• cümə, 26 Aprel, 07:57
  • Baku Bakı 12°C

Mətbuat tariximizin ilk tədqiqatçıları

30.06.17 13:00 2921
Mətbuat tariximizin ilk tədqiqatçıları
XIX yüzilliyin ikinci yarısından başlayaraq, Azərbaycanda müxtəlif ideya və məsləkli qəzetlər, jurnallar çap olunurdusa, digər tərəfdən də mətbuat tarixi yazılırdı. Bu sahədə ilk addımı atanlar da, onun keçdiyi yolun mənzərəsini canlandırmağa çalışanlar da elə jurnalistlər, publisistlər olub. M.F.Axundzadə, H.Zərdabi, Ö.F.Nemanzadə, A.Sur, Ə.Müznib, Ə.Abid, M.Cəlil, F.Ağazadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, S.Hüseyn, M.B.Məhəmmədzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və başqaları ayrı-ayrı mətbu orqanlar - qəzetlər, jurnallar barədə dəyərli, maraqlı, məqalələr yazaraq, fikirlər, mülahizələr irəli sürərək, mətbuat tariximizin tədqiqi baxımından çox dəyərli mənbələri bizə miras qoydular. Bu qiymətli mənbələrin müəlliflərinin klassiklərə münasibətində diqqəti cəlb edən, müasirlərindən fərqləndirən əsas xüsusiyyətlər ədəbi-tarixi keçmişə, mədəni tərəqqinin mürəkkəb mərhələlərinə sistemli obyektiv baxışlarıdır.
İlk təşəbbüsü o göstərmişdir
M.F.Axundzadənin mətbuat tariximizlə əlaqədar tədqiqatları, "Con Stüart Milli azadlıq haqqında”, "Kritika” (Yüksək İranın "Millət” qəzeti münşisinə”), H.Zərdabinin "Rusiyada əvvəlinci türk qəzetəsi”, M.Şahtaxtlının "Əyalət mətbuatı”, Ə.Hüseynzadənin "İrşad”, "Həyat” və meyli "Füyuzat”, "Molla Nəsrəddin və "Dəbistan”, "Molla Nəsrəddin”ə təşəkkür”, Ə.M.Topçubaşovun "Tatar-Azərbaycan dilində qəzet çıxarmağın vacibliyi barədə” və "Azərbaycanın mayakı”, Ə.Ağaoğlunun "Şərqdə jurnalistikaya bir nəzər” və Şərq jurnalistikasının icmalı”, M.Cəlilin "Rəhbər”, "İrşad”, Ö.F.Nemanzadənin "Mətbuat”, "Molla Nəsrəddin” bağlandı”, H.Vəzirovun "Həsən bəy Məlikov yaradıcılığı”, M.Ə. Rəsulzadənin "Dəbistan”, "Haşım bəy Vəzirov”, "Mətbuat azadlığı”, "Tənqidə ehtiyac var”, "Azəri mətbuatının şanlı xatirəsi”, M.Mahmudbəyovun "Rus mətbuatı və müsəlmanlar”, Ə.Kamalın "Avropada 46 günlük bir səyahət, F.Köçərlinin "Hörmətli "Şərqi-Rus” ruznaməsinə bir neçə söz”, "Azərbaycan dövri mətbuatın qısa icmalı”, "Həsən bəy Məlikov”, "Molla Nəsrəddin”, N.Nərimanovun "Əliqələmli müsəlman ziyalıları haqqında bir necə söz”, "Bəsdir özünüzü rüsvay etdinz”, Ü.Hacıbəylinin "Bəyani məslək”, "Zənbur” jurnalı”, F.Ağazadənin "Mətbuatın tarixi”, Ə.Müznibin "Qafqaz müsəlman mətbuatının 40 illiyi münasibətilə”, "Rəqabəti-mətbuat”, "Haşım bəyin mətbuatı”, "Əli bəy Hüseynzadə”, "Sabirdən bir xatirə”, M.Ş.Mirzəyevin "Qafqazdakı türk mətbuatı tarixindən xatirələr”, C.Hacıbəylinin "Əkinçi”dən "Həqiqət”ədək” sərlövhəli məqaləsi tədqiqatımız üçün çox dəyərli mənbələrdən oldu. Bu məqalələrdə Azərbaycanın dövrü mətbuatının yaranma tarixindən, inkişafından, problemlərindən, qüsurlarından və nailiyyətlərindən bəhs edilir. Əksər tədqiqatçılarımızın fikrincə, M.F.Axundazadə dramaturgiya, şeir, nəsr, əlifba, ədəbi tənqid, publisistika, mətbuat sahəsindəki fəaliyyəti ilə Azərbaycan yeni realist ədəbiyyatının və mətbuatının manifestini yazmışdır. Azərbaycan ədəbi-bədii, ictimai fikir tarixində böyük rolu olan M.F.Axundzadə müəllimi M.Ş.Vazehlə birlikdə mətbəə açmaq, milli dildə qəzet buraxmaq arzusunu reallaşdıra bilməsə də, bu böyük amallar uğrunda ilk toxumları səpmiş bir şəxsiyyət kimi, mətbuat tariximizdə də həmişə yaşamaq şərəfinə nail olmuşdur.
Onu "Azərbaycan jurnalistikasının banisi” adlandıran R.Mahmudov yazır: "Mətbuatımızın, publisistika və ümumiyyətlə, jurnalistikamızın yaranması da birinci növbədə onun adı ilə bağlıdır. Doğrudur, M.F.Axundzadə bu və digər bir mətbuat orqanının başında durmamışdır. Lakin ana dilimizdə mətbuat yaratmaq üçün ilk təşəbbüsü o göstərmiş və bu sahədə çox iş görmüşdü”. Tədqiqatçı alim İ.Ağayevin fikrincə, Azərbaycanda hələ dövrü mətbuatın meydana çıxmasından xeyli əvvəl Axundov həm də satirik mətbuatın yaradılmasını arzulayırdı. M.F.Axundov bu fikirlərini 1872-ci ildə Mirzə Yusif xana yazdığı məktubunda belə açıqlayırdı: "Hazırda Avropa ölkələrinin hər birində satirik qəzetlər, yəni öz həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar”. M.F.Axundzadənin milli mətbuatı yaratmaq sahəsində ən böyük xidməti "Əkinçi”nin fəaliyyətə başlaması üçün H.Zərdabiyə hərtərəfli yardım göstərməsi, ona mənəvi dayaq durmasıdır. Bu amil zərdabişünasların əksəriyyətinin əsərlərində özünü göstərir. P.Əfəndiyevin "M.F.Axundov və H.Zərdabi” məqaləsində və C.Nağıyevanın "Həsən bəy Zərdabi arxivinin təsviri” kitabında, tədqiqatçı alim A.Mişiyevin "Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti” əsərində bu haqda geniş məlumat verilib. Dövrü mətbuatın ideya-estetik prinsiplərini hazırlayan M.F.Axundovun nəzərincə, mətbuatın ideyalılığı və müasirliyi ən ümdə şərtlərdən biridir. Odur ki, çəkinmədən deyə bilərik ki, M.F.Axundzadənin H.Zərdabiyə məktubları, "Con Stüard Milli azadlıq haqqında”, "Kritika (Yüksək İranın "Millət” qəzeti münşisinə”) adlı məqalələrindən aydın olur ki, ədib mətbuat quruculuğu sahəsinə dərindən bələd olub və bu məqalələr mətbuatşünaslığımızın tədqiqində bu gün də əhəmiyyətini itirməyib.
"Molla Nəsrəddin” haqda ilk böyük məqalə
Azərbaycan ədəbi fikir tarixində M.F.Axundzadədən sonra Firudin bəy Köçərlinin çıxışları, ədəbi-tənqidi, ictimai-siyasi görüşləri yeni bir mərhələ təşkil edir. F.Ağazadənin "dəyərli bir qələm sahibi” adlandırdığı F.Köçərli mətbuatın xalqın mənəvi tərbiyəsində və ictimai inkişafında mühüm rol oynadığını dönə-dönə məqalələrində qeyd edirdi. O, Azərbaycan mətbuatını müntəzəm və diqqətlə izləmiş, tədqiq etmiş, "Əkinçi”dən 1920-ci ilə qədər olan dövrü mətbuat haqqında geniş məlumat vermişdir. Tədqiqatçı alim B.Nəbiyev yazır: "Təmənnasız olaraq bu işə girişmiş və böyük əzab-əziyyətlər, ciddi məhrumiyyətlər bahasına bu işi görmüşdür. Xüsusən də "Əkinçi” və "Molla Nəsrəddin” ənənələrini yaşatmaq və inkişaf etdirmək üçün söylədiyi mülahizələr, fikirlər mətbuatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən zəngin mənbələrdəndir”. "Molla Nəsrəddin” jurnalı haqqında mətbuatda geniş və xeyirxah məqalə ilə ilk dəfə çıxış edən də F.Köçərli olub. 1906-cı ildə qələmə alınan "Molla Nəsrəddin” adlı bu məqalə mətbuatımızın, ictimai fikir tariximizin inkişafında ciddi xidmətləri olmuş həmin jurnal haqqında ilk böyük məqalə hesab olunur.
Azərbaycanda türkçülüyün və turançılığın əsasını qoymuş, türk birliyi ideyasını elmi-nəzəri cəhətdən işləmiş Ə.Hüseynzadənin də dövrü mətbuat haqqında bir çox məqalələri var. "İrşad”, "Həyat” və meyli-"Füyuzat”, "Molla Nəsrəddin” və "Dəbistan”, "Molla Nəsrəddin”ə təşəkkür”, "Vidanamə” və s. məqalələri bu baxımdan çox maraqlıdır. "İrşad”ın nəşri haqqında ilk elmi-tarixi məqaləni yazan Ə.Hüseynzadə ""İrşad”ın zühuru həyati-milliyyəmizdə qayət mühüm bir xitvəyi-tərəqqidir” yazaraq nəşrə başlamasını böyük sevinclə qarşılayırdı. "Molla Nəsrəddin”in və "Dəbistan”ın fəaliyyətini yüksək qiymətləndirən Ə.Hüseynzadə uşaqların təlim-tərbiyəsində "Dəbistan”ın daha böyük rol oynadığın qeyd edirdi: "Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun üçün nicat olmaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür. Lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur... bu sözlərdən sonra "Molla Nəsrəddin” ilə "Dəbistan”ı yekdigərinə qiyas etmək lazım gəlsə, demək olur ki, quru ağacı yona bilən "Molla Nəsrəddin” daha hünərli isə, yaş ağacı əyib düzəldən "Dəbistan” daha tədbirlidir”. Mətbuatı "mədəni-mənəvi tərəqqinin, maarifçiliyin və ictimai mübarizənin qiymətli vasitəsi” hesab edən Əli bəy İran mətbuatı haqqında da fikir və mülahizələrini bildirmişdir. "Hanki iranlının məqaləsini yoxlasaq, başdan-başa klerikalizmə qoxusu gəlir” söyləyən ədib, məzhəbpərəstlik səbəbindən mətbuatdakı geriliyi, ətalət və cəhaləti tənqid edirdi.
Azərbaycanda mətbəə və mətbuat tarixi barədə məlumat verən ilk qaynaqlardan biri
Ə.Hüseynzadənin ən yaxın amal dostu Əhməd bəy Ağaoğlu da mətbuat tarixinə aid məqalələr yazıb. O, 1899-cu ildə "Kaspi” qəzetində "Şərqdə jurnalistikaya bir nəzər” və "Şərq jurnalistikasının icmalı” məqalələrində jurnalistikanın cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edərək, Şərq dünyasının qəflət yuxusunda olmasını təəssüflə bildirirdi. Mətbuatı cəmiyyət həyatının "barometri” adlandıran Əhməd bəy "İrşad” qəzetini ilk sayından Azərbaycan mətbuatının ən ciddi problemləri ilə məşğul olmağa yönəltmişdir. "Molla Nəsrəddin”in mətbuat aləminə gəlişinə çox sevinən və onun fəaliyyətini yüksək qiymətləndirən Əhməd bəy "İrşad” qəzetinin 16 aprel 1906-cı il tarixli sayında yazırdı: "Baxın "Molla Nəsrəddin”ə! Bu cəridə nə gözəl cəridə! Nə qədər əql, zəka, məharət və zövq göstəriyor! Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi taifələr böylə cəridələr ilə fəxr edə bilərlər! Onun nəqşləri, sözləri o qədər gözəl, o qədər pürməna. O qədər tənbihamiz nəqşələr və sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca bəsirəti artıyor!”. Cəmiyyətdə mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən N.Nərimanov "Kaspi” qəzetinin 1 fevral 1896-cı il tarixli, 25-ci sayında çap olunan "Əliqələmli müsəlman ziyalıları haqqında bir necə söz” sərlövhəli məqaləsində yazırdı: "...yaxşı olardı ki, bütün Zaqafqaziya üçün Azərbaycan dilində, heç olmasa, bircə qəzet nəşr oluna idi və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə müzakirə edilə idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan tələb olunan şeyləri və nədə geri qaldığını bilməyə imkanı olardı”. Məqalələrinin böyük əksəriyyətində mətbuatın vəzifələrindən, cəmiyyətdəki rolundan bəhs edən N.Nərimanov bu mövzuda "Kaspi”, "İrşad”, "İqbal”, "Yeni iqbal”, "Bəsirət” qəzetlərində mütəmadi çıxışlar edib. İnsanlarımızın mətbuata qarşı marağını görən və bundan çox sevinən müəllif yazırdı: "Mətbuat ikinci bir dövlət qüvvətindədir. İndi demək olmaz qəzetlərimizi oxumurlar”.
Görkəmli publisist Mirzə Cəlilin də dövrü mətbuatın fəaliyyətinə həsr etdiyi "İrşad”, "Rəhbər”, "Məslək”, "Tərcüman”, "İşıq”, "Molla Nəsrəddin”in birinci nömrəsi” adlı məqalələrində həmin mətbu orqanlar haqqında yetərincə informasiya var. Burada digər müəlliflərdən fərqli olaraq, M.Cəlil qələm yoldaşlarının nöqsanlarını söyləməklə yanaşı, onlardan dəyərli məsləhətlərini də əsirgəmirdi. Bu mövzuda olan məqalələrində əsasən mətbuatın dil və üslub məsələlərinə daha çox önəm verən M.Cəlil məzmunsuz, anlaşıqsız, uzun-uzadı məqalələrin mətbuat səhifələrinə yol tapmasına qarşı çıxırdı. "Təmizləmək” adlı felyetonunda "Sabah” qəzetin dilini, üslubunu məhz buna görə tənqid edirdi. "Mətbuatı olmayan millətin mövcudiyyəti, istiqbalı qətiyyən yoxdur” deyən M.Cəlilin amal dostu Ö.F.Nemanzadənin "Əhməd bəy Ağayev”, "Molla Nəsərəddin” bağlandı”, "Haşım bəy üçün”, "Açıq sözlər”, "Dəvət”, "Dərdimiz və dərmanımız”, "Şərqi-rus” qəzeti” və s. məqalələrində Azərbaycan mətbuatının yaranmasında, inkişafında M.Cəlilin, Ə.Ağaoğlunun, H.Vəzirovun misilsiz xidmətlərindən geniş söhbət açılır. "Mətbuat” adlı məqaləsində Ömər Faiq əfəndi yazırdı: "Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı, nüfuzlu mətbuat var isə ən mütərəqqi və mədəni məmləkət də oradır. Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur”. Müəllifin 1905-ci ildə "Qeyrət” mətbəəsində çap edilən "Nəşri-Asarə Dəvət” ("Əsərlər nəşrinə dəvət”) əsəri Azərbaycanda mətbəə və mətbuat tarixi barədə ilk məlumat verən çox böyük və qiymətli qaynaqlardan biridir. "Ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır” deyən Ö.F.Nemanzadə "mətbuatı olmayan millətin dili yoxdur, dili olmayanın da mövcudiyyəti yoxdur” söyləməklə, mətbuatın cəmiyyətdə necə böyük önəm kəsb etdiyini vurğulamaqda çox haqlıdır.
Yazıçı-publisist Yusif Vəzir Çəmənzəminli "Bizə ciddi mətbuat çoxdan lazım idi” sərlövhəli məqaləsində ziddiyyətli fikirlər söyləsə də, XX əsr Azərbaycan mətbuatının problemləri, inkişaf çətinlikləri, vəzifələri haqqında bir sıra düzgün fikirlər bildirib. Əsasən 1910-cu ildən sonra dövrü mətbuatda ədəbi-tənqidi məqalələr çap etdirən” Y.Çəmənzəminli "Azərbaycan mətbuatının inkişaf yolları” və "Molla Nəsrəddin” satirasının əhəmiyyəti” adlı məqalələrində mətbuatın inkişafı üçün mühüm təkliflər, mülahizələr irəli sürüb. O, "Molla Nəsrəddin”i "Azərbaycan mətbuatının zinəti”, M.Cəlili isə "ədəbi dövrün başçısı” adlandırırdı. Mətbu sözünə sahib olmaq üçün xalqın necə böyük çətinliklərə məruz qaldığını tanınmış naşir Əlabbas Müznib "Qafqaz müsəlman mətbuatının 40 illiyi münasibətilə” adlı məqaləsində belə qeyd edirdi: "Bizim mətbuat haman zikir olunan məşəqqətlərlə binalanmış, mətbuat üstündə qərib ölkələrə getmək, dəfələrlə həbs və sürgün edilmək Qafqasya balalarının ənami-qiymətdən olmuşdur”. Ə.Müznib "Sabirdən bir xatirə” adlı xatiratında mollanəsrəddinçilərdən M.Cəlil, M.Ə.Sabir və Ə.Haqverdiyevin Azərbaycan mətbuatının yaranmasında və inkişafında böyük rolundan bəhs edir. Burada həmçinin "Zənbur”, "Səda”, "Babayi-Əmir”, "Həqiqət” mətbu orqanlarının mətbuatımızın tarixindəki yeri, rolu açıqlanır. Mətbuat və mətbuatşünaslıq tariximizi əks etdirən bu məqalələrin çox cüzi bir qismindən bəhs etdik. Onlar bu gün mətbuatşünaslığımızın tədqiqi üçün çox dəyərli mənbələrdəndir. Çünki bu mənbələrdə sovet dövrü tədqiqatlarından fərqli olaraq, dövrün tələb və təkliflərindən uzaq, sağlam, obyektiv fikir və mülahizələr söylənilib.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər