AZE | RUS | ENG |


Milli maraqlara uyğun dövlət siyasətinin parlaq qələbəsi

Milli maraqlara uyğun dövlət siyasətinin parlaq qələbəsi
Lapşinin ekstradisiyasi ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq 
 
 
 
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” Azərbaycan qanunlarının tələblərini kobud surətdə pozub, ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək , 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. Bununla yanaşı, o, qanunsuz rejimi beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə internet sosial şəbəkəsində "http//puerrtto.livejournal.com" səhifəsi yaradıb və burada səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Eyni zamanda, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. 
 
 

Bu kimi əməllərinə görə Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Paralel olaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A.Lapşin barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb, barəsində dövlətlərarası axtarış elan edilib. Sonradan Belarusda həbs edilən A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. Belarus Baş Prokurorluğu isə yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. A.Lapşin Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti versə də, məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Belarus Ali Məhkəməsi də bloqger A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib. Bütün hüquqi proseslər başa çatdıqdan sonra bloqger srağagün gecə Bakıya gətirilib.
 
 

İlk öncə qeyd edək ki, bu hadisə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir. Bununla Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik olan siyasi liderdir. Dövlət başçısı İ.Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. 
 
 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev də A.Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsini mühim hadisə kimi qiymətləndirib. O, "Trend”ə açıqlamasında Belarus Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən Prezident Lukaşenkoya göstərdiyi prinsipiallığa görə təşəkkür edib. Bildirib ki, bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq. Deputatın sözlərinə görə, bundan sonra belə qanunsuz əməllərə əl atmaq niyyətində olanlar əvvəlcədən hərtərəfli düşünməyə vadar olacaqlar. Millət vəkili A.Quliyev vurğulayıb ki, Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur: "Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduğu cəzanı alacaqlar”.
 
 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov A.Lapşinin Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən Belarus ərazisində saxlanılmasına diqqət çəkərək bildirib ki, İnterpol hər zaman beynəlxalq səviyyədə tanınan qanun pozucularının axtarışı ilə məşğul olur. Onun fikrincə, Belarus bütün addımları beynəlxalq hüquq çərçivəsində atıb, əvvəlcə Lapşini öz ərazisində saxlayıb və sonda Azərbaycana təhvil verib. Millət vəkili deyib ki, A.Lapşin qanunları pozan şəxs kimi Azərbaycanda məhkəmə qarşısında cavab verəcək. S.Seyidov onu da əlavə edib ki, əgər kimsə A.Lapşinin saxlanmasını qanunsuz hesab edirsə, o zaman İnterpolun, bütün beynəlxalq təşkilatların fəaliyyəti və ümumilikdə qanunun aliliyi də qanunsuzdur.
 
 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev də "SİA”ya bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqgerin ölkəmizə ekstradisiya olunması çox ciddi məsələdir. Deputat deyib ki, bu hadisə ilk növbədə Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə olduğuna işarədir: "Çoxları Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı və bura daxil olan dövlətlərin Azərbaycana qarşı davranışlarını gözləsə də, həyat göstərdi ki, ölkəmizin yürütdüyü doğru siyasət nəticəsində həm Belarus, həm Qazaxıstan, həm də digərləri dövlətimizin yanındadırlar. Belarus hüququn üstünlüyünə hörmət etməklə, digərlərinə də örnək oldu. Bilirsiniz ki, Azərbaycanla Ukrayna arasında əldə olunan razılaşmaya əsasən, Kiyevin razılığı olmadan oranın separatçı bölgələrindən ölkəmizə mal daxil ola bilməz. Eləcə də Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa mal gedə bilməz.  Bu da o deməkdir ki, artıq Azərbaycanın post-sovet məkanında, xüsusilə də Dağlıq Qarabağla bağlı məsələlərdə mövqeləri daha da möhkəmlənib”.

F.Quliyev deyib ki, A.Lapşinin ölkəmizə ekstradisiya olunması Azərbaycanın siyasi iradəsinin möhkəm və üstün olmasını göstərib: "Artıq bu addım digərlərinə bir dərs olacaq. Bundan sonra Azərbaycanın icazəsi olmadan ölkəmizin nəzarətindən müvəqqəti olaraq çıxan, düşmən tərəfindən işğal olunan ərazilərimizə kimsə gələ bilməz. Bu, artıq şirkətlərə də örnək olacaq. Çünki onlar da ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğuldurlar. Bu, həm siyasi, həm iqtisadi, həm də dost və düşmənlərimizin kim olması baxımından ciddi məsələdir. Hesab edirəm ki, bu fakt gələcəkdə Azərbaycanın xeyrinə işləyəcək”.
 
 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov A.Lapşinin ekstradisiyasını Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmli sayıb. Bildirib ki, hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb: "Bu baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçib, ölkəmizin qanunlarına məhəl qoymayıb. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik”.

Millət vəkili bildirib ki, A.Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmə"nin bariz nümunəsidir. Mətbuat Şurası sədrinin sözlərinə görə, A.Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil: "Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir. Nəhayət, düşünürəm ki, Lapşinin ölkəmizə ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskomfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir”.
 
 

Yekun olaraq qeyd edək ki, A.Lapşinin ekstradisiyası Ermənistanın növbəti ağır məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bununla bir daha aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma "DQR”-i qəbul etdirmək cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir. Bundan başqa, A.Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma "DQR”-in təbliğatını aparan şəxslərə mesajdır. Bu hadisə onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Ümumilikdə isə, A.Lapşinin ekstradisiyası Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma "DQR”-i təbliğ etmək siyasətini iflasa uğradan, ona ciddi zərbə vuran hadisədir.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022