“Ümidlərlə yaşayırıq...”
Azərbaycan
Televiziyasının səksəninci illərdə ekrana çıxan televiziya tamaşalarının əksəriyyətində
onun imzası var. Sovet dövrünün tamaşaçıları onun televiziya tamaşalar ilə
böyüdü. Tarixi, həyatı, sevgi dramlarını o əsərlərdən öyrəndi. Xalq artisti
Ramiz Həsənoğlunun peşəkar dəst-xətti ilə ərsəyə gələn teletamaşaları bu gün "təqvimdə
qırmızı gün” kimi gözləyirlər. Rejissor özü də həmin dövrün keçdiyinə təəssüfünü
gizlətmir.
O qatar getdi...
- Azərbaycanda televiziya tamaşaları deyəndə
rejissor kimi həmişə sizin adınız yada düşür. Hətta televiziya tamaşalarının
"qızıl dövrü”nü sizin adınızla bağlayırlar. "Qatarda”, "Topal Teymur”, "Evləri
köndələn yar” və s. kimi tamaşalar xatırlanır. İndi ssenari yoxdur, yoxsa həmin
aktyor nəsli daha yetişmir?
- Yəqin ki, bu
bir az tamaşaçının qavrayışı ilə bağlıdır. Ümumiyyətlə, dünyada televiziyanın
öz tendensiyaları var. Bu tendensiyaların içində son illər seriallar özünə yer
tapıb. Bu gün tamaşaçının marağını o seriallarla ödəməyə çalışırlar. O
serialların bədii keyfiyyətinin tamaşaçı təbəqəsinin zövqünə nə dərəcədə
uyğunluğu məsələsi də var. Amma onu deyim ki, zamanla tamaşaçı təbəqəsinin sayı
çoxalıb. O tamaşaçıların içərisində isə müxtəlif dünyagörüşlü adamlar var. Ola
bilsin ki, o təbəqələrin içərisində yüksək səviyyəli zövqə malik insanlar var və
onları indiki vəziyyət qane etmir. Və ola bilsin ki, istər-istəməz vaxtilə mənim
və yoldaşlarımın çalışıb ərsəyə gətirdiyi işlərə daha çox üstünlük verirlər. Azərbaycan
televiziyası da bu mənada dünya televiziyasının bir qoludur. Bu mənada
"tamaşalar niyə yoxdur” deyəndə tendensiyanı bununla bağlayardım.
- Eyni prosesləri biz Rusiya teatr və kinosunda da görürük.
Aktyor və tamaşaçılar "qızıl dövr keçdi” deyə təəssüflənirlər. O dövrü
qaytarmaq mümkündürmü?
- O qatar
getdi... İndiki qatarın sərnişinləri, rejissorları, başqa adamlardır. Amma nə qədər
ki bəşəriyyət var, sənət də yaşayır. Qobustan qayalarına həkk olunan heroqliflər
də sənət növləridir. İnsanlar o vaxtlar hələ mağara içərisində özlərindən sənət
uydururdular və bununla təsəlli tapırdılar. Kriteriyalar zaman keçdikcə dəyişir,
yeni texnologiyalar gəlir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində
kinematoqrafiya, XX əsrin ortalarında televiziya gəldi və sənət kütləviləşdi.
Kütləvi sənətin içində yüksək səviyyəli iş görmək asan olmadı. Amma görülən işlər
yadda qaldı.
- Siz son illər "Sübhün səfiri”, "Cavid ömrü” filmlərini
çəkmisiniz. Bu gün təqdim olunan filmlərin arasında yaddaqalan ekran əsərinə də
rast gəlinmir. Bu nədir - ətalət?
- Ola bilsin ki,
yadda qalası filmlərin sayı azalıb. Amma bu maraqlı filmlərin, rejissorların
olmaması anlamına gəlmir. Son 5-7 ildə ortaya çıxan filmlərimiz də var. Məsələn,
"Nabat” filmini qeyd edim. Rejissoru Elçin Musaoğludur. O, vaxtilə Azərbaycan
Dövlət Televiziyasında çalışıb. Zamanla inkişaf edib, "Azərbaycan Telefilm"
Yaradıcılıq Birliyində filmlər çəkib, tamaşalar qoyub. Yavaş-yavaş
addımlayaraq böyük kinoya keçib və burada çox uğurlu addımlar atıb. "40-cı
qapı”, "Nabat” filmi ilə... "Nabat” filmi Qarabağ hadisələrinə həsr olunub. Son
5-7 ildə Elçin kimi bir rejissor ortaya çıxıbsa, buna artıq sevinmək lazımdır.
Təkcə Elçin yox, daha başqa gənclər də var. Fariz Əhmədovu deyə bilərəm. Sənədli
filmlər rejissorudur. Bu yaxınlarda film də çəkməyə hazırlaşırdı, amma deyəsən,
maddi problemlər oldu. Ondan əlavə,
festivallarda yer tutan filmlərimiz var. Onların rejissorlarından Şamil Əliyev,
Elxan Cəfərovun adını çəkə bilərəm.
- Yəni, az, amma keyfiyyətli iş olsun?
- Yaxşı olsun,
çox olsun. Bizdə bütün sferalarda ən böyük problem peşəkarlıqdır. Sənətini,
işini bilən adam gərək işinin başında dursun. Hansısa səbəbdən bu olmayanda
gördüyümüz mənzərə yaranır. İstər sənətdə, istər yolların çəkilməyində, istərsə
də şəhərin işıqlandırılmasında və s. Həyatın bütün sahələrində bunu yaşayırıq...
Peşəkarların yetişməsi üçün münbit şərait, dövlət qayğısı lazımdır. Tutaq ki,
vaxtilə bizdə burda da rejissorluğu bitirib sənətə gələnlər varıydı. Amma bura
ilə kifayətlənməyib, Moskvada, Sankt-Peterburqda və başqa şəhərlərdə sənətə yiyələnmək
istəyənlər az deyildi. Mən Sankt-Peterburqda Teatr,Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmişəm.
Burdakı Mədəniyyət və İncəsənət Universitetinin (O vaxt Teatr İnstitutu
adlanırdı) mədəni maarif fakültəsini bitirəndən sonra Az.TV-də çalışırdım, hətta
rejissor kateqoriyam da varıydı. Amma bu, kifayət etmədi, gördüm ki,
çabalayıram, təcrübə toplamaq üçün daha çox bilik, geniş meydan lazımdır. Buna
görə Rusiyada təhsil almağa qərar verdim. Heç kim anasından mütəxəssis kimi
doğulmayıb, hamı bir sahəyə gedir, hansısa təcrübə yolu keçir. Xüsusilə,
rejissorluğu bitirənlər... Rejissorluq elə bir sənət növüdür ki, son dərəcədə
hazırlıqlı olmalısan. Çünki sənin gördüyün işə milyonlar baxır.
- Necə bilirsiniz, hazırda çəkilən seriallar
bugünkü tamaşaçının zövqünü təmin edirmi?
- Bilirsiniz, mən
öz adımdan danışa bilərəm. Sənətin içindən gələn bir tamaşaçı olduğum üçün məni
cəlb etmək bir qədər çətindir, amma əsas tamaşaçı kütləsi onlara baxır və yəqin
ki, görmək istədiyini alır. Mənim kriteriyam bir az başqa cürdür. Ssenaridən
tutmuş, aktyor oyununa, rəssam işinə və s. ən xırda detallara da fikir verirəm.
Bu cəhətdən yanaşsaq, dediklərim bir az sərt də ola bilər. Amma bu gün çəkilənləri
bəyənən tamaşaçı kütləsi də var, bəyənməyənlər də. Bütün kanallarda çalışan,
serial çəkən rejissorların hamısının peşəkar səviyyəsinin daha yüksək olmasını
istəyirəm. Heç kimi qaralamaq istəmirəm, sadəcə bu, mənim istəyimdir. Onu da
deyim ki, bu gün serial çəkənlər arasında çox bəyəndiyim rejissorlar da var. Məsələn,
"Vicdan haqqı” serialını ərsəyə gətirən Rövşən İsax çox ciddi, üzərində
çalışan, materiala müdaxilə edən, peşəkardır. Düzdür, serialın mövzusu səni cəlb
etməyə bilər, amma baxan kimi işi görənin mütəxəssis olub-olmadığı bilinir. Digər
kanallarda da bu cür rejissorların çalışmasını istəyərdim. Burda söhbət
ssenaridən getmir, aktyorları seçmək, onları ortaya çıxarmaq, operatorla işləmək
və s. kimi işləri gözəl yerinə yetirənlər çox azdır.
- Belə çıxır ki, peşəkar nöqteyi-nəzərdən baxanda
çox az filmdən zövq alırsınız. Hər detalına fikir verirsiniz...
- Təbii. Mən təkcə
adi tamaşaçının baxıb gördüyünə deyil, başqa bir çox məqamlara fikir verirəm. Çəkilən
kadr, aktyor seçimi, onların oyunu və s. Aktyorun tamaşaçını inandırması önəmlidir.
Sənətin gücü ondadır ki, sən izləyərkən özünü unudursan, real olduğuna
inanırsan. Bu mənada çox az filmdən zövq alıram. Lakin elə məqamlar olur. Bütün
gün televiziya izləmirəm, amma baxanda da nəyə baxdığımı seçirəm. Filmlərə
baxmağı çox sevirəm. Rus, Avropa, Amerika və bizim rejissorların filmlərini
sevirəm. Artıq dünyasını dəyişmiş rejissorlarımız var ki, onların filmlərinin
vurğunuyam. Arif Babayev, Şamil Mahmudbəyov kimi rejissorların yaxşı filmləri
var və biz bu gün də onları izləyirik. Gözəl filmlərimiz olub, ümid edək ki, gələcəkdə
də olacaq.
50 ildir sənətdəyəm
- Siz teatrda böyümüsünüz. Ananız Ətayə Əliyeva hələ
kiçik yaşlarınızda əlinizdən tutub teatra aparıb. Bu gün həmin məbədə
gedirsinizmi?
- Maraq doğuran
tamaşa haqqında eşidəndə gedib izləməyə çalışıram. Prosesin içində olmaq, heç
olmasa, aktyorlara baxmaq üçün... Müxtəlif teatrlarda çalışan fərqli aktyorlar
var. Mənim üçün maraqlıdır ki, ərsəyə gətirilən yeni tamaşa onların inkişaf etməyində
hansı rola malik oldu? Öz-özünə fikirləşirsən ki, mən filan əsəri səhnələşdirəcəyəmsə,
bu aktyoru filan rola dəvət edə bilərəm.
- O vaxtları, ananızın sizi teatra apardığı dövrü
necə xatırlayırsınız? Kimlər səhnədə idi, hansı tamaşalar daha maraqla qarşılanırdı?
- O vaxt yaşım
çox az olduğu üçün sənət haqqında düşüncələrim də uşaq yanaşması ola bilər. Mən
formalaşdıqca, düşüncə tərəfdən həddi-buluğa çatdıqca, sənətlə bağlı fikirlərim
də püxtələşdi. 20 yaşımda televiziyaya gəlmişəm. Bu mühitə düşəndən sonra mənim
ustadlarım olub. Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov
kimi ustadların əlinə, işinə baxmışam, öyrənmişəm, oxumuşam. Zamanla
formalaşdıqca hardasa elə bir məqam gəlib çatıb ki, başa düşdüm ki, mən bu sənətsiz
yaşaya bilmirəm. Mənim üçün yaşamaq həm də sənətimlə məşğul olmaqdır. O
zamandan hiss edirəm ki, artıq sənətlə bağlı olan düşüncəm ona olan münasibətlərimi
aydınlaşdırır.
- Siz hər gün televiziyaya işə gəlib-gedirsiniz, əvvəlki
illərdəki kimi. Ona görə gəlirsiniz ki, bura sizin iş yerinizdir? Yoxsa, o
zamankı qədər işiniz yenə var?
- Bura doğma iş
yerim, doğma otaqdır. İş olmaması o demək deyil ki, mən dayanmışam. Şübhəsiz
ki, düşünürəm, çalışıram, oxuyuram, ümidlərlə yaşayırıq. Hər zaman kəsiyində
insanın ümidləri korşalmır. Mənim çox maraqlı düşüncələrim var. Ümid edirəm ki,
onlar nə vaxtsa öz həllini tapacaq.
- Əvvəlki şərait və aktyor heyəti olsaydı nəyi çəkərdiz?
- İstər
televiziyada, istər kinoda olsun, Cəfər Cabbarlı haqqında maarifçi bir film çəkmək
istəyərdim. İdeya yazıçı Anardan gəlib. Onun ssenarisi var, biz bu haqda
danışmışıq da. Onun həyatı mənim üçün çox maraqlıdır. Keşməkeşli həyat yaşayıb.
Dünyadan tez getməyinə baxmayaraq, geniş yaradıcılığı var. Yaradıcılığı ilə
yanaşı, maraqlı tale yaşayıb. Onun taleyi haqqında film çəkməyə imkan verir.
"Fatehlərin divanı”nın davamını çəkmək istəyirəm. Orda məkan belədir ki, Oğuz
xan, Atilla, Alp Arslan Qazi türk dünyasının ən maraqlı şəxsiyyətlərini divana
çağırırlar. Biz Teymurləngdən başladıq, 4 seriya çəkdik. İdeyalar çoxdur. 50
ildir sənətdəyəm. Adamlar var ki, 20 il sənətdə işini görəndən sonra əl-ayağını
yığır ki, işimi gördüm, çəkilirəm kənara. Mən o mənada çox acgözəm. Çünki mənə
elə gəlir ki, deyiləsi sözlər və o sözləri, işləri gözləyənlər var.
Aygün Asimqızı