• cümə, 29 Mart, 12:22
  • Baku Bakı 14°C

Milli kitabxanadan Reportaj - Fotolar

17.03.14 09:48 2148
Milli kitabxanadan Reportaj - Fotolar
Gənclərin xüsusilə tələbəlik illərində ən çox baş çəkdiyi məkanlardan biri də Mirzə Fətəli Axundov adına Milli Kitabxanadır. Əsasən kurs, diplom işləri yazan tələbələr mütləq yollarını bu kitabxanadan salmalı olurlar. Biz də xüsusilə oxucu probleminin yaşandığı bir vaxtda Azərbycanda kitabxananın “vətəni” sayılan baş kitabxanadan reportaj hazırlamaq qərarına gəldik.
Səssizlik

Kitabxanaya daxil olduqda nəzərimizə ilk çarpan oxucuların çoxluğu idi. Oxucular nəzarətçiyə kartlarını göstərib oxu zalına daxil olurdular. Biz də nəzaərtçiyə niyyətimizi deyəndən sonra gənclərlə birlikdə oxu zalına yollanırıq. İçəri daxil olduqda burada hökm sürən sakitlik diqqətimizi çəkir. Otaq o qədər səssiz idi ki, şəkil çəkməyə belə adam ehtiyat edirdi. Hər kəs sakitcə özünə lazım olan kitabı alıb yerində əyləşir və mütaliə edirdi. Oxucular üçün yaradılmış rahatlıq da diqqətimizdən yayınmadı. Yeni stol və stullar, oxucuların kitabı daha yaxşı oxuya bilməsi üçün stollara quraşdırılmış işıqlar, kondisionerlər və otağın dörd bir tərəfində kameralar quraşdırlımışdı. Burada kimi kitabını dizinin üstündə oxuyur, kimi xüsusi qeydlər aparır, kimisi isə öz şəxsi noutbukunu gətirib qeydlər edirdi. Oxu zalında kitab oxuyan tələbələrlə yanaşı, noutbukla internetə girən gənc gözümüzdən yayınmadı. Öyrəndik ki, kitabxanada internet olduğu üçün gənclərə şəxsi noutbukları ilə gəlib oxu zalında kitab oxumağa icazə verilir. Biz də ehmallıca bütün diqqtini kompyuterə verən gəncə yaxınlaşdıq. Elvin deyir ki, milli kitabxananın onlar üçün yaratdığı imkanlardan çox razıdır: “Burada şərait çox gözəldir. Hər kəs kitab oxuduğu, elmlə məşğul olduğu üçün burada dərs çalışmaq daha effektiv olur. Evdə internetə girmək üçün şəraitim olmadığı üçün mən də internetlə bağlı bütün işlərimi Milli Kitabxanada edirəm. Hər gün dərs vaxtı bitəndən sonra 2-3 saatımı kitabxanada keçirirəm”.
1 günə 700 oxucu

Gənclərin qarşılarındakı kitablara nəzər saldıqda isə əsasən elmi kitabların oxunduğunun şahidi olduq. Kitabxanaçı Anaxanım Əliyeva da elmi kitabların daha çox oxunduğunu təsdiqləyir. Onun sözlərinə görə, oxucular əsasən tarix, iqtisadiyyat, ensiklopediyalar oxuyurlar: “Burada əsasən həftə sonu tələbələr çox olur. Elə gün olur ki, 600-700 gənc kitabxanaya gəlir. Xüsusilə aprel, may aylarında daha çox oxucu olur”. Kitabxanaçı ilə söhbət əsnasında oxuduğu kitabları geri qaytaran tələbə ilə söhbətləşirik. İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Böyükxanım Əlizadə diplom işi yazdığı üçüm öz sahəsinə uyğun kitablar oxuyur. O, 4 ildir ki, bu kitabxananın daimi oxucusudur: “Əvvəllər burada bu dərəcədə sakitlik olmurdu. Onun üçün oxumağa çətinlik çəkirdim. İndi isə bizim kitab oxumağımız üçün hər bir şərait yaradılıb. Mən 4 il boyunca bütün imtahanlarıma, kurs işlərimə burada hazırlaşmışam”.
Elektron kataloqa keçid

Oxuculara xidmət şöbəsinin müdiri Ədibə İsmayılovadan öyrəndik ki, oxucuların daha çox ehtiyacı olan, daha tez-tez müraciət etdikləri kitabların elektron versiyasını hazırlayıblar. Ümumilikdə kitabxana fondundakı kitabların təxminən 50 faizinin elektron versiyası hazırlanaraq lokal şəbəkədə yerləşdirilib: “Əvvəllər kitab qıtlığı var idi. Elə olurdu 10 tələbə eyni zamanda eyni kitabı sifariş verirdi. Bu zaman yalnız 3-4 oxucuya kitab çatırdı, qalanları gözləməli olurdular. Bu da vaxt itkisi idi. Buna görə də biz ən çox oxunan kitabların elektron versiyasını hazırlayıb kitabxananın lokal kompyuter şəbəkəsində yerləşdirdik. Əgər oxucuya hansısa kitab lazımdırsa və bu kitabı artıq digər oxucular götürübsə, bu halda kitabxanadakı 5 kompyuterdə yerləşdirilən elektron kitabxanadan yararlana bilərlər. Hətta elektron kitablardan bəzilərini oxucular evdən çıxmadan kitabxananın saytından da daxil olub oxuya bilərlər”. Elektron kitab oxuyan türkel İskəndərli deyir ki, elektron kitab oxumaq onun üçün rahat deyil: “Elektron kitab oxumaq gözlərimi ağrıdır. Amma istədiyim kitabın ənənəvi variantı olmadığı üçün məcbur olub elektron variantını oxuyuram”.
128 min oxucu müraciət edib

Kitabxanın xidmətlərindən istifadə edən oxucular haqqında məlumat verən şöbə müdiri deyir ki, 2013-cü ildə kitabxanadan 32 minə yaxın oxucu qeydiyyatdan keçib: “Milli kitabxananın 75 mindən artıq daimi oxucusu var. Bunların 32minə yaxını 2013-cü ildə yazılan oxucularımızdır. Bizim virtual oxucularımızın sayı isə 550 mindən artıqdır. Ümumilikdə də ötən il 128 mindən artıq oxucu kitabxanaya müraciət edib və 935 mindən artıq kitab sifariş verilib”. Ədibə xanım “gənclər kitab oxumur” deyiminə inanmır: “Mən deyə bilmərəm ki, gənclər kitab oxumurlar. Milli kitabxanının oxucularının 70 faizini gənclər təşkil edir. Məncə, bu statistika gənclərin kitab oxuyub oxumamasını sübut edir”. Milli kitabxananın tam olaraq elektron kataloqa keçməsinə baxmayaraq, ənənəvi kataloqdan da istifadə edən oxucular az deyil. Oxucular 24 kompyuterdə yerləşdirilən kataloqa girərək istədikləri kitab haqqında məlumatları götürüb sifariş edə bilərlər. Amma ənənəvi kataloq ləğv edilməyib. Kitabxananın 1-ci mərtəbəsinə köçürülən ənənəvi kataloqlardan az sayda da olsa oxucular istifadə edir. 3-cü kurs tələbəsi Günel də ənənəvi kataloqdan istifadə edən gənclərdəndir: “Mən əvvəldən buna vərdiş etdiyim üçün bu mənə daha rahat gəlir. Hər dəfə gəlib istədiyim kitabı sifariş verib imtahanlarıma hazırlaşıram”.
Sizin fikriniz bizim üçün dəyərlidir

Kitabxananı müşahidə edərkən adların yazıldığı monitor diqqətimizi çəkdi. Şöbə müdiri deyir ki, bu monitor vasitəsilə oxucular kitab sifariş verdikdən sonra onun gəlməsini gözləməyəcəklər: “Biz kitabxanada hər zaman oxucuların rahatlığı üçün əlimizdən gələni edirik. Əvvələr oxucular kitab sifariş edərkən onun gəlməsini gözləyirdilər. Kitabxanın tətbiq etdiyi bu son yenilik vasitəsilə oxucu kitab sifariş verdikdən sonra, onun gəlməsini gözləmir. Kitab sifariş veriləndən bir neçə dəqiqə sonra sifariş edilən kitabın hansı zalda olduğu yazılır və oxucuya təqdim edilir. Hazırda yardımçı fond fəaliyyət göstərir və burada ən çox oxucuların istədiyi kitablar yerləşdirilib. Oxucu tələbnamə yazmadan bu bölmədə istədiyi kitabı oxucu biletini təqdim etməklə həmin an götürə bilir”. Reportajımızı bitirib kitabxanadan ayrılarkən girişdə üzərində “Sizin fikriniz bizim üçün dəyərlidir” sözləri yazılan qutu diqqətimizi çəkdi. Məlum oldu ki, oxucular öz ürək sözlərini, arzu və iradlarını, təşəkkürlərini yazıb buraya atırlar. Həftədə bir dəfə kitabxananın direktoru şəxsən qutuya atılanları oxuyur və oxucuların təklifləri, iradları hər həftə sonu müzakirə edilir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər