• cümə, 29 Mart, 18:48
  • Baku Bakı 14°C

Milli mətbuat tarixinə layiqli töhfə

05.10.17 12:00 1725
Milli mətbuat tarixinə layiqli töhfə
Hər bir xalqın milli-mədəni, ictimai-siyasi inkişafında müstəqil media və milli mətbuatın müstəsna xidmətləri var. Çox böyük nailiyyətdir ki, Azərbaycan xalqı XIX əsrin sonlarına doğru milli mətbuatın intişarına nail ola bilmişdir. 1875-ci ilin iyul ayının 22-si "söz və fikir zadəganı” kimi böyük hörmət və şöhrət sahibi olan Həsən bəy Zərdabinin səyi nəticəsində işıq üzü görən "Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Sonradan bu böyük fikir adamının əməllərini davam etdirən Azərbaycanın görkəmli ziyalıları milli mətbuatın möhkəm təməllər üzərində inkişafına şərait yaratmış, milli mətbuat və jurnalistika ənənələrini formalaşdırmışlar.
"Şərqi-rus”, "Füyuzat”, "Molla Nəsrəddin” və digər mətbuat orqanları Azərbaycan milli mətbuatı və jurnalistikasının inkişafına əvəzsiz töhfələr vermişdir. Azərbaycan milli mətbuatı, jurnalistikası və publisistikasının inkişafında Naxçıvan ziyalılarının da rolu müstəsnalıq təşkil edib. AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun müəllifliyi ilə çapdan çıxan "Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” adlı kitabda məhz Azərbaycan mətbuatının inkişafında mühüm xidmətlərilə geniş şöhrət qazanmış görkəmli publisist və qələm sahiblərinin yaradıcılıq fəaliyyəti haqqında bəhs olunmuşdur.
Kitab ulu öndər Heydər Əliyevin Azərbaycan milli mətbuatı haqqında dediyi müdrik fikirləri ilə başlayır. Kitabda ön söz yerinə yazılan "Mütərəqqi ictimai ideallar carçısı – milli mətbuat: yaranışı və inkişafı” adlı giriş mətnində Azərbaycan milli mətbuatının keçdiyi şərəfli inkişaf yolu və bu inkişafa milli yön verən, intişarına daha da rəvac qatan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri, uğurla davam etdirilən siyasi kurs barəsində bəhs edilmişdir.
Əsərdə olduqca əhatəli, müfəssəl və səlis şəkildə fəaliyyətləri təqdim və təhlil edilən görkəmli ziyalılar Məhəmmədağa Şahtaxtılı, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Behbud ağa Şahtaxtinski, Məmmədəli Sidqi barəsində ayrıca məlumatlar yer almışdır. M.Şahtaxtılının Azərbaycan ictimai fikir tarixində alim, ziyalı, dilçi, siyasətçi, diplomat, tərcüməçi olmasından başqa həm də görkəmli naşir, publisist və mətbuat xadimi olduğu da müfəssəl məlumatlarla təqdim edilmişdir. Onun bilavasitə səyi və əməyi sayəsində XX əsr Azərbaycan milli mətbuatında ilk anadilli və gündəlik qəzet olan "Şərqi-rus” qəzetinin çap edildiyi, habelə bu mətbuat orqanında çoxsaylı ziyalıların fəaliyyət göstərdiyi, Azərbaycan xalqının taleyi ilə bağlı aktual və vacib mövzularda məqalələr nəşr olunduğu haqda ətraflı şəkildə bəhs edilmişdir. Eləcə də M.Şahtaxtılının öz ata-baba yurdunu satıb xalqına xidmət yoluna, qəzet nəşrinə və nəşriyyat işinə sərf edən ilk maarifpərvər ziyalılardan biri olduğu barədə ətraflı söhbət açılmışdır.
Əsərdə haqlı olaraq bildirilir ki, Cəlil Məmmədquluzadənin nəşrinə nail olduğu "Molla Nəsrəddin” jurnalı ümumən Şərq və türk dünyasında ilk rəngli, şəkilli, yumoristik-satirik mətbuat orqanı olmuşdur. Bu mətbuat orqanı özünün 25 illik fəaliyyəti dönəmində Azərbaycanın tarixi ərazilərini birləşdirici ideya ilə çıxış edən Azərbaycançılığın cəbbəxanası kimi fəaliyyət göstərmişdir. Öz adı ilə məktəb formalaşdıran "Molla Nəsrəddin” həm ədəbiyyat, həm publisistika, həm də mətbuat və jurnalistika peşəsinə yeni inkişaf qatan, özünəməxsus ənənələrlə zənginləşdirən bir mətbuat orqanı olaraq yadda qalmışdır.
Kitabda Azərbaycan mətbuatında siyasi məzmunlu məqalə və fikirlərlə cəsarətlə çıxış edən bir publisist kimi geniş şöhrət qazanmış məharətli diplomat, ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinski və onun "Molla Nəsrəddin” jurnalının rus dilində ənənələrini davam etdirən "Baraban” jurnalındakı fəaliyyəti, digər mətbuat orqanlarındakı xidmətləri və məqalələrinin məğzi barəsində təqdim və təhlil aparılmışdır. Burada, həmçinin "Molla Nəsrəddin” jurnalının ikinci redaktoru kimi şöhrət qazanmış istedadlı jurnalist Əliqulu Qəmküsar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan, "Molla Nəsrəddin” ənənələrini davam etdirən "Şeypur” jurnalının redaktoru olmuş Məmmədəli Sidqidən əhatəli şəkildə bəhs olunmuş, tədqiq və təhlillər yer almışdır.
Ümumiyyətlə, bu kitab Naxçıvan ziyalılarının Azərbaycan mətbuatının inkişafındakı rolunu təfərrüatlı şəkildə əks etdirməyə çalışan bir tədqiqat əsəridir. Kitabda xeyli sayda ümumiləşdirici fakt və məlumatlar yer almışdır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. Ümumiyyətlə, milli mətbuat və jurnalistika tariximizə həsr olunan kitab milli mətbuat tariximizin tədqiqi üçün qiymətli nəşrlərdən, əhəmiyyətli töhfələrdən biri hesab edilə bilər.
Agahüseyn ŞÜKÜROV,
filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər