• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Meyvəçiliyə ziyanlı, taxılçılığa xeyirli

01.04.14 12:21 1323
Meyvəçiliyə ziyanlı, taxılçılığa xeyirli
Havalar kəskin dəyişməzdən bir neçə gün öncə atamla danışmışdıq. Sevincək idi, deyirdi ki, əriklər yaxşı çiçəkləyib, inşallah bu il ərikdən bol olacağıq. Qar yağan gün isə atamın qanı qaralmışdı: “Qızım, bütün çiçəkləri şaxta, qar vurub heyif etdi”.
Gerçəkdən də havaların bir müddət isti keçdikdən sonra qəfildən kəskin dəyişməsi erkən çiçəkləmiş meyvələrin məhsuldarlığına ciddi ziyan vura bilər. Ərik, alça və s. bu kimi meyvələrin bu il az olacağını gözləmək mümkündür. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, son yağan qar fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edəcək: “Kənd təsərrüfatı riskli bir sahədir. Yəni hava iqlim şəraitindən sığortalanmayıb. Son dövrlər havanın kəskin dəyişməsi, soyuq hava kütləsinin ölkəyə daxil olması kənd təsərrüfatına həm mənfi, həm də müsbət təsir edir. Bu hal taxılçılığa müsbət təsir edir. Çünki qarın yağması torpaqda münbitliyi, nəmliyi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir”. M.Hacıyev qeyd edib ki, tərəvəz məhsulları adətən aprelin ikinci ongünlüyündə sahələrə köçürülməyə başlanır. Xüsusən də pomidor, xiyar məhsulları və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayacaq. Bu baxımdan belə hava bostan bitkilərinin inkişafına müsbət təsir edəcək.
Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Nazirlik rəsmisinin sözlərinə görə, bu, xüsusən də çəyirdəkli meyvələrin, ərik, alça, badam və s. yetişməsinə ziyandır. Hansı ki, erkən çiçəkləyən ağaclar var, onların bar verməsinə mənfi təsir edir. M.Hacıyev fermerlərə belə hallarda bəzi ehtiyat tədbirlərinin görülməsini məsləhət bilir: “Fermerlər əlavə aqrotexniki tədbirlər həyata keçirtməklə məhsulu bərpa edə bilərlər. Xüsusən də meyvəçiliklə məşğul olan fermerlərə məsləhət görərdik ki, şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görsünlər. Torpağa kompleks gübrələr verilsin. Torpaq yaxşıca bellənsin. Bir də, şaxta vuran budaqları kəsməklə don vuran tumurcuqları bərpa etmək olar. Bununla da, məhsuldarlığı müəyyən dərəcədə saxlamaq mümkündür”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qəzetimizə açıqlamasında bildirdi ki, temperaturun bir günün içində birdən-birə 20 dərəcə, hətta bundan da çox fərqin yaranması bitkilərə mənfi təsirini göstərir: “Hava istiyə doğru dəyişsəydi, onun da təsiri olardı. Bu vəziyyət ilk növbədə ərik, alça, şaftalı kimi bəzi bölgələrdə çiçəklənmə və mayalanma dövründə olan meyvələrə təsir edəcək. Meyvələrin çiçəklənmə dövrünün ilk mərhələsi, mayalanma və mayalanmadan sonrakı mərhələsi var. Əgər bu, mayalanmadan sonrakı dövrə təsadüf etsəydi elə də ciddi təsiri olmazdı, ona görə ki, belə olan halda soyuğun uzunmüddətli olması, qarın yağması da fəsad törətmir. Amma temperaturun -1 və -2 dərəcədə olmasının mayalanma dövrünə təsadüf etməsi çox pis haldır. Elə olan halda çiçəklərdə mayalanma prosesi dayanır və sonradan bu, məhsuldarlığa ciddi təsir edir. Azərbaycanda iqlim şəraiti müxtəlifdir. Elə bölgələr var ki, ola bilsin orada hava mənfiyə düşməyib və düşünürəm ki, orada elə də fəsad yaratmayıb. Qəfil yağan vaxtsız qarın məhsuldarlığa müəyyən təsir olacaq, amma ciddi olmayacaq. Fermerlər gərək hər bir bitkiyə fərdi yanaşsınlar. Bəzi bölgələrdə erkən kartof əkini ilə məşğul olan fermerlər var ki, onlar üçün ciddi ziyanla nəticələnə bilər havanın kəskin dəyişməsi. Çünki onlardan bəziləri sahələrin üzərindən örtüyü açmışdılar”.
V.Məhərrəmovun sözlərinə görə, bu cür havaların müsbət təsir etdiyi sahələr də var: “Son zamanlar havanın isti keçməsi nəticəsində bitkilərin suya olan tələbatında ciddi problemlər vardı. Bizə də zənglər gəlirdi ki, su çatışmır, Kürün səviyyəsi düşüb, ona görə də suvarmada çətinlik yaşanır. Bu çətinlik daha çox taxılçılıqda müşahidə olunurdu. Bu günlərdə qarın və yağışın yağması bu problemi qismən ödəyə bildi. İndiki mərhələdə bunun taxılçılığa müəyyən müsbət təsiri oldu. Aprel ayında bizi bu cür sürprizlər gözləyir. Bu, bütün dünyada belədir, qlobal iqlim dəyişikliyi baş verir, hava kəskin surətdə dəyişir. Çoxillik bitkilərə təsiri olmur belə havaların. Ona görə də düşünürəm ki, o sahədə də müsbət təsir ola bilər, həmin bitkilərin suya olan tələbatının ödənməsi baxımından. Ümumiyyətlə, ölkə üzrə götürəndə xüsusilə indiki mövsümdə çiçəkləyən meyvə ağaclarına mənfi təsirlər qeydə alınıb”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər