• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Milli satqınlıq, siyasi naşılıq, erməni maraqlarına xidmət

20.10.17 18:46 4111
Milli satqınlıq, siyasi naşılıq, erməni maraqlarına xidmət
Fəaliyyəti dayanmış "Azadlıq” qəzetinin keçmiş əməkdaşı, jurnalist Fikrət Hüseynli Niderland vətəndaşıdır. Siyasi mühacir adı altında Avropaya sığınan F.Hüseynli anti-Azərbaycan qüvvələrlə birlikdə ölkəmiz əleyhinə fəaliyyəti ilə tanınır. Bu şəxs Azərbaycan Naminə Demokratiya (AND) adlı təşkilatın da təsisçilərindən biridir. Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpola verdiyi sorğu əsasında o, bu günlərdə Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparılıb. Məhz bu hadisədən sonra anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına start verib. Dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq istəyən AND təşkilatı da bəyanat yayaraq, F.Hüseynlinin Ukrayna Hava Limanında saxlanmasını blogger Aleksandr Lapşinin Belarusda tutularaq Azərbaycana gətirilməsi ilə eyniləşdirib. İlk növbədə onu qeyd edək ki, F.Hüseynlinin saxlanmasının A.Lapşinin həbsi ilə eyniləşdirilməsi ermənipərəstliyin ən bariz nümunəsidir.
Çünki, A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozub. O, Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.Bununla yanaşı, A.Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin o, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Bu kimi hərəkətlərinə görə A.Lapşinin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxslər” siyahısına daxil edilib.A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. 2016-cı il dekabrın 15-də Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar tədbirlər də görülüb, zəruri sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.
Göründüyü kimi jurnalist F.Hüseynlinin İnterpol xətti ilə saxlanmasından sonra Qərbdəki bəzi dairələrin, o cümlədən AND təşkilatının canfəşanlığı ictimai rəyi aldatmağa hesablanmış addımdır. Bununla onlar Azərbaycan hökumətini şantaj etməyə, ölkəmiz əleyhinə fəaliyyət göstərən bir adamın qanunsuz əməllərini ört-basdır eləməyə çalışırlar. Ən acınacaqlısı isə budur ki, belə fəaliyyət zamanı AND və onun təəssübkeşləri erməni maraqlarından çıxış edirlər. Çünki, A.Lapşinin də müdafiəçiləri əsasən Ermənistan dövləti, dünyadakı erməni diasporu idi. Bütün bunlara rəğmən, A.Lapşin Azərbaycan qanunları qarşısında cavab verdi. F.Hüseynlinin də qanun qarşısında cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, AND təşkilatının F.Hüseynlinin həbsi ilə bağlı yaydığı bəyanat sosial şəbəkələrdə də geniş müzakirəyə yol açıb. "Facebook”un azərbaycanlı istifadəçiləri AND təşkilatının sosial şəbəkədəki səhifəsində yayılan bəyanatın altına öz tənqidi fikirlərini yazıblar. Sosial şəbəkə istifadəçiləri birmənalı olaraq AND-ı erməni maraqlarına xidmət etməkdə, ermənipərəst dairələrlə eyni mövqedən çıxış etməkdə təqsirli biliblər. Qeyd olunub ki, F.Hüseynli ilə A.Lapşinin həbsinin eyniləşdirilməsi milli satqınlıq, siyasi naşılıq, bir növ torpaqlarımızın işğalına, oradakı qondarma rejimə haqq qazandırmaq cəhdidir. Eyni zamanda bildirilib ki, AND AXCP sədri Əli Kərimlinin Avropaya mühacir axını biznesinin əsas halqalarından, F.Hüseynli isə bu biznesdə rol alan şəxslərdən biridir.
Bu yerdə onu da əlavə etmək yerinə düşər ki, F.Hüseynlinin adı dəfələrlə mühacir qalmaqalında hallanıb. Cari ilin aprel ayında da cəbhəçi gənc, AXCP Xətai rayon şöbəsinin üzvü Tural Hüseynovun (Azərtürk) mətbuata müraciəti yayılıb. O, müraciətində bildirib ki, bir neçə ay əvvəl ailəvi olaraq Avropaya getmək üçün sənəd düzəldən işbaz alverçilərlə kontakt yaratmağa çalışıb. Az müddət sonra T.Hüseynov Hollandiyada mühacir həyatı yaşayan, "Turan Tv”nin (rəhbəri hazırda Fransada yaşayan "Azadlıq” qəzetinin baş redaktoru, AXCP funksioneri Qənimət Zahiddir-red.) efirində "Cəbhə Xətti” verilişinin aparıcısı, özünü insan haqları müdafiəçisi kimi tanıdan, AXCP-çilərlə sıx əlaqəsi olan Fikrət Hüseynli ilə əlaqə yaradıb. Qarşı tərəf onun istəyini həyata keçirmək üçün 5700 dollar pul istəyib. Tural Hüseynov bu pulu F.Hüseynliyə çatdırsa da, Avropaya gedə bilməyib. Fikrətin ona yaratdığı problemlərdən, danışdığı yalanlardan cana doyan T.Hüseynov sonda hər şeydən bezib Avropaya getmək fikrindən daşınıb və pulunu geri tələb edib. Elə bu andan etibarən də Fikrətin əsl üzünü tanımağa başlayıb. Fikrət pulu qaytarmaqdan imtina etməklə bərabər, Turalı Dövlət Təhlükəsizlik Xidmətindəki əlaqələri vasitəsilə "ilişdirəcəyini” bildirərək hədə-qorxu gəlib.

Alpər TURAN






banner

Oxşar Xəbərlər