• cümə axşamı, 28 mart, 17:15
  • Baku Bakı 16°C

Messiyə bənzəyən azərbaycanlı həndbolçu - Portret

15.04.17 11:00 3225
Messiyə bənzəyən azərbaycanlı həndbolçu - Portret

Azərbaycan idman ölkəsidir. Son illərdə beynəlxalq arenalarda qazanılan medallar bunu əyani şəkildə sübut edir. Ancaq təəssüf ki, ölkəmizdə güləş, cüdo, boks, taekvondo və s. kimi fərdi idman növlərindəki uğurlar komanda idman növlərində özünü əks etdirmir. Çox nadir hallarda Azərbaycanın kollektiv idman növlərindən hansınısa mötəbər yarışların final mərhələsində görürük. Elə kollektiv idman növləri də var ki, ölkəmizdə bu idman növünün ənənəsi olsa da, son vaxtlar bir qədər gözdən itib. Həndbol da bu cür idman növlərindən idi. Ancaq son aylarda həndbolda bir qədər canlanma müşahidə edilir. Son Azərbaycan çempionatının əvvəlkilərə nisbətən daha yüksək səviyyədə keçirilməsi, oyunların televiziya vasitəsilə işıqlandırılması və s. kimi nüanslar belə düşünməyə əsas verir. Sevindirici haldır ki, son ölkə çempionatında yerli gənclərdən bir neçəsi özünü yaxşı tərəfdən göstərdi. Belə həndbolçulardan biri də, cəmi 18 yaşı olmasına baxmayaraq, çempionatın bombardiri olan Ramazan Muradovdur. Bu dəfə sizə RİOEUGİM komandasının kapitanı, 66 qolla son çempionatın bombardiri olan Ramazandan bəhs edəcəyik.

Yaşıdlarından 4 addım (il) öndə

Ramazan Muradov 1999-cu il, yanvar ayının 13-də Bakıda dünyaya gəlib. Onun həndbolla tanışlığı çox kiçik yaşlarına təsadüf edir. Belə ki, Ramazanın atalığı Sergey Popov vaxtilə peşəkar həndbolçu olub və Ramazana da bu oyunun sirlərini çox kiçik yaşlarından öyrədib. O, qələm tutmağı öyrənmədən, təzə-təzə yeriməyə başlayandan həndbolla tanış olub. 2006-cı ildən etibarən isə Ramazan bu oyunun sirlərinə idman məktəbində yiyələnməyə başlayıb. O, çox kiçik yaşlarından həndbolla məşğul olsa belə, bu idman növü ilə adi oyun kimi məşğul olurdu. Vaxtilə SSRİ millisində də çıxış etmiş atalığı Popov Ramazanı həndbola yazdıranda, onun gələcəkdə bu idman növündə bacarıqlı bir həndbolçu olmasını yox, sadəcə, daha gümrah olmasını və boyunun bir qədər uzanmasını əsas götürmüşdü. Popov Ramazanı keçmiş komanda yoldaşı Habil Əliyevə həvalə edir. Əliyevlə yanaşı, Konstantin Ruvinski də Muradova həndbolun sirlərini öyrədən məşqçilərdən olub.
Ancaq bir problem var idi. Muradovun yazıldığı 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (RİOEUGİM) 7 yaşlı uşaqlardan ibarət qrup yox idi. Belə olan halda, Ramazan məcbur olub, idman məktəbinin ən aşağı yaş qrupu olan 11 yaşlılarla, yəni özündən 4 yaş böyüklərlə məşq etməli olur. Bu, onun gələcəkdə daha yaxşı inkişaf etməsində böyük rol oynayır. Muradov hər il bir 11 yaşlı qrupu "yola salırdı”.
Nəhayət, 4 il sonra ona öz yaşıdları ilə çıxış etmək nəsib olur. Onun komanda yoldaşları həndbolla yeni məşğul olmağa başlamışdısa, Ramazanın artıq 4 illik təcrübəsi var idi.
Lakin bunadək o, özündən böyüklərlə yarışlara da qatılırdı. Elə onda bu idman növündə uğur qazanacağına inam da özündən böyüklərin yarışında çıxış zamanı yaranıb. RİOEUGİM-in 1997-ci il təvəllüdlülərinin heyətində Gəncədə keçirilən yarışda çıxış edən Muradov, burda komandasının 3-cü olmasında yaxından iştirak edir. Ramazanın özündən böyüklərin yarışlarında çıxış etməsi, atalığı Popovda da onun gücünə inam yaradır. Artıq o, məşqlərdən kənarda da oğulluğu ilə məşğul olur, vaxtilə öyrəndiklərini Ramazana aşılayırdı. Boyu kiçik olan Ramazana məşqçiləri cinahda şans verirlər. Daha sonra isə məşqçilər öz yaşıdları arasında bu idman növü ilə ən uzun müddət məşğul olan Muradovu mərkəzdə sınamaq qərarına gəlirlər. Bu amil onun oyunlarda daha çox fərqlənməsinə səbəb olur.

Futbola maraq, həndbola sədaqət


Muradov bu idman növündə öz bacarıqlarını inkişaf etdirdikcə, təkcə praktiki yox, həm də, nəzəri cəhətdən biliklərini artırırdı. O, artıq həndbolla təkcə oyun kimi maraqlanmır, həm də, bu idman növü üzrə yarışları da yaxından izləyirdi.
Ramazanın da bir çox uşaq kimi kiçik yaşlarında futbola marağı olub. Onun azarkeşlik etdiyi komanda "Barselona” idi. Futbola marağından, hətta 11-12 yaşlarında bu idman növünə yazılmaq fikrinə də düşüb. Lakin sonda artıq neçə ildir həndbolla məşğul olduğunu nəzərə alaraq, başladığı işi sona çatdırmaq, yəni həndbol karyerasına davam etmək qərarına gəlir.
Ramazan özünü çox sürətlə inkişaf etdirirdi. O, cəmi 14 yaşında gənclərdən ibarət Azərbaycan millisinə dəvət alır. 17 yaşından isə əsas milliyə cəlb edilir.

"Heç vaxt həndbolu seçdiyimə görə peşman olmamışam”

Həndbol Azərbaycanda bir qədər diqqətdən kənarda qalan idman növüdür. Ən azından bu idman növündə uğur qazanmağın digər idman növlərindən bir qədər az olduğu hamıya bəllidir. Ancaq buna baxmayaraq, Ramazan heç vaxt həndbolu seçdiyinə görə peşman olmayıb:

"Heç vaxt həndbolu seçdiyimə görə peşman olmamışam. Hətta bu idman növünə az qayğı göstərildiyi vaxtlarda da. Ötən ilin dekabrından isə bizdə həndbola daha çox qayğı göstərilməyə başlandı. Bu ilin yanvar ayında Saleh Məmmədovun federasiya prezidenti seçilməsindən sonra vəziyyət bir xeyli düzəldi. Artıq istər maaşlar olsun, istərsə də inventarlar, forma məsələlərində çox böyük diqqət ayrılır. Bundan sonra həvəs bir qədər də artdı”.

İslam Oyunlarına qatılmasa da...

Ramazan artıq iki ildir əsas millinin şərəfini qoruyur. Millinin baş məşqçisi Hikmət Abdullayev və köməkçiləri Rəşad Hüseynovla Eldar Fərəcov ona millinin oyunlarında şans verirlər. Muradov dəfələrlə yığmanın heyətində xarici turnirlərdə çıxış edib. Ramazan iki ildir millinin şərəfini qorusa da, qarşıdakı İslam Həmrəyliyi Oyunlarında yığmada olmayacaq. Belə ki, məşqçilər hələ çox gənc olan Ramazanı olimpiadada çıxış edəcək daha təcrübəli oyunçulardan təşkil edilmiş yığmaya daxil etməyiblər. O, İslam Oyunlarında millinin heyətində olmasa da, ürəyinin milli ilə olduğunu və həm kişi, həm də qadın yığmalarımıza uğurlar arzuladığını deyir.
Hazırda Muradov iyunda Bolqarıstanda təşkil ediləcək 22 yaşadək həndbolçuların qatıldığı beynəlxalq turnirə hazırlaşır.

Əsas hədəf - Avropa

Hazırda ölkənin ən çox perspektiv vəd edən həndbolçularından olan Ramazanın əsas məqsədi Avropa klublarında çıxış etməkdi. O, ilkin olaraq Rusiya, Türkiyə çempionatlarında çıxış etməyi planlaşdırır. Fransa, Almaniya kimi çempionatlarda oynamaq isə onun əsas arzusudur.
Muradov klub karyerası ilə yanaşı, yığma karyerasını da düşünür. Millinin heyətində mötəbər yarışların iştirakçısı olmaq onun əsas hədəflərindəndir.
Ramazan gələcəkdə məşqçi kimi çalışmaq barədə də düşünür. O, hazırda çıxış etdiyi idman məktəbində oğlan və qızlardan ibarət aşağı yaş qruplarından ibarət komandaların məşqlərində baş məşqçisi Habil Əliyevə kömək edir.

Həndbolda Qenşeymer, futbolda Messi

O, idmandan kənar hobbisi olmadığını deyir. Ancaq komanda idman növlərini izləyir. Ramazan həm də, tələbədir. O, Azərbaycan Pedaqoji Universitetində təhsil alır. Ümumiyyətlə, Ramazan kiçik yaşlarından dərslərinə çox diqqət yetirib. Bunda onun valideynləri və məşqçilərinin də böyük rolu olub. Məşqçisi Habil Əliyev hər dəfə onun gündəliyinə baxır, qiymətləri pis olduğu təqdirdə, əlavə fiziki məşqlər verirdi.
Ramazanın həndboldakı əsas kumiri alman oyunçu Uve Qenşeymerdir. O, həmişə məhz bu həndbolçunu özünə örnək aldığını, onun kimi oyunçu olmaq istədiyini deyir. "Barselona” azarkeşi olan Muradovun idmandakı kumiri isə heç şübhəsiz, Kataloniya təmsilçisinin hücumçusu Lionel Messidir. Xarici görünüşünə görə argentinalı hücumçunu xatırladan Ramazanın sözlərinə görə, bunu dostları da ona tez-tez deyir.

18 yaşlı bombardir

4 ildir gənclər, 2 ildir əsas millimizdə çıxış edən Ramazan, 3 ildir böyüklər arasında ölkə çempionatında çıxış edir. Muradov əvvəlki yarışlarda da yaxşı oyunu ilə fərqlənirdi. Lakin bu dəfə o, daha çox diqqət mərkəzinə düşdü. Belə ki, 18 yaşlı mərkəz oyunçusu çempionatda 66 qola imza ataraq, birinciliyi bombardir kimi başa vurdu. Özünün sözlərinə görə, bu uğuru çempionatdan əvvəl gözləmirdi. Bombardir olmaq barədə düşünməyən Ramazan, hətta əvvəllər qollarının sayını belə bilmirmiş: "Düzü, çempionatdan əvvəl bombardir olmaq barədə ümumiyyətlə, düşünmürdüm. İlk dövrədən sonra isə 28 topla birinci olduğumu gördüm. Bunadək nə qədər qol vurduğumu belə bilmirdim. Məhz ilk dövrədən sonra bildim ki, bombardir olmaq şansım var. Bundan sonra komanda yoldaşlarım da mənə bombardir olmağım üçün kömək etdilər. Məsələn, 7 metrlik cərimə zərbələrini mənə verirdilər. Elə alındı ki, sonda 66 qolla çempionatın ən çox top vuran futbolçusu oldum. Düzünü deyim, bu, heç də asan olmadı. Çünki çempionatda çox təcrübəli, istedadlı oyunçular var idi”.

Portret

Çox gənc olan Ramazanın əsas karyerası hələ irəlidədir. Uduzmağı sevməyən, daim öz üzərində çalışan Muradov, həm onu həndbola gətirən atalığı Popovun, həm də uşaq vaxtından ona bu idman növünün sirlərini öyrədən məşqçilərinin ümidlərini doğruldub. Elə məhz buna görə, məşqçisi Habil Əliyev çıxış etdiyi RİOEUGİM komandasının kapitanlıq sarğısını məhz ona həvalə edib. Ancaq bu, hələ ilk addımlardı. Qarşıda isə Muradovu daha çətin sınaqlar gözləyir. Perspektiv vəd edən Ramazan, öz üzərində çalışmağa davam etsə, həndbolumuzun Avropadakı təmsilçisi ola bilər.







banner

Oxşar Xəbərlər