Milli bayrağımız Vaşinqtonda ucaldıldı
Azərbaycan Demokratik Respublikasının yaranmasının
102-ci ildönümü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonun
tarixi Corctaun ərazisində yerləşən inzibati binası üzərindən Azərbaycan və
Birləşmiş Ştatların böyük ölçülərdə olan dövlət bayraqları asılıb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, bayraqların iki ay müddətində palatanın binasının üzərində saxlanılması
planlaşdırılır.
Palatanın təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycannın
ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert
Sekuta, Azərbaycan Səfirliyinin əməkdaşları, eləcə də bir sıra media mənsubları
iştirak edib.
Tədbiri açan palatanın icraçı direktoru Natiq Baxışov
Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb və qlobal pandemiya
səbəbindən mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, builki
Respublika Günü geniş tərkibdə təşkil edilmədiyini bildirib.
Daha sonra ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert
Sekuta Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. R.Sekuta
Azərbaycandakı fəaliyyət dövrü və yaşadığı günləri xatırlayaraq Azərbaycanın
böyük bir yol keçməsini bildirib, ölkəmizin inkişafının şahidi olduğunu qeyd
edib. Müstəqil və sürətlə inkişaf edən Azərbaycanın Respublika Günündə
Vaşinqtonda ölkəmizin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb.
Səfir E.Süleymanov Azərbaycan Respublikasının Milli
bayramı - Respublika Gününün Vaşinqtonda hər il 1000-ə yaxın qonağın iştirakı
ilə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb, cari ildə isə dünyada cərəyan
edən koronavirus pandemiyası səbəbindən belə bir tədbirin təşkilinin mümkün
olmadığını qeyd edib, bu xüsusda Ticarət Palatası tərəfindən keçirilən bu tədbirin
Respublika Gününün Vaşinqtonda qeyd edilməsi üçün gözəl imkan yaratdığına görə
minnətdarlığını bildirib.
Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən
bəhs edən səfir, həmçinin şəhər meri tərəfindən ənənəvi olaraq hər il 28 may
tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdırıb. Səfir
ABŞ-ın bir çox ştatlarının qubernatorları və şəhərlərinin merləri tərəfindən
Respublika Günü ilə bağlı həmin ştat və şəhərlərdə Azərbaycan Milli Gününün
elan edilməsinə dair bəyannamələrin verildiyini vurğulayıb. ABŞ Prezidenti
Donald Trampın Respublika Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərdiyini xatırladaraq, sözügedən məktubda ABŞ
və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa verilən dəyərdən
bəhs edib. Həmçinin ABŞ Dövlət katibi Maykl Pompeonun Respublika günü ilə bağlı
mətbuat açıqlaması verdiyini diqqətə çatdırıb. Səfir R.Sekutanın ölkəmizdə səfir
olduğu dövrdə öz fəaliyyəti ilə iki ölkə arasındakı münasibətlərin güclənməsinə
və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni vurğulayıb.
E.Süleymanov bünövrəsi 102 il öncə Azərbaycan Xalq
Cümhuriyyətinin üzərində qurulmuş müstəqil Azərbaycan Respublikasının Prezident
İlham Əliyevin rəhbərliyi altında hazırda regiounun inkişaf etmiş, aparıcı dövlətinə
çevrildiyini qeyd edib. Hazırda fəxr mənbəyi olan ölkəmizin gələcəyinin
xalqımızın əlində olduğunu deyən səfir bu müstəqilliyin qorunub saxlanmasında hər
bir Azərbaycan vətəndaşının birliyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci
ildə iki ölkə arasında ticarət və biznes əlaqələrinin, eləcə də
investisiyaların təşviqi məqsədilə təsis edilmiş ABŞ qeyri-hökumət təşkilatıdır.
Palata iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin həyata keçirilməsi,
eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin
reallaşdırılması məqsədilə 2000-ci ildə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini
təsis edib. Hazırda Mərkəzin Vaşinqtonda iki sərgi salonu fəaliyyət görtərir.
Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25 illik, Azərbaycan Ticarət və Mədəniyyət
Mərkəzi isə 20 illik yubileyini qeyd edir.