• şənbə, 20 Aprel, 03:57
  • Baku Bakı 15°C

Milli Şura iflasa məhkumdur

16.07.13 11:24 2056
Milli Şura iflasa məhkumdur
Azərbaycan müxalifətinin seçki hazırlığı, Milli Şuranın vahid namizədi, xaricdən Şuraya dəstək, müxalifət liderlərinin bir-birinə güzəştə getməməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının sədri Tahir Kərimli cavablandırır.
- Tahir bəy, müxalifət liderlərinin bir qrupunun təmsil olunduğu Milli Şura özünün vahid namizədini müəyyənləşdirib və artıq onun təbliğatını qurmaq məqsədilə müxtəlif görüşlər keçirilir, danışıqlar aparılır. Siz bütün bu prosesləri necə qiymətləndirirsiniz?
- Müxalifət cəbhəsində son durum bundan ibarətdir ki, 20 illik ənənəvi müxalifət demək olar ki, özünün prinsipial görünüşünü yaratdı. Bu, onların fəlsəfəsinin məntiqi nəticəsi idi. Nədən ibarətdir bu fəlsəfə? 20 ildir müxalifətdə təmsil olunan, vaxtilə xalq hərəkatında iştirak edənlər, partiya sədrləri, liderlər Milli Şuranın yaradılması ilə etiraf elədilər ki, onların təşkilatlarının gücü yoxdur. Nə aparıcı partiyaların, nə də onların liderlərinin narazı elektoratı bir hədəfə yönəltmək, təşkilatçılıq etmək qabiliyyəti yoxdur. Buna görə də onlar əvvəlcə “Narıncı inqilab”dan ruhlanıb bir araya gəldilər, ardınca “Ərəb baharı”ndan həvəslənib İctimai Palata yaratdılar. Amma müxalifət təmsilçiləri nə qədər çalışsalar da kütləviliyi, böyük gücə çevrilməyi bacara bilmədilər. Heç zaman müxalifət cəbhəsində olmayan, hətta müxalifətə üstdən-aşağı baxan, yeri gələndə onları elita saymayan bir nəfəri Milli Şuraya sədr seçib özləri ona tabe oldular. Bununla da onlar istər partiya, istər lider kimi öz gücsüzlüklərini bir daha nümayiş etdirdilər. Fikrimcə, onlar üçün Rusiyadakı “Milyarderlər ittifaqı”nın üzvü, kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr olması daha cəlbedici idi, nəinki onun “Oskar” mükafatçısı olmağı, beynəlxalq əlaqələrinin mövcudluğu. Belə bir vəziyyətdə Milli Şuranı yaratmaqla, müxalifətin ən böyük istəyi ondan ibarət idi ki, Şura yaranan kimi cəmiyyətin böyük bir hissəsi onlara böyük dayaq olsun, ictimai proseslər baş versin, kütləvi hadisələr müşahidə edilsin və sair. Amma gözləntilər baş vermədi. Heç gələcəkdə də belə hadisələrin olması gözlənilmir. Belə vəziyyətdə müxalifət ancaq özünü aldatmaqla məşğuldur. Vahid namizəd məsələsində irəlidə müxalifət liderlərini gözləyəcək böyük məğlubiyyət onları indidən parçalanmağa məhkum edir. Bu baş verəndən sonra isə ənənəvi müxalifətin ancaq qalıqları qalacaq.
- Avropa Azərbaycanlılarının Milli Birlik Şurası Moskvada tədbir keçirərək, Milli Şuranın Rusiyada özəyinin yaradılması təklifini irəli sürüb. Sizcə Milli Şuranın bir neçə ölkədə belə özəklər yaratması Rüstəm İbrahimbəyova hansısa formada kömək olacaqmı?
- Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda, ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız arasında da hakim partiyanın, iqtidarın siyasətini bəyənməyənlər var. Yəni, müəyyən qədər narazı qüvvələr var, müxalifət mövqeyində olan insanlar var. Bu təbii bir prosesdir. Amma məsələ burasındadır ki, xaricdə yaşayan və Azərbaycandakı iqtidara müxalif mövqe sərgiləyən insanların böyük bir qismi ölkə daxilindəki ictimai-siyasi prosesləri lazımınca bilmirlər. Onlara elə gəlir ki, kənardan gələn istənilən bir qüvvəyə, yaxud Milli Şuraya dəstək verməklə, Azərbaycan xalqını təşkilatlandırmaq, nəyəsə yönəltmək mümkündür. Lakin Azərbaycan xalqı kənardakı heç kimə, o cümlədən indiki müxalifət liderlərinə, Milli Şuraya güvənmir. Sadəcə müəyyən narazı qisim adamlar var ki, onlar Milli Şuraya ümid bəsləyirlər. Eynən bu prosesləri “EL” Hərəkatı yaradılanda da müşahidə etdik. Düşdülər şəhərlərə, rayonlara, kəndlərə ki, gəlin bizim hərəkata qoşulun. Ancaq həmin hərəkata böyük xalq kütlələrini cəlb etmək, kütləviləşdirmək mümkün olmadı. Milli Şura ilə bağlı da eyni proses gedir. Xalqdan dəstək almadıqları üçün isə bunlar bir az da qabağa gedib dayağı xaricdə axtarırlar.
- Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Avropanın mərkəzi Brüsseldə, Şuranın icra aparatının rəhbəri Eldar Namazov isə ABŞ-dadır. Sizcə, bu səfərlərdən, orada keçirilən görüşlərdən sonra ABŞ və Avropadan Milli Şuraya hər hansı formada dəstək veriləcəkmi?
- İstər ABŞ-da, istər Avropada, hətta Rusiyada bunu bilirlər ki, müxalifətin rəhbərliyi, Milli Şuranın vahid namizədi əsgərləri, ordusu olmayan «general» və «zabit»lərdən ibarətdir. Əgər Milli Şuradakıların tərifini versək, hər halda bunlar özlərini bu cür aparırlar. Yaxşı bilirlər ki, onların arxasında özləri qeyd etdiyi kimi yüz minlərlə insan yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatlar və xarici dövlətlər bunlardan Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə edə bilərlər. Yəni, özlərinin dediyi kimi, elita var, kütlə yoxdur. Elita-kütlə münasibətlərinə gələndə bu müxalifətin kütləvi hərəkatı onlara heç nə verməz. Bunu xaricdə də yaxşı bilirlər ki, Azərbaycan xalqı artıq son 20-25 ildir ki, baş verən proseslərdən özü üçün praqmatik nəticələr çıxarıb. Ona görə də mən düşünürəm ki, bunlar nə qədər özlərini müxalifət generalları kimi təqdim etsələr də, istər Rusiyadan, istər Amerikadan ən yüksək səviyyədə onlara yardımlar olmayacaq. Sadəcə onlara deyəcəklər ki, özünüzün daxili işinizdir, gedib xalqı təşkilatlandıra bilsəniz biz sizə dəstək olacağıq. Onlar da xalqı təşkilatlandıra bilmirlər. Çünki müxalifət liderlərinə Azərbaycan cəmiyyətində inam itib. Onlar kütləvi şəkildə xalqı təşkilatlandırmaq imkanından məhrumdurlar. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərində bunlar tamamilə öz funksiyalarını itiriblər. Xalqın onlara olan inamı qırılıb. Bu səbəbdən müxalifət liderləri xarici təşkilatların və ölkələrin əlində yalnız vasitə ola bilərlər.
- Milli Şurada ciddi narazılıqlara səbəb olan məsələlərdən biri alternativ namizədin müəyyənləşdirilməsidir. Eldar Namazovun ABŞ-da Rəsul Quliyevlə keçirdiyi görüşdə əsas müzakirə mövzusu da bu olacaq. Sizcə nəyə görə Milli Şurada birləşən liderlər müxalifətin birliyi naminə bir-birinə güzəştə gedə bilmirlər?
- Biz bilirik ki, Rəsul Quliyev özü də İsa Qəmbəri özünü namizəd kimi irəli sürməkdən imtina etməyə çağırıb. İsa Qəmbərin və Müsavatın şəxsində ənənəvi müxalifət həzm edə bilmir ki, uzun illər müxalifətçilik təcrübəsi olan, müxalifətə rəhbərlik etmiş bu insanlar axırda ssenarisi bizim olmayan, rejissoru biz olmayan bir proseslərdə hətta baş rolda oynamayan oyunçu vəziyyətinə düşüblər. Ona görə də bunlar hər vəchlə özlərinin namizədliklərini irəli sürməklə, ambisiyalarını ortaya qoymaqla güclü olmaq təəssüratını yaratmaq istəyirlər. Bu səbəbdən Milli Şura iki yerə bölünüb. Bir hissə deyir ki, biz seçkiyə Rüstəm İbrahimbəyovun timsalında vahid namizədlə getməli, əgər alınmasa seçkini bоykot etməliyik. Bununla dünya ictimaiyyətini, ölkələrini məcbur etməliyik ki, bu seçkilərin legetimliyi tanımasın. Müsavat partiyasının timsalında ikinci bir kəsim isə deyir ki, əsas namizəd qeydə alınmaya bilər. Bu zaman bizim alternativ namizədimiz olmalıdır ki, seçkidə mütləq iştirak edək və müəyyən nailiyyətlərə nail olaq. Göründüyü kimi hər iki tərəf çaşqın haldadır. Hər iki tərəf bir-birini sona qədər inandırmağa arqument tapa bilmir.
- İsa Qəmbər bildirib ki, hazırda Milli Şuranın mövcuddursa, buna səbəb Müsavat Partiyasının dəstəyidir. Doğrudanmı Milli Şuranın mövcudluğu yalnız Мüsavat Пartiyasından və onun sədrindən asılıdır?
- Mən belə düşünmürəm. Eyni iddianı AXCP lideri Əli Kərimli və başqaları da dilə gətirə bilərlər. Milli Şura yaradılanda ən çox müzakirələr Müsavat, AXCP liderləri, “EL” Hərəkatının rəhbəri Eldar Namazovun arasında gedirdi. Bu müzakirələrin nəticəsi barədə Rüstəm İbrahimbəyova məlumat verilirdi. Sonradan bu prosesə digərləri də cəlb olundu. O cümlədən Lalə Şövkət, Rəsul Quliyev və digərləri. Bunlar hamısı Milli Şuranın yaradılması prosesində iştirak ediblər. Mənim fikrimcə, Milli Şura Müsavat Partiyası olmadan da yaradıla bilərdi. İsa Qəmbərsiz də digər partiya sədrləri bir araya gələcəkdirlər. Sadəcə Müsavat Milli Şuraya qoşulmaqla çevrəni bir az da genişləndirdi. Müsavat başqanının bu açıqlamasına gəlincə, bu, sırf partiya maraqlarının ifadəsidir və heç bir etik çərçivəyə sığmır. İsa Qəmbər vahid namizədliyə iddialıdır. O, özünü heç də Rüstəm İbrahimbəyovdan şanssız hesab etmir. Müsavat başqanı istəyərdi ki, müxalifətin vahid namizədi o, özü olsun.
- Müsavat başqanı Milli Şurada real müxalifətin təmsil olunmasını arzuladığını da qeyd edib. Sizcə, bununla o, Milli Şuradakı digər partiya sədrlərini, o cümlədən Əli Kərimli, Sülhəddin Əkbər, Mirmahmud Mirəlioğlu, Əvəz Temirxan və başqalarını hakimiyyətin maraqlarının dəstəkçisi kimi görür?
- Mən başa düşə bilmirəm ki, İsa Qəmbər real müxalifət deyəndə nəyi nəzərdə tutur? Əslində belə mövqe qabaqcadan özünü sığortalamaqdır. Qarşıdan gələn prezident seçkilərində məğlubiyyət o qədər qaçılmazdır ki, indidən bunu kiminsə boynuna yıxmaq zərurəti yaranıb. Bu məğlubiyyətin səbəbkarı Rüstəm İbrahimbəyov da ola bilər, müxalifət də. Adama deyərlər ki, əgər öz timsalında real müxalifət var idisə, Milli Şuranın yaradılmasına nə ehtiyac qalmışdı? Əgər İsa Qəmbərin, Müsavat Partiyasının real müxalifətin birliyini yaratmaq imkanı olsa idi, heç Milli Şura məsələsini gündəmə gətirməzdilər. Bunlar zorla, qeyri səmimi şəkildə, bir-birini ittiham edə-edə Milli Şura adlı təşkilatda birləşiblər. O başqa məsələdir ki, bunu ABŞ səfirliyinin tövsiyəsi ilə, yaxud Rusiyanın, “Milyarderlər ittifaqı”nın təsiri altında, müəyyən maliyyə imkanlarına görə ediblər. Hər halda yaradılıb bu təşkilat. Ancaq, yenə də deyirəm, əgər müxalifətin birliyini Müsavat yarada bilsəydi, Milli Şuraya ehtiyac qalmazdı. O da danılmaz faktdır ki, bu qurumun Ərəb ölkələrində, həmçinin Qırğızıstanda, Gürcüstanda olan anoloji təşkilatlar, hətta Ermənistanda olan İctimai Şura qədər də gücü yoxdur. Həmin ölkələrdəki təşkilatların arxasında müəyyən qədər narazı elektorat, aktiv, təşkilatlanmış müxalifət dayanırdı. Azərbaycandakı Milli Şuranın isə heç bir bazası, elektoratı yoxdur. Ona görə də İsa Qəmbərin real müxalifət kəlməsini şərti mənada işlənmiş söz kimi qəbul edirəm. Bu, məğlubiyyəti başqasının üzərinə atmaq istəyinin göstəricisidir.
- Milli Şuranın gələcəyi barədə nə düşünürsünüz?
- Müxalifət liderlər İctimai Palata yaradılanda bundan da həvəsli idilər. Hətta gənclərlə birlikdə müəyyən hərəkatlar, aksiyalar keçirildi. O zaman müxalifət ərəb ölkələrində baş verən hadisələrin eyforiyasını yaşayırdı. Amma indi heç bir eyforiya yoxdur. Milli Şura hansısa fors-major vəziyyətə, “X” gününə hesablanmış bir təşkilatdır. Ordakılar ümid edirlər ki, birdən cəmiyyətdə hansısa hadisə baş verər, hansısa dəyişiklik olar və bu zaman irəli durarlar. Sonra da bəyan edərlər ki, bu dəyişiklikdə bizim də gücümüz, dəstəyimiz oldu. Hesab edirəm ki, Milli Şura keçici vəziyyət alacaq. Milli Şura o zaman yaşayardı ki, prezident seçkilərində onun namizədi qalib gələydi. Lakin bunun baş vermə ehtimalı olmadığı üçün Milli Şura iflasa məhkumdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər