• cümə, 19 Aprel, 06:31
  • Baku Bakı 13°C

Məsuliyyəti ilə atasını peşman edən yeniyetmə - Portret

29.02.20 10:00 4931
Məsuliyyəti ilə atasını peşman edən yeniyetmə - Portret
O, Bakıdakı yarışda hansı rekordu müəyyənləşdirib?
Cari olimpiya dövrünün təəssüf doğuran məqamı nə qədər çox olsa da, üzümüzü güldürən məqamlar da yox deyil. Tarixdə ilk dəfə əslən azərbaycanlı gimnast fərdi lisenziyaya sahib çıxdısa, velosiped idmanında da Tokio yerli idmançının debütü ilə əlamətdar olacaq. Bunlardan daha çox maraq kəsb edən fakt var ki, bu, üzgüçülük idman növünün payına düşür. Belə ki, indiyədək, sadəcə, "wild kard" əsasında zirvə yarışına yollanan komandamız, ilk dəfə "A" lisenziyasına yiyələndi. Ümumiyyətlə, Riodan bu yana sözügedən idman növü üzrə istər aşağı, istərsə də yuxarı yaş qrupunda çıxış edən təmsilçilərimiz davamlı nailiyyətlərlə yadda qaldı. Ardıcıl iki Avropa Gənclər Yay Olimpiya Festivalında, habelə Bakıda təşkil olunan İslamiadada əldə olunan nəticələr üzgüçülüyə qarşı münasibəti bir xeyli dəyişdi desək, yanılmarıq. Hazırda kifayət qədər perspektivli gənclər var ki, onlar indiyədək müəyyən miqyaslı yarışlarda adlarından söz etdirə biliblər. Bugünkü qəhrəmanımız isə hələ yeniyetmədir. Amma "Tokio 2020"-də iştirak şansları olduqca yüksək qiymətləndirilir.

Üç aya dəyişən baxış və özünü günahkar hiss edən ata
Tanış olun; Vəlizadə Ramil Əli oğlu. 16 fevral 2004-cü ildə Bakıda dünyaya gəlib. Atası ali təhsilli futbol mütəxəssisi olan Ramil, üzgüçülüyə valideynlərinin təşəbbüsü ilə hələ beş yaşında olarkən, başlayıb. Hər bir uşaq kimi, sadəcə, sağlamlıq naminə bu yola qədəm qoyan yeniyetmə qəhrəmanımız, ilk üç ay ərzində elə bir irəliləyişə nail olub ki, müəllimləri onun haqqında artıq peşəkar yöndə düşünməyə başlayıblar. Əzm-inadı, habelə, ata-anasından aldığı maksimum dəstək sayəsində o, günbəgün göstəricilərini daha da yaxşılaşdıraraq, bəslənən ümidləri artıqlaması ilə doğruldub. Beləcə, "Aqua park"dan start götürən yol Ramili cəmi altı ilə yığma komandaya aparıb. Eyni qaydada etimadı doğruldan Vəlizadə, ötən illər ərzində böyüklər arasında baş tutan respublika çempionatlarının 50-dək qalib və mükafatçısı olub. O cümlədən, dəfələrlə ölkə xaricində - Slovakiyanın Jilina, Türkiyənin Ədirnə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində - keçirilən yarışlarda bayrağımızı dalğalandırmaq şərəfi yaşayıb. Bir sözlə, haqqında danışılan yeniyetmə bu gün üçün Azərbaycanın ən titullu üzgüçülərindən biri sayılır.
"Biz ona övladdan çox, idmançı kimi yanaşırıq" - deyir, atası: "Üzgüçülük həyat tərzidir. Bir gün məşqə getməyəndə, darıxır, özünü narahat hiss edir. Hərdən deyir ki, mən üzgüçülükdən sonra, görəsən, nə edəcəyəm? Lap uşaqlıqdan çox məsuliyyətlidir. Ən xırda məsələlərdə belə, bu, özünü büruzə verir. Sözün düzü, bir yandan da peşmanam. Çünki uşaqlığını yaşamayıb. Buna görə özümü hardasa günahkar da hiss edirəm".

AGOF sürprizi: Öz yaşıdları arasında birinci və ölkə rekordu
Ramil Vəlizadə deyərkən, ilk qeyd edilməli yarış ötən ilin iyununda Bakıda təşkil olunan Avropa Gənclər Yay Olimpiya Festivalıdır. Belə ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında finala vəsiqə qazanaraq, 2 dəqiqə 2.11 saniyə göstərici ilə beşinci nəticə göstərdi. Bu zaman Vəlizadənin 15, yuxarı pillələrdə qərarlaşan Rusiya, Böyük Britaniya və Polşadan olan rəqiblərinin 16 yaşında olduğunu nəzərə alsaq, həmyerlimiz öz yaşıdları arasında ən yaxşı oldu. Ümumilikdə, final mərhələsində tarixdə ilk dəfə iki nəfərlə təmsil olunan komandamız sonda mükafatsız qalsa da, "yarışı aktivimizə yazdıq” deyə bilərik. Digər finalçımız Məryəm Şeyxəlizadəxangah 754 FİNA balı ilə yarışı başa vurdusa, Vəlizadə ondan 5 bal daha artıq topladı. 759 bal sözügedən yarış adına Azərbaycan təmsilçilərinin rekordu kimi qiymətləndirilir. Halbuki belə bir nəticə əvvəlcədən heç mütəxəssislər tərəfindən də proqnozlaşdırılmamışdı. Çünki Ramilin buna qədər ən yaxşı çıxışı AGOF-dakından bir xeyli geri qalırdı. Hərçənd onun təəccübləndirmə potensialının olduğu da sirr deyil.

"Yüz faiz əmin edirəm ki..."
"Hesablaması, məntiqi çox güclüdür" - deyir, Rəşad Əbdürəhmanov. Yığma komandalarımızın baş məşqçisi hesab edir ki, 16 yaşlı Vəlizadə Tokio Yay Olimpiya Oyunlarına lisenziya normativini də gec-tez yerinə yetirəcək: "Start və finiş hesablaması, ümumiyyətlə, yarış planlaması ən vacib amillərdəndir. Məsələn, sən pik göstəricini bir həftə əvvəl etsən, sonra onu bacarmayacaqsan. İstədiklərimi ondan ala bilirəm. Bu, fiziki, texniki bacarıqlarından əlavə, Ramilin həm də güclü düşünmə potensialının olmasından xəbər verir. Karyeram ərzində yüzlərlə yeniyetmə ilə işləmişəm, əminliklə deyirəm ki, Ramil hər zaman ələ düşən istedad deyil. Deyəsi çox söz var və bilirəm ki, təkəbbürdən uzaq olan Ramilin təriflərdən başgicəllənmə ehtimalı yox dərəcəsindədir. Ancaq hər halda, işimizi ehtiyatlı tutaq. Sadəcə, onu deyə bilərəm ki, biz qarşımıza bəlli hədəflər qoymuşuq. Bu yolda o, bizə çox yardımçı olacaq.

Tokioya "B" lisenziyası üçün Ramilə, indiki nəticəsini iki saniyədən bir qədər çox yaxşılaşdırması lazımdır. Qarşıda bir neçə yarış və xaricdə təlim-məşq toplanışları var. Yüz faiz əmin edirəm ki, şansların birini mütləq dəyərləndirəcəyik".

Yazının əvvəlində qeyd etdiyimiz kimi, komandamızın lideri Maksim Şemberyev 2019-cu ilin sentyabrında Cənubi Koreyanın Quanqju şəhərində keçirilən dünya çempionatında "A" lisenziya normativini yerinə yetirib. Bu səbəbdən, daha heç bir üzgüçümüzə "wild kard" verilməyəcəyi qətiləşib. Vəlizadə ilə yanaşı, Məryəm Şeyxəlizadəxangahın da "B" normativini doldurması gözlənilir. Əbdürəhmanov, bu halda aralarında daha yaxşı göstəriciyə malik olanın "gündoğar ölkə" paytaxtına yollanacağını qeyd etdi.

Felpsə yaxınlığı
Oğlan, ya qız, fərq etməz, hansı gənc üzgüçüdən "kumirin kimdir" deyə soruşsan, cavab eyni olur: "Maykl Felps". On dörd yaşında idman ustası adı alan bugünkü qəhrəmanımız da bizi təəccübləndirmədi. Lakin digərlərindən fərqli, Ramili dahi amerikalı ilə yaxınlaşdıran səbəblər az deyil. Ələlxüsus, erkən nəzərə çarpan istedad amilini və hər ikisinin batterflay üsulla üzmədə çox uğurlu olduğunu vurğulamalıyıq.

Atasından fərqli olaraq, futbolla arası yoxdur. Döyüş növlərini, daha çox da kikboksinqi sevir. Bu arada, ona qədər nə ailədə, nə də yaxın qohum-əqrəbada üzgüçülüklə məşğul olan olmasa da, kiçik qardaşlarının üzgüçülük təcrübəsi var.

Orta məktəbin 11-ci sinfində oxuyan Vəlizadə, ali təhsilini idman istiqaməti üzrə alacağını çoxdan qətiləşdirib. Çox güman, növbəti ildən onu Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi görəcəyik.
Portret
Yüzlərlə istedadlı yeniyetmə və gənc güləşçinin, cüdoçunun yaşadığı Azərbaycanda, Ramil kimi böyük perspektiv vəd edən üzgüçünün də yetişməsi həmişə arzulanıb. Qısa vaxtda əhəmiyyətli yol qət edərək, ölkənin əsas üzgüçülük simalarından birinə çevrilib, böyük ehtimalla, olimpiadaya lisenziya məsələsinin də öhdəsindən gələcək. Təbii ki, bütün bu faktlar həm də onun üzərinə yaşına xas olmayan məsuliyyət qoyur, istər-istəməz. Lakin... Təmkinli olmalıyıq. Vəlizadədən tezliklə nəhəng arenaların fəthini gözləməyin, sadəcə, bir adı var: sadəlövhlük. Unutmayaq ki, üzgüçülük olduqca çətin, səbir və zəhmət tələb edən idman növüdür.
Sahib





banner

Oxşar Xəbərlər