AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Meyvələrin dərdi...

Meyvələrin dərdi...

İqtisadiyyat
19 Mart 2013, 10:44 2161
Bu il qış aylarında havaların xoş keçməsi kənd təsərrüfatı istehsalçılarında ciddi narahatlıq yaradıb. Yanvar ayının 25-dən sonra başlayan istilər isə bu narahatlığın daha da artmasına səbəb olub. Tovuz rayonundan olan fermer Mayıl Məmmədov deyir ki, artıq əlini məhsuldan üzüb: “Payızlıq taxıl əkmişdim, amma artıq bilirəm ki, normal məhsul götürə bilməyəcəyəm”.

Qeyd edək ki, bu cür hava şəraiti sonuncu dəfə 1979-cu ildə müşahidə edilib. Həmin ilin qışında havanın temperaturu müsbət 22 dərəcəyə çatıb. Müşahidəçilər bildirirlər ki, həmin il kənd təsərrüfatı məhsullarının istehsalı ciddi surətdə azalıb, ümumilikdə aqrar sahədə ciddi problemlər yaşanıb. Bu il də eyni problemlərin yaşanacağı fermerləri narahat edən məsələ kimi gündəmdədir. Mütəxəssislər deyirlər ki, bu aylarda belə istilər xüsusən taxılçılığa, meyvəçiliyə böyük zərbə vurur. Belə ki, mülayim hava həşərat və ziyanvericilər üçün münbit şərait deməkdir. İndidən kifayət qədər böyüyüb artan həşərat və ziyanvericilər bir-iki aydan sonra bar verməyə hazırlaşan bitkilər üçün ölüm mənbəyidir. Xatırlayırsınızsa, ötən qış çox soyuq, şaxtalı və qarlı keçdi. Elə bu səbəbdən də 2012-ci ildə kənd təsərrüfatı məhsullarının bolluğu yaşandı.

Builki mülayimlik hökumət rəsmilərini də narahat etməyə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, qış fəslinin mülayim keçməsi kənd təsərrüfatı üçün təhlükə yaradır. Onun sözlərinə görə, yağış və qar aqrar sahə üçün mühüm amildir: “Lakin havaların isti keçməsi kənd təsərrüfatına əks-təsir göstərir. Bu cür havaların keçməsi ziyanvericilərin sayının artmasına səbəb olur. İsti havaların digər mənfi tərəfi odur ki, tez oyanan bitkilərin tumurcuqlanması və çiçək açması ilə nəticələnə bilər ki, bu da meyvə məhsulunun məhvinə gətirib çıxara bilər. Onların normal yetişməsi mümkün olmur. İsti havalar torpaqda zərərvericilərin artmasına da gətirib çıxarır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov də bu cür hava şəraitinin məhsuldarlıq üçün çox ciddi fəsadlar törədəcəyini qeyd etdi. Onun sözlərinə görə, bitkilərin inkişafı üçün müəyyən hava temperaturuna ehtiyac olur: “Məsələn, payızlıq bitkilər qış dövrünü, yəni sakitlik yaşamalıdır. Bunun üçün isə soyuq hava olmalıdır. Bu il havaların isti olması bitkilərin inkişafına səbəb oldu. Xüsusən, payızlıq taxılın qış dövrünü sakit keçirməsi yox, boy artımı müşahidə edildi. Havanın isti keçməsi zamanından əvvəl taxılın boyunu artırdı. Ümumiyyətlə, havaların gah isti, gah soyuq keçməsi bitkilərdə biotik və abiotik stresslərin yaranmasına səbəb olur. Biotik stresslər xəstəliklərin, zərərvericilərin geniş yayılması ilə nəticələnir. Abiotik stresslərə gəldikdə isə xüsusən dağ rayonlarında bir həftə soyuq havalar müşahidə edildi. Bu isə elə bir zamana təsadüf etdi ki, əslində hava isti olmalı idi. Əgər hava isti keçib qəfildən soyuyursa bu zaman bitkinin torpağın üzərinə çıxmış hissəsini, erkən tumurcuqlamış ağacların tumurcuğunu məhv edir, və yaxud da mayalanma prosesinə mənfi təsirlər göstərir. İqlim dəyişikliyi ona gətirib çıxarıb ki, bitkinin normal inkişafı, demək olar ki, baş verməyib”.

Digər bir problem isə mütəxəssisin fikrincə, fermerlərin böyük əksəriyyətinin işi bilməməzliyindən qaynaqlanır. Belə ki, payız əkini zamanı aqrotexniki qaydanı bilməyən fermerlər həm bitkinin boy artımını sürətləndirən azot gübrəsindən daha çox istifadə ediblər, həm də ikinci suvarmanı aparıblar: “Bu, yolverilməzdir. Bitki boyu artandan sonra lazım olan hava ilə təmin edilməyəndə inkişafdan dayanır. Bu isə bitkinin kök inkişafının zəifləməsinə, nəticədə qida ilə təminatına problemlər yaradır. Əgər havada lazım olan soyuqluq olardısa bitkinin üst hissəsi yox, kök hissəsi inkişaf edərdi. yəni normal aqro proses bunu tələb edir. İndiki halda isə kök sistemi zəif qalır, üst hissə inkişaf edir, nəticədə bitki normal qidalanma imkanından məhrum olur. Müşahidələr göstərir ki, taxıl sahələrində seyrəklik çoxalıb, üstəlik erkən oyanan taxıl böcəyi artıq öz ziyanvericilik fəaliyyətinə başlayıb. Bundan əlavə, proqnozlara görə, yaxın günlərdə yağıntı gözlənilir ki, bu da bir sıra göbələk xəstəliklərinin yayılmasına səbəb olacaq”.

V.Məhərrəmovun sözlərinə görə, bir çox fermerlər qaydaları bilmədiyindən hava şəraitinin gətirdiyi risklərin qarşısını nisbətən də olsa ala bilmirlər: “Bu səbəbdən də təəssüflər olsun ki, bu il də məhsuldarlığın aşağı olması müşahidə ediləcək. Meyvə-tərəvəzdə də, xüsusən də meyvələrdə problem olacaq. Bu isə ağacların erkən oyanması, erkən çiçəklənmə ilə bağlıdır. Müşahidələr göstərir ki, mayalanma vaxtında getmir və getməyəcək də”. Mütəxəssisin fikrincə, bundan sonrakı müddətdə qəfildən havalar kəskin soyuqlaşarsa, bu, kənd təsərrüfatı üçün ümumiyyətlə pis nəticələnəcək.

Həbibə ABDULLA