• cümə axşamı, 25 aprel, 10:18
  • Baku Bakı 14°C

Məsmə Aslanqızı: “Səsim batmayıb, yerindədir”

28.12.15 10:20 3760
Məsmə Aslanqızı: “Səsim batmayıb, yerindədir”
Son dönəmlər Azərbaycan teat cameəsinin incə səsli ifaçısı, əməkdar artist Məsmə Aslanqızını tamaşalarda, efirlərdə görmürük. Azərbaycan teatrı aləmində biri-birindən maraqlı rollar yaradan gənc ifaçı səhnəyə elə böyük obrazlarla gəlib. Belə ki, xalq artisti Azər Paşa Nemətin tələbəsi olan Məsmə yaradıcılığa müəlliminin Akademik Milli Dram Teatrında quruluş verdiyi Elçinin “Ah, Paris!…Paris!..” satirik komediyasınındakı Nurbəniz obrazı ilə başlayıb.
Onunla söhbətimiz əsnasında öyrəndik ki, Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışan Məsmə Aslanqızı hazırda analıq məzuniyyətindədir. O, əsasən komik obrazlar yaratsa da, dramatik rollarda da çıxış edir. Məlumat üçün bildirək ki, bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olan müsahibimiz teatr nominasiyasında “Boy çiçəyi” tamaşasında uğurlu roluna görə “Humay” mükafatına layiq görülüb. Eyni zamanda o, Prezident mükafatıçısıdır. Nədənsə, hər dəfə onu görəndə “Hamlet” tamaşasındakı Ofeliya obrazını xatırlayıram. Hərçənd ki, teatr səhnəsində Şahzadə ("Şıltaq şahzadənin nağılı"), Vera Tretyakova ("Şadlıq sorağında"), Katibə ("Mənim sevimli dəlim"), Falçı Ağabacı ("Mənim ərim dəlidir"), Şəhəriyyə ("Burla Xatun"), Böcək ("Köhnə ev", Əli Əmirli), Pioner qız ("Hərənin öz payı"), Nazlı ("Ölülər", Telli ("Eloğlu", Abdulla Şaiq), Anka ("Nazirin xanımı”) və digər maraqlı obrazları ilə yaddaşlarda həkk olmağı bacarıb. Aktrisa bizimlə söhbətində haqqında gəzən söz–söhbətlərə də son qoydu.
- Məsmə xanım, iki ildir ki, sizi nə səhnədə, nə də efirdə görə bilmirik. Haqqınızda müxtəlif fikirlər səslənir. Sizi səhnədən küsdürən nədir?
- Heç kimdən küsməmişəm. Ortada küsmək üçün heç bir hadisə yoxdur. Teatr mənim ailəmdir. Teatr mənim üçün çox doğmadır. Səhnədə görünməməyimin bir səbəbi var, o da iki ilə yaxın analıq məzuniyyətində olmağımdır. Bir müddət boğazımdan əməliyyat olundum. Onun da səhnəyə çıxmamağıma heç bir aidiyyattı yoxdur. Həkim mənə çox rahatlıqla səhnəyə çıxa biləcəyimi deyib. İndi məzuniyyətdəyəm, iki qızım var. Bütün diqqətimi onlara yönəltmişəm. İndi analıq sənəti ilə məşğulam. İki ilə yaxındır ki, səhnədə deyiləm. Artıq bütün rollarım paylanıb. Məni əvəz edə bilən aktrisalar tapılıb. Bilirsiniz, teatrda, səhnədə, efirdə məni kimlərsə əvəz edə bilər, ancaq övladlarıma ana sevgisini, qayğısını başqa bir insan əvəz edə bilməz. Böyük qızımın 3, kiçik qızımın isə 1 yaşı var. Kiçik qızım bir az böyüdükdən sonra yenidən teatra qayıdacağam. Qızım bağça yaşına çatana qədər gözləyəcəyəm. İstəyirəm ki, onu rahatlıqla, ürəyim rahatlaşandan sonra bağçaya qoyum.
- Teatra qayıtmağınız təxmini nə zamana çəkər?
- Ən azından bir il mən evdə olacam. Bir ildən sonra allah kərimdir.
- Analıq məzuniyyətində olduğunuz müddətdə yeni təkliflər almsınızmı?
- Əlbəttə, baxmayaraq ki, məzuniyyətdəyəm, təxminən 4-5 layihəyə dəvət almışam. Bu layihələr televiziyada aparıcılıqla bağlıdır. Bir neçə seriallarda oynamaq üçün də təkliflər gəlib. Ancaq istənilən halda orada iştirak etmək mənə sərf etmir. Aparıcı kimi gələn təkliflərin 5-i də canlı verilişlərdir. Bilirsiniz ki, canlı efir aparıcıdan böyük məsuliyyət tələb edir. Efirə çıxmaq üçün uşaqları hər dəfə kimin yanında qoyub gedə bilərəm? Bu mümkün deyil. Çox nadir hallarda dublyajlara gedirəm. Çalışıram ki, məndən məsuliyyət tələb edən yerdən qaçım. Çünki ştatda olmaq məsuliyyət tələb edir. Əgər ştatdasansa mütləq şəkildə iclaslarda olmalısan, rol oynamalısan. Ancaq qonorarla işləmək elədir ki, dublyaja çağırırlar vaxtın varsa gedirsən, yoxdursa getmirsən. Hazırda bütün fikir-diqqətimi övladlarıma yönəltmişəm. Sənətimə ayırmağa vaxtım yoxdur.
- İki qız anasısınız. Bu yaxınlarda ailələrdə ikinci qız uşaqlarının adına hesab açılacağı və həmin hesaba 10 min manat vəsait köçürüləcəyi məsələsi qaldırıldı.
- Mənim böyük qızım həyat yoldaşımın məndən əvvəlki nikahından dünyaya gəlib. O, mənim doğma qızım olmasa da, onu öz qızımdan da çox sevirəm. “Doğma deyil” sözünü deyəndə mənim dilim quruyur. Bu sözü deyə bilmirəm. Mən ona öz qızımdan daha çox qayğı göstərir və sevgi verirəm. Yəqin ki, bu qanun yeni dünyaya gələn qız uşaqları üçün nəzərdə tutulub. Qız övladının heç bir pis xüsusiyyəti yoxdur. Biz üç bacı olmuşuq, hər zaman deyirəm ki, iki bacımı 10 qardaşa dəyişmərəm. Mənim ən böyük arzum üç qız övladımın olmasıdır. İki qızım var, inşallah qismət olsa biri də olsa, mənim sevincimin həddi-hüdudu olmaz. Anaya qalan qız övladı olur. Mənim həyat yoldaşım da qızlarını çox istəyir. O, heç vaxt qızı olduğuna görə Allaha üsyan etməyib. İndiyə kimi mənə deməyib ki, nəyə görə qız övladım var? O da qız uşaqlarını çox istəyir, övladlarına sevgisi sonsuzdur.
- Aktrisa sənəti vəfasız sənətdir. Aktrisa bir neçə il səhnədə olmasa tamaşaçı onu unudar. Unudulmaqdan qorxmursunuzmu?
- Mən heç zaman elə şeydən qorxmamışam ki, aktrisa kimi unudularam. Mənim üçün əsas odur ki, insanların yaddaşında yaxşı insan kimi həkk olum. Misal üçün mərhum aktrisamız Vəfa Fətullayeva səhnədə çox az olub. Ancaq indiyə kimi teatrda onun haqqında heç kim pis bir söz deməyib. Onun haqqında söhbət düşəndə ancaq səmimiyyəti, mehribanlığı, mülayimliyi, yaxşı qadın olduğu barədə danışırlar. Eybi yox, qoy mənim səhnədə fəaliyyətim az olsun, ancaq yaddaşlarda onun kimi qalım.
- Haqqınızda deyirdilər ki, Məsmə Aslanqızının səsi batdığı üçün teatrdan kənarlaşıb. Bis məsəl də var ki, “Od olmayan yerdən tüstü çıxmaz”.
- (gülür) Boğazımda qalxanvari vəzin əməliyyatından sonra təxminən bir ay müddətində səsimi qorumalıydım. Səsim batmayıb, yerindədir. Əksinə, əvvəlkindən daha da yaxşıdır. Səsimdə heç bir problem yoxdur.

- Məsmə xanım, teatra qayıdandan sonra hansı rollarla səhnəyə çıxmaq istərdiniz?

- Mənim üçün rolun heç bir fərqi yoxdur. Hətta fəxri ad alandan sonra belə balaca, sözsüz rol canlandırmışam. Təbii ki, böyük məmnuniyyətlə. Mən rol üstündə “dava” edənlərtdən deyiləm.
- Müəlliminiz Azər Paşa Nemət Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildi. Bu sizin üçün rol bölgüsündə hansısa üstünlük yaradırmı?
-Xeyr. Hamı necə mən də elə.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər