Milli ədəbi-nəzəri düşüncənin öncülü
Çağdaş nəzəri-estetik
fikrimizin korifeyi, akademik İsa Həbibbəylinin 50 illik zəngin və çoxşaxəli
yaradıcılığını bir neçə mərhələyə bölmək olar. 70-80-ci illəri özündə ehtiva
edən birinci mərhələnin özülündə həmin dövrün qabaqcıl və demokratik təmayüllü
ədəbi-nəzəri axtarışlarının üzvi hissəsini təşkil edən romantizmşünaslıq
sahəsindəki tədqiqatlar dayanır. Özünəqədərki ədəbiyyatşünaslığın və ustad
ədəbiyyatşünasların XX yüzil ədəbiyyatı, xüsusən, romantik poeziya və
dramaturgiya sahəsindəki araşdırmalarını davam və inkişaf etdirən gənc,
döyüşkən alim, nəhayət, bu sahədəki elmi axtarış və yeniliklərini
ümumiləşdirib, ədəbi ictimaiyyətə təqdim edir. 80-ci illərin birinci yarısında
işıq üzü görən "Romantik lirikanın imkanları” kitabı cavan və romantizmşünas
alimin sabiq Sovet İttifaqı imperiyasının hələ də kəsərdən düşmədiyi bir
vaxtda, Hadiyə, Cavidə, Cavada və romantizmə düşmənçilikdən əl çəkilmədiyi,
qadağalar və qətliamların hələ də köhnəlmədiyi bir zamanda cəmiyyətimizə,
millətimizə, elm dünyasına ilk və sanballı töhfəsi idi. Zatən, yaxın gələcəyin
böyük Mirzə Cəlilşünası və mahir realizmşünası şəhid şairlərimiz Hadi, Cavid və
Cavad romantizminin mürəkkəb rəmzlər, bədii-fəlsəfi metaforalar və işarələr
dünyasından realizmin əzəmətli və sərt
həqiqətlər yoluna çıxmağı hədəfə almışdı. Və Azərbaycan elmində akademik İsa
Həbibbəyli epoxasının təməl daşları qoyulurdu...
Müasir Azərbaycan nəzəri-estetik fikrinin görkəmli nümayəndələrindən biri akademik İsa Həbibbəylinin yaradıcılığında bədii təfəkkürün bir çox problemləri ilə yanaşı, poeziya məsələləri də mühüm yer tutur. Ustad tənqidçinin və ədəbiyyatşünas alimin elmi-estetik axtarışlarının hələ ötən əsrin 70-80-ci illərində əsas obyekt və hədəflərindən birinin poeziya olduğunu xatırlasaq, bunun təsadüfi xarakter daşımadığına əminlik hasil edə bilərik. Zəhmətkeş alimin öz yaradıcılığının ilk dövründən və hələ gənclik çağlarından Azərbaycan romantizminin bədii-fəlsəfi və ictimai-estetik problemləri ilə yaxından və dərindən məşğul olması fikrimizi təsdiq edir. Həssas tənqidçinin yarım əsr bundan əvvəl böyük uğurla başlanmış yaradıcılıq yolu bu gün də yeni hədəflərə və zəfərlərə yön almaqdadır. Akademik İsa Həbibbəylinin romantiklərimizin lirikasını ilk dəfə və ətraflı şəkildə tədqiq edən məşhur kitabından ("Romantik lirikanın imkanları”, Bakı, 1984) tutmuş milli poeziyamızın bir sıra tanınmış nümayəndələrinin yaradıcılığı haqqındakı elmi-estetik tədqiqatlarına qədər bütün əsərləri ədəbiyyatşünaslığımızın qiymətli nümunələri kimi dəyərləndirilməkdədir. Məmməd Araz poeziyasına münasibət və onun əsərlərinin yüksək elmi səviyyədəki təhlilləri akademik İsa Həbibbəyli tənqidinin ədəbi-elmi xarakterini və orijinallığını nümayiş etdirən əsas nəzəri-estetik nümunələrdən biridir.
Müasir Azərbaycan nəzəri-estetik fikrinin görkəmli nümayəndələrindən biri akademik İsa Həbibbəylinin yaradıcılığında bədii təfəkkürün bir çox problemləri ilə yanaşı, poeziya məsələləri də mühüm yer tutur. Ustad tənqidçinin və ədəbiyyatşünas alimin elmi-estetik axtarışlarının hələ ötən əsrin 70-80-ci illərində əsas obyekt və hədəflərindən birinin poeziya olduğunu xatırlasaq, bunun təsadüfi xarakter daşımadığına əminlik hasil edə bilərik. Zəhmətkeş alimin öz yaradıcılığının ilk dövründən və hələ gənclik çağlarından Azərbaycan romantizminin bədii-fəlsəfi və ictimai-estetik problemləri ilə yaxından və dərindən məşğul olması fikrimizi təsdiq edir. Həssas tənqidçinin yarım əsr bundan əvvəl böyük uğurla başlanmış yaradıcılıq yolu bu gün də yeni hədəflərə və zəfərlərə yön almaqdadır. Akademik İsa Həbibbəylinin romantiklərimizin lirikasını ilk dəfə və ətraflı şəkildə tədqiq edən məşhur kitabından ("Romantik lirikanın imkanları”, Bakı, 1984) tutmuş milli poeziyamızın bir sıra tanınmış nümayəndələrinin yaradıcılığı haqqındakı elmi-estetik tədqiqatlarına qədər bütün əsərləri ədəbiyyatşünaslığımızın qiymətli nümunələri kimi dəyərləndirilməkdədir. Məmməd Araz poeziyasına münasibət və onun əsərlərinin yüksək elmi səviyyədəki təhlilləri akademik İsa Həbibbəyli tənqidinin ədəbi-elmi xarakterini və orijinallığını nümayiş etdirən əsas nəzəri-estetik nümunələrdən biridir.
XX yüzillik ədəbiyyatımızın məşhur klassiki Məmməd Araz haqqında
onlarla elmi və ədəbi tədqiqatlar, yüzlərlə məqalələr qələmə alınmışdır.
Akademik İsa Həbibbəylinin hələ ötən əsrdə yazıb çap etdirdiyi "Xalq şairi Məmməd Araz” (Bakı, 1999) kitabı
və "Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti” tədqiqatı Məmməd
Arazşünaslıqda hadisə kimi qarşılanmış, özünün bir sıra elmi-estetik
keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Görkəmli poeziya tənqidçisinin bu
əsərlərindəki bariz surətdə nəzərə çarpan xüsusiyyətlərdən biri, ilk dəfə
olaraq, böyük şairin yaradıcılığının onun tərcümeyi-halı və həyat yolu ilə
müqayisəli və paralel şəkildə öyrənilməsi idi.
XX yüzilliyin ikinci yarısından, xüsusən, 60-cı illərdən etibarən
sürətlə yenilənməyə və inkişaf etməyə başlayan Azərbaycan ədəbiyyatının tədqiqi
və təbliği sahəsində akademik İsa Həbibbəylinin xidmətləri ayrıca qeyd
edilməlidir. "Xalq şairi Məmməd Araz” (1999) monoqrafiyası da müstəqillik dövrü
ədəbi tənqidimiz və ədəbiyyatşünaslığımızın uğurlu nümunələrindən biri kimi
diqqətə layiqdir. Azərbaycan ədəbiyyatşünaslığında və ədəbi tənqidində xalq
şairi Məmməd Arazın bədii təfəkkürümüz tarixindəki təkrarsız xidmətləri və
özünəməxsus mövqeyi məhz bu monoqrafiyada ilk dəfə elmi cəhətdən dərindən
araşdırılmış və ümumiləşdirilmişdi: "Artıq xalq şairi Məmməd Arazın qiymətli
bədii irsi kimi bənzərsiz obrazı da ürəkləri fəth edə bilmişdir. Şairin
əsərləri doğma xalqının dilində qürur və əzəmətlə səslənməkdə davam edir.
Məmməd Arazın şeirlərindən müxtəlif xalqların dillərinə çevrilmiş nümunələr hər
yerdə rəğbətlə qarşılanır.
Məmməd Araz XX əsrin aşırımından XXI əsri görür. Məmməd Araz XXI əsrin yeni və böyük ədəbiyyatının yükünü çəkməyə də
səfərbərdir. Bütövlükdə Azərbaycan ədəbiyyatı XXI əsrə bir çox qiymətli
sənətkarlarımızla birlikdə həm də xalq
şairi Məmməd Arazın çiyinləri üstündə gedir...”
"Xalq şairi Məmməd Arazın
həyatı, tərcümeyi-halı və bədii yaradıcılığı bir-birini tamamlayır” deyən
müəllif, bənzərsiz sənətkar yaradıcılığını tamamilə yeni ədəbi-nəzəri yöndə və
kontekstdə araşdırır. Dünya ədəbiyyatşünaslığında Dante, Nəvai, Bayron, Puşkin,
Lermontov və başqaları haqqında bu tipli tədqiqatlar mövcuddur. Azərbaycan
ədəbiyyatşünaslığında isə bu sahədə ayrı-ayrı məqalə və araşdırmalara rast
gəlinsə də, hələlik böyük və ciddi tədqiqatlar ortada yoxdur. Akademik İsa Həbibbəyli
görkəmli sənətkar estetik dünyagörüşünün və obrazlarının mənşəyini ilk dəfə
olaraq poetik tərcümeyi-halla paralel şəkildə araşdırır. Böyük şairin həyat
yolunun başlanğıcını – uşaqlıq çağlarını təhlil edən müəllif Məmməd Araz
poeziyasında "daş” motivinin doğuluşu ilə bağlı əsaslı mülahizələr irəli sürür:
"Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına
bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir”
. Görkəmli alimin təkcə Məmməd Araz
poeziyasında deyil, ümumən, XX əsrin ikinci yarısındakı bədii təfəkkürümüzdə
mühüm yer tutan və silinməz izlər qoymuş daş obrazları və motivlərinin
genezisi, ehtiva və ümumiləşdirmə miqyasları haqqındakı düşüncələri də ciddi
maraq oyadır: "Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş
motivinin sonralar əsas, aparıcı mövzulardan birinə çevrilməsinin mühüm
səbəblərindən biri də budur. Daş mövzusu filosofların fikrincə, dünyanın
əsasını təşkil edən dörd ünsürdən birinə - ana torpağa olan inamın ifadəsidir.
Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən isə bizcə, daş Məmməd Araz poeziyasında
bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsil vətəndaşlıq mənalarını
ifadə edir. Şair hətta özünü də milli şeirimizin "daş əsgəri” hesab edir” . Son
dərəcə düzgün və dəqiq seçilmiş nəzəri-metodoloji yanaşma Məmməd Araz
dünyasının qapılarını açan sehrli bir açar rolunu oynayır. Beləliklə, "vətən
daşı olmayandan olmaz ölkə vətəndaşı” poetik aforizminin ərsəyə gəlməsi prosesi
əslində şair yaradıcılığında Vətən obrazlarının və konsepsiyasının formalaşma
tarixçəsidir. Məhz bu əqidə və məslək şair yaradıcılığında genişlənərək "Vətən
qayaları, Vətən daşları” silsiləsinə, "Daş harayı” kitabına çevrilir. Bu ruh və
obraz Məmməd Araz dünyasında o dərəcədə dərin və möhkəm köklərə malikdir ki,
hətta bütün və bütöv Azərbaycan dünyasını da şair daşlarsız və qayalarsız
təsəvvür etmir: "Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan -
çiçəklərin içində qaya” . O da təsadüfi deyil ki, qayanın vəsfi ilə başlanan bu
böyük şeir, məhz Azərbaycan daşlarının tərifi ilə son çatır: "Azərbaycan,
mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər” . Akademik İsa Həbibbəylinin Məmməd Arazşünaslıq və ümumən,
ədəbiyyatşünaslığımız üçün qiymətli olan daha bir yeni elmi yanaşması böyük
şair yaradıcılığında mühüm yer tutan Araz motivləri ilə bağlıdır. Biz dahi və
cəsarətli şairimizin Araz dünyasını yetərincə duymasaq, onun Azərbaycan
dünyasını lazımınca dərk edə və dəyərləndirə bilmərik. Məmməd Arazın bütöv
Azərbaycan dünyası məhz Araz sahillərində doğulmuş və formalaşmış bir poetik
aləmdir. Müəllif çox doğru olaraq Məmməd Araz dünyasının əsas atributlarından
və əlamətlərindən biri kimi Arazı seçir. Daş obrazı kimi Araz obrazı da Məmməd
Araz dünyasının ikinci sehrli açarıdır: "Məmməd Araz bütöv, böyük Vətənin
nəğməkarıdır. "Araz axır” poemasında, "Oxuyan Təbriz”, "Şəhriyar gəlmədi”, "Bu
gecə yuxuda Arazı gördüm”, "Araz dili”, "Araz üstdə Çinar gördüm”, "Qalır
hələ”, "Araz yadıma düşüb”, "Arazın işıqları”, "Sərhəd çəpərləri”, "Mən Araz şairiyəm”
şeirlərində bütöv Vətən duyğusu mənalandırılmışdır. Məmməd Araz qələmindən
çıxmış "Oxuyan Təbriz” (1969) şeiri Azərbaycan poeziyasında Cənub mövzusunda
yazılmış ən dəyərli və təsirli şeirlərdən biridir” .
"Xalq şairi Məmməd Araz: böyük sənətlə şəxsiyyətin vəhdəti”
tədqiqatında diqqəti çəkən üçüncü mühüm cəhət şair yaradıcılığının milli ədəbi
qaynaqları və mənbələrinin elmi dəqiqliklə göstərilməsidir. Doğrudur, Məmməd
Araz nəslinin və ümumən, altmışıncıların poetik bioqrafiyasının, bədii
dünyagörüşünün formalaşması barəsində müəyyən araşdırmalar mövcuddur. Amma bir
qədər ümumi və dərinə nüfuz etməyən həmin araşdırmalarda altmışıncıların
sələflərlə mənəvi əlaqələri lazımi səviyyədə və elmi obyektivliklə açılmayıb.
Akademik İsa Həbibbəylinin elmi təhlillərinin qiymətli cəhəti ondadır ki, ədəbi
nəsillər arasında estetik münasibətin xarakteri düzgün açılır. Məmməd Arazı
Mirzə Ələkbər Sabir və Səməd Vurğun kimi dahi sənətkarlarla birləşdirən mənəvi
tellər yüksək qiymətləndirilir. Məmməd Arazın "Mən də insan oldum” (1962)
poeması təkcə müəllifin deyil, bütün yeni pleyadanın bədii etiqadının ifadəsi
və etirafnaməsi idi. Tədqiqatda "Səməd Vurğunla söhbət”, "Qayalara yazılan səs”
və başqa əsərlərin təhlili əsasında Səməd Vurğun və Məmməd Araz münasibətləri
ədəbi-nəzəri metodologiya baxımından dəqiq və aydın ifadə edilir.
Altmışıncıların Səməd Vurğuna sevgisini onların təkcə ithafları deyil, eyni
zamanda, bütün yaradıcılıq yolu nümayiş etdirməkdədir. Əli Kərim də, Xəlil Rza
Ulutürk də, Məmməd Araz və b. altmışıncılar da Səməd Vurğunu bir ustad kimi
ürəkdən sevir və ona pərəstiş edirdilər. Lakin altmışıncıların sevgisi ayıq
sevgi idi. Onlar sadəcə məftunluq və pərəstişlə kifayətlənmirdilər.
Altmışıncılar, o cümlədən Məmməd Araz "...xalq şairi Səməd Vurğunun adı ilə bağlı
sənət ocağının od qoruyanı, keşikçisi” olmaqla bərabər həm də yeni şəraitdə
yeni poetik ənənələrin əsasını qoyurdular. Müəllif haqlı olaraq "60-cı illərin
ikinci yarısından etibarən Məmməd Araz özü də Səməd Vurğundan sonra şeirimizin
xəritəsinin təzələnməsindən, "şeirimizə təzə yollar” gəldiyindən bəhs etmişdir”
deyə vurğulayır. İki böyük poetik dövr arasındakı, iki özünəməxsus ədəbi nəslin
estetik dünyagörüşündəki ciddi fərqlər də ilk dəfə olaraq tədqiqatda geniş və
hərtərəfli əsaslandırılmışdır: "Bu təkamül prosesi Məmməd Arazın
yaradıcılığında da qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yəni 30-50-ci illərin
poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri
təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyl kimi qəliblənmiş ənənələrin
buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin
səyi, cəsarəti ilə sındırılmışdır” . Bu mühüm elmi həqiqəti bəzən tanınmış
alimlərimiz də nədənsə etiraf etməyə çətinlik çəkirlər. İki poetik dövr
arasındakı bu mühüm fərqləri görməmək və ya özünü bilməzliyə qoymaq isə əsil
reallığı inkara və ya təhrif etməyə gətirib çıxarır.
Məhz bu nöqteyi-nəzərdən
ustad ədəbiyyatşünas alimin qeyd etdiyimiz məsələyə münasibəti elmi təfəkkürümüzü
təzələyir və zənginləşdirir.
Alimin poetik dövrləri səciyyələndirərkən işlətdiyi elmi ifadələr də
diqqətəlayiqdir; həqiqətən "tərənnüm poeziyası” və "düşüncə lirikası” elmi
təyinləri təkcə haqqında söhbət gedən ədəbi nəsillərin yaradıcılıq yolunu
ümumiləşdirmir, eyni zamanda, terminoloji siqlətə və əhəmiyyətə malik
ədəbiyyatşünaslıq anlayışlarıdır. Həqiqətən, Məmməd Araz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən
böyük və unudulmaz hadisələrindən biri olmaqla bərabər, həm də milli
mənəviyyatımızı və estetik dünyagörüşümüzü zənginləşdirən qiymətli bədii
örnəklərdən biridir. Akademik İsa Həbibbəylinin yüksək elmi dəyərə malik
ədəbi-nəzəri düşüncələri bu inamı və qənaəti bir daha təsdiq edir: "Böyük
ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyük və
müdrik sənətin şərəfli və məsuliyyətli yükünü – ədəbiyyatımızın böyük idealları
ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyil və ya
ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında, Vətən əhli çəkib daşıyır.
Bu isə öz növbəsində xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili
saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da
möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, güclü poetik
lokomotivi olması deməkdir. Milli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı
təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır” .
Yaşar Qasımbəyli
filologiya elmləri doktoru,professor
filologiya elmləri doktoru,professor