• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

24.05.13 16:48 1660
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Dünən Milli Məclisin iclası cari məsələlərin müzakirəsi ilə başlayıb. Millət vəkili Zahid Oruc Azərbaycanda təhsilin vəziyyətindən danışıb. “Son zəng” gününün yaxınlaşdığını xatırladan deputat, Misir Mərdanovun təhsil naziri postundan çıxarılmasına münasibət bildirərək, bu addımın doğru olduğunu diqqətə çatdırıb.
O, Misir Mərdanovdan sonra təhsil naziri təyin edilən Mikayıl Cabbarovun uğurlu fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb: «Təbii ki, bu sahədə ciddi problemlər var idi. Təhsilin inkişafı üçün bu sahəyə diqqət etmək lazımdır. Yerlərdə təhsil şöbələri icra orqanlarına tabedirlər. Doğru olar ki, onlar birbaşa Təhsil Nazirliyinə tabe olsunlar. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə TQDK birgə fəaliyyət göstərməlidir”.
Deputat İqbal Ağazadə dövlət proqramı üzrə xaricdə təhsil məsələsinə toxunub, Təhsil Nazirliyinin universitetlərin siyahısını açıqladığını deyib: “Bu siyahıya ABŞ-dan 3, Belarus, Ukrayna kimi dövlətlərdən isə 80-ə qədər universitetin daxil edilməsi absurddur. Bəlkə SSRİ bərpa edilir, xəbərimiz yoxdur?”
Parlament sədri Oqtay Əsədov Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırıb: “Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin edilib, uğurlar olsun. Misir müəllim buradan gəldi, bu, oradan getdi… Qurtarın bu məsələləri”.
Yaşayan milli qəhrəmanlara diqqət

Millət vəkili Musa Quliyev deyib ki, şəhid milli qəhrəmanlarla hazırda sağ olan milli qəhrəmanların sosial statusları, sosial müdafiələri arasında xeyli fərqlər var: “Bildiyiniz kimi, Azərbaycan Qarabağ müharibəsində minlərlə şəhid verib və onlardan 211-i Milli Qəhrəman adına layiq görülüb. Həmin milli qəhrəmanlardan hazırda 17-si yaşayır. Ancaq şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında ciddi fərqlər var. Bu yaxınlarda milli qəhrəmanlarımızdan biri vəfat etdi. Ancaq onun harada dəfn olunması məsələsi açıq qaldı. Ona görə xahiş edirəm ki, “Milli qəhrəmanların statusu haqqında” kiçik bir qanun layihəsi qəbul edilsin və şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında olan fərqlər həmin sənəddə aradan qaldırılsın”.
Qənirə Paşayeva siqaret qadağası istəyir

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadəni qadağan edən və ya məhdudlaşdıran qanun layihəsinin qəbuluna böyük ehtiyac var. O qeyd edib ki, belə bir qanunun qəbulunun nəinki zamanı çatıb, hətta bu məsələdə gecikməyə yol verilib: “Neçə illərdir ki, bu məsələni gündəmə gətiririk. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb. İndi qarşıdan 31 may - beynəlxalq tütün əleyhinə gün gəlir. Ona görə yaxşı olardı ki, həmin vaxta kimi ictimai yerlərdə tütün məmulatlarının qadağasını və ya məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi ən azı birinci oxunuşun müzakirəsinə çıxarılaydı və qəbul edilərdi. Yəni bu qanunun tezliklə qəbulu lazımdır və vacibdir».
Fazil Mustafa jurnalistlərin binasından danışdı

Millət vəkili Fazil Mustafa ölkə jurnalistləri üçün tikilən binadakı mənzillərin bölünməsi barədə danışıb. O bildirib ki, jurnalistlərə ev bölgüsü məsələsində kateqoriyaların müəyyənləşməsində müəyyən məsələlərə diqqət etmək lazımdır: “Bu gün məşhur olan internet portalları və saytlar var. Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlər arasında bölgünün ədalətli aparılması yalnız işə fayda verər”.
F.Mustafa həmçinin 1991-ci il martın 7-də Azərbaycan parlamentində qəbul olunmuş “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərarın əleyhinə səs vermiş deputatlara prezident təqaüdünün verilməsini təklif edib: “Onlardan həyatda qalanların sayı otuzdan çox deyil. Nə problemdir ki, onlara prezident təqaüdü vermək?” Deputat, həmçinin təklif edib ki, 28 May Respublika Günü münasibətilə Milli Məclisin Gəncədə toplantısı keçirilsin.
Qüdrət Həsənquliyev də Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. O, bu bayramın qeyd olunmasına səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib.
O, bununla bağlı Milli Məclisə müraciət edərək bildirb ki, keçmiş hakimlər və digərləri təqaüd ala bildiyi halda, sabiq deputatlar təqaüd ala bilmir: “Çox istərdik ki, bu məsələ öz həllini tapsın”.
“ASAN xidmət”ə dəstək

İclasda bir sıra qanun layihələrinə də baxılıb. Deputatlar yeni yaradılan “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması üçün onlara xüsusi güzəştlər verilməsini müzakirə ediblər. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.3-cü maddəsinə dəyişiklik təklif edilir. Maddəyə edilən dəyişikliyə əsasən, xidmət işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi “ASAN xidməti”nin hesabına köçürüləcək. Layihə səsə qoyularaq qəbul olunub.
Pasportlarda elektron çiplərin yerləşdirilməsi ləngiyəcək

İclasda eyni zamanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirilib. Bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda nəzərdə tutan dəyişiklik müzakirə olunub. Qanunda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri, barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-nə keçirilir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət daxili işlər orqanlarından ünvanlanıb. O qeyd edib ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər: "Sentyabrın 1-dən artıq yeniliklərin tətbiqinə başlanacaq və problem olmayacaq". Milli Məclis qanuna dəyişikliyi qəbul edib.
Qeyd edək ki, yeni qanunda, həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək.
İclasın sonunda spiker Oqtay Əsədov bildirib ki, mayın 31-də Milli Məclis yaz sessiyasının sonuncu iclasını keçirəcək. Amma bu, son iclas olmayacaq. Belə ki, parlamentin deputatları iş müddətinin artırılması ilə bağlı müraciət ediblər: “90 millət vəkili müraciət edib. Buna görə iyun ayında növbədənkənar sessiya olacaq”.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər