• çərşənbə axşamı, 19 mart, 13:57
  • Baku Bakı 8°C

Milli Şura: “Bizim işimiz hökuməti şərləməkdir”

29.06.20 18:28 5475
Milli Şura: “Bizim işimiz hökuməti şərləməkdir”
"Zoom konfrans”da qeybətləşən "demokratlar” növbəti dəfə özlərini cəmiyyətə tanıdıblar
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası "xüsusi əhəmiyyətli” iclası ilə yenidən gündəmə gəlib. Videokonfrans şəklində keçirilən iclasda radikal müxalifət təmsilçiləri dedi-qodu xarakterli söhbətlər edərək öz səviyyələrini növbəti dəfə nümayiş etdirib, gülüş hədəfinə çevriliblər. Antimilli dərnək üzvləri budəfəki söhbətlərində hökumətə "ilişmək” üçün mövzu tapa bilməməkdən gileyləniblər.Milli Şuranın Koordinasiya Mərkəzinin və AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli bekarçılıq olmasın deyə, təklif edib ki, hökumətdən karantinə görə 300 deyil, bu dəfə 500 manat tələb olunsun. O, bu təşəbbüsün nədən qaynaqlandığını da dilə gətirib. Bildirib ki, onsuz da bu qeyri-real təklifdir və reallaşmayacaq. Lakin görüntü üçün bunu dilə gətirmək lazımdır ki, xalq Milli Şuranın onların qayğısını çəkdiyini, qeydinə qaldığını görsün. Onun bu təklifini Milli Şura üzvü, vaxtilə nəşr olunan "Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev dərhal dəstəkləyir, hətta qurumun bu xüsusda bəyanatla çıxış etməsini zəruri sayır.Vaxtilə "Azadlıq” qəzetinin baş redaktoru olmuş Qənimət Zahidov bu yerdə söhbətə qoşularaq, R.Hacıyevin canlı yayımlara çıxmaqdan yayınmasına dair Koordinasiya Mərkəzinin xüsusi qərar çıxarmasını tələb edir. O, bunun nə səbəbdən baş verməsinə aydınlıq gətirilməsini istəyir. Koordinasiya Mərkəzinin digər üzvü Gültəkin Hacıbəyli söhbətə "kurs” olaraq, R.Hacıyevin keçəl olduğunu, buna görə kompleks yaşadığını dilə gətirir, canlı yayımlara çıxmamasının səbəbini də bununla əlaqələndirir. R.Hacıyev işinin çoxluğunu, sosial şəbəkə üzərindən yazışmaların çox vaxt apardığını dilə gətirib, özünə bəraət qazandırmaq istəsə də, Q.Zahidov onun iş, daxili yazışma adı altında qeybətlə məşğul olduğunu söyləyərək, ağzından vurur. Ünvanına səsləndirilən ittihamlar qarşısında deməyə söz tapa bilməyən R.Hacıyev əqidədaşı Q.Zahidovun gəlib hay-küy saldığını, təklif səsləndirmədən çıxıb getdiyini qeyd edir. Ardınca da ona tövsiyə edir ki, efirdən səsləndirdiyi rəqəmlərdə diqqətli olsun, yanlışlığa yol verməsin, faktları təhrif etməsin. Buna cavab olaraq Q.Zahidov "bizim işimiz hökuməti şərləməkdir”, - deyərək, özü-özünü ifşa edir.


Antimilli dərnək üzvlərinin bu davranışları sosial şəbəkədə növbəti dəfə tənqid, lağ-lağı obyektinə çevrilib. Azərbaycan cəmiyyətinə ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlərinin ağıla ehtiyacının olduğu, həmçinin Milli Şuranın iclaslarının ciddi müzakirə meydanı deyil, qeybətxana şousu olduğu qeyd edilib.Milli Məclisin deputatı Cavid Osmanov özlərini demokrat adlandıran, əslində isə ermənipərəst dairələrin əlində alətə çevrilən, bununla da sanki Azərbaycanda Ermənistan səfirliyi funksiyasını yerinə yetirən antimilli şura üzvlərinin öz davranışları ilə özlərini ifşa etdiyini dilə gətirib. O, bu barədə qəzetimizə açıqlamasında deyib ki, antimilli qüvvələr indiyə qədər Azərbaycana qarşı şər-böhtan kampaniyası aparıblar: "Ölkədə həyata keçirilən siyasət, iqtisadiyyatın inkişafı, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edilməsi və sair bu kimi uğurlu addımlar hər zaman antimilli şura üzvləri tərəfindən inkar edilib, görməzlikdən gəlinib. Əksinə olaraq, həm ölkə daxilində, həm də xaricdə Azərbaycan əleyhinə şər-böhtan xarakterli məlumatlar ictimailəşdirilib. Beləliklə, onlar ölkəmizin mənfi imicinin formalaşmasına cəhdlər ediblər. Antimilli şuranın "zoom konfrans”ında edilən söhbətlərin məzmunu deyilənlərə daha bir sübutdur. Onlar Azərbaycan reallıqlarını görmək istəmir, radikal mövqelərini davam etdirirlər. Təsəvvür edin, deməyə sözləri, ittiham etməyə tutarlı arqumentləri olmadığından, "zoom konfrans”da özləri nə isə bir şey uydurur, daha sonra onun ətrafında müzakirə açırlar. Adını da qoyurlar ki, guya xalqın təəssübünü çəkirlər, demokratiya uğrunda mübarizə aparırlar. Halbuki, həmin o "demokratların” "zoom konfrans” müddətində etdikləri söhbət bir-birlərini keçəl olduqlarına görə ələ salmaqdan, digərinin keçəl olmasına rəğmən "simpatiçni” görünməsi barədə fikirlərdən, başqa birisinin "Facebook”da mesajlaşıb qeybət etməsindən ibarətdir. "Siyasi mübarizə” və "fikir mübadiləsi”nin kulminasiya nöqtəsi isə "bizim işimiz hökuməti şərləməkdir” sözləridir. Bununla onlar iç üzlərini, əsl mahiyyətlərini açıb ortaya qoyur, xalqa təqdim edirlər”.

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət, iqtisadi tərəqqinin yaşanması, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafı, ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi dünyadakı ermənipərəst dairələri, eləcə də onların uzantılarını daim narahat edib: "Antimilli şuradakı "demokratlar” da bu narahatlığı bölüşərək daim şər-böhtan atmağı özlərinə həyat tərzi, fəaliyyət növü seçiblər. Onların 27 illik "fəaliyyətləri” yalnız bundan ibarətdir: ağa qara demək, iqtidarın, hökumətin ünvanına şər-böhtan yağdırmaq. Antimilli şurada toplaşanların mütləq əksəriyyəti 90-cı illərin əvvəlində əldə etdiyimiz müstəqilliyimizə, yenicə qurulan dövlətçiliyimizə xəyanət edərək, yalnız öz şəxsi maraqları və havadarlarının mənafeyi naminə məkrli siyasət yürüdüblər. İndi də bu xəyanəti davam etdirirlər. Onlar Azərbaycan xalqını, milli-dövlətçilik maraqlarını, müstəqilliyimizin davamlı olmasını, dövlətçiliyimizin güclənməsini, ərazi bütövlüyümüzün bərpasını, beynəlxalq miqyasda diplomatik nailiyyətlər, nüfuz, etibar qazanmağımızı düşünmürlər. Onlar 90-cı illərdə olduğu kimi, müxtəlif təxribatlarla Azərbaycanı xaosa, qarşıdurmaya, tənəzzülə sürükləməyə çalışırlar. Bu isə yalnız işğalçı Ermənistanın maraqlarına xidmət edən, ermənipərəst düşüncədən qaynaqlanan xəyanətkar yoldur”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər