• cümə, 19 Aprel, 03:52
  • Baku Bakı 18°C

“Mətbuat Şurasının “qara siyahı”sındakı KİV-lərin sayı arta bilər”

19.02.15 15:14 1915
“Mətbuat Şurasının “qara siyahı”sındakı KİV-lərin sayı arta bilər”
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- Ötən ili Azərbaycan jurnalistikası üçün necə dəyərləndirirsiz?

- 2014-cü ili Azərbaycan jurnalistikasının inkişafı baxımından uğurlu il adlandırmaq mümkündür. Əslində, hər ötən il mediamız nələrisə qazanır. Sadəcə, ola bilər, proseslər ləng gedir. Yəni, gözlədiyimiz tempə uyğun gəlmir. Başladığımız elə işlər də var ki, onların faydalı cəhətləri perspektivdə özünü daha qabarıq göstərəcək. Bu mənada, ilk növbədə ali məktəblərin jurnalistika fakültəsinə qəbul qaydalarında dəyişikliklərin edilməsini vurğulamaq istərdim. Özlüyündə mütərəqqi əhəmiyyət daşıyan bu prosedur jurnalistikaya həqiqi marağı olan şəxslərin sahəyə axınını şərtləndirəcək. Bu, son dərəcə mühüm amildir.
Təbii ki, problemlərimiz də yox deyil. Qəzet yayımı sahəsindəki rentabelliyin azlığından, peşəkarlığın zəifliyindən tutmuş internet media ilə bağlı çətinliklərə qədər bir çox cəhətləri sıralamaq mümkündür. Ancaq biz problemləri kifayət qədər aydın görürük və daim gündəmdə saxlayırıq. “Biz” deyərkən, yalnız Mətbuat Şurasının fəaliyyəti üzərində dayanmaq istəməzdim. Ümumən jurnalistika öz problemlərinə münasibətdə həssasdır. Ümumilikdə, yenə də deyirəm, 2014-cü ildə də mediamız irəliyə doğru növbəti addım atıb.
- “Qasid” yayım firmasının bağlanmasından sonra qəzetlərin satış tirajı aşağı düşüb. Qəzet satışının artırılması üçün tədbirlər görülürmü? Görülürsə, effekti varmı?

- Qəzet satışı ilə bağlı məsələ ötən ilin aprel ayından başlayaraq aktuallaşmağa başladı. Məlumdur ki, buna səbəb metro stansiyalarında satışın dayandırılması idi. Həmin vaxt Mətbuat Şurası mövcud istiqamətdə bir sıra qurumlarla təmaslar qurdu. Şuranın qəzet yayımının vəziyyətini araşdıran komissiyanın üzvləri paytaxtın müxtəlif yerlərindəki köşklərin yerləşməsinə dair vəziyyəti araşdırdı. Məlum oldu ki, qəzet köşklərinin sayı azdır. Bakıdakı yeni köşklərdə qəzet satışını həyata keçirən “Əks-səda” firmasının rəhbərliyi ilə danışıqlar nəticəsində belə məntəqələrin sayı çoxaldıldı. Hazırda mövcud sahədəki durumu tam qənaətbəxş olmasa da, qismən stabil qiymətləndirmək mümkündür. Məsələ diqqətimizdədir.
- Mətbuat Şurasına edilən şikayətlərlə bağlı daha çox hansı tədbirlər görülür? KİV-lərin adları daha çox “qara siyahı”ya salınır, yoxsa məsələlər əsasən xəbərdarlıqlarla həll olunur?

- Şikayətlər Şuranın prosedur fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırılır. Əvvəl Katiblikdə baxılır, sonra komissiyalara yönləndirilir, daha sonra İdarə Heyətində baxılaraq konkret qərarlar qəbul edilir. Bu zaman materialları şikayət doğuran kütləvi informasiya vasitəsinin hər birinə şikayətin motivindən asılı olaraq yanaşılır.
2014-cü ildə Şuraya ümumilikdə 588 müraciət daxil olub. Onlardan 320-si bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi 320 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 168 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 152 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2014-cü ildə Şuraya daxil olan şikayətlərin 152-si komissiyalarda araşdırılıb. Bunlardan 98-i Şikayətlər üzrə Komissiyada, 54-ü “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 98 məsələdən 70-i komissiya səviyyəsində həllini tapıb. Digər 28 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 7-si barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Beləliklə, Şuranın İdarə Heyəti 2014-cü ildə ümumilikdə 31 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 28 rəyindən 26-sı, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 7 təqdimatından 5-i əsas götürülüb.
Mətbuat Şurasının qərarlarının 28,2 faizi cavabdeh KİV-nin təkzib verməsini, 26,5 faizi qarşı tərəfin mövqeyinin işıqlandırmasını, 24,3 faizi təkzib və üzr istəməsini, 14 faizi xəbərdarlığı, 7 faizi isə “qara siyahı”ya salınmasını nəzərdə tutur. Ancaq barəsində şikayət olan KİV-lərin çox hissəsində media fəaliyyətindən sui-istifadə meyilləri var. Sadəcə, “qara siyahı”ya salınma ən sonuncu ictimai qınaq vasitəsidir.
- Hazırda Mətbuat Şurasının “qara siyahı”sında neçə KİV-in adı var?

- “Qara siyahı”dakı KİV-lərin hazırkı sayı 81-dir. Əslində, bu rəqəm daha çox ola bilər. Əvvəla, apardığımız araşdırmalara görə, peşə fəaliyyətindən sui-istifadəyə yol verən KİV-lərin sayı daha çoxdur ki, onların heç də hamısı barədə Şuraya rəsmi şikayətlər daxil olmur. Yalnız ayrı-ayrı şəxslər istər zəng edərək, istərsə də müxtəlif təmaslarda bir sıra KİV-lərin adlarını çəkirlər, narazılıqlarını şifahi şəkildə bildirirlər. Mətbuat Şurası belə məqamları da diqqətdə saxlayır. Ancaq proseduru həyata keçirmək üçün konkret şikayət olmalıdır. Ümumən “reket jurnalistika” hələ də bir poblem kimi aktuallığını saxlamaqdadır.
Digər tərəfdən, iki il öncə Mətbuat Şurası “qara siyahı”da yer almış bəzi KİV-lərin Şuraya siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdırdı. Bir sıra KİV-lər fəaliyyətində dönüş yaratdıqları nəzərə alınaraq siyahıdan çıxarıldı. Amma ötən müddətdə onların heç də hamısı gözləntiləri doğrultmadı. Belələrinin Şuranın ən sərt ictimai qınaq metodu ilə yenidən üzləşəcəyi istisna deyil. Bu mənada “qara siyahı”dakı KİV-lərin sayı arta bilər.
- Bir müddət əvvəl Mətbuat Şurasına üzvlüklə bağlı yeni qaydalar qəbul ediləcəyi açıqlandı. Yeni qaydalar nə vaxt qəbul ediləcək və orada hansı məhdudiyyətlər nəzərdə tutulur?

- Mətbuat Şurasına üzvlük qaydaları ilə bağlı İdarə Heyətində müzakirələr keçirildi. Sənəd əsas kimi qəbul edildi. Sadəcə, orada bəzi əlavə və dəyişikliklərin aparılmasının vacibliyi də vurğulandı və hazırda mövcud istiqamətdə iş aparılmaqdadır.
Öncə üzvlük üçün olan tələbləri sıralamaq istərdim. Bunlar Azərbaycanda hüquqi şəxs və vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçməkdən, azı 2 il fəaliyyət göstərməkdən, əməkdaşlarının sayı 3 nəfərdən az olmamaqdan ibarətdir. Eyni zamanda, üzvlük üçün müraciət edən media qurumu barədə son 1 il müddətində Şuraya haqlı şikayət məktubu da ünvanlanmamalıdır.
Məhdudiyyətlərə gəlincə, peşə prinsiplərinin pozulmasına dair barələrində Şuranın qərarı olan media qurumları həmin qərarın qəbul edildiyi gündən sonrakı 1 ildən tez üzvlük üçün müraciət edə bilməzlər. Həmçinin, adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş “qara siyahı”sında yer alan media qurumlarının müraciətinə də baxılmayacaq. Fəaliyyət mütəmadiliyi davamlı şəkildə pozulan media qurumlarının üzvlüyünə yol verilməyəcək. Məsələn, deyək ki, hansısa qəzet həftəlik nəşr olaraq qeydiyyatdan keçibsə, ancaq aylarla fəaliyyət göstərmirsə, Şuraya üzv ola bilməz. Əslində, buna qədər də qeyd etdiyimiz məhdudiyyətlər tətbiq edilirdi. Sadəcə, indi məsələ bir qədər də təkmilləşdirilib. Konkret olaraq göstərilib ki, tirajı 1000-dən aşağı olan qəzetlərin, 500-dən aşağı olan jurnalların Şuraya üzvlüyü yolverilməzdir.
Qeyd edim ki, son zamanlar Mətbuat Şurasına üzv olmaq istəyən internet media vasitələrinin sayı artıb. Qaydalardakı məhdudiyyətlərin önəmli qismi məhz onlarla bağlıdır. Materiallarının beynəlxalq sayğac sistemlərinə əsasən bir günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri və onlayn informasiya portalları üzvlük üçün müraciət edə bilməzlər.
- İnternet KİV-nin ənənəvi qəzetləri sıradan çıxarması barədə zaman-zaman açıqlamalar verilir. Sizin bu yöndə düşüncələriniz nədən ibarətdir?

- Təbii ki, internet medianın təşəkkül tapması texnoloji yeniliyin nəticəsidir. Ola bilər ki, müəyyən müddətdən sonra informasiya materialı kimi kağıza ümumiyyətlə müraciət edilməsin. Ancaq hesab edirəm ki, yaxın perspektiv üçün bunu gözləmək olmaz. Yəni internet medianın ənənəvi medianı tam şəkildə sıradan çıxaracağını düşünmürəm.
Bizi düşündürən başlıca məsələ internet mediada peşəkarlığın səviyyəsidir. İnternet hüquqi cəhətdən tənzimlənmədiyindən, internet medianın da hüquqi statusu müəyyənləşdirilmədiyindən sahəyə peşəkarlarla yanaşı, dilletantların da axın göstəriciləri kifayət qədər yüksəkdir. Bu isə fəsadlar doğurur. Elə bilirəm ki, media ictimaiyyəti olaraq qarşımızda duran başlıca vəzifə həmin fəsadların cəmiyyətə ağrı-acılar yaşatmasının qarşısını almaqdır.
- Bir müddət əvvəl jurnalistlərə bir sıra güzəştləri (xaricdə muzeylərə pulsuz giriş, xaricdə və ölkə daxilində nəqliyyatdan güzəştli istifadə və.s) nəzərdə tutan “sarı kart”ların verilməsi növbəti dəfə gündəmə gəldi. Bu məsələnin nə vaxt reallaşdırılacağını planlaşdırırsınız? Ümumiyyətlə, məsələ niyə ləngiyir?

- Bu məsələ demək olar, Mətbuat Şurası yaranandan gündəmdədir və daha çox media ictimaiyyətinin arzu və istəklərinin nəticəsi olaraq meydana çıxır. Əlbəttə, jurnalistlərin bu və ya digər şəkildə imtiyazlı təbəqə olması vacibdir. Ancaq bu imtiyazlar tətbiq edilərkən bir sıra məqamlar nəzərə alınmalıdır. İlk növbədə hüquqi mexanizm formalaşmalıdır. Azərbaycanda qeydiyyatdan keçən KİV-lərin sayı 5 minə yaxındır. Ancaq onların heç də hamısı üzərinə düşən missiyanı yerinə yetirmir. Bir çoxunun fəaliyyəti isə sui-istifadə mahiyyəti daşıyır. Elə KİV-lər var ki, ayda bir dəfə çıxmadığı halda vəsiqəsini daşıyanların sayı 20-30-dur. Əgər imtiyazlar tətbiq ediləcəksə, bu, müəyyən qanuna əsasən baş verəcək. Qanun isə vahid təbiətə malikdir. Bu halda imtiyazları hamıya şamil etmək zərurəti yaranacaq. Amma bu yolverilməzdir. Ona görə də hesab edirəm ki, imtiyazlar tətbiq edilsə belə, proses əsaslı tənzimləmələr aparıldıqdan sonra reallaşmalıdır.
- İki il əvvəl dövlət hesabına tikilən 156 mənzilli bina jurnalistlər arasında bölüşdürüldü. Bu il də jurnalistlərə ev verilməsi gözlənilir. Evlərin bölgüsü zamanı hansı meyarlar əsas götürüləcək?

- 2013-cü ildə mənzillərin bölgüsü prosedurunun gerçəkləşdirilməsi Mətbuat Şurasına həvalə olundu. Şura konkret prinsiplər müəyyənləşdirdi və sənəd qəbulu da həmin prinsiplərə əsasən həyata keçirildi. Hələlik bu məsələnin necə reallaşdırılacağı dəqiqləşməyib. Əgər Azərbaycan dövləti bölgüdə medianın özünütənzimləmə qurumu kimi Mətbuat Şurasına etimad göstərsə, Şura üzərinə düşən vəzifəni yerinə yetirəcək.
- Əflatun müəllim, Azərbaycan Milli Mətbuatı ilə əlaqədar filmlərin çəkilişi ilə bağlı məsələ nə yerdədir?

- Hesab edirəm ki, ötən il Mətbuat Şurası mövcud istiqamətdə kifayət qədər məhsuldar fəaliyyət göstərib. Azərbaycan mətbuatı, bütövlükdə ictimai fikir tarixində mühüm rolu olan tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlər ərsəyə gəldi, təqdimatlar reallaşdırıldı. Bu iş davam etdirilir.
banner

Oxşar Xəbərlər