• cümə, 29 Mart, 12:25
  • Baku Bakı 14°C

MƏRZİYYƏ Davudova-115

05.12.16 11:43 8650
MƏRZİYYƏ Davudova-115
Teatr mədəniyyətimizin unudulmayan tarixləri və bu tarixi yaradan görkəmli simaları var. Gələcəyə baxib, keçmişə isə salam verməyi unutmayaraq şərəfli keçmişimizin bir fiquru Mərziyə Davudovanın 115 yaşını qeyd etmiş oluruq. Mərziyyə Davudova 1901-ci il noyabrın 25-də Rusiyanın Həştərxan şəhərində anadan olub. Cəsarəti ilə seçilən bu xanım sənətkar Azərbaycan kinosunun və teatrosunun inkişafında əvəzolunmaz xidmətlər göstərib. O, "Hacı Qara”, "Bir ailə”, "Bakının işıqları”, "Bir məhəllədən iki nəfər”, "Koroğlu” kimi sıra ekran əsərlərində və Hüseyn Cavidin "İblis”, Cəfər Cabbarlının "Sevil” kimi şedevrlərində yaddaqalan obrazlar yaradıb. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə (Teatr Xadimləri İttifaqı) rəhbərlik edən Mərziyyə xanım Davudova 1962-ci il yanvarın 6-da Bakıda vəfat edib.
Noyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ xalq artisti Mərziyə Davudovanın 115 illik yubileyinə həsr edilən "Sənətkar və zaman" adlı elmi-praktik konfrans keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirildi. Elmi-praktik konfransı giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət açaraq Mərziyə Davudova ilə bağlı xatirələrini bölüşüb. Elmi-praktik konfransında əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, qocaman rejissor Ağakişi Kazımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, teatrşünas Elçin Cəfərov çıxış edib. Qeyd edək ki, elmi-praktiki konfrans Teatr Xadimləri İttifaqının 120 illik yubileyi münasibətilə keçirilən tədbirlər planına daxildir.
İttifaqda Mərziyə xanımın çox sayda fotoları sərgilənirdi. Bu fotolara baxıb da, düşünməmək qeyri mümkündür. Zamanla ayaqlaşmayan kadrlar o günün-keçmişin səsi, nəfəsi kimi insanla danışır, sanki nə isə demək istəyir. Baxın bu, illərlə aktrisa üzünə həsrət qalmış Azərbaycan teatrının ilk qadın aktrisalarından biridir. Cəsarətli, məğrur... elə bil şəkillər bir aktrisanın deyil, hər hansı bir dövlət məmurunundur. Burada "Əhməd haradadır?” filmindən bir fraqment yadıma düşdü: "Deputətdir, kolxozdan gəlib?”.
Deputat demişkən, bəli, o həm də deputat idi. Neçə sənələr olub ki, bu işin də öhdəsindən uğurla gəlmiş deputat, Artistlər İttifaqının sədri olmuş Mərziyə xanım aktrisa kimi geniş tamaşaçı sevgisini qazana bilmişdi. Azərbaycan teatr tamaşaçısı onu başından kəlağayını atan, inqilab yaradan Sevil kimi xatırlayır. Məncə də Mərziyə xanımın ən koloritli qəhrəmanı məhz Sevildir.
Mərziyə xanımın səhnəyə gəlişini Azərbaycan teatr tarixində önəmsənilməsi bu günlə deyil, dünənlə daha çox bağlıdır. Bu məsələ bir tərəfdən gender-sosial ayrı-seçkinlik, digər tərəfdən multukulturalizm kimi dilimizdə yeni, keçmişimizdə köhnə olan nöqtələri önəmsəyir. Xatırlatmaq istərdim ki, zamanla qadına olan qatı riyakar münasibət nəinki cəmiyyətin bütün sahələrində, ən başlıcası mədəniyyət və teatrda da özünü qabarıq göstərib. XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilməyib. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı.
Mərziyə xanım əslən tatar idi. Lakin o daha çox azərbaycanlı idi. Onun sənədlərində Mərziyə xanım azərbaycanlı kimi təqdim olunur. Özü də Quran oxuyan azərbaycanlı, müsəlman qadın kimi. O qadın ki, ailəsinə, dostlarına hər zaman sadiq qaldı. Qeyd etmək yerinə düşər. 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. M.Müşfiq, H.Cavid, Ülvi Rəcəb, Əhməd Cavaddan sonra növbəti hədəf Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı Mərziyyə xanım Davudova oldu.
Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
Onun yaşam tərzi bu fotolarda nə qədər açıq sərgilənir, bunu görməmək, hiss etməmək olmur. Nə yaxşı ki, Azərbaycanın teatr tarixinə ismi və siması təmiz olan Mərziyə xanım kimi aktrisanın yaradıcılığı daxildir...
Aygün Süleymanova
Teatrşünas
banner

Oxşar Xəbərlər