• cümə, 29 Mart, 04:46
  • Baku Bakı 7°C

Milli birlik və lobbiçilik

27.04.17 13:30 1910
Milli birlik və lobbiçilik
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam"
Ulu öndər Heydər Əliyev
Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.
Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət, onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Dünyada gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq məsələlərdə diaspor və lobbi təşkilatlarının rolunun artması bu sahəyə diqqətin daha da artırılmasını tələb edir. Ötən illərin təcrübəsi göstərir ki, diaspor təşkilatları ilə iş xeyli dərəcədə mürəkkəbdir.Bu gün dünyanın müxtəlif ölkələrində 450-yə yaxın diaspor qurumu fəaliyyət göstərir.Amma diaspor təşkilatlarının daha səmərəli fəaliyyətini təmin etmək, yeni keyfiyyət mərhələsinə keçirmək baxımından daha çox iş görülməlidir.Biz təkcə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışmamalıyıq, bu fəaliyyət tədricən lobbiçilik müstəvisinə keçməli, ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların qərarlarına təsir göstərmək səviyyəsində qurulmalıdır.
Yaxşı təşkilatlanmış diaspora təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. İstər dövlətin dəstəyilə, istərsə də xarici ölkələrdəki imkanlı soydaşlarımızın könüllü iştirakı ilə yaradılan fondlar diaspor təşkilatlarının fəaliyyətindəki çətinlikləri ortadan qaldırmağa imkan verərdi.Diaspor qurumlarının xaricdə mediaya çıxışı, nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurması, müstəqil təbliğat vasitələri yaratması kimi addımlar isə lobbi mexanizminin yaranmasını da labüd edəcək.
Bu gün azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyi diaspor təşkilatlarımızın gücünü ortaya qoyur.Dünyanın ayrı-ayrı ölkələrindəki soydaşlarımızla aparılan sistemliiş,azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsi yönündə dövlətin yürütdüyü siyasət Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından səmərəli nəticələr verib.
Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 100 ildən bəri dünyaya yalanlar üfürən erməni təbliğatına ciddi şəkildə zərbə vurub.Bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində keçirilən Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədilə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərdə Azərbaycan diaspor təşkilatlarının fəallığı xüsusilə qeyd edilməlidir.
Xocalı faciəsinin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.Ötən 5ilərzində 200-dək müxtəlif xarakterli tədbirin həyata keçirilməsi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından ciddi faktordur. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və müvafiq istiqamətdə fəaliyyət göstərməyə böyük dəstəkdir. Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan diasporunun da dəstəyilə beynəlxalq miqyasda lobbiçilik daha effektivdir.Əslində, bu kampaniya göstərdi ki, erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil. Sadəcə, onların haqqında mif yaradılıb.Artıq dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta qondarma soyqırımı pərdəsi altında gizlənərək soyqırımı həyata keçirdiyi faktını qəbul edir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində gənclərin rolu onların Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu.Bu gün xarici ölkələrdə təhsilalanvə yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır.
Diaspor və lobbi fəaliyyətlərinin stimullaşdırılması baxımından, ayrı-ayrı ölkələrdə imkanlı soydaşlarımızın dəstəyilə diaspor fondlarının, hətta beynəlxalq miqyasda Vahid Diaspor Fondunun yaradılması məsələsi günümüz üçün aktualdır. Bu, Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələyə keçilməsi demək olardı. Azərbaycan diasporu lobbiçilik istiqamətində addımlar atmalıdır və Avropadakı diasporumuz artıq bu mərhələyə keçid edir.Lobbiçilik diaspor fəaliyyətinin daha mütəşəkkil hədəfidir.Lobbiçilik ənənəvi diplomatiyadan fərqlənir və əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı dövlətə daxildən ictimai sifarişi təşkil edir.
Bu gün diaspora prosesinin təşkilatlanması üçün peşəkar birliklərin və biznes assosiasiyalarının fəaliyyətinə dəstək olmalıdır. Bu təşkilatlar ona görə yaradılmalıdır ki, müəyyən məqsədə nail olmağa çalışan qrupların, peşə sahiblərinin sosial və digər hüquqlarını, biznesin ayrı-ayrı sahələrinin iqtisadi maraqlarını təmin etsinlər. Lobbiçilərin qanunvericilik orqanına təsir göstərməkqabiliyyəti daha da artırılmalıdır. İnadkarlıq və düzgünseçilmiş istiqamət əsas fəaliyyət mövzusu olmalıdır. Çünki düzgünlük - ən yaxşı siyasətdir.
Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Bu ideya möhkəm istinad dayağına çevrilərək Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır.
Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı
banner

Oxşar Xəbərlər