AZE | RUS | ENG |


Məşhur dayısının yolunu tutan gənc - Portret

Məşhur dayısının yolunu tutan gənc - Portret
O, Mariborda yazılan tarixin iştirakçısı olub

Hər ölkənin özünün milli idman növü var. Hansı ki, nüfuzlu beynəlxalq yarışlarda, olimpiya oyunlarında medal ümidi ilə məhz bu idman növlərinə göz dikirlər. Məsələn, ABŞ-ı yüngül atletika və ya üzgüçülükdə, Çini stolüstü tennisdə, Bolqarıstanı ağır atletikada medalsız təsəvvür etmək çox çətindir.
 
Artıq dünyada özünü çoxdan idman ölkəsi kimi qəbul etdirmiş Azərbaycan bu günə kimi olimpiya oyunlarında bir neçə sahədə medal sevinci yaşayıb. Ancaq ölkəmizin də dünyanın ən nüfuzlu yarışında medal gözlədiyi ənənəvi idman növü var ki, bu da, güləşdi. Dədə-baba idman növü olan güləşlə yanaşı, son bir neçə olimpiadada azərbaycanlı idman həvəskarlarının əsas diqqəti cüdoya da yönəlir. Bu idman növünün ölkəmizdə güləş qədər tarixi ənənəsi olmasa da, son illərdə belə deyək, bizə doğmalaşıb. Təsadüfü deyil ki, Azərbaycan son illərdə mötəbər yarışlarda cüdoda bir çox nailiyyətlər əldə edib. Elə olimpiya oyunlarında Azərbaycanın bu idman növündə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandığını vurğulamaq kifayətdir.

Sonuncu - Rio olimpiadasında da cüdo yığmamız vətənə iki medal qazandırdı. Həm Rüstəm Orucov, həm də Elmar Qasımov qızıl medalın bir addımlığında dayandılar. Cüdoçularımızın son illərdə gənc və yeniyetmələrin yarışlarında uğurlu çıxışı gələcəyə bir az da ümidlə baxmağımıza səbəb olur.

Bir neçə gün öncə ölkə idmansevərləri Sloveniyadan xoş xəbər aldılar. Bu ölkənin Maribor şəhərində keçirilən gənclər arasında Avropa çempionatı cüdo yığmamız üçün uğurlu alındı. Elçin İsmayılovun baş məşqçisi olduğu yığmamız mötəbər yarışdan vətənə 3 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı. Cüdo yığmamız medalların əyarına görə, kişilərin arasında birinci oldu. Bundan əlavə, millimiz Sloveniyada daha bir tarixə imza atdı. Belə ki, ölkəmiz ilk dəfə gənclər arasında qitə birinciliyinin komanda yarışlarını çempion kimi başa vurdu. Bu tarixi uğura imza atanlardan biri də Kəramət Hüseynov oldu. O, 60 kq çəki dərəcəsində bütün rəqiblərini sıradan çıxararaq, uzaq Maribor şəhərindən vətənə "qızıl”la qayıtdı. Bu yazıda sizə gənc və perspektivli cüdoçumuz Kəramət Hüseynovu tanıdacağıq. 
 


Dayının yolu ilə 

Kəramət Hüseynov 1998-ci il, avqustun 30-da Bakıda dünyaya gəlib. Kəramətin cüdo  ilə necə məşğul olması barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Onun, sabiq cüdoçu Elnur Məmmədlinin doğmaca bacısı oğlu olduğunu demək kifayətdir. Bəli, olimpiadanın cüdo yarışlarında ölkəmizə ilk və hələ ki, sonuncu qızıl medalı qazandıran Elnur Məmmədlinin. Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olan Məmmədli, 2008-ci ildə Pekində təşkil edilən yay olimpiya oyunlarında qazandığı "qızıl”la bütün ölkəni sevincə qərq etmişdi.

Elə Kəramətin bu idman növünə gəlməsində də dayısının rolu həlledici, daha doğrusu, əsas olub. Onun hələ çox kiçik yaşlarından bu idman növünə böyük marağı olub. Şübhəsiz, bunda dayının rolunu vurğulamamaq olmaz. Elnur Məmmədlinin beynəlxalq arenalarda qazandığı uğurları görərək böyüyən Kəramətdə bu idman növünə maraq artmaqla yanaşı, dayısına bənzəmək, onun yolu ilə getmək istəyi də yaranır. Onun cüdo ilə ilk tanışlığı isə 2007-ci ildə, 9 yaşı olduğu zamana təsadüf edir. Bacısı oğlunun bu idman növünə marağını görən Məmmədli, "artıq vaxtdır” deyir və kiçik Kəraməti cüdoya yazdırır. O, "Attila” idman klubunda cüdonun sirlərinə yiyələnməyə başlayır. Kəramətin ilk məşqçisi isə Emin Fətullayev olur. Yeri gəlmişkən, Hüseynov hələ də Fətullayevin rəhbərliyi altında məşq edir. 
 
 

İlk və davamlı olan uğurlar
 
Dayıya bənzəmək istəyi Kəramətin uğurlarına açılan qapı olur. Bu idman növünə yazıldıqdan cəmi bir il sonra o, ilk uğurunu - Bakı çempionluğunu qazanır. Uğurlarını davam etdirən Kəramət, bundan sonra bir çox yerli yarışlarda da medallara əldə edir. 16 yaşında isə Hüseynov ilk ölkə çempionluğunu qazanır. Elə həmin ildə ilk beynəlxalq uğura da nail olur. Kəramət Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda qızıl medal əldə edir. Həmin ildə, Polşanın Byelsko-Byala şəhərində keçirilən analoji turnirdə isə bürünc medal qazanır. Hüseynov bir il sonra Gürcüstanın Tbilisi şəhərində keçirilən gənclərin olimpiya festivalında fərqlənir. O, qonşu ölkədə keçirilən yarışı gümüş medalla başa vurur.

Növbəti illərdə də beynəlxalq arenalardakı uğurlarını davam etdirən Kəramət, yeniyetmələrin və gənclərin Avropa kuboku yarışlarında dəfələrlə müxtəlif əyarlı medallar qazanır. O, bu yarışlarda kolleksiyasına ümumilikdə, 4 qızıl, 2 gümüş və 4 bürünc medal daxil edir. 
 
Mariborda yazılan tarixin iştirakçısı
 
Kəramət karyerasının pik nöqtəsinə isə Sloveniyanın Maribor şəhərində keçirilən gənclərin Avropa çempionatında çatır. O, Balkan ölkəsindən vətənə qızıl medalla qayıdır. Bir il əvvəl keçirilən U-21 Avropa çempionatında, 55 kq çəkidə 5-ci olan Hüseynov, Mariborda tatami üzərinə daha yaxşısına layiq olduğunu sübut etmək üçün çıxmışdı.

Əslində, bu il digər beynəlxalq yarışlarda qazandığı uğurlar uzaq Sloveniyada da onu favoritlərdən olduğundan xəbər verirdi. Belə ki, o, bu il müxtəlif ölkələrdə keçirilmiş gənclərin Avropa kubokunda medal qazanmışdı. Hüseynov Sankt-Peterburqda keçirilən analoji yarışda bürünc, Praqada baş tutan turnirdə isə gümüş medala layiq görülmüşdü. Qitə birinciliyindən öncə qatıldığı son beynəlxalq yarışdan, Berlində keçirilən Avropa kubokundan isə qızıl medalla ayrılmışdı.
 
Mariborda 60 kq çəki dərəcəsində yarışan Kəramət, növbə ilə Belarus, Çexiya, Belçika və Rusiyadan olan rəqiblərini məğlub edərək, həlledici qarşılaşmaya vəsiqə qazanır. Burda belçikalı rəqibini məğlub edən gənc cüdoçu karyerası ərzində ən böyük uğuruna imza atır.   
 
 

Kumir
 
Hər bir uşağın sevimli idman növündə kumiri olur. Həmin idmançını qəhrəman olaraq qəbul edən azyaşlılar, gələcəkdə onun kimi olmaq üçün mübarizə aparırlar. Həmin idmançılarla görüşmək,  danışmaq isə onlar üçün xoş xəyal, əlçatmaz zirvə kimi görünür. Kəramətin də uşaq vaxtından kumiri olub. Ancaq digər uşaqlardan fərqli olaraq, onun bu cəhətdən bəxti gətirib. Kəramətin pərəstiş etdiyi, yolu ilə getmək istədiyi kumiri doğma dayısı Elnur Məmmədli idi. O, nəinki öz kumiri ilə söhbət etmək, hətta ondan məsləhət almaq, təcrübəsindən faydalanmaq imkanı əldə edir. 
 
 

Adını ölkə idmanının tarixinə qızıl hərflərlə yazdırmaq istəyir
 
Elnur Məmmədli Azərbaycana cüdoda ilk olimpiya çempionluğu qazandıran idmançıdır Lakin təəssüf ki, bu uğur ilk olmaqla yanaşı, həm də, hələ ki sonuncudur. Pekin-2008-dən sonra keçirilən iki olimpiadada cüdoçularımız "qızıl”a həsrət qalıb. Düzdü, təmsilçilərimiz dünyanın ən mötəbər idman yarışında heç də medalsız qalmayıb. Ancaq cüdo yarışlarında fəxri kürsünün birinci pilləsində idmançımızı görmək, himnimizi dinləmək arzumuz hələ ki, reallaşmır. Növbəti olimpiadada bu uğuru əldə edəcək yetərincə perspektivli gənc idmançılarımız var ki, onlardan biri də məhz Kəramətdir. O, gələcək hədəfləri barədə danışarkən "dünya və olimpiya çempionu olmaq, adımı ölkə idmanının tarixinə qızıl hərflərlə yazdırmaq istəyirəm” deyir. Bu hədəfinə o qədər köklənib ki, hətta idmandankənar həyat da yaşamır. O, cüdodan başqa məşğuliyyətinin olmadığını, ancaq bu idman növü ilə nəfəs aldığını deyir.
 
 

Portret
      
Stabil və ambisiyalı - Kəramətin portretini yaradarkən ilk növbədə bu xüsusiyyətləri diqqət çəkir. Onun yeniyetməlik dövründən indiyə kimi qazandığı uğurlara diqqət yetirsək, bu illər ərzində nə qədər stabil çıxış etdiyini görməmək mümkün deyil. O, bir qayda olaraq qatıldığı Avropa kuboku yarışlarından medalla qayıdır. Elə məhz bu stabillik ona Mariborda qızıl medal qazandırdı.

General olmaq istəməyən əsgər, əsgər deyil. Həmçinin, çempion olmaq istəməyən, olimpiadanın "qızıl”ını xəyal etməyən idmançını da idmançı saymaq olmaz. Hamı çempion olmaq istəyir. Bəs hamının bu istəyi xəyaldan reallığa çevirməyə potensialı varmı? Kəramətdə var. Düzdü, onun hələ ki, ən böyük uğurları gənclər arasında təşkil edilmiş yarışlarda əldə edilib. Lakin bu yarışlarda qeydə alınmış nəticələrin davamlılığı gələcək üçün ümid vəd edir. Gələcəkdə gənclərin yarışlarında qazanılmış uğurları daha böyük turnirlərdə davam etdirmək, lap elə olimpiya çempionu olmaq üçün onda hər cür istedad, ən əsası isə Elnur Məmmədli kimi məsləhətçisi var. Kim bilə bilər, bəlkə də cüdoda Məmmədlidən sonra növbəti olimpiya çempionumuz elə məhz onun doğma bacısı oğlu olacaq?  
 
Elnur
       
 
 
                 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6292
GBP 1 İngilis funt sterlinqi 2.2935
TRY 1 Türk lirəsi 0.4397
KWD 1 Küveyt dinarı 5.6281
SEK 1 İsveç kronu 0.2002
EUR 1 Avro 1.9995
CHF 1 İsveçrə frankı 1.7079
USD 1 ABŞ dolları 1.7000