• cümə axşamı, 25 aprel, 15:47
  • Baku Bakı 23°C

“Möhtəşəm yüzyıl”ın etirazlara səbəb olması normaldır

15.08.13 10:38 2162
“Möhtəşəm yüzyıl”ın etirazlara səbəb olması normaldır
“Aliyə”, “Min bir gecə”, “Möhtəşəm yüzyıl” filmləri ilə bir çoxlarının sevimlisinə çevrilən Halit Ergenç türk mətbuatına müsahibə verib. Məşhur aktyor sənətə gələn zaman yaşadığı problemlərdən və hazırda canlandırdığı Sultan Süleyman Qanuni obrazının çətinliklərindən danışıb. Onun sözlərinə görə, məktəb illərində valideynləri boşandıqları üçün hər zaman özünü pis hiss edib.
Məni qapıdan qovdular
- Bildiyimiz qədər, bu sənətə gəlmək üçün böyük çətinliklər yaşamısınız...
- Bəli. Bu sənətdən öncə xırdavat satmaqla məşğul idim. Ondan sonra film festivallarında insanlara oturacağı yerləri göstərmək üçün onlardan pul alırdım. Hansısa bir şirkətdə robot qismində robot rəqsi etdim. Kitab satışlarında küçələrdə kitabı reklam da etdim. Bu sənətə gələnə qədər bir çox sadə işlərlə məşğul olmuşam. Aktyorluğa böyük marağım var idi. Bir dəfə Viktor Hüqonun “Səfillər” tamaşasının məşq prosesini izləməyə getmişdim. Məni içəri buraxmadılar. İki gün qapıda yatdım. Sonunda “Nə üçün başa düşmürsən, səni istəmirik” - deyib məni qapıdan qovdular. Daha sonra qərar verdim ki, işimi dəyişim. Aşçılıq və masaj öyrətmə kurslarına getməyə başladım. Həmin ərəfələrdə Türkiyədən mənə bir təklif gəldi. Bir tərəfdən də pulum qurtarmışdı. Həmin zamanlar “Aslan Kral” musiqi evində müştərilərə içki paylayırdım. Halım çox bərbad idi. Türkiyədən gələn təklif isə üç aylıq layihə idi. Təyyarədən endim, körpüdən keçəndə dənizə baxdım. Dəniz mənə sanki bir açar təsiri bağışladı.
- Necə yəni?
- Sanki dəniz mənim sinəmdəki qəfəsimi açdı və daxilimdən göyə bir sürü göyərçin uçdu. Mən dəvət olunan yerə getdim. Dedilər ki, “bugünkü iclasda sizin heç bir işiniz yoxdur. Ancaq narahat olmayın, sizin dönüş biletinizi də aldıq”. Biletim hələ də onlarda durur. Geri dönmək mənə qismət olmadı...
Türkiyə tarixində bir ilk
- Keçək əsas məsələyə, “Möhtəşəm yüzyıl” filmi ekranlarda yayımlanandan bəri bir çox qınaqlara səbəb oldu. Sizin bu qınaqlara fikriniz necədir?
- Bilirsinizmi, filmdə gördüyünüz hadisələr o dövr üçün çox normal haldır. Sultan Süleyman Qanuni öz oğlunu öldürtdürüb və o, öldürülərkən həmin prosesi izləyib. Digər tərəfdən, tarixi qaynaqları incəldikdə, padşahların hərəmləri olduğunu görürük. Məni maraqlandıran isə öz rolumdur. Qanuni roluna görə uzun müddət öz üzərimdə məşq etmişəm. Ümumiyyətlə, məktəb illərində tarixi sevmirdim. Filmə təklif aldıqda, Qanuninin bütün fəaliyyətini oxumalı oldum. Tarix insanların dünyagörüşünü dəyişir. Osmanlı imperatorluğunun yaranmasında fəaliyyəti olan bütün padşahların yaşadığı hekayələri oxumuşam. Sarayda olan hadisələri də oxuduğum hekayələrdən öyrənməyə çalışmışam. Bu film həm də Osmanlıdakı qadınların iqtidar üzərində söz sahibi olmalarını tamaşaçılara göstərdi. Çalışdığımız bu layihə Türkiyə tarixində bir ilkdir. Çünki biz insanların beynindəki formalaşmış həmin o saray qanunlarını tamaşaçılara göstəririk. Filmi çəkməyə başlayarkən səs gətirən bir layihə həyata keçirmək istədik, bombardmana tutulduq.
- Çəkildiyiniz serial bir çox siyasət adamlarının və eləcə də başqa xalqların etirazına səbəb oldu. Bəs bu mövzuda siz nə düşünürsünüz?
- “Möhtəşəm yüzyıl” adi bir serialdır. Sənədli film deyil ki. Bu çox önəmli sahədir. Onsuz da filmin girişində və sonunda biz filmin hansı həqiqətlərə uyğun olduğunu qeyd etmişik. Biz tarixi hadisələri işıqlandırmağa çalışırıq. Bütün hadisələrə xronoloji şəkildə yer ayırmışıq. Bu günə qədər Türkiyədə “Möhtəşəm yüzyıl”ın bənzəri olan bir layihə olmadı. Buna görə də bir çox etirazlara səbəb olması çox normal haldır. Həyat da bu şəkildə qurulmayıbmı? Yeni bir şey edərsənsə, insanlar təəccüblənir və söz-söhbətə səbəb olur. Ardından ona bənzəyən bir layihə gəlir, sizin layihənizdəki olan əskiklikləri hər kəsin müzakirə etdiyi nöqtələrə diqqət edir, işi bir addım qabağa götürür. Əlbəttə, film müzakirələrə səbəb olacaq ki, gələcəkdə ondan daha yaxşısı olma iddiasında olan filmlər ortaya çıxa bilsin.
Qanuni və Atatürk qarşı-qarşıya
- Tarixi bir xarakteri canlandırmanın çətinlikləri nələrdir? Aktyor olaraq Sultan Süleyman Qanuni olmanın ən çox hansı tərəfi sizə əziyyət verir?
- Tarixi xarakterləri canlandırmanın ən böyük çətinliyi insanların beynində onlar haqqında dəqiq fikirlərin formalaşmasıdır. Bizim üçün Sultan Qanuni kitablarda gördüyümüz şəkillərdən və üz cizgilərindən ibarətdir. Bu insan necə qalxıb, necə oturub, necə danışıb, necə əsəbiləşib, heç bir təsəvvürümüz yoxdur. Bizim üçün o büst kimidir. Qanuni beynimizdə möhtəşəm hekayələri ilə birlikdə formalaşıb. Belə olan halda, bir aktyor olaraq onu canlandırmaq, onu ətə-sümüyə gətirmək çox çətindir. İnsanların beynindəki bu qəlibləri qıra bilmək lazımdır. Filmi çəkməyə başlayarkən yararlana biləcəyimiz qaynaq çox az idi. Buna görə də əlimdən gəldikcə daha çox kitab oxudum. Qanuninin yaşadığı dövrdən və Osmanlı tarixindən bəhs edən kitablardan faydalandım.
Qanuni çox uğurlu bir savaşçıdır, yaxşı bir şairdir, güclü dövlət işlərinin idarəedicisi olub. Çox yaxşı qılınc oynadır və at minirmiş. Bu obrazı yaratmaq üçün oxatma dərslərinə getdim. Ata minmək üçün, çəkilən döyüş səhnələri üçün uzun müddət dərslər aldım.
- Siz Mustafa Kamal Atatürkün obrazını da canlandırmışdınız. Bunları qarşı-qarşıya qoyduqda, hansı obrazı yaratmaq sizin üçün daha çətin olub?
- Qanuninin obrazını yaratmaq mənim üçün çox çətin oldu. Atatürkün obrazını yaratmağa çalışarkən Türkiyədə kimsənin görmədiyi videolara tamaşa etmək şansını əldə etdim. Atatürk necə danışıb, yemək yeyib, su içib, necə oturub-durub - bu kimi detalları birə-bir ayırd etdim. Ancaq Qanuni mənim beynimdə təkcə rəsmdən ibarət idi. Atatürkün obrazı məndən yalnız xarici görünüş tələb edirdi. Orada üzümə hər gün dörd saat ağır bir makiyaj edirdilər. Qanuni obrazında isə makiyajdan istifadə etmirəm. Çünki tarixi mənbələrdə Qanuninin gözlərinin bəzən qəhvəyi, bəzən isə yaşıl olduğu söylənilir. Ona görə də linza taxmıram və yaxud da üzümü eyni ilə onun üzünə bənzədəcək xüsusi bir makiyaj etdirmirəm. Çünki Qanuni yaşayan və canlı bir xarakter təsiri bağışlamalıdır. Sultan Qanuni makiyajla yaradılmış xüsusi plastik bir fiqur deyil.
- Filmdə Qanuni qadın düşkünü kimi göstərilir. Hətta bu fikirlərlə razılaşmayan tarixçilər də var. Bəs siz necə düşünürsünüz?
- Filmdə gördükləriniz o dövr üçün normal olan şeylərdir. Bundan başqa, Qanuni bu gün bizə anormal gələ biləcək bir çox şeylərə imza atmış bir padşahdır. Qanuni haqqında qadın düşkünü kimi sözlər deyilməsi çox tezdir. Çünki müəyyən bir bölümdən sonra Sultanın gözü Hürrəmdən başqa kimsəni görməyəcək. Yaşadığı sevgi o qədər böyükdür ki, Hürrəm öldükdən sonra qızıl və gümüş boşqablar yerinə qulların yediyi boşqablarda yemək yeməyə başlayacaq, sarayda musiqini qadağan edəcək və özünü tamamilə dinə verəcək. Bu, tarixdə də belədir. Qısası, bu müzakirələr üçün çox tez olduğunu düşünürəm və tamaşaçılardan bir az səbr etmələrini istəyirəm. İnsanlar zamanla bizim onlara danışmaq istədiyimiz hekayəni mənimsəyəcəklər.
Tarixi gənclərə sevdirmək fikrimiz yoxdur
- Deyirlər ki, bu film gənclərin tarixə olan marağını daha da artırıb. Belə hallara rast gəlmisinizmi?
- Gənc nəslə tarixi sevdirmək kimi bir fikrimiz yoxdur. Heç filmi çəkməyə hazırlaşarkən belə, işin bu tərəfini düşünməmişdik. Ya da belə deyim, biz bu filmi gənc nəsli nəzərə alıb çəkməmişik. Ancaq mən də gözləməzdim ki, film yayımlandıqdan sonra insanlarda tarixə qarşı maraq yaransın. İlk bölümdən sonra sosial şəbəkələrdə və forumlarda gördüm ki, tarixdən Qanunini, İbrahim paşanı və Hürrəmi araşdırmağa başlayıblar. İnsanların bu şəkildə tarixlə maraqlanmaları çox gözəl bir şeydir.
- Hürrəm obrazını canlandıran aktrisanı, deyirlər çox axtarıblar. Burda sizin də rolunuz olub?
- Hürrəmi canlandıran Məryəm Üzərli 8 aylıq uzun bir axtarışdan sonra tapıldı. Mən seçimlərin bir hissəsində var idim. Amma seçimlərin sonundan xəbərim olmadı. Məryəmlə birlikdə onun finala qaldığı zaman bir neçə məşq çəkilişləri etdik. İki xarakteri qarşılıqlı görmək istədik. Məryəm çox qabiliyyəti bir aktrisadır və Hürrəm xarakterini çox sevərək yaradıb. Onun digər bir üstünlüyü də Türkiyə üçün tanınmamış bir sima olması idi. Filmdə Hürrəm bir anda Qanuninin dünyasına girən necə bir əcnəbi idisə, Məryəm Üzərli də bizim üçün elə oldu. Burada filmlərdə oynamış, başqa rollarda obraz yaratmış bir isim olsaydı, bu qədər uğurlu alınmazdı. Baxmayaraq ki müəyyən müddətdən sonra o bizi tərk etdi.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər