• cümə, 19 Aprel, 06:07
  • Baku Bakı 13°C

«Ümid» və «Melodiya»nı hədiyyə edən bəstəkar - Fotolar

02.12.19 10:22 1027
«Ümid» və «Melodiya»nı hədiyyə edən bəstəkar - Fotolar
Əfsanəvi bəstəkar Aleksandra Paxmutova 90 yaşını qeyd edir
Bütün nüfuzlu mükafatların, titul və adların sahibi olan görkəmli bəstəkarın yazdığı mahnıların dəqiq sayını heç kim bilmir. Onların sayının dörd yüzdən çox, dinləyicilərinin isə milyonlarla olduğu məlumdur. Əfsanəvu bəstəkar və pianoçu Aleksandra Paxmutovanın mahnılarının çoxu həyat yoldaşı, şair Nikolay Dobronravovun şeirlərinə bəstələnib. O mahnıları hamı sevə-sevə oxuyur... «Ümid», «Melodiya», «Zəriflik», "Biz bir-birimiz olmadan yaşaya bilmərik» və daha neçə-neçə mahnılar ta sovet dövründən bəri dillər əzbərinə çevrilib. Hələ neçə-neçə nəsillər sovet və Rusiya bəstəkarı, SSRİ-nin Xalq artisti Aleksandra Paxmutovanın Nikolay Dobronravovla birgə yaratdığı bu həyat və sevgi dolu mahnıların sədaları altında böyüyüb və böyüyəcək.

Sovet adamları məhz onun mahnılarından vətənin tarixini – müharibə, kosmos, komsomol, Sibirdə tikinti-inşaat işləri, idman haqqında... öyrəniblər.

Rusiyanın Baş naziri Dmitri Medvedev «Aleksandra Paxmutova tərəfindən yazılmış mahnılar indi hit olub və bəstəkarın bəstələri «ürəyin qocalmamasına» kömək edir” - deyib.


«Paxmutovanın mahnılarında hər zaman və indinin özündə də melodiyanın şirinliyi var. O dəqiqə ürəyə yatır və uzun müddət insanın beynində qalır. Onun melodiyaları hər zaman fərqli və heç bir melodiya ilə qarışdırılmayacaq dərəcədə gözəl olub» - deyə böyük dirijor Evqeni Svetlanov vurğulayır.
3 yaşından piano arxasında
Aleksandra Paxmutova 9 noyabr 1929-cu ildə Nijnee-Voljski bölgəsinin Beketovka qəsəbəsində (indiki Volqoqrad) anadan olub. Eksklüziv musiqi istedadı sayəsində musiqiyə marağı körpəlikdən – 3 yaşından özünü büruzə verib. Bir çox tədqiqatçıların sözlərinə görə, Paxmutova beş yaşında olarkən fortepiano üçün «Xoruzlar oxuyur» pyesini yazıb. İndiyə kimi Aleksandra Paxmutovanın karyerasında bu pyes onun ilk əsəri kimi qalır.

Bəstəkarın incəsənətə, musiqiyə olan marağını görən valideynləri yeddi yaşında qızlarını şəhər musiqi məktəbinə gətiriblər. O, bu məktəbdə 1941-ci ilə - Böyük Vətən müharibəsi başlayana qədər oxuyur. Çox keçmədən o, təhsili ilə bərabər, həm də öz sevimli Stalinqradını tərk edərək Karaqandadakı mülki əhali üçün olan düşərgəyə gəldi. Paxmutova elə orada – Qazaxıstanın yerli musiqi məktəbində (indi musiqi texniki peşə məktəbi) təhsilini davam etdirməyə başladı. O, planlı şəkildə musiqi bacarığını kamilləşdirdi. Günlərin birində o başa düşdü ki, musiqini daha mükəmməl olaraq öyrənmək istəyir və bu səbəbdən əşyalarını yığaraq Moskvaya yola düşdü. 1943-cü il – Böyük Vətən müharibəsinin ortalarında belə bir hərəkəti etmək, sadəcə dəlilik idi. Lakin Aleksandra qəti olaraq yolundan dönmək fikrində deyildi.


Moskvaya gəldikdən sonra sənədlərini Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Mərkəzi Musiqi Məktəbinə verdi. Burada o, fortepiano musiqisi fakültəsində təhsil almaqla yanaşı, həm də gənc bəstəkarların dərnəklərinə getməyə başladı.
Müxtəlif janrların bəstəkarı
Aleksandra Paxmutova yaradıcılığı boyu müxtəlif janrlarda yazıb. Onun simfonik orkestr üçün musiqi, kantato-oratorio janrında yazdığı əsərlər musiqi inciləri hesab edilir. İndi də Böyük Teatrın səhnəsində onun baleti səhnəyə qoyulur. Aleksandra Paxmutova uşaq kollektivi üçün də kompozisiyalar yazıb. Yaşının müxtəlif vaxtlarında onun 40-a yaxın mahnısı cizgi filmlərində və uşaq ansambllarında oxunub.

Paxmutova bu uğurlarına görə SSRİ musiqi sənətinin fəxri və çoxlu dövlət mükafatları ilə təltif olunub. Həyatın müxtəlif zamanlarında - «Sağlıqla qal, Moskva» (Lev Leşenko və Tatyana Ançiferova), «Döyüş yenə davam edir» (İosif Kobzon), «Zəriflik» (Mayya Kristalinskaya), «Qorxaq xokkey oynamır» (Vadim Mulerman) və s. mahnılar Paxmutovanın istedadının gücü ilə yaranan mahnılardır.

Bəstəkarın mahnılarını Müslüm Maqomayev, Lyudmila Zıkina, Valentina Tolkunova, Lev Leşşenko, Edita Pyexa, Sofiya Rotaru, Anna German, Mixail Boyarski, Tamara Qverdsitel kimi görkəmli müğənnilər ifa ediblər.
Qara dənizin sahilləri
Nikolay Dobronravovla Paxmutovanı ayrılmaz duet ortağı kimi qiymətləndirir və ən qonaqpərvər insanlar kimi dəyərləndirirlər. Musiqiçilər, əməkdar artistlər onların evinə çay içməyə və musiqi ifa etmək üçün gəlirdilər.


Lev Leşşenko müsahibəsində deyib ki, Nikolay Dobronravovla Aleksandra Paxmutovanın evində hər zaman isti ab-hava var: "Onlar bir-birilərini Koleçka və Aleçka deyə çağırırlar”. Cütlük isə iddia edir ki, onların ailə xoşbəxtliklərinin heç bir sirri yoxdur.

Həyat elə gətirib ki, cütlüyün yaradıcılıq əməkdaşlıqları sayəsində çoxlu hitlər yaranıb. Bu əməkdaşlığın isə maraqlı tarixçəsi var.

Onlar Ümumittifaq Radiosunun uşaq verilişləri studiyasında tanış olublar. Paxmutova da, Dobronravov da proqram üçün musiqilərini səsləndirirdilər. Onlar özlərinin «Motorlu qayıq» adlı ilk duetlərini yazdılar və üç ay sonra nikaha imza atdılar. Pulları olmadığı üçün bunu möhtəşəm qeyd etmədilər. Gəlin anasının tikdiyi çəhrayı kostyumu geyinmişdi. Onlar isti avqust ayında nikah kağızına qol çəkdikləri an bərk yağış yağdı. Sevgililər bunu yaxşı əlamət kimi qiymətləndirdilər. Onlar bal ayına Abxaziyaya, qohumlarının yanına getdilər və ilk toy gecələrini ay işığı altında, Qara dəniz sahillərində keçirdilər.

Cütlük özlərinin müsahibələrində bu məzuniyyəti həyatlarının ən gözəl anları kimi xatırlayırlar.

Aleksandra Nikolayevnanın xalası onlar üçün Qafqaz yeməkləri bişirir, cütlük isə bütün günü dənizdə çimir və birgə sənət planları qururdu. O vaxtdan çoxlu uşaq əsərləri yazıldı.

Sevgililərin talismanı
Bu gün Paxmutova ilə Nikolay Dobronravova baxanda, onların yarım əsrdən çoxdur ki, evli olduqlarına inanmaq çətindir. Onlar bir-birilərinə sevgi dolu gözlərlə baxırlar. Yaradıcılıq planlarından saatlarla danışırlar. Məşhur cütlüyün uşaqları yoxdur, amma onlar təminatsız ailələrdən olan bütün istedadlı uşaqları öz övladları hesab edib, onlara həmişə kömək etməyə çalışıblar.

Maraqlıdır ki, Paxmutova ilə Nikolay Dobronravov başqa məşhur artistlərin də xoşbəxt həyatında rol oynayıblar.

Müslüm Maqomayevlə Tamara Snyavskayanın münasibətləri korlanmışdı. Tamara onda başqa adamla evli idi və Müslümə görə ayrılmağa qərar vermirdi. Onda Paxmutova ilə Dobronravov ulduzların mübahisəsini eşidib, iki mahnı yazdılar. Müslüm Maqomaev üçün "Sən mənim melodiyamsan, mən sənin sadiq Orfeyin” deyə oxuduğu «Melodiya», Snyavskaya üçün "Bütün dünya qu quşları ilə doludur, əlvida sevimlim” deyə ifa etdiyi «Əlvida, sevimlim» mahnıları ulduzların həyatında böyük, əvəzsiz rol oynadı. Sonra Tamara Snyavskaya ilə Müslüm Maqomayev öz müsahibələrində deyirdilər ki, bu mahnılar onları o qədər təsirləndirib ki, Tamara ərindən ayrılmağa və Müslümlə evlənməyə qərar verib. Əfsanəvi cütlük bütün ömürləri boyu bu mahnıları sevgilərinin talismanı hesab ediblər.
Sevgi bayramı
A.Paxmotova özünün böyük karyerası və sovet musiqi sənəti dünyasında RSFSR-in əməkdar incəsənət xadimi, RSFSR Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarını alıb. O, Luqansk, Volqoqrad, Bratska, Moskva, Maqnitoqorsk və Ust-İlimska şəhərlərinin fəxri vətəndaşıdır.

Bəstəkarın 90 illik yubileyi isə Kreml Sarayında «Sevgi bayramı» adı altında keçirilib. Ölkə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putin yubilyarı "Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni ilə təltif edib.

Son zamanlar Paxmutova sakit həyat tərzi keçirir. Konsertlərə gedir, bəzən də yeni musiqilər bəstələyir. İndi o, musiqi ilə yalnız qəlb rahatlığı üçün çalışır.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər