• çərşənbə axşamı, 19 mart, 12:59
  • Baku Bakı 8°C

Milli istiqlal şairi Əhməd Cavad

19.06.17 12:20 19441
Milli istiqlal şairi Əhməd Cavad
Əhməd Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, İ.Qaspiralı, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Onun adı milli azadlıq və istiqlal ideyaları ilə möhkəm bağlıdır.Ə.Cavadı əhatə edən ictimai-siyasi mühit necə olub? Müsavat partiyası, Gəncə təşkilatının 1920-ci illərə qədərki fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin milli mübarizəsinin Gəncə mühiti, Birinci Dünya müharibəsi ərəfəsi Rusiyada və Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi, müharibənin başlanması, rus-erməni təxribatları, xalqın təşkilatlanması, Gəncədə "Difai”, "Müdafiə”, "Aləmi-mərkəziyyə” kimi milli-siyasi təşkilatların yaranması, ermənilərin Anadoluya dolması, türk kəndlərində qırğınların törədilməsi, türk hökumətinin onları yeni yaşayış yerlərinə köçürmələri, türklərin qaçqın həyatı, Batumda qaçqınlara yardım komitəsinin yaradılması, Ə.Cavadın türk qaçqınlarına kömək cəmiyyətini təşkil etməsi – bütün bunlar Ə.Cavadı ictimai-siyasi və ədəbi-mədəni mühitə gətirib çıxaran amillər olub.
Əhməd Cavad bədii yaradıcılıq metodu etibarilə romantik ruhlu (ideyalı, təxəyyüllü) realistdir. O, romantik, simolist, dekadent, realist şeirlər müəllifi kimi tanınıb. Şairin bədii dili xalq dili, xalq kaloritinə, aşıq şeiri üslubuna, ənənələrinə əsaslanıb. M.Ə.Rəsulzadə yazırdı ki, "Ə.Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu lirizmə eyni zamanda milli və siyasi həyəcan qatırdı”. Şairin poeziyasında lirizm, bədbin və nikbin rənglər, fərdi və ictimai duyğular birləşib.
Əhməd Cavad 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olub. M.Ə.Rəsulzadə onun yaradıcılığına yüksək qiymət verib: "Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibətilə hürriyyət pərisinə müraciət etdiyi "Nədən yarandın” parçası son dərəcə lirikdir”. Ə.Cavad milli Dövlət Himnimizin mətnini yazıb. Onun şeirlərində kədər, ələm sızıltıları da var. Başa düşüləndir. Doğma balası dünyasını dəyişib, cümhuriyyət devrilib, hakimiyyət bolşeviklərə keçib, müsavatçılar, ittihadçılar, sosialistlər etibarsız sayılıb, təqiblər güclənib. Ə.Cavad fatalizmə, qaçılmazlığa haqq verib. Marksist tənqidçilər bu səbəbdən onu "subyektivizmdə”, "həyatdan narazılıqda” təqsirləndirib.
Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. (. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Azərbaycan və ana mövzusu ilk dəfə Ə.Cavadın şəxsində işlənib. Sonra bu mövzunu Ə.Cənnəti, Ə.Müznib, Ə.Yusif, C.Cabbarlı, M. Şəhriyar, M. Müşfiq, S.Vurğun və başqaları davam etdirib.
Müasirlik mövzusunda "At bu çadranı”, "Bəs biz qardaş deyilmiyik”, "Ləzgi qızları”, "Axşamlar”, sosializm mövzusunda "Oktyabr”, "Qızıl əsgər nəğməsi”, "1 may bayramı”, "Moskva poeması” və başqa şeirlərini yazıb. Partiyanın, zamanın sifarişi ilə inqilab, sosial-siyasi mövzulara da müraciət edib.Ə.Cavad, əsasən, heca, qismən əruz vəznlərində yazıb-yaradıb. Poeziyasının əsas janrları qoşma, gəraylı, müxəmməs, həcv, epiqram, taziyanə və başqaları olub. Əhməd Cavad poeziyasında Şərq modernizminin təsirləri də aydın görünüb.
Sənətkar rus klassiklərini yaxından oxuyub. Xüsusilə, onlardan tərcümələr edib. A.Puşkinin "Kapitan qızı”, "Tunc atlı”, İ.Turgenevin "Atalar və oğullar”, V.Kinin "O tayda”, M.Qorkinin "Mənim darülfünunum”, "Çocuqluq”, T.Şevçenkonun "Kobzar”, "İşçi qadın” əsərlərini dilimizə çevirib... Azərnəşrdə redaktor olarkən tərcümə işi ilə daha ardıcıl məşğul olub. Gürcü dilini bilib. 1929-cu ildə nümayəndə heyəti: C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı və M.Müşfiqlə birlikdə Gürcüstana gedib. 1934-1936-cı illərdə də Azərbaycan Yazıçılar ittifaqının ezamiyyəti ilə orada olub. Gürcüstanın gözəllikləri, Acarıstan və Abxaziyanın əhalisi, həyat və məişətindən geniş bəhs edib. 1915-1916-cı illərdə "Açıq söz” qəzetində ”Acara məktubları” silsiləsini çap etdirib. "Pələng dərisi geymiş pəhləvan” əsərini dilimizə çevirib.
Şairin tərcüməyə marağı 1920-ci illərin sonlarından başlayıb. Dünya ədəbiyyatı ilə təması, əsasən, tərcümə vasitəsilə olub. 1930-cu illərdə rus və dünya ədəbiyyatından çoxlu tərcümə edib. 1928-1937-ci illərdə ardıcıl tərcümə kitabları nəşr olunub. Ə.Cavad V.Şekspirin ”Otello” pyesini mənzum formada, (Haşım Vəzirov, Cəfər Cabbarlı, Xəlil İbrahim və H.Səbrinin tərcümələri də olub), "Romeo və Cülyetta”nı mənsur şəkildə dilimizə çevirib. Hətta "Yuli Sezarın” tərcüməsi üçün müqaviləsi də olub. Şair K.Hamsunun "Aclıq”, B.Kinin "O tayda”, Koninin "Od uğrunda mübarizə”, F.Rablenin "Qarqantua və Pantaqruel”, Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan” əsərlərini Azərbaycan dilinə çevirib.
: Sənətkar Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında ilk əlaqə yaradanlardan biri olub, 1918-ci ildə Bakıya gələn türk ordusunu salamlayıb. Onların şərəfinə "Türk ordusuna”, "Bismillah” şeirlərini yazıb... O, Müsavat MK və Gəncə şəhər şöbəsi adından Ələkbər Rəfibəylinin ölümü münasibətilə nitq söyləyib, İ.Qaspiralı haqqınya məqalə yazıb, ölümünə şeir həsr edib, onu yüksək qiymətləndirib. Yaradıcılığının ana xətti türkçülük, dil, din həmrəyliyi olub. "İstanbul” şeirinin də müəllifidir.
Ə.Cavad 1912-ci ildə, 20 yaşında türk ordusuna xidmət edib, könüllü dəstəyə qəbul olunub. Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. 1912-13-cü illərdə Balkan müharibəsində olub. 1916-1918-ci illərdə Türkiyədə yaşayıb.1923-cü ilin əvvəllərində Seyid Hüseyn, Xəlil İbrahim, Cəfər Cabbarlı və Əhməd Cavad həbs olunub. Guya müsavatçıların Türkiyəyə keçməsinə yardımçı olublar.Ə.Cavad 1928-ci ildə, 36 yaşında Türkiyə mətbuatında, "İstiqlal uğrunda” məcmuəsində 10-15 şeirini dərc etdirib. Latın əlifbasına keçməyin təşəbbüskarı da olub. "Yeni türk əlifbaçılarına” şeirini yazıb.
Mücadiləçi 1929-cu ili daha gərgin keçirib. Həmin ildə onun əleyhinə "Cavadın yolu” məqaləsi dərc olunub. Bu səbəbdən ”Şiddətli protesto edirəm”, "İzah” məqalələrini yazıb. Sənətkar 1928-29-cu illərdə, 36-37 yaşlarında "pantürkizm”də günahlandırılıb. Xırda burjua yazıçısı, fitnə və təxribat dövrünün nümayəndəsi kimi qiymətləndirilib. O, bolşevizmin Türkiyəyə, türkçülüyə, türk birliyinə hücum əlaməti olaraq "Türkiyə casusu” da adlandırllıb.
Demək olar ki, bütün marksist tənqidçilər Əhməd Cavadı günahlandırıb. Ə.Nazim onu "Müsavatın saray şairi”, "burjua-qolçomaq və mülkədar ədəbiyyatının nümayəndəsi” adlandırıb. H.Cavidə "mürtəce millətçi”, Ə.Cavada isə "müsavatçı” damğası vurulub.İstiqlal mübarizinin ölüm yeri indiyə qədər bilinməyib...
F.Köçərli, Ələkbər və Xudadat Rəfibəylilər, M.Hadi və A.Səhhəti əslində bolşevizmin ilk dalğası məhv edib. H.Cavid yaradıcılığı isə "idealist romantizm”, "subyektiv sənət tələqqisi” (görüşü) kimi dəyərləndirilib. 1937-ci ildə onlara saxta ittiham irəli sürülüb. H.Cavid və Ə.Cavad guya əksinqilabi təşkilatın üzvü olub. Dörd şəxs, H.Cavid, S.Mumtaz, S.Hüseyn və Ə.Cavad heç kimin adını pisliyə çəkməyib.
1937-ci ilin mart ayında, 45 yaşında Ə.Cavad Yazıçılar ittifaqının üzvlüyündən azad edilib. May ayında həbs olunub. Məhkum nömrəsi 12493 olub, 24-cü Əhməd Cavad. Şairin arxiv-istintaq işinin nömrəsi 956702 olub. 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar,şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necəgəldi yazılmış "Göygöl” şeiri saxlanıb. Ə.Cavad "Göygöl” şeiri ilə bərabər, "Kür” şeirinə görə də ittiham edilib.Evini axtarış zamanı əmlak siyahısında M.Ə.Rəsulzadənin şəkli, Kautskinin, Buxarinin kitabları, H.Zeynallı və V.Xuluflunun bəzi əsərləri, "Türk sözü” qəzeti, ”Dalğa” kitabçası, 3 qeyd dəftəri, 15 müxtəlif məktub göstərilir. Şəxsi işindəki arayış bildirir ki, onlar məhv edilib. Şükriyyə xanımın qızıl bəzəkləri, 7 qızıl beşlik müsadirə olunub. Sonra da yoxa çıxıb. 12493/24 nömrəli iş 3 iyun 1937-ci ildə açılıb, 25 sentyabrda bağlanıb. İlk istintaq 5 iyunda Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı general Ağasəlim Atakişiyev tərəfindən aparılıb. 12 oktyabrda hökm oxunub. Oktyabrın 12-dən 13-nə keçən gecə şair güllələnib. 4P–014316 nömrəli qərardadda cinayət işinin dayandırıldığı bildirilir.
1956-cı ildə bəraət alıb. Zəmanəti Hüseyn Musayev, Aleksandr Tuqanov, Hüsü Mamayev, aktyor Ağahüseyn Cavadov verib. 1958-ci ildə sovet dövründə ilk şeirlər kitabı nəşr edilib.Ə.Cavadın da milli müstəqillik illərindəki ilk kitabı ("Sən ağlama, mən ağlaram”) Türkiyədə nəşr edilib (1991). Azərbaycan Kültür Mərkəzinin fəalı Sərvət Gürcan, Egey Universitetinin professoru İrfan Murad Yıldırım, Bakı Avrasiya Universitetinin professoru Seyfəddin Altaylı Ə.Cavad irsi ilə bağlı araşdırmalar aparıb.Ə.Cavad haqqında kitab, monoqrafiya, dissertasiya və məqalələr yazılıb. Bu gün də yazılır. Ə.Ağayev, B.Nəbiyev, Y.Qarayev, N.Ələkbərli, Ə.Saləddin, Y.İsmayılov, T.Mahmud, A.Abbas, R.Həsənov, N.Axundzadə, S.Gəncəli, M.Aslan, A.Əliyeva, N.Yaqublu, S.Sərxanlı, B.Əhmədov, A.Şərifzadə, K.Muradov, A.Şərifov, Ə.Əfəndiyev, T.Salamoğlu, A.Turan və başqaları qiymətli kitab və məqalələrin müəllifidir.
Ə.Cavadın 1991-ci ildə Türkiyədə "Sən ağlama, mən ağlaram” şeirlər kitabı, 1992-ci ildə Azərbaycanda ikicildliyi, 2005-ci ildə seçilmiş əsərləri çap olunub.
Bolşevizmə, sinfi mübarizəyə xidmət tarixin arxivinə qayıdır... Milli mübarizəyə, istiqlala xidmət tarixin şərəfli yaddaşına, çağdaşlığa dönür. Ə.Cavad ömrü milli dövlətçiliyimizin və ədəbiyyatımızın tarixi yaddaşında yol gedir... Şairin yaratdığı ədəbi-ictimai və estetik ənənələr bu günün yaddaşına, gəncliyin şüur və məfkurəsinə ötürülür... Ə.Cavad ömrü xatirələrdə, xalqımızın rəşadətli tarixində yaşayır...
Əlizadə Əsgərli
banner

Oxşar Xəbərlər