• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

Mətbuat Şurasından açıqlama

09.10.13 18:32 1336
Mətbuat Şurasından açıqlama
Mətbuat Şurası (MŞ) seçki günü həyata keçirdiyi monitorinqlə bağlı məlumat yayıb.
Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin «qaynar xətt»inə prosesi işıqlandıran iki jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov və “BBC Azərbaycan” xidmətinin əməkdaşı Naibə Abdıyeva müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra hər iki anlaşılmazlıq aradan qaldırılıb.
Müxtəlif bölgələrdə prezident seçkisini izləyən Mətbuat Şurasının monitorinq qrupunun üzvləri gün ərzində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-in əməkdaşlarının prosesi işıqlandırmasına hər cür şərait yaradılıb.
Bundan başqa, gün ərzində MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Milli Məclisin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar.
Mətbuat Şurasının KİV təmsilçilərinin 9 oktyabr prezident seçkisində iştirakına dair rəyi bundan ibarətdir ki, jurnalistlərin prosesi işıqlandırması ilə bağlı vəziyyət qənaətbəxş olub. Seçki qanunvericiliyinin tələbləri gözlənilib. Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə məhdudiyyətlər yaradılmayıb. Şura hesab edir ki, medianın fəallığı ölkədə azad və demokratik seçkinin təşkili üçün zəruri olan informasiya mühitinin formalaşması baxımından müstəsna rol oynayıb.
banner

Oxşar Xəbərlər