AZE | RUS | ENG |


“Milli Konservatoriyanın binasında olan yaradıcı şərait heç Avropada da yoxdur”

“Milli Konservatoriyanın binasında olan yaradıcı şərait heç Avropada da yoxdur”
Mənsum İbrahimov: “Tərcüməçi dedi ki, hamı ayaq üstə dayanıb, əl çəkmirlər, o ifanı bir də istəyirlər”

Artıq 2016-cı ilin bitməsinə sayılı günlər qalıb. İlin son günlərində xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov redaksiyamızın qonağı oldu.  O, bizimlə söhbətində 2016-cı ildə muğam sənətində baş verənləri analiz etdi.  
 
- Mənsum müəllim, 2016-cı ilin bitməsinə bir neçə gün qalıb. Bu ili yaradıcılığınızda necə xarakterizə edərdiniz?
- Bu il kifayət qədər tədbirlərimiz, konsertlərimiz, səfərlərimiz oldu. İlin sonuna yaxın Argentina musiqiçiləri ilə müştərək bir konsertimiz baş tutdu. Argentinanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2016-cı ilə yekun vura biləcək bir konsert verdik. Konsertin bir hissəsini "Qarabağ” muğam  qrupu ilə biz, digər hissəni isə onların məşhur "Tanqo” qrupu ifa etdi. Üçüncü hissədə isə iki böyük kompozisiya ilə çıxış etdik. Bizim onlarla cəmi bir gün vaxtımız oldu ki, məşq edək. Amma onlar Bakıya gələnə qədər ifalarını internet vasitəsi ilə izləyib muğamımıza uyğun şəkildə sintez etdik. Kompozisiyalardan birini "Bayatı Şiraz”,  digərini isə  "Mahur” üzərində qurduq. Bu sintez çox maraqlı qarşılandı. Səfir bizə ziyafət verdi, təklif etdi ki, onlarla işbirliyimiz davam etsin. Argentinalılar Azərbaycan muğamını çox sevirlər. İstəyirlər ki, gələn il biz Argentinada belə bir layihəni davam etdirək. Hesab edirəm ki, növbəti ildə bu layihəni Argentinada reallaşdıracağıq. 
 
- Söhbətinizdən aydın olur ki, 2016-cı il sizin üçün uğurlu keçib. Bəs, 2017-ci ildən nə gözləyirsiniz?
- Bir sənətkar olaraq, yaxşı mənada çox şey gözləyirik. Mədəniyyətimiz və muğamımız üçün uğurlu bir il olacağını düşünürəm. Bilirsiniz ki, ölkəmizdə hər iki ildən bir muğam müsabiqələri olur. Beynəlxalq muğam müsabiqəsinə tələbələrimi hazırlayıram. 6-cı muğam televiziya müsabiqəsi gözlənilir. Orda münsif kimi də çıxış edəcəm. Layihə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın ideyasıdır. Mehriban Əliyeva bu gün bizim muğamımızın inkişafına öz lazımi qayğı və dəstəyini göstərir. Muğamımızın tanınmasında, beynəlxalq arenaya çıxmasında, gənc nəslin yetişməsində çox böyük əməyi var. Bu müsabiqədə yeni gənclər cəlb olunacaq. Həmin səsləri bu layihə çərçivəsində xalqımıza təqdim edirik. Onlar xalqın gözü qarşısında inkişaf edirlər.
 
- Muğam müsabiqəsindən söhbət düşmüşkən, bu müsabiqə Azərbaycan muğamına nə verir?
- Azərbaycan muğamının inkişafında bu müsabiqənin çox böyük rolu var. 2005-ci ildən bu müsabiqəyə start vermişik. İndiyə qədər 5 televiziya, 4 beynəlxalq muğam müsabiqələri keçirilib. Hər muğam müsabiqəsində xalqımıza 20 nəfər iştirakçı təqdim etmişik. 5 muğam müsabiqəsinin nəticəsində 100 nəfər seçilib və bu sənətə gəlib. İndi deyə bilmərik ki, onların hamısı səhnədədir, ancaq sənətdədirlər. Tarix boyu muğam sənətinə bu qədər gənc axın etməyib. Əvvəllər 2-3 ildən bir iki, ya da bir ifaçı gəlirdi. Təsəvvür edin ki, 10 il ərzində 100 ifaçı gəlib. Onların əksəriyyəti bu gün sənətdədir. Azərbaycan televiziyasında, Opera və Balet Teatrında, muğamla bağlı olan bütün sənət ocaqlarında çalışırlar, Azərbaycan muğamını təbliğ edirlər. Sevindirici haldır ki, bu gün muğam sənətinə istedadlı və savadlı gənclər gəlməkdədir. Bu da Heydər Əliyev Fondumun qayğısı nəticəsində baş verir.
 
- Azərbaycan muğamının gələcəyi etibarlı əllərdədirmi?
- Bu gün muğamımız intibah dövrünü yaşayır. Paytaxtımızda Beynəlxalq Muğam evi fəaliyyət göstərir. İki il bundan öncə Milli Konservatoriyamızın binasının açılışı oldu. Sevindirici haldır ki, tədrisimizin daha da yüksək səviyyədə inkişaf etməsi üçün konservatoriyamızın binasında yüksək səviyyədə şərait var. Bu gün Milli Konservatoriyanın binasında olan yaradıcı şərait nəinki Azərbaycanda, heç Avropada da belə yoxdur. Orada tələbənin yetişdirilməsi və müəllimin keyfiyyətli təhsil verməsi üçün hər bir şərait var. Bu da bizi çox sevindirir. Bunun üçün prezidentimizə və Heydər Əliyev Fonunun rəhbərliyinə təşəkkürümüzü bildiririk. 90-cı illərin əvvəlləri təkcə muğamımızın deyil, mədəniyyətimizin diqqətdən kənar qaldığı bir dövr idi. Ulu öndərimiz hakimiyyətə gəldikdən sonra xüsusi olaraq muğamımıza və mədəniyyətimizə böyük diqqət ayırdı. Prezidentimiz İlham Əliyev də ulu öndərin yolu ilə gedir və onun işini davam etdirir. Görülən bu işlər onun göstərir ki, muğamımızın gələcəyi etibarlı əllərdədir. 
 
- Azərbaycanda Məcnun deyiləndə ilk olaraq ağıla siz gəlirsiniz. Özünüzü digər teatrlarda sınamağı düşünürsünüz?  
- Açığı, o haqda düşünməmişəm. 30 ildir ki, Opera və Balet Teatrında çalışıram. Məni həmin teatra korifey sənətkarımız Şövkət Ələkbərova aparıb. Orada çalışmağı mənə o məsləhət görüb və bu gün də hər dəfə uğur qazananda Şövkət xanıma rəhmət oxuyuram. Zamanında Şövkət xanım gənclərə çox dəstək olub. Bu gün də çalışıram ki, ustadlarımdan gördüyüm o dəstəyi gənclərimizə göstərim. Artıq bir neçə gənci Opera və Balet Teatrına təqdim etmişik və bu gün onlar orada çalışırlar. Opera və Balet Teatrının rəhbərliyinə təşəkkür edirəm ki, yeni-yeni gənclər teatra dəvət olunur  ki, bu da birbaşa dövlətimizin qayğısından irəli gəlir. Başqa teatrlarda çalışmağı düşünməmişəm. Məcnundan söz düşmüşkən, elə 2016-cı ildə bizim ən böyük uğurlarımızdan biri  də o oldu ki, Ankara Opera və Balet Teatrında "Leyli və Məcnun” operası yeni quruluşda hazırlandı. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev tərəfindən ora ezam olundum. Ankarada 16 nəfər dövlət sənətçisinə Leyli və Məcnun obrazlarını, oradakı digər obrazların ifalarını öyrətdim. Bəzi insanlar tərəddüd içində idi. Deyirdilər ki, türklər bizim muğamımızı necə ifa edəcəklər? Mən onların ifasını görəndən sonra fikrimi dəyişdim. Bizim Ankarada yaşayan soydaşımız Əflatun Nemətzadənin rejissorluğu ilə həmin tamaşaya səhnə yozumu verildi. Tamaşanın dirijoru xalq artisti Fəxrəddin Kərimov da bizimlə getdi. Gənc ifaçılarımızdan Arzu Əliyeva ilə İlkin Əhmədov da tamaşada rol aldılar. May ayında orda üç tamaşa oynadıq. Maraqlısı odur ki, həmin tamaşaların premyeralarına biletlər 1 ay qabaqcadan satılıb qurtarmışdı. Bu tamaşa Türkiyə mətbuatının böyük marağına səbəb oldu. Türkiyənin ən aparıcı qəzetləri, saytları bu tamaşanı geniş işıqlandırıldı. Orada bizə yeni geyimlər tikildi. Üç tamaşanın birini türkiyəli sənətçi ilə, ikinci tamaşanı tələbəm Arzu Əliyeva ilə İlkin Əhmədov, üçüncü tamaşanı isə  ilk dəfə tələbəm Arzu Əliyeva ilə oxudum. Sözün əsl mənasında, çox maraqlı bir sənət hadisəsi yaşandı. Həmin tamaşa Ankara Opera və Balet Teatrında repertuara salındı. 
 
 
 
- Azərbaycan muğamı ilə dünyanı gəzmisiniz. Dünyada Azərbaycan muğamına maraq hansı səviyyədədir?
- "Musiqinin dili yoxdur”  deyimi həqiqətdir. Əgər musiqi gözəl, məzmunludursa, ifaçı peşəkardırsa, dünyanın harasına gedirsə getsin, o musiqi qəbul olunacaq. Azərbaycan muğamı bəşəri musiqidir. 4 il bundan əvvəl Riqada konsert verdik. Konsertdə Latviyanın prezidenti iştirak edirdi. Konsertin sonunda prezident bizi qəbul etdi. Musiqimiz haqqında çox xoş sözlər dedi. Mənim ifa etdiyim sonuncu mahnı "Qarabağ şikəstəsi” haqqında suallar verdi. Dedi ki, mənə elə gəldi ki, bu mahnı yer musiqisi deyil, kosmik musiqidir. Sizə bir misal da deyim, keçən il Braziliyada - Rio de Janeyroda Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Mən də orada "Qarabağ” muğam qrupu ilə iştirak edirdim. 2500 nəfərlik bir salonda konsert verdik. Konsertin sonunda "Qarabağ şikəstəsi”ni ifa etdik və baş əyib səhnəni tərk etdik.  Ancaq zalda alqış səsləri bitmirdi və bizi yenidən səhnəyə dəvət etdilər. Düşündük ki, yəqin alqışlara görə çağırıblar. Tərcüməçi dedi ki, hamı ayaq üstə dayanıb, əl çəkmirlər, o ifanı bir də istəyirlər. O an mən çox qürur duydum. 
 
-  Sənət aləmində olan insanların siyasi mövzularda məsələlərə münasibət bildirməsinə mövqeyiniz necədir?
- Hesab edirəm hər kəs öz işi ilə məşğul olmalıdır. Siyasətlə məşğul olan siyasətçilərimiz var. Amma ölkəmizin taleyi ilə bağlı məsələlər var ki, orda hamımız öz işimizlə sözümüzü deməliyik.  Mən vətənimi çox sevən insanam, qarabağlıyam. Bu gün ölkəmizin bir hissəsi işğal altındadır. Musiqiçi kimi əlimdən gələni edirəm ki, dünya bu haqsızlıqdan xəbərdar olsun.  Bunun üçün  musiqi qrupumun adını da "Qarabağ” qoymuşam. Bu daha çox xarici ölkələr üçündür. Biz xarici ölkələrə gedirik. Afişalarda Azərbaycanın "Qarabağ” muğam qrupu yazılır.  Müxtəlif ölkələrdə verdiyim konsertlərimin sonunda "Qarabağ şikəstəsi”ni ifa etmişəm. Bu, mənim bir musiqiçi kimi siyasətimdir. Biz ölkəmizdə gedən proseslərə biganə qalmamalı, çalışmalıyıq ki, hər kəs öz sahəsində vətənini təbliğ etsin. Hər birimizin borcu yaxşı vətəndaş olmaqdır. Təkcə "vətəni sevirəm” demək, vətəni sevmək deyil. Mən muğamı təbliğ edirəm, gənc muğam ifaçılarının yetişməsində öz səyimi əsirgəmirəm. Mənim işim budur. Bacardığım iş budur. Çalışıram ki, səviyyəli sənətkarlar yetişsin. Mədəniyyəti, oturuşu-duruşu, vətəninə bağlılığı, savadı ilə seçilən sənətkarların formalaşmasına çalışıram. 
 
- 2017-də yaradıcılığınızda hər hansı yeni bir kompozisiya gözlənilirmi?
- 2016-cı ilin sonunda musiqisi Səadət Təhminəqızına, sözləri İnqilab Nadirə məxsus olan "Qarabağ” mahnısını oxudum. Hazırda retro mahnıları üzərində işləyirik. 2017-ci ildə albom çıxarmaq niyyətindəyəm.  

- Mənsum müəllim, sosial şəbəkələrdə varsınız?
- "Facebook”da bir səhifəm var. Amma mənim adıma çox səhifələr açıb işlədirlər. "Facebook”da 5 minə qədər dostum var. Orada da yalnız sənətimlə bağlı yenilikləri paylaşıram. Dostlarımın da çoxu jurnalistlərdir. Bu, dövrün tələbidir. Hər hansı yenilik olanda orada paylaşıram və insanlar o dəqiqə xəbərdar olurlar. Mətbuat nümayəndələri də onu xəbərə çevirib yayırlar. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008