• çərşənbə, 24 Aprel, 02:44
  • Baku Bakı 14°C

Metroda Tovuza “gedən” qatar var imiş – Sadə peşə adamı

15.07.14 08:49 3864
Metroda Tovuza “gedən” qatar var imiş – Sadə peşə adamı
“Səbr, səbr, səbr. Bu keyfiyyət insana yerin altında işləmək üçün stimul verir. Mən inanmıram ki, hansısa səbrsiz biri havasız yerdə 12 saat ayaq üstə qalıb qatarları qəbul etsin və əsəbi sərnişinlərlə mülayim danışa bilsin. Bunu bacara bilən insan ilk növbədə səbrli və sənətinin vurğunu olmalıdır”.
«Qırmızı papaqlı» qızların vurğunu
Bu sözləri bizimlə söhbətində 6 ildir Bakı Metropoliteninin İçərişəhər stansiyasında növbətçi kimi çalışan Cəmalə Əfsəlova dedi. Həmsöhbətimiz uzun müddət Rusiyada yaşadıqdan sonra Bakıya gəlib. Deyir ki, hər dəfə metrodan istifadə edərkən orada çalışan qırmızı papaqlı qızları gördükdə, daxilində qəribə həyəcan hiss edirmiş. Cəmalə bu sənəti o qədər sevib ki, bəzən saatlara dayanıb, həmin qızların iş prosesini izləyirmiş. O, bu sənətin vurğunu olduğunu anladıqdan sonra arzusunun ardınca getməyə başlayıb: “Bəzən məhz qırmızı papaqlı qızları izləmək üçün metrodan istifadə edirdim. Bu sənətin mənə niyə bu qədər doğma gəldiyini anlaya bilmirdim. Onların geyimləri, hərəkətləri, gülər üzləri məni özünə cəlb edirdi. Buradakı düzgünlük, dəqiqlik, nizam-intizam məni heyran edirdi. Mən də həmin vəzifəni icra etmək üçün Metropoliten İdarəsinə müraciət etdim. Əvvəlcə təcrübəçi kimi işləməyə başladım. Bu zaman mənə işin sirlərini, sərnişinlərlə necə davranmaq lazım olduğunu, xüsusilə diqqətli olmağı öyrətdilər. O zaman bildim ki, yaxşı metro işçisi olmaq üçün məsuliyyət əsasdır. Qarşındakı əsəbidirsə, sən susmalı və əgər səndə səhv varsa, səhvini başa düşməlisən”.
12 saat havasız qalırıq
Cəmalə təcrübə müddətini başa vurduqdan sonra qatarların qəbul olunması və yola salınması üzrə növbətçi işləməyə başlayıb: “Metro ölkəmiz üçün əvəzolunmaz sərvətdir. Burada çalışmaq həm məsuliyyətli, həm də şərəflidir. Mən bunun fərqində idim və buranın işçisi olmaq üçün əlimdən gələni edirdim. Təcrübə müddəti bitdikdə imtahan verdim. İmtahandan müvəffəqiyyətlə keçdikdən sonra məni qatarların qəbul olunması və yola salınması üzrə növbətçi vəzifəsinə təyin etdilər. Çox sevincli idim, çünki, rəsmi olaraq mən də o formanı geyinib qırmızı papaqlı qız olacaqdım”.
Sənətinin çətinliklərindən danışan müsahibimizin dediyinə görə, 12 saat yerin altında, havasız yerdə çalışmaq və insanlarla ünsiyyətdə olmaq onu heç zaman yormayıb. Onun sözlərinə görə, sənətini hər vaxt sevərək icra edib: “Hər sənətdə olduğu kimi, bizim də sənətin müəyyən çətinlikləri var. Metroda hər xarakterdə insanla rastlaşmaq mümkündür. Onlarla ünsiyyət qurmaq çox çətindir. Kimin hansı hadisəyə necə reaksiya verəcəyini bilmək olmur. Sərnişinlər bəzən bizimlə əsəbi halda davranır, sanki hər şeyin günahkarı bizik, bəzən də zarafatyana ifadələrlə bizi qıcıqlandırmağa çalışırlar. Çox çətinliklərimiz olur. Elə sərnişin var, özünü qatardan aşağı atır, kimisi qatarı təpikləyir, bəziləri qatara səhv minir, yolu tanımır, səhv yola çıxır, bu zaman da əsəbiləşirək bizimlə kobud şəkildə danışır. Amma biz hər zaman səbirli, mülayim və gülərüzlü olmağa çalışırıq”.
2-ci qatar Qusara gedir...
Cəmalənin işini icra etdiyi vaxtlarda başına gülməli hadisələr də gəlib. Həmsöhbətimizin sözlərinə görə, ona metroda Tovuza, Qazaxa getmək üçün hansı qatara minmək lazım olduğunu soruşanlar belə olub. Müsahibimiz həmin anları bizimlə bölüşərkən o günləri gülərək xatırlayır: “Burada əsəbi sərnişinlərlə yanaşı, maraqlı sərnişinlərlə də rastlaşırıq. Məsələn, bir dəfə sərnişinin biri mənə yaxınlaşdı və qatarlardan hansının Tovuza getdiyini soruşdu. Həmin insanın məni ələ salmağa çalışdığını bilirdim və mən də ona cavab verdim ki, “hörmətli sərnişin, hazırda gələn qatar Qusara gedir. Siz üçüncü qatarı gözləyin, o Tovuza yola düşəcək”. Bu cavabdan sonra sərnişin özü də gülərək yoluna davam etdi. Yəni sərnişin bizimlə zarafat edirsə, biz də onu zarafatla yola salırıq».
Bir dəfə də xarici vətəndaş yolu tanımadığı üçün ona yaxınlaşıb. Lakin yolu nə qədər izah ediblərsə, bu vətəndaş 5 dəfə fırlanıb həmin yerə çıxırmış. Bundan sonra onlar sərnişinlərdən biri ilə əcnəbini gedəcəyi yerə göndəriblər.
Başını itirən sərnişin
Müsahibimiz metroda gülməli hadisələrlə yanaşı, xoşagəlməz hallarla da qarşılaşıb. O, deyir ki, bu zaman soyuqqanlı olmaq və insanları təşvişə salmamaq lazımdır: “Vəzifəmi icra edərkən başıma faciəvi hadisələr də gəlib. Bir gün qapılar bağlandı və heç bir problem olmadığını müşahidə edib qatara yola düşməsi üçün göstəriş verdim. Qatar yola düşərkən, axırıncı vaqonda bir xanım içəridən qapını açdı və platformaya tullandı. Qatar sürətlə hərəkət etdiyindən onun başı platformaya dəydi, hər yer qana boyandı. Təcili yardım çağırdıq müayinə edildi. Özünə gələndə sərnişindən qatardan tullanmasının səbəbini soruşduq. Dedi ki, telefonum düşmüşdü, başımı itirdim və tullandım. Daha sonra kameralar vasitəsi ilə həmin hadisə araşdırıldı və günahın sərnişində olduğu sübut edildi”.
“İş yoldaşlarım ikinci ailəmdir”
Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, qatarları qəbul edən və yola salan növbətçinin göstərişi olmadan qatar hərəkət edə bilməz: “Qatar gəldikdə biz ona yaxınlaşırıq. Qatarı idarə edən maşinistin fikri bizdə olur. Əgər diskin qırmızı tərəfi qaldırılsa, deməli, nə isə problem var və bu zaman qatar hərəkət edə bilməz. Ağ disk qaldırıldıqda isə maşinist qatarı hərəkət etdirir. Yəni biz göstəriş vermədən qatar hərəkət edə bilməz”.
Cəmalə 2 il qatarları qəbul edən və yola salan növbətçi kimi işlədikdən sonra İçərişəhər stansiyasında bir pillə də irəliləyərək mərkəzləşmə məntəqəsi üzrə növbətçi təyin olunub. Sənətindən danışarkən həyəcanlanan müsahibimiz deyir ki, bu vəzifəyə gəlməsində onu hərəkət xidmətinin rəisi Hidayət Məmmədov həvəsləndirib. 6 il müddətində metropoliten işçiləri Cəmalənin ikinci ailəsinə çevrilib: “Kollektivimiz çox mehribandır. Biz burada bir ailə kimiyik. Hətta mən məzuniyyətə getdikdə belə, işim üçün çox darıxıram. Düzdür, yerin altında uzun müddət qalmaq çox çətindir. Amma biz hər vaxt bir-birimizi əvəz edərək dəstək olmağa çalışırıq. Əsas məqsədimiz işimizin qüsursuz icra olunmasıdır. Burada hər kəs bir-biri ilə çox mehribandır. Özümüz gülərüz olmalıyıq ki, qarşımızdakı insan da bizə gülümsəsin və münasibətlərimizdə heç bir problem olmasın”.
Müsahibimiz sonda vurğuladı ki, insan hər zaman sevdiyi peşəni seçməli və orada çalışmalıdır. Çünki, peşəni icra etdikdə xoşbəxt olmasan, uğur əldə edə bilməzsən.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər