Meşəcinsli ağacların əkilmə qaydaları - Mütəxəssis rəyi

Meşəcinsli ağacların əkilmə qaydaları - Mütəxəssis rəyi

Müsahibə
30 Oktyabr 2019, 09:15 560
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov Trend-ə müsahibəsində əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələr verib.

- Hansı növ meşəcinsli ağaclar əkiləcək?
- Meşə cinslərindən iqlimə, yerli şəraitə uyğun şam, sərv, tuya, akasiya, göyrüş, ağcaqayın, qarağac, palıd, fıstıq, vələs və s. ağaclar əkilə bilər.

- Meşəcinsli ağaclar necə əkilməlidir və onlara necə qulluq edilməlidir?
- İynəyarpaqlı (həmişəyaşıl) və enliyayarpaqlı meşə cinslərindən olan ağacların əkilməsi qaydaları bir-birindən o qədər də fərqlənmir. Lakin ağacın xüsusiyyətindən asılı olaraq bəzi məqamlara diqqət yetirilməlidir.

Belə ki, əkin qabağı torpaq hazırlığının aqrotexniki tələblərə cavab verən qaydada və keyfiyyətli aparılması əkilən meşə ağaclarının bitiş faizini, bitkilərin boy artımını və inkişafını, bütövlükdə əkinlərin məhsuldarlığını və dayanıqlığını təmin etmiş olur. Əgər əkin işləri açıq sahələrdə aparılarsa, bu zaman həmin ərazi əvvəlcədən şumlanmalı, malalanmalı və suvarma arxları çəkilməlidir.

Torpaq hazırlığı başa çatdıqdan sonra ağacın və torpağın xüsusiyyətinə uyğun 40 sm enində və 40 sm dərinliyində çalalar qazılır. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Payız mövsümündə hava şəraitindən asılı olmayaraq iynəyrarpaqlı ağacların kökü torpaqlı əkilməsi məsləhətdir. Erkən yazda isə ağaclar həm açıq, həm də kökü torpaqlı əkilə bilər. Hündür enliyarpaqlı ağaclar əkilən zaman onların başları kəsilməlidir ki, bu da ağacların kök sisteminin möhkəmlənməsinə və yaxşı inkişaf etməsinə müsbət təsir etsin. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr, yazda isə azot gübrələri verilməlidir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır.