AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Milli Şura Amerika maraqlarına zərbə qurumudur”

“Milli Şura Amerika maraqlarına zərbə qurumudur”

Müsahibə
19 İyul 2013, 11:08 1321
ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr, bu dinləmələrdə ölkəmizin ünvanına səsləndirilən ittihamlar, Milli Şuranın gələcəyi, müxalifətin vahid namizədinin Azərbaycana gələ bilməməsinin əsl səbəbi və sairlə bağlı “Kaspi”nin suallarını deputat Zahid Oruc cavablandırır.

- Zahid müəllim, Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibətiniz necədir?

- Helsinki Komissiyasının müstəqil bir qurum olaraq istənilən ölkənin həyatına, siyasi dönəmlərinə, hansısa kampaniyalara indekslənmiş müzakirələr keçirməsini normal sayıram. Lakin seçilən formatı, mövzunu, onun təşkili prinsiplərini birmənalı şəkildə pisləyirəm. Bunu heç bir demokratiya prinsiplərinə uyğun olmayan addım kimi qiymətləndirirəm. Əslində bu hadisə o qədər də qeyri-adi deyil. Çünki buna qədər olan illər ərzində eyni situasiyanın, addımların şahidi olmuşuq. Yazıqlar olsun o qüvvələr ki, bu cür müzakirələri bir ölkənin gələcəyi adına təqdim edirlər. İş ondadır ki, müstəqillikdən, bir xalqın təmsilçisi olmağın məmnunluğundan danışan adamlar adi bir dəvəti, - hətta onun bütün xərc ağırlıqlarını da daşıyaraq elə şəkildə cəmiyyətə sırıyırlar ki, guya bu, az qala ABŞ-ın gələcək alternativ hökumət və ya hakimiyyət quruculuğu yolunda mühüm bir əməliyyatıdır. Guya onlar da bura qatılmasalar, Azərbaycan xalqının sabahı sual altına düşə bilər. Halbuki orada çox məhdud səviyyədə müxalifət təmsilçiləri iştirak edib. 2003, 2005, 2008, 2009-cu illər ərzində də biz eyni tendensiyanı müşahidə etmişik. O zamanlar da müxalifətin bir neçə rəhbər nümayəndəsi tamtəraqla belə səfərlərdə iştirak ediblər. Azərbaycana mühüm mesajların verildiyindən, hakimiyyətin dəyişməsi üçün konkret fəaliyyət planının həyata keçirildiyindən, Vaşinqtonda artıq bu prosesə start verildiyindən bəhs edən silsilə çıxışların, materialların aylarla şahidi olmuşuq. Azərbaycanın bir kəsimi var ki, onların həmin epitetlərini, leksionunu bu gün də o üsulla dərc eləmək olar. O zaman görəcəyik ki, heç nə dəyişməyib. 2003-cü ildə o qəzetlərdə işıq üzü görmüş materiallar öz qüvvəsini bu gün də saxlayıb. Amma bu o demək deyil ki, həmin ifadələri səsləndirənlər uzaqgörən, dahi olublar. Keçmişdə də şahid olmuşuq ki, xarici maraqlara indekslənmiş, yad ölkələrdən və oradakı inqilabi mübarizələrdən ilhamlanan, kurs götürən bu qüvvələr sonda yenə də öz məğlubiyyətlərinin şahidi olublar.

- ABŞ-da bu şəkildə dinləmələrin keçirilməsi Azərbaycan müxalifətinə, xüsusən də Milli Şuraya hansı dvidentləri gətirə bilər?

- Mən sizin sualınıza cavab olaraq, dinləmələrdə həvəslə iştirak edənlərə, eləcə də Azərbaycanın ünvanına sərt tənqidlər səsləndirənlərə sualla müraciət etmək istəyirəm. Helsinki Komissiyasında avtoritarizmi təhlil edərkən, fərqindədilərmi ki, bununla Konqresə, Amerika dövlət rəhbərliyinə verilən mesajlar sonda nə olacaq? Yəni, bölgədə Qərbin prioritetləri 5-6 ildən artıqdır ki, qarışıb. Bəlli deyil ki, onlar ərazi bütövlüyünə hansı münasibəti göstərirlər, digər ölkələrin suverenliyini hansı formada müdafiə edirlər, siyasi bəyanatlarının arxasında real hansı güc dayanır, o cümlədən transmilli layihələrə münasibətdə onların qoruyuculuğunun və müdafiəsinin təşkil edilməsi üçün hansı tədbirlər gerçəkləşdirirlər. Həmçinin bu regiona siyasi, geopolitik basqıların qarşılanması yönündə bu dövlətləri necə müdafiə edirlər. Yoxdur bu, ortada. Əvəzində hansısa bir insan hüququ, demokratiya adına geniş, səs-küylü müzakirələrlə düşünürlər ki, bununla hansısa bir ölkəyə xeyir gətirəcəklər. Bu, çox yanlışdır. Yəni, bunun ənənəsi bəllidir və qoyulan daşlar elə qüsurlu şəkildə inşa etdirilib ki, onun sonucunda Azərbaycan üçün xeyir yoxdur. Bu, dinləmə deyil. Hesab edirəm ki, Azərbaycanın problemlərinə belə həqiqətlərdə bulunmayanların mövqeyi hər zaman bizim üçün şübhə altında qalacaq. Çünki bu ölkə elə bir problemə malikdir ki, ona münasibətini göstər, deyim sən kimsən. Dağlıq Qarabağ bizim üçün müəyyən indiqatordur. Həmin komissiya qoy bu bölgənin strateji həyatını dəyişəcək məsələlərə meydan versin, ona müzakirələr müstəvisi tanısın. Əldə olunacaq hər hansı nəticələri ümumiləşdirib hansısa ölkələrə təzyiq alətinə çevirməsin. Müxalifət təmsilçilərinin orada seçdiyi leksiona və bu görüşlərin onların, həmçinin Milli Şuranın gələcəyi üçün önəm daşımasına gəlincə, birdəfəlik bilinməlidir ki, bu ölkənin taleyi Bakıda, Azərbaycanın içərisində sadə-sıravi insanlarımızla birgə müəyyən olunur. Artıq 50 milyarddan artıq büdcə ehtiyatına malik olan bir dövləti inqilabi proseslərlə o şəkildə hədələmək olmaz. İstənilən sosial ağırlıqları daşımaq, məmur fəaliyyətindəki şəffaflığı təmin etmək və sair kimi məsələləri görmək imkanında olan bir iqtidar üçün barmaq silkələmələrlə, siyasi hədələrlə, təzyiq leksionu ilə danışmaq, nəticə əldə etmək olmaz. Bu müxalif qüvvələr əgər özlərinin gələcəklərini buna hesablayıblarsa, çox yanılırlar. Bu onları balacalaşdırır, kiçildir. Hansısa inqilab eyforiyası ancaq onların qafasındadır. Cəmiyyətə bu dalğa ötürülə bilmir. İnsanlar bu hadisələrdən geniş şəkildə qürrələnmək, fəxarət hissi keçirməyi düşünmürlər. Əksinə, öz aralarında pəjmürdə olurlar.

- Dinləmələrdə iştirak edən Tomas Melia və Miriam Lanskoy Azərbaycanda siyasi partiyalara, vəkillərə təzyiqlər edildiyini, siyasi məhbuslar olduğunu, QHT-lərin qeydiyyatdan keçməsində problemlərin yaşandığını, media üzərində nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq, bunu insan hüquq və azadlıqlarının pouzlması kimi qələmə veriblər. Amma nədənsə Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, nəticədə 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqları dilə gətirilməyib. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Burada məqsəd Azərbaycanın daxili mənzərəsini fərqli şəkildə təqdim edərək, sonrakı dövrdə öz iqtisadi maraqlarını həyata keçirməyə müstəvi hazırlamaqdır. İkinci bir tərəfdən, hansısa partiya yetkililərinə xüsusi basqılar o zaman edilir ki, o, qanuni çərçivədən kənar fəaliyyətlə məşğul olur. Axı o siyasi qurumların başçıları, birinci şəxsləri həmişə bu cür proseslərdən kənarda olurlar. Hüquq müstəvisində hərəkət edərkən, qarşında normal siyasi polemikalar görəcəksən. Bundan qıraqda isə polis və dəmir barmaqlıqlar səni gözləyir. Bu, dünyanın hər yerində belədir. Mən istəyirəm ki, onu əlahiddələşdirərək yalnız Azərbaycanda belə olduğunu söyləməsinlər. Media üzərində basqılar məsələsi də yaradılmış yanlış mənzərədir. İş orasındadır ki, minlərlə mətbu orqanın, hər biri ayrıca informasiya daşıyıcısı olan sosial şəbəkələrin fəaliyyət göstərdiyi Azərbaycanı söz azadlığını çərçivəyə almaqda qınamaq olduqca ədalətsiz yanaşmadır. Bu gün istənilən mövzunun geniş diskussiyalar doğurduğunun şahidiyik. Bu səbəbdən əksinə olaraq düşünürəm ki, mətbuat azadlığına münasibətdə əks düşərgə təmsilçilərinin daha təhlükəli və sərt yanaşmaları, təfəkkürləri var. Onların illər ərzində firqə mətbuatı kimi dərc olunan qəzetlərində biz bunları görürük. Siyasi məhbus məsələsinə gələndə, bu istiqamətdə ABŞ-ın özündə də kifayət qədər böyük problemlər var. Quantonama həbsxanasından danışmıram heç. Əks dini və siyasi mövqe daşıyıcılarına qarşı təzyiqlərin göstərildiyini elə həmin ölkə üzərində araşdırma aparan insan hüquqları təşkilatlarının hesabatlarından görmək olar. Məncə əsas məsələ hər bir ölkədəki tendensiyaları, canatmaları dəyərləndirmək lazımdır. Hər kəs etiraf edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir lider kimi ölkəsinin inkişafını, yeniləşməsini, infrastruktur baxımdan təzələnməsini, quruculuğunu arzulayır və həyata keçirir. Bölgələrin mərkəzlə eyni səviyyədə inkişafına nail olunur. Azərbaycanı dünyanın qabaqcıl dəyərlərinə qovuşdurmağa çalışır, təhlükəsizlik problemlərinə ciddi önəm verir, ölkəmiz Rusiyanın yer aldığı heç bir təşkilata qoşulmur. Azərbaycanı müstəqil daxili və xarici siyasət aparan güclü dövlətə çevirir. Belə olan halda mümkündür ki, hansısa insanların mülkiyyət, sosial və sair sahədə bəzi problemləri olsun. Bu, dövlət təmsilçiləri tərəfindən də təkzib olunmur. İqtidar komandasının üzvləri sırasında da etimadı doğrultmayan, vətəndaş maraqlarına ziyan vuran, yalnız öz maraqlarını güdənlərin olması da inkar edilmir. Buna qarşı yüksək səviyyədə mübarizə aparılır. Ancaq gənc bir ölkənin 300 illik demokratiya daşıyıcısı olan ölkələrlə eyni tərəziyə qoyulması çox yanlışdır. Belə mövqe Azərbaycan problemlərinə səmimi yanaşma, səmimi münasibət deyil.

- ABŞ-dakı Dinləmələrdə müzakirə mövzusu olan məsələlərdən biri də Milli Şura ilə bağlı olub. Siz Azərbaycanda bir qrup müxalifət təmsilçisi tərəfindən yaradılan bu Şuranın perspektivini necə görürsünüz?

- Milli Şura ilk növbədə Amerika maraqlarına zərbə qurumudur. Çünki özünün seçdiyi çox primitiv geosiyasi kurs planlarında Qərb modelinə üstünlük veriləcəyi qeyd olunmayıb. İkincisi, bu cümhuriyyət dövrünün deyil, daha çox sovet dövrünün elementlərini özündə ehtiva edən Şuradır. Üçüncüsü, orada komanda prinsipinin formalaşdırılması prosesinə baxanda sadə insanları dəhşət bürüyür. Beynəlxalq və neytral səviyyədə olan ekspertlər bundan təhlükə duymalıdırlar. Çünki bir-birinə zidd baxışları daşıyan adamları necə bir koalisiya təmsilçiləri kimi təqdim etmək olar? Dünənə qədər onlar olmazın ittihamları biri digərinin ünvanına yağdırıblar. Rəsul Quliyevi Lalə Şövkətin komanda üzvləri ilə, yaxud da ki, rusofillərlə qərbpərəstlərin, dindar kəsimlə liberalların ittifaqını Amerikada necə təsəvvür edirlər? Düşünürəm ki, bu hətta bir siyasi kəsimi belə aldatmağa yetəcək bir format deyil. Onlarda yanaşma bu cürdür ki, əvvəl iqtidarı ələ keçirək, ardınca arzu etmədiyimiz adamları kənarlaşdıraq, ondan sonra da istədiyimiz komandanı quraq. Milli Şuranın cəmiyyətə verdiyi çağırış bundan ibarətdir. Bu kimi hadisələr fonunda Qərb belə düşünər ki, Azərbaycan yenidən çadır şəhərciyinə, çiy kərpiclərə qayıdar və Amerikanın maraqları bundan yalnız zərbə alar. Əminəm ki, belə olsa, avtomatik olaraq bölgədə təhlükəli proseslər cərəyan edəcək, transmilli layihələrlə neft müqavilələrinin gələcəyi də sual altında qalacaq. Milli Şura büsbütün Azərbaycan-Qərb münasibətlərinin sabahını sual altında qoyur. Belə olan təqdirdə Eldar Namazovun orada beş dəqiqə ərzində fərqli mənzərə yaratmaq istədiyi cəfəngdir. Açığı rəsmi Vaşinqtonda, onun beyin mərkəzlərində, siyasi institutlarında, mərkəzi kəşfiyyat dairələrində Azərbaycanla bağlı yetərli səhih məlumatlarının olduğuna tam əminik. Bu üzdən inanırıq ki, ABŞ və onun rəhbərliyi İlham Əliyevi gələcəkdə də Azərbaycanda prezident kimi görür, onu ölkəmizdə stabilliyin əsas qarantı sayırlar. Bunun əksini düşünmək mümkün deyil.

- Sizcə R.İbrahimbəyovun vahid namizəd seçiləndən sonra ölkəyə gəlməməsi, bunu xaricdə Milli Şuranın təbliğatını aparması ilə əlaqələndirməsi, əsl gerçəklikdə nə ilə bağlıdır?

- Yalnız onun fiziki təbiətinə məxsus qorxu və ehtiyatlılıqla. O, siyasi fəaliyyət üçün yaranmayan və normadan artıq risk təxəyyülünü öz beynində cəmləşdirən bir fiqurdur. Bu, Rüstəm İbrahimbəyovun naturası üçün hər zaman xarakterik olub. Buna görə də heç zaman sadə insanların yanında olmayıb. Rüstəm İbrahimbəyovun tərcümeyi-halı Azərbaycanda istənilən sual sahibinə bir cavabdır. O, həmişə hakimiyyətlərin yanında olub. Onun üçün hər hansı milli dava da mövcud deyil. Bu cür kosmopolitizm sonda özünü öz millətindən üstün tutmaq kimi bir hal doğurur. Bilirsiniz ki, o, Bakıdan gedən ermənilərin və yəhudilər üçün göz yaşı axıdır, paytaxtın elitar mühitinin pozulduğunu iddia edir. Bunun fonunda məcburi köçkünlərin və qaçqınların Bakıya gəlişini pisləyir, açıq şəkildə bu insanları geridə qalmış, kənd dünya görüşünün daşıyıcıları hesab edir. Öz millətinə bu barmaqlar arasından baxan adamların hansı liderlik keyfiyyətini saymaq olar? Milli Şurada cəmləşən qüvvələr 20 ildən artıq müsavatçılıq, cəbhəçilik edib sonda qeyri-siyasi personanı özlərinə rəhbər seçiblər. Bu, həmin düşərgənin daxili-siyasi mənəvi durumunu ifadə edir. Mən sizi əmin edirəm ki, Rüstəm İbrahimbəyov guya qayıdışa cəhd edəcək, sonra ona olan təhlükələrdən danışacaq. Beləliklə Moskvadan seçki mübarizəsini davam etdirəcək, oktyabrın 17-dən sonra isə yeni vasitələrlə İlham Əliyev hakimiyyəti yannda əvvəlki yerini bərpa etməyə çalışacaq. İtirdiyi, bir vaxtlar qazandığı böyük yük və komfort şəraiti də təzədən qazanmaq üçün cəhdlər edəcək.

Rufik İSMAYILOV