• cümə axşamı, 28 mart, 14:50
  • Baku Bakı 16°C

Milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış növbəti addım

20.03.21 09:45 513
Milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış növbəti addım
Martın 18-də Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı 10 saylı cəzaçəkmə müəssisində 56 məhkumu əhatə edib. Bu Sərəncamla bütövlükdə 625 nəfərin azadlığa qovuşması, bəzilərinin cəzalarının yarıyadək endirilməsi təmin edilib. Ümumiyyətlə, bu əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük humanist aktlardan biri və milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır.
AZƏRTACxəbər verir ki, bunu əfv Sərəncamının icrası prosesində iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 19-da jurnalistlərə müsahibəsində deyib.
Zahid Oruc bildirib ki, 1990-cı illərdən imzalanan əfv sərəncamları və qərarları dövlətimizin cəmiyyətə mesajıdır. Bu mesaj odur ki, dövlət həyatının müəyyən dövründə, hər hansı şəraitdə cinayət törətmiş və ya səhv etmiş, cəzaçəkmə müəssisəsinə düşmüş insanların cəmiyyətə qayıtması, azadlığa və ailələrinə qovuşması üçün yenidən şans verir. Sərəncamın digər bir əhəmiyyətli cəhəti odur ki, dövlətimiz bağışlanma fikrinin cəmiyyətdə bərqərar olunmasını istəyir və çalışır ki, insanlar arasında münasibətlər yaxşı olsun və nifaq baş verməsin. Bunun nəticəsidir ki, 1990-cı illərdən ötən dövrdə Azərbaycanda cəmiyyətin həyatında sabitlik, əmin-amanlıq bərqərar olduğuna görə cinayətlərin də sayı qat-qat azalıb.
Vurğulanıb ki, əfv komissiyasının iclaslarında dövlətin ən yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Onlar hər biri məhkumların hüquqlarına ədalətli yanaşılması üçün müzakirələr aparıblar. Bunun nəticəsidir ki, əfv olunan məhkumlar arasında törətdiyi əməlindən peşmançılıq çəkmiş şəxslərə, ailələri və yaxınları arasında Vətən müharibəsində şəhid, qazi, iştirakçı olanlara daha çox önəm verilib.
Deputat bildirib ki, ötən illərdə dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən əfv və amnistiya qərarları nəticəsində cəmiyyətimizdə hüququn aliliyinə dərin inam formalaşıb, birlik və həmrəylik daha da möhkəmlənib.
"Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Məhkumluqdan azad edilmiş şəxslərin doğma evlərinə qayıdışı cəmiyyətimizə və ailələrinə bu mesajı verir ki, onlar bir daha cinayət törətməsinlər. Ümidvarıq ki, azadlığa çıxmış şəxslər cəmiyyətimiz üçün layiqli vətəndaş olacaq, həyatda öz yerinizi tutacaq, Qarabağdakı yenidənqurma işlərində və Böyük Qayıdışda fəal iştirak edəcəklər”, - deyə komitə sədri vurğulayıb.
banner

Oxşar Xəbərlər