Məsuliyyətli davranaq, özünütəcrid qaydalarına riayət edək
Yalnız bu halda koronavirusun
geniş yayılmasının qarşısı alına bilər
Prezident İlham Əliyev ötən gün İqtisadiyyat naziri
Mikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə həyata keçirilən mübarizə
tədbirlərinə toxunub, yeni məhdudlaşdırıcı qaydaların qüvvəyə mindiyini
xatırladıb. Bildirib ki, yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu
mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının
dinamikasının azaldılmasıdır. Onun sözlərinə görə, dövlət tərəfindən qəbul
edilmiş bütün qərarlara, atılmış addımlara baxmayaraq, dinamika artır və bunun əsas
səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Prezident İlham Əliyev deyib
ki, Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi
nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib. Bu gün digər ölkələrlə
müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq,
artıq daxili yoluxma halları vüsət alır və yoluxan insanların sayı artır. Dövlət
başçısı söyləyib ki, əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək
aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır. Azərbaycan
Prezidenti ötən gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər
bir vətəndaşın əməl etməsinin zəruriliyini vurğulayıb. Əminliklə qeyd edib ki, əgər
insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə,
Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısı alına bilər.
Mübarizənin
effektivliyi hər birimizdən asılıdır
Milli Məclisin
Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə dəstək
olaraq bildirib ki, hazırda planetimizin böyük bir fəlakətlə - koronavirusla
(COVID-19) ciddi və çətin mübarizə aparır. Onun sözlərinə görə, bütün dünya ölkələri,
beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habelə
ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə
vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Deputat deyib ki, ölkələrin
əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt
qaydalar tətbiq etməli olur: "Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimiz
və onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olan
bütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür. Təəssüf ki, Azərbaycanda
da virusa yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Sağlamlıq
insan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə,
onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanın
sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. Hər bir
Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac
olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək
olmaqdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, bu gün həkimlərə kömək
göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla
ilə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündən
asılıdır”.
Həkimlərimizə
əlavə problemlər yaratmayaq
R.Mahmudov söyləyib ki, ölkəmizdə xəstəliklə
mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz
davranış nümayiş etdirirlər: "Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir.
Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında da
dediyi kimi, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin
problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah
xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır.
Vətəndaşlarımız həkimlərimizə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz
töhfələrinin nəticəsiz qalmayacağına inanırlar. Bununla belə, ölkəmizdə xəstəliklə
mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar "mənə heç nə
olmaz” fikri ilə rahatca küçələri dolaşır, şəhərə çıxırlar. Bu, yolverilməzdir.
Mən həmin vətəndaşlara səslənirəm. Yaşadığımız çətin günlərdə insanların bu fəlakətin
necə acı nəticələr verə biləcəyini anlamaları çox vacibdir. Bu ağır günlərdə Azərbaycan
həkimləri, sözün həqiqi mənasında, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərirlər.
Ona görə də vətəndaşları həkimlərin tövsiyələrinə qulaq asmağa çağırıram. Hər
bir vətəndaşımız bu tövsiyələrə riayət etməlidir. Tövsiyə isə çox sadədir: məsuliyyətli
olmaq, evdə qalmaq”.
Həmrəylik nümayiş etdirmək
Ehtiyatda
olan təhlükəsizlik zabiti, polkovnik Elcan Abdullayev də Prezident İlham Əliyevin çağırışına dəstək
olaraq bildirib ki, insanlar özlərini məsuliyyətli aparmalı, özünütəcrid
qaydalarına ciddi əməl etməlidirlər. Onun fikrincə, tətbiq edilən qaydalara və
qadağalara əməl etməklə, yüksək səviyyədə nizam-intizam göstərməklə, gigiyenik
qaydalara riayət etməklə Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını
almaq mümkündür: "Hesab edirəm ki, hər bir vətəndaş öz üzərində məsuliyyət hiss
edərək ölkə rəhbərinin çağırışına qoşulmalı, ona dəstək verməli, həmrəylik
nümayiş etdirməlidir. Hətta deyərdim ki, koronavirusa qarşı mübarizə tədbirləri
çərçivəsində qaydalar daha da sərtlədirilməli, Operativ Qərargahın elan etdiyi
iş rejimindən başqa, evdən kənara çıxan şəxslər cərimə edilməlidir. Çünki, beş-on
min insanın məsuliyyətsizliyi on milyon insanı pis vəziyyətdə qoya bilər. Mediadan
aldığım məlumata görə, bu gün Bakıya girişdə sıxlıq yaşanıb. Bir çox hallarda
müəyyən olunub ki, bu avtomobilləri idarə edənlır heç də işə gedənlər deyil, sadəcə
şəhərə gəzintiyə çıxanlardır. Gündəlik işləyib evlərinə çörək pulu aparan şəxslərin
qaydaları - qadağaları pozmasını hardasa anlamaq olar. Amma sadəcə şəhərə gəzməyə
çıxmaq üçün qadağaları pozan şəxslərə güzəştə getmək olmaz. Belələri qanun çərçivəsində
cəzalandırılmalıdırlar. Digər tərəfdən, canab Prezidentin göstırişi ilə bu həftə
ərzində bəzi kateqoriya insanlara müəyyən ödəmələr ediləcək ki, bu da onların
sosial durumuna dəstək xarakteri daşıyır. Zənnimcə, bundan sonra çölə çıxmaq
üçün bəzilərində bu və digər bahənələr ümumiyyətlə olmayacaq”.
Cəmiyyət üçün
təhlükəli daşıyıcıya çevirilmək
İnformasiya Təşəbbüslərinə
Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə koronavirus pandemiyasının qlobal xarakter daşıdığını
xatırladaraq, xəstəliyin qarşısının alınması üçün hər bir dövlətin fərdi
mübarizə aparmaq məcburiyyətində qaldığını söyləyib. O, qəzetimizə
açıqlamasında bildirib ki, yeni koronavirusa qarşı hər hansı vaksin tapılmayıb
və hazırda bütün dövlətlərin yeganə istinad mənbəyi Ümumdünya Səhiyyə Təşkilatının
göstərişlərindən ibarətdir: "Bu səbəbdən bütün ölkələr öz sərhədlərini bağlayaraq, ölkə əhalinisini
bu qorxulu pandemiyadan qorumağa çalışır. Dünyanın iqtisadi və həmçinin tibbi
baxımdan inkişaf etmiş ABŞ kimi ölkəsində ötən gün bu virusa yoluxanların sayı
25 minə yaxın, ölənlərin sayı isə 900 nəfərdən artıqdır. Bütün bu gerçəklikləri
nəzərə alan Prezident İlham Əliyev növbəti dəfə ölkə vətəndaşlarına müraciət edərək,
onları məsuliyyətli olmağa çağırıb. Dövlət başçısının qeyd etdiyi kimi, yeni məhdudlaşdırıcı
tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılması və
yoluxma hallarının dinamikasının azaldılmasıdır. Bəzən bizim bilmədiyimiz ən
mühüm informasiyalar dövlət başçılarında olur. Ölkə rəhbəri xalqa müraciətində
nə maliyyə vəsaitlərində, nə ərzaq təminatında,
nə də digər sahələrdə problemlərin olduğunu bildirmədi. Çünki
dövlətimizin iqtisadi imkanları bir neçə ay ərzində ola biləcək iqtisadi
durğunluğu qarşılamaq gücündədir. Narahatçılıq doğura biləcək yeganə məqam bəzi vətəndaşların məsuliyyətsizliyi, rəsmi
qurumların müəyyən
etdiyi qaydaları pozulmalarıdır.
Bu, çox ağır nəticələrə gətirə bilər. Çünki bu xəstəlik, tez yoluxma gücünə
malikdir və həndəsi silsilə ilə artır. Digər ölkələrdə olduğu
kimi, Azərbaycanda
da
xroniki xəstəliklərin daşıyıcıları var. Koronavirus həmin şəxslər üçün çox ağır keçir və
ölümlə nəticələnə bilər. Sağlam insanların bu xəstəliyə yoluxduğu halda, onların
da cəmiyyət üçün təhlükəli daşıyıcıya çevirildiyini hər birimiz çox gözəl
bilirik. Hamımızın ailəsində xroniki xəstəliyi olan insanlar ola bilər, yaxud
yaşlı valideynlərimiz və ya yaxın qohumlarımız var. Ona görə də hər birimiz
qaydalara ciddi riayət etməli, sadəcə özümüzü deyil, bütün ölkə əhalisini, dövlətimizi
düşünməliyik”.
Yaşamaq üçün
evdə qalmağa dəyər
C.Hüseynzadə
bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın da xalqa müraciət etdiyini
xatırladıb. Qeyd edib ki, bu narahatlıq vətəndaş məsuliyyətsizliyinin ölkə əhalisinin
sağlamlığına vura biləcəyi zərbədən irəli gəlir: "Vətəndaş, sadəcə insan məsuliyyəti
nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən
səylərin gözlənilən nəticəni verməyəcəyi barədə Mehriban xanım Əliyeva açıq
fikrini ifadə etdi. Bu da o deməkdir ki, bir vətəndaşın məsuliyyətsizliyi
onlarla, yüzlərlə insanın ölümünə səbəb ola bilər. Artıq Azərbaycan
koronavirusla bağlı o mərhələdədir ki,
bu pandemiyanın idarəolunması vətəndaşların iradəsinə bağlıdır. 20 gün ərzindəki
davranışımızla, yəni tətbiq olunan qadağalara, qayda-qanunlara riayət etməklə biz
bu virusa qalib gələ, yaxud məsuliyyətsizlik etməklə yüzlərlə insanın həyatına
son qoya bilərik. O baxımdan bəlkə də indiyənə kimi, ölkənin taleyi indiki qədər
hər birimzidən asılı olmayıb. Ona görə də hər birimiz məsələyə ciddi yanaşmalıyıq.
Hər hansı və o qədər də həyatı vacib olmayan şəxsi təlabatlarımızı arxa plana
keçirməliyik. Ölkə rəhbərliyi, ictimai xadimlər, ziyalılar, həkimlər, müəlimlər hər birimizə çağırış edərək, sağ qalmağımız
üçün evdə qalmağımızı rica edirlər. Mən də onlara dəstək olaraq, vətəndaşlarımıza
səslənərək deyirəm ki, yaşamaq üçün evdə qalmağa dəyər”.
Rufik
İSMAYILOV