• cümə axşamı, 28 mart, 18:20
  • Baku Bakı 13°C

Möhtəşəm Qayıdış - Fotolar

15.06.17 00:00 2869
Möhtəşəm Qayıdış - Fotolar
Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğurulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.

Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir.
Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan çıxış yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, birinci dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi- siyasi vəziyyət gərgin və təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünya siyasətində aparıcı rol oynayan güc sahiblərinin məqsədləri bir-birinə tərs mütənasib idi. Dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Digər tərəfdən, sovet imperiyası hələ dağılma prosesinin içində ikən özündən qopan milli dövlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdülər. Bu məqsədini heç olmasa gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı. Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklində göstərirdi.

Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı, Azərbaycanda cərəyan edən dərin hərbi-siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.
Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.
Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.

Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi-siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.

Bu prosesin özü də rahat keçmədi. Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginlik vəziyyətini aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı.

Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi.

Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar.

Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü.

Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, 1994-cü ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda Heydər Əliyevin xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə rəhbərlik etmiş şəxslərin seçdikləri siyasi xətlə birbaşa bağlıdır. Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər postsovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.
Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi.
Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.

Gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş Prezidenti Corc Buş onun haqqında deyirdi: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır”.

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.

Son 25 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.
Zamanın sınaq anında Heydər Əliyev bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı

banner

Oxşar Xəbərlər