuat orqanlarının, xüsusən də "Azadlıq" radiosunun Mərkəzi Seçki Komissiyasının tələblərinə zidd olaraq Cəmil Həsənlinin təşviqatını aparmaq məsələsinə necə yanaşırsınız?

- Yeni Azərbaycan Partiyası "Azadlıq" radiosunun Azərbaycandakı seçki proseslərini işıqlandırarkən qanunun tələblərini pozması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib və MSK da bu barədə müvafiq bir qərar qəbul edib. Azərbaycan Seçki Məcəlləsinin tələblərinə görə, ölkənin daxili siyasi proseslərinə xarici qüvvələrin, xarici dövlətlərin və xarici dövlətlərin maliyyəsi əsasında fəaliyyət göstərən təşkilatların, o cümlədən kütləvi informasiya vasitələrinin müdaxilə etməsi qəti şəkildə qadağan edilir. Məcəllənin tələblərinə görə, xarici dövlət tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitəsinin təşviqat kampaniyasına qoşulması, ayrı-ayrı namizədlərin təşviqatını aparması qəti şəkildə qadağandır. Bu, əslində dolayısilə xarici dövlətin konkret bir ölkənin daxili siyasətinə və daxili işlərinə kobud şəkildə müdaxiləsi kimi başa düşülə bilər.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, "Azadlıq" radiosu bütün bunları yaxşı bildiyi halda kobud şəkildə və hiss olunan tarazlığın pozulması formasında namizədlərdən birinin təşviqatını aparmaqdadır. Milli Şuranın təşkil etdiyi mitinqin canlı yayımının təşkil edilməsi, Milli Şura tərəfindən namizədliyi irəli sürülən prezidentliyə namizədin təşviqat kampaniyasının digər formalarda aktiv surətdə aparılması, birincisi, Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinin tələblərinə ziddir, ikincisi isə xarici maraqlı dairələrin Azərbaycanın daxili siyasi proseslərinə və seçki kampaniyası proseslərinə müdaxilə etməsi forması kimi başa düşülməlidir. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası belə halların qəti şəkildə qarşısının alınması üçün daha ciddi tədbirlər görməlidir və imkan verilməməlidir ki, suveren dövlətin seçki kampaniyasının gedişinə belə bir hüququ olmayan subyektlər kobud şəkildə müdaxilə etsinlər. Digər bir tərəfdən, bu cür birtərəfli kampaniyanın "Azadlıq" radiosu tərəfindən aparılması həm də namizədlər üçün Azərbaycan qanunvericiliyi ilə təmin edilmiş bərabər seçki təbliğatı mühitinin pozulmasına gətirib çıxarır. Yəni namizədlərdən birinə daha böyük diqqət ayrılır və beləliklə də bərabər təbliğat mühiti zərər çəkmiş olur. Hesab edirəm ki, bu, yolverilməz haldır və Yeni Azərbaycan Partiyası öz iddiasının əsaslı olduğu fikrindədir və biz ümidvarıq ki, Mərkəzi Seçki Komissiyasının xəbərdarlığı bu sahədə mövcud olan qanun pozuntularının aradan qaldırılmasına gətirib çıxaracaq.
- Beynəlxalq müşahidəçilərin seçkiqabağı mühitlə bağlı aralıq hesabatlarını necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, beynəlxalq müşahidəçilərin hesabatları məsələsinə gəldikdə, burada birmənalı fikir səsləndirmək düz olmazdı. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti əslində Azərbaycanda keçirilən seçki kampaniyalarına obyektiv qiymət verməyə meyillidirlər. Amma onların içərisində seçki kampaniyasına obyektiv şəkildə yanaşmaq fikrindən uzaq olanlar da yox deyil. Bir sıra hallarda açıq şəkildə müşahidə edirik ki, beynəlxalq müşahidəçilərin bəziləri seçki kampaniyasını artıq hazır rəylə gələrək müşahidə etməyə başlayırlar. Belə olan halda əslində müşahidədən deyil, əvvəlcədən məlum olan rəyin əsaslandırılması üçün bir fonun yaradılmasından söhbət gedə bilər. Biz Azərbaycanda seçki kampaniyasının bütün gedişinin obyektiv şəkildə müşahidə edilməsini və dəyərləndirilməsini istəyirik. Azərbaycanda normal, ədalətli, bərabər yarışma şəklində seçkilərin keçirilməsi üçün hər bir imkanlar yaradılıb.
Yeni Azərbaycan Partiyası əslində seçkilərin məhz bu prinsiplər əsasında keçirilməsində hamıdan çox maraqlıdır. Ona görə ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkidə qalib gəlmək şansı digər namizədlərlə müqayisədə, əslində müqayisəyəgəlməz dərəcədə böyükdür. Belə olan halda Yeni Azərbaycan Partiyası üçün seçkilərin demokratik, ədalətli şəkildə keçirilməsi həddən artıq zəruridir və biz beynəlxalq təşkilatlardan da seçki kampaniyasının gedişinə məhz bu prinsiplər əsasında, bu prizmadan yanaşaraq qiymət verməyi gözləyirik. Düşünürəm ki, onların bir hissəsi seçki kampaniyası haqqında obyektiv rəy verəcəklər. O müşahidəçilər ki, seçkiləri izləmək üçün artıq haradasa əvvəlcədən hazırlanmış hazır proqram və rəylərlə gəliblər, seçkilər başa çatdıqdan sonra onları oxumaqla kifayətlənəcəklər. Əslində hər bir seçkinin ədalətli qiymətini insanlar verir, xalq verir. Ölkədə prezident seçkiləri Azərbaycan üçün, Azərbaycanın növbəti beşillik mərhələdə inkişafının təmin edilməsi üçün keçirilir. Əsas hakim də Azərbaycan xalqıdır, Azərbaycan seçiciləridir. Bizim üçün ən önəmlisi Azərbaycan xalqının rəyidir. Eyni zamanda, beynəlxalq müşahidəçilərin də obyektiv rəyini istəyirik.
banner

Oxşar Xəbərlər