• cümə axşamı, 28 mart, 17:51
  • Baku Bakı 16°C

MİLLİ DƏYƏRLƏRƏ TAPINANDA...

21.11.16 11:54 2669
MİLLİ DƏYƏRLƏRƏ TAPINANDA...
Sənətsevərlər arasında "Azərbaycan rəngkarlığının kraliçası” ayaması ilə tanınan Vəcihə Səmədova 1965-ci ildə dünyasını dəyişəndə 41 yaşı vardı, o vaxt Şağan kənd məktəbində oxuyan balaca Sənubərin isə səmisi 10 yaşı vardı. Obrazlı desək, biri əbədiyyətə qovuşurdu, digəri isə gələcək arzularına doğru gedirdi. Bu bənzətmə bu ilin sentyabr ayında Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda Sənubər Səmədovanın yubiley sərgisinin açılışında ağlıma gəldi. Sənubər bizdən bir qədər öndə mikrafon qarşısında dayanıb sərgiyə gələnlərə təşəkkürünü bildirəndə, onun arxadan görünən başının məşhur rəssamın burada qoyulmuş mərmər portreti ilə qoşalaşması mənə yuxarıda qeyd etdiyim müqayisəni xatırlatdı. Belə ki, həmin günü bir Səmədova digər Səmədovanın qarşısında yaradıcılıq hesabatı verirdi...
Qənaətimizcə, onların əsərlərinin bədii tutumu arasında heç bir anım yaradıcı məziyyət olmasa da, sənətə münasibətlərində yaxınlıq kifayət qədərdir. Doğrudan da bu gün heç də asan olmayan ailə qayğılarını da çiynində daşımaqda davam edən Sənubər xanımın əsərlərində də "kişi biləkli” Vəcihə xanımın yurdumuza və onun çoxsaylı milli dəyərlərinə yaradıcı münasibəti ilə səsləşən-assosiasiya yaradan bədii-mənəvi məqamlar kifayət qədərdir...
Əgər həm dünya, həm də Azərbaycan təsviri və tətbiqi sənətinin çoxəsrlik tarixinə nəzər salsaq, onda onun güzəştsizliyi birmənalı olan "yaddaş saxlancı”nda yalnız yaradıcılığında milli dəyərlərə tapınmaqla özünəməxsusluq nümayiş etdirən rəssamların qaldıqlarına əmin olmaq mümkündür. Sizə haqqında söz açmaq istədiyimiz Sənubər Səmədovanın yaradıcılığının çoxlarının arzuladığı bu zamansızlığa qovuşacağı da müasir dövrdə nümayiş etdirdiyi fərdi və fərqli sənətkarlığa görə birmənalıdır, desək, yanılmarıq. Aşağıda əsərlərinin bədii-estetik dəyərindən söz açanda özünüz də buna əmin olacaqsınız...
Tanışlıq üçün deyək ki, o, Abşeronda dünyaya göz açıb. İxtisas təhsilini əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. M.Abdullayev, L.Kərimov, B.Mirzəzadə, T.Şıxəliyev və R.Rəfizadə kimi tanınmış sənətkarlardan peşəsinin sirlərini öyrənib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan və uzun illər ərzində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında, hazırda isə Azərbaycan Dövlət Pantomim Teatrında rəssam vəzifəsində çalışan Sənubər Səmədovanın onların yaradıcılığından və tövsiyələrindən faydalanması danılmazdır. Bu məşhurların hər birindən onun sayagəlməz bədii-texniki vərdişləri əxz edəcəyinin ehtimalı qarşısında, bu gün dəfələrlə ictimailəşən yaradıcılığında həmin tanınmış simaların əsərlərinin estetikasının milli dəyərlərə tapınmış işartılarını görmək mümkündür. Odur ki, onun istər rəngkarlıq və qrafika, istərsə də tətbiqi sənət nümunələrinin qarşısında dayanıb onlarla mükalimə aparanda hiss edirsən ki, bu əsərlər nə qədər sirr qatına bələnsələr də, "ünsiyyət dilləri” doğma və anlaşıqlı, bütövlükdə isə duyğulandırıcıdır...
Orta ixtisas məktəbində tərtibat sənətini, ali məktəbdə isə xalçaçılığı öyrənən Sənubər Səmədova nədənsə bu sahələrin heç birinin davamçısı olmayıb. Amma yaratdıqlarında bu sənət sahələrinin hər birinin təsirini görmək mümkündür. Onun Kukla Teatrında tamaşaya qoyulan əsərlərin obrazlarının milli tutum almalarında heç şübhəsiz xalça sənəti estetikasından qaynaqlanan bəzək elementləri kifayət qədərdir. Əli Səmədlinin «Cubbulunun çərpələngi»,Mərkəz Quliyevin «Dovşanın məhkəməsi», Kəmalə Ağayevanın «Göyçək Fatma», Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl», «Ələkbər əmi gülüş planetində», «Ələkbər əmi divin qəsrində», «Dəcəl çəpişlər, belə-belə işlər», Əli Səmədlinin «Cik-cik xanım», Özel Arabulun «Dəniz dibində zəng səsi», Qrim qardaşlarının «Bremen musiqiçiləri», Aygün Bunyadzadənin «Kral», Abdulla Şaiqin «Tıq-tıq xanım» və sair tamaşaların tərtibatı da bunun təsdiqidir. Əli Səmədlinin «Cik-cik xanım» tamaşasının quruluşçu rəssamı kimi «Qızıl Dərviş» mükafatına layiq görülməsi də onun bu sahəyə verdiyi töhfələrin rəsmi dəyərləndirilməsidir.
Elə taxtadan hazırlanmış obrazların tərtibat örtüyündə də milli mənəvi qaynaqlardan əxz olunan bədii tutum elementləri az deyil. Qənaətimizcə, müəllimləri ilə yanaşı bu prosesdə onun bənzərsiz Abşeron-Şağan təbiətinin, mənəvi-estetik dəyərlərinin də danılmaz rolu olmuşdur, desək, yanılmarıq. Sənubər xanımın rəngkarlıq və qrafik irsinin məna-məzmun tutumunda məşhur "Abşeronçu” sələflərinin sənətə baxışları arasında müəyyən oxşarlıq mövcuddur. Belə ki, onun da maraq dairəsində süni pafosdan uzaq, bilavasitə görünənlərin və yaşananların bər-bəzəksiz bədii əksini görmək mümkündür. Bu mənada onun "Yun çırpan”, "Sap boyayan”. "Süpürgəçi”, ”Dərviş”, "Südçü”, "Dəyirmançı”, "Qadın və təndir”, "Yuxa yayan”, "Qadın və bardaqlar”, "Süpürgə satan” və s. əsərlərinin adını çəkmək olar. Bu əsərlərdə məna-məzmun daşıyıcısı olan obrazları və onları zənginləşdirən detalları neytral fon-yerlikdə təqdim edən rəssam, ilk növbədə onların cəlbediciliyinə nail olmuşdur. Bədii şərhinə görə həm qədim miniatürlərlə, həm də görkəmli qrafika ustası Ələkbər Rzaquliyevin linoqravürləri ilə anım yaradan bu lövhələrdə bədii şərhin lakonikliyə və bədii ümumiləşdirməyə bələnməsi, onlara milli çalar bəxş etməklə, həm də motivlərin sadəliyində hifz olunan estetik qaynaqların duyğulandırıcılığına nail olmuşdur.
Rəssamın həmin sadə peşə sahiblərinin əhatələndiyi məkana münasibətində də özünəməxsus bədii şərtilik duyulmaqdadır. Gördüyü adi motivləri yaradıcı təfsirə məruz qoyan Sənubər xanım müşahidə etdiyi yerlərin tanınanlığını şərtləndirən səciyyəvi detallı əsərlər yaratmaqla, onların həm də cəlbediciliyini və düşündürücülüyünü sərgiləmişdir. Onun "Bakı damları”, "Kənd yolu”, "Nağıl şəhəri”, "Alma bağı”, "Abşeron” və "Payız” lövhələri bu qəbildəndir.
Yaradıcılıq axtarışlarına zaman məhdudiyyəti qoymayan rəssam, uzaq-yaxın keçmişimizə aid mövzu və motivləri eyni uğurla bədiiləşdirir. Əgər "Döyüşçü”, "”Prometey”, "Dədə Qorqud”, "Merac”, "Vurğun Şekspir”, "Xosrov və Şirin”, "Şahzadə”, "Şair”, "Çarmıxda” və "Qala” lövhələri tarixiləşənlərə bədii münasibətdirsə, "Təcazüzkar”, "Azadlıq”, "Şərə qarşı” və "Qurban” əsərləri yaşadığımız təzadlarla dolu zamana ünvanlanan bədii suallardır.
Sənubər xanım əski rəssam sələfləri kimi əsərlərində ifadə yığcamlığına və şərtiliyə meylli olsa da, ən müxtəlif insani yaşantıları bədiiləşdirmək və obrazlı tutumda təqdim etmək gücündədir. "Yağışın göz yaşları”, "Məhəbbət”, "Tənhalıq”, "Pıçıltı”, "Sevgi” və digər əsərlərində rəssamın insan talelərinə tutduğu "bədii güzgü”də bədii ümumiləşdirmələr qabarıq duyulsa da, acılı-şirinli yaşantıların təsir gücünü də duymaq mümkündür...
Rəssamın taxtadan hazırladığı kiçik kuklaları "milli tipajların məcmusu” da adlandırmaq mümkündür. Çoxəsrlik tarixə malik olan dekorativ-tətbiqi sənətimizdə oxşarı olmayan bu nümunələr həm formasına, həm də bəzək örtüyünə görə çox orijinaldırlar. Qənaətimizcə, ümumi görünüşünə görə müəyyən qədər məşhur matryoskalarla anım yaradan bu fiqurlar sözün əsl mənasında milli-bədii atributa çevrilmək gücündədirlər. Belə ki, bədii tutumu çoxdan kanonlaşan matryoşkalardan fərqli olaraq Sənubər xanımım fiqurlarında Azərbaycan cəmiyyətini təşkil edən müxtəlif təbəqələri və peşə adamlarının obrazlarını görmək mümkündür. Onun kişi və qadın musiqiçiləri, müxtəlif bölgələrə xas geyim növlərini, mətbəximizi, etnoqrafiyamızı, heyvanat aləmini, təbiət motivlərini özündə yaşadan fiqurlarında gözoxşayan bədii-estetik məqamlar kifayət qədərdir. Onlardan milli mənəvi dəyərlərimizin təbliğində çox uğurla istifadə etmək olardı...
Bu gün milli rəssamlıq məkanında dünyaya özünəməxsus baxışı ilə seçilən Sənubər Səmədovanın sənətinin şöhrəti çoxdan uzaqlara yayılıb. Ankarada(2003) və Bakıda (2006 və 2016) təşkil olunmuş fərdi sərgilərinin uğuru, müxtəlif mükafatlara layiq görülməsi, yaratdığı müxtəlif qrafik əsərlərin və kuklaların Türkiyədə, Danimarkada, Avstraliyada, Amerikada və İndoneziyada şəxsi kolleksiyalarda saxlanması da bunu təsdiqləyir.
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
1987-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında quruluşçu rəssam vəzifəsində çalışır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olanSənubərSəmədovaƏli Səmədlinin «Cubbulunun çərpələngi»,Mərkəz Quliyevin «Dovşanın məhkəməsi», Kəmalə Ağayevanın «Göyçək Fatma», Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl», «Ələkbər əmi gülüş planetində», «Ələkbər əmi divin qəsrində», «Dəcəl çəpişlər belə-belə işlər», Əli Səmədlinin «Cik-cik xanım», Özel Arabulun «Dəniz dibində zəng səsi», Qrim qardaşlarının «Bremen musiqiçiləri», Aygün Bunyatzadənin «Kral», Abdulla Şaiqin «Tıq-tıq xanım» və sair tamaşaların tərtibatçı rəssamı olub.
Əli Səmədlinin «Cik-cik xanım» tamaşasının quruluşçu rəssamı kimi «Qızıl Dərviş» mükafatına layiq görülüb.
2003-cü ildə Ankarada, 2006-cı ildə Bakıda fərdi sərgisi olub.
Bundan savayı onun bir çox gözəl rəsm əsərləri müxtəlif illərdə respublika və ümumittifaq sərgi salonlarında nümayiş olunmuş və mükafatlara layiq görülmüşdür. Onun yaratdığı müxtəlif qrafik listlər və kuklalar Türkiyədə, Danimarkada, Avstraliyada, Amerikada, İndoneziyada şəxsi kolleksiyalarda saxlanılır.
banner

Oxşar Xəbərlər