• cümə axşamı, 18 aprel, 20:33
  • Baku Bakı 21°C

Məryəm Əlizadə: Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır

20.12.18 12:00 1971
Məryəm Əlizadə: Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır
- Məryəm xanım, bu yaxınlarda Sankt-Peterburqdan səfərdən qayıtmısınız.
- Noyabr ayında Rusiyada VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirildi. "Baltiyskiy Dom” beynəlxalq teatr festivalı, XVII "Avropa Teatr mükafatı” və XV "Teatr reallığı” mükafatlarının təqdimat mərasimi, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının (BTTA) konqresi və "Azadlıq: tolerantlıq” mövzusunda teatr konfransı, həmçinin görkəmli rejissor V.Fokinin yaradıcılığına həsr olunmuş simpozium da forumun proqramına daxil idi. Professor İ.İsrafilovla birlikdə bu tədbirlərə dəvət edilmişdik. Forumun iki meydançası teatr sənətçilərinə verilmişdi. Konqresdə BTTA-nın əvvəlki prezidenti Marqaret Sörenson yenidən seçildi.
- Siz orada BTTA-nın Azərbaycan təmsilçisi kimi iştirak edirdiniz?
- Bəli. Artıq 8 ildir ki, Azərbaycan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına (BTTA) üzvdür (20 nəfərə yaxın teatrşünasımız bu təşkilatın tərkibindədir). Mən bu təşkilatın Azərbaycan təmsilçisiyəm, professor İ.İsrafilov isə həmsədrdir. BTTA-nın keçirdiyi konfranslarda, simpoziumlarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə mütəmadi şəkildə iştirak edirik. Bu təşkilatın əsası 1956-cı ildə Parisdə qoyulub. Təşkilatın yaranmasında məqsəd teatrşünaslığın inkişafı, onun metodoloji bazasının təkmilləşdirilməsi, teatr tənqidçilərinin etik və professional maraqlarının müdafiəsidir. Təşkilat iki ildən bir beynəlxalq konqres keçirir. İldə 2 dəfə gənc tənqidçilər üçün simpoziumlar təşkil edilir. Assosiasiyanın rəsmi dili ingilis və fransız dilidir. Qərargah Parisdə yerləşir. "Teatr reallığı” və "Avropa Teatr Mükafatı”na nominantların seçilməsində BTTA yaxından iştirak edir. Bu assosiasiyanın gənclərdən ibarət qrupu da var. Məqsədimiz ondan ibarətdir ki, bu təşkilatın Azərbaycandakı gənclər qrupunu da fəal şəkildə işə qoşaq. Çətinlik yaradan tək problem isə dil baryeridir. Ümid edirəm ki, yaxın bir il ərzində bu problemi həll edəcəyik. Bilirəm ki, ciddi şəkildə ingilis dili ilə məşğulsunuz və o qruplara asanlıqla qoşulacaqsınız.
- Dediniz ki, "Azadlıq: tolerantlıq” mövzusunda konfransda da iştirak etdiniz. Günümüzün aktual mövzusu olsa da, olduqca trafaret mövzudur. Avropalılar bu haqda ortalığa nəsə yeni bir ideya ata bildilərmi?
- Bilirsiniz, son dövrlərdə bu mövzu Avropanı çox məşğul edir. Elə hesab etmirəm ki, bu məruzələrdə bizim bilmədiyimiz fikirlər səsləndi. Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır. Bir sözlə, yeni ideyalar səslənmədi. Bu il BTTA-nın teatr tənqidçiləri üçün təsis etdiyi yüksək mükafat teatr düşüncəsində inqilab etmiş tənqidçi Hans-Tis Lemana verildi. Növbəti toplantımız iki ildən sonra Bratislavada olacaq. Önümüzdəki bu iki il ərzində BTTA-nın həm gənclər, həm də peşəkar tənqidçilər üçün müxtəlif konfransları, simpoziumları keçiriləcək. Mən çox istərdim ki, siz gənclər də bu tədbirlərdə yaxından iştirak edəsiniz. Düzdür, Elçin (Elçin Cəfərov - red) bu buzu sındırıb, beynəlxalq tədbirlərdə, festivallarda fəal iştirak edir. Ancaq sizin də bu prosesə fəal qoşulmanızı istəyirəm.
- "Baltiyskiy Dom” teatr festivalında da iştirak etdiniz?
- Bəli. Festivalda 400-ə yaxın qonaq iştirak edirdi. Həmçinin Aleksandrinski Teatrı (V.Fokinin Teatrı), Fantankadakı Gənclər Teatrı, G.Tovstonoqov adına Bolşoy Dramatiçeskiy Teatr (A.Moquçinin Teatrı), Malıy Dramatiçeskiy Teatr-Avropa Teatrı (L.Dodinin teatrı) tamaşalar göstərirdi. Bu forumdan bir nəticə əldə olundu ki, Rusiya Beynəlxalq Teatr Təşkilatları və teatr xadimləri ilə dialoqa açıqdır. Bu gün teatr sənətinin missiyası yeni dövrün bədii-estetik və mədəni kriteriyalarını saf-çürük etməkdir. Orada bir daha əmin olduq ki, biz bir dildə - sənət dilində danışırıq. "Avropa Teatr mükafatı”nı təsis edən təşkilatın prezidenti Jak Lank öz çıxışında bildirdi ki, "belə diskussiyalar tez-tez olmalıdır. Bu möhtəşəm görüşlərin, diskussiyaların, görkəmli teatr sənətkarlarının yaradıcılıqlarının nəticəsində biz bu gün insanlarda vicdan hissini oyadacağıq”. O qeyd etdi ki, yeni mədəni marşrutlar yaradılmalıdır. Bu gün mədəniyyətin beşiyi olan Avropa var və qeyri-mədəni olan, mədəniyyətə nifrət bəsləyən nə varsa, mədəni Avropa ona qarşıdır. Buna heç kimin şübhəsi olmasın.
- Peterburq səfərinizdə kimlərlə görüşdünüz, Rusiya teatrı ilə tanış olmaq imkanınız oldumu, hansı tamaşalara baxdınız?
- Biz İsrafil müəllimlə gözləmədiyimiz qeyri-adi bir teatr mühitinə düşdük. Birincisi, Sankt-Peterburq şəhərinin memarlığı, müsbət ruhlu ziyalı insanları, memarlıq abidələrinin insana verdiyi fövqəladə müsbət enerjinin də rolu danılmazdır. Bu gün Azərbaycanda canlı teatr prosesi gedir, maraqlı işlər, istedadlı sənətkarlar var. Mən bütün bunlara böyük ehtiramla yanaşıram. Amma V.İbrahimoğlunun Yuğ teatrında yaratdığı o mühit ki var idi, o, qeyri-adi bir teatr mühiti idi. Mən o mühitin xiffətini çəkirdim və mənəvi aclıq hiss edirdim. Biz Sankt-Peterburqda belə bir teatr mühitinin içinə düşdük.
- Bayaq XVII "Avropa Teatr mükafatı” və XV "Teatr reallığı” mükafatlarının adını çəkdiniz. Kimlər aldı bu mükafatları?
- XVII "Avropa Teatr mükafatı” Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinə, xüsusi mükafat Nuriyə Esperə, "Teatr Reallığı” mükafatı isə bir neçə avropalı sənətkara verildi. Görkəmli rus rejissoru V.Fokin eyni zamanda, Beynəlxalq Teatr məkanının yaradılmasına və qorunulmasına xidmət göstərən bir sənətkardır. V.Fokin öz peşəsinə yaradıcı adam kimi o qədər sadiqdir, insani, sənətkar keyfiyyətləri o qədər güclüdür ki, teatr sənətinə durmadan təzə "qan ötürməklə” məşğuldur. Gənclərə böyük imkanlar verir. 1990-cı ildə III "Avropa Teatr mükafatı” Anatoli Vasilyevə, 2000-ci ildə VIII "Avropa Teatr mükafatı” Lev Dodinə verilmişdir. 2018-ci ildə isə bu mükafatı V.Fokin aldı. Onu da deyim ki, mükafat on beş min avro dəyərindədir.
V.Fokin deyir ki, rejissor sənəti sanki bir əlifbadır. Nə qədər ki, bu əlifbadan sərbəstliklə istifadə edirsiniz, o sizə daha böyük imkanlar verir. Onun teatr konsepsiyası bu kəlmələrdə toplanıbdır.
- Sizcə, V.Fokin bu gün teatrın nəbzini tuta bilirmi, teatrın getdiyi istiqaməti təyin edə bilirmi?
- Bu gün V.Fokin təkcə Rusiya yox, dünya səviyyəsində bir sənətkardır. O, Şukin məktəbini bitirib və Moskvanın məşhur "Sovremennik” və Yermolova adına teatrlarında işləyib. 1985-ci ildə Yermolova teatrına bədii rəhbər təyin edilir və quruluş verdiyi "Danış” tamaşası ilə bu teatrı yeni teatr düşüncəsinə doğru yönəldir. V.Fokin deyir ki, "rejissor çox universal adam – həm eklektik, həm də erudit olmalıdır. Hər şeydən xəbəri olmalı, müxtəlif istiqamətləri "qarışdırmağı” bacarmalıdır. Müxtəlif formaları təqdim etmək qabiliyyətinə malik olmalıdır. Təbii ki, bu formaların başında insan dayanır. Və bütün bunlar dram teatrında öz təcəssümünü tapmalıdır. Bu o qədər də asan məsələ deyil”. V.Fokin köhnə ilə təzəni, ənənə ilə novatorluğu, fəslsəfə ilə psixologiyanı, təxəyyüllə ifaçılıq texnikasını birləşdirib bir bütövcəyə - tamaşaya çevirir. Eyni zamanda, çox məşhur tarixi tamaşaları götürüb onlara yeni mənalar və formalar verir. V.Fokin 1988-ci ildən Meyerholdun yaradıcılıq irsinin qorunması komissiyasının sədridir. 2011-ci ildə Rusiyada Meyerhold adına Teatr Mədəniyyəti Mərkəzi açıldı. V.Fokin bu mərkəzin yaradıcılarından biridir. Əslində, mərkəz elə onun təşəbbüsü ilə yaradılıb. O, 2003-cü ildən artıq 15 ildir ki, Aleksandrinski teatrının bədii rəhbəridir. 2006-cı ildən Rusiya Prezidenti yanında Mədəniyyət və İncəsənət bölməsinin üzvüdür. 2012-ci ildən Rusiyanın Teatr Rejissorları Gildiyasının sədridir. Lermontovun, Dostoyevskinin, Tolstoyun, Qoqolun əsərlərinə bənzərsiz quruluşlar verib. Onun quruluşları nəinki Rusiyada, bütün dünyada böyük maraq doğuran tamaşalardır. Teatr sferasında daim inqilabi konsepsiyalar ortalığa atan V.Fokin Rusiyanın xalq aristi, 4 dəfə Dövlət mükafatı laureatı, Polşanın əməkdar incəsənət xadimidir. O, QİTİS-də, Krakovda, Tokiodakı "Toen” teatrında, İspaniyada, İsveçrədə, Bolqarıstanda və bir çox Avropa ölkələrinin teatr məktəblərində həm dərs deyir, həm də ustad dərsləri aparır. Onun 3 il öncədən tərtib edilmiş iş proqramı var. 80-dən çox tamaşanın müəllifidir. Sankt-Peterburqda 2016-cı ildə "V.Fokinin 10 tamaşası” adlı teatr festivalı keçirilmişdir. Festival rejissorun yaradıcılıq metodunun inkişaf xəttini izləməyə imkan verdi. V.Fokinin Aleksandrinski teatrında quruluş verdiyi "Müfəttiş” əfsanəvi bir tamaşa oldu. "Hamlet”, "Maskarad” tamaşaları da belə tamaşalardandır. "Teatr Reallığı” mükafatı 2017-ci ildə K.Serebrennikova və L.Dodinə verilmişdi. Bu il bu mükafatı bir neçə nəfər aldı. Mükafat 12 min avro dəyərindədir və alanların arasında bölünür. Biz V.Fokinin "Maskarad. Gələcəyi xatırlayarkən” tamaşasına baxdıq. Bu genişmiqyaslı layihənin ali məqsədi V.Meyerhold tərəfindən bir əsr əvvəl – 1917-ci ildə İmperator səhnəsində hazırlanmış əfsanəvi tamaşanın akkumulyasiyaedici təcrübəsi əsasında yeni səhnə kompozisiyası yaratmaq idi. V.E.Meyerholdun 1917-ci ildə hazırladığı "Maskarad” vaxtilə öz dövrünün bədii ifadəsinə çevrilib və imperator teatrları direksiyasının ən bahalı tamaşası hesab olunubdur. Böyük Vətən Müharibəsi başlanana qədər bu tamaşa ard-arda oynanılıb. 1941-ci ildə dekorasiyalara bomba düşdüyündən repertuardan çıxarılıb. 1960-cı illərdə bu tamaşanı bərpa etməyə cəhd göstərdilər, lakin mümkün olmadı. V.Meyerhold tərəfindən qurulan maraqlı səhnəqrafiya, musiqi və ritmik obrazı V.Fokin daha parlaq bir formaya sala bilmişdi. Unikal teatr kostyumları, butaforiya V.Fokinin quruluşunda yeni həyat qazandı. V.Fokinin tamaşası rekonstruksiyadan çox parlaq müəllif işidir. Bu keçmiş yüz illiyi bu günkü günlə bağlaya bilmək hünəridir. V.Fokin bu tamaşada ənənəni qorumaq şərti ilə yeni teatr elementlərini ustalıqla birləşdirir. Bu tədbir çərçivəsində V.Fokinə həsr olunmuş simpozium da keçirildi. Moskvanın da görkəmli teatrşünas alimləri simpoziuma qatılmışdılar. V.Fokin qəribə bir jest etdi və dedi ki, icazə verin, mən sinpoziumda iştirak etməyim. Çunki oturub tərifləri dinləmək bir az ayıb olur. Ən yaxşısı odur ki, mən məşqə gedim. Tənqidçilər də V.Fokinin bu jestindən məmnun qaldılar. Çox maraqlı çıxışlar eşitdik. Xarici ölkələrdən gələn teatrşünaslar V.Fokin haqqında sidq-ürəkdən danışdılar.
- L.Dodinin tamaşalarına baxdınız. Necə düşünürsünüz, bu gün Dodini teatrın hansı problemləri maraqlandırır?
- L.Dodinin "Hamlet” tamaşasına baxdıq. L.Dodinin teatrı belə adlanır: Malıy Dramatiçeskiy Teatr-Avropa Teatrı. O, 1983-cü ildən bu teatrın baş rejissorudur. 2002-ci ildən bədii-rəhbər və direktordur. 1992-ci ildə L.Dodinin teatrı Avropa Teatrlar İttifaqının tərkibinə daxil olub. Bu, rus teatrının çox böyük qələbəsidir. Ona görə də teatrın adının yanında Avropa Teatrı yazılır. O, 1998-ci ildə Avropa Teatrı statusu aldı. Bu statusu ilk dəfə Odeon Teatrı, Pikkolo Teatrı, sonra isə L.Dodinin teatrı alıb. O, 23 yaşından aktyor və rejissor sənətini tədris edir. Çoxlu yetirməsi var. Böyük Britaniyada, Fransada, Amerikada, Yaponiyada və b. ölkələrdə ustad dərsləri verir. MDT-ın truppası əsasən L.Dodinin yetirmələrindən ibarətdir. Onu da deyim ki, truppanın 80 faizi bugünkü rus filmlərində, seriallarda çəkilən tanınmış aktyorlardır. Əksəriyyəti də gənclərdir. L.Dodin Rusiyanın və SSRİ-nin Dövlət, "Triumf”, "Zolotaya Maska”, beynəlxalq "Lourens Olivye” və b. mükafatların lauratıdır. O, 2000-ci ildə çox mötəbər "Avropa Teatr mükafatı”nı alıb. L.Dodinlə görüş zamanı nəvəsi yanında oturmuşdu. Dina L.Dodinin bütün işlərində ən yaxın köməkçisidir. O, fransız, ingilis, alman dillərini təmiz bilir və L.Dodinin tərcüməçisi olmaqdan əlavə, həm də babasını çox qoruyur. L.Dodin verilən suallara o qədər təvazökarlıqla cavab verirdi ki. Məsələn, verilən suallara "mən bunun cavabını bilmirəm”, "deyə bilmərəm” kimi təvazökarlıqla etirafda bulunsa da, amma əslində, çox sərrast cavablar verirdi. L.Dodin deyir, "mən elə bir mürəkkəb sənətlə məşğulam ki, burada hər şeyi havada tutmaq və duymaq lazımdır. Mən onları duyanda xoşbəxt oluram”. O heç nə haqqında dəqiq definissiya vermir. Gözəllik də elə bundadır. Bu dünyada hər şey şərtidir. Mütləqlik o deməkdir ki, həyat bitdi. L.Dodinsə mütləq olan hər şeydən qaçır. L.Dodin də, V.Fokin də deyirlər ki, "mən nailiyyətlərimlə fəxr etmirəm. Onlar mənim keçmişimdir. Mən bu gün nələrsə etmək istəyirəm, nələrinsə axtarışındayam və onları tapanda xoşbəxt oluram. Keçmişlə fəxr etmək o deməkdir ki, mən artıq bitmişəm”. Biz L.Dodinin "Hamlet”inə baxdıq. Çox Hamlet görmüşəm, ancaq beləsini görməmişdim. Tamaşa L.Dodinin mətni əsasında hazırlanmışdır. Yəni o, Sakson Qrammatik, Rafael Holinşed, U.Şekspir və B.Posternakın məlum mətnləri əsasında bir səhnələşdirmə edib. Danila Kozlovski Hamleti, E.Tarasova Ofeliyanı, K.Rappoport Gertrudanı, İ.Çerneviç Klavdini, S.Nikolski Polonini oynayırlar. O, obrazların əksəriyyətini ixtsar edib. L.Dodin deyir ki, "Hamletizm bərabərdir humanizm” kimi oturuşmuş fikir mövcuddur. Əslində isə, burada bir sirr var. Heç kim bunu açmağa cəhd görstərmir. Humanist Hamlet tamaşa başlayıb bitənədək öldürməklə məşğuldur. Birini "dəli edir”, bir başqasını öldürür. Finalda, demək olar ki, hamını, elə özünü də öldürür. O insanları öldürə-öldürə bizdən soruşur ki, "öldürmək lazımdırmı?”, "intiqam almaq olarmı?”, "necə intiqam alasan ki, əsl intiqam olsun?”, "öldürüm, ya öldürməyim?” Hamlet öz düşüncələrində nifrəti, intiqamı, qətli əsaslandırır”. L.Dodinin tamaşasında bu məqama toxunulur. O, deyir ki, "Hamletin bütün bunları əsaslandırmasının alt qatında hakimiyyət istəyi var”. Bununla L.Dodin intibah dövrünün humanizm fəlsəfəsində boşluqlar olduğuna işarə edir. Yəni, intibah dövründə yüksək mədəniyyətin, möhtəşəm əsərlərin yaranması ilə yanaşı, qəddarcasına yad torpaqların zəbti, işğallar, quldurluq da başladı, durmadan qanlar axıdıldı. L.Dodin bununla həm də bu günə işarə edir. O bütün bu fikirlərin hamısını "ola bilər” ehtimalı ilə səsləndirir. Yəni dəqiq heç nə demir. Və bütün bunlara misal kimi Hamleti göstərir. "Hamlet”in ənənəvi yozumundan imtina edir. O deyir ki, "bu gün biz bəşəriyyətin inkişafı ilə fəxr edirik. Amma gəlin etiraf edək ki, bura həm də varvarlıq tarixi də daxildir. Mən bu varvarlığı "Hamlet”də intellektual və mənəvi cəhətdən əsaslandırmışam. Yəni, bəşəriyyət yarandığı gündən bu günə qədər fəxr etiyimiz proqres həm də qeyri-ali insani instiktlərin intellektualizasiyasıdır. Yad torpaqların zəbt olunması buna bariz nümunədir. "Hamlet”i hazırlayanda mən sual verirəm: "Şəri törədən bilirmi ki, o şər törədir? Şəri törədən sağlamdır, yoxsa ruhi xəstədir? Dünyanı idarə edən güclü insanlar öz xəstəliklərindən xəbərdardırlarmı? Bizi bu cür davranmağa nə məcbur edir? Hərəkətlərimizi nə idarə edir? Məhz bu cür hərəkət etmək, yoxsa başqa cür hərəkət etməyin mümkünsüzülüyü?” Mən "böyük humanist Hamlet”in bu sirrini açmağa cəhd göstərdim. Bu çətindir, amma hər halda mən cəhd göstərdim”.
- A.Moquçiy rus teatr avanqardının parlaq nümayəndələrindəndir. Bu gün o, Rusiya teatrına hansı yenilikləri gətirə bilir?
- O, 1990-cı ildə öz Formal Teatrını yaradıb. Rusiyada azad teatrlar hərəkatının lideri sayılır. A.Moquçiy E.İoneskonun "Daz müğənni” əsərini qeyri-adi bir tərzdə qurub. V.Fokinlə yaxın yardıcılıq əlaqələrindədir. 2013-cü ildən Tovstonoqov adına Bolşoy Dramatiçeskiy Teatrın bədii rəhbəri təyin olunub. O, bu teatrı estetik baxımdan yeni ideyalarla "yüklədi”. Səhnəyə müasir dramaturgiyanı gətirdi. A.Moquçiy təcrübələrini vizual teatr çərçivəsində aparır. Aktyorların sənətkarlığını gözlənilməz cəhətdən açır. Dəfələrlə Rusiyanın mötəbər "Qızıl maska” teatr mükafatını alıb. 2010-cu ildə K.S.Stanislavski adına mükafata layiq görülüb. Biz onun "Alisa” və "Tufan” tamaşalarına baxdıq. "Tufan” tamaşasında ağlagəlməz bədii bir azadlıq var. Bu tamaşada A.Moquçinin həmmüəllifləri məşhur rus bəstəkarı A.Manotskov və rəssam Vera Martınovdur. Tamaşada rus həyatına xas olan "zülmət səltənəti”nin yerinə biz rus folklor mifologiyası ilə bağlı olan dəhşətli bir nağıl gördük. Səhnə qara boşluqdan ibarət idi. Tamaşanın personajları sanki pərdədə təsvir edilmiş palex miniatürlərindən düşmüşdülər. Rejissor zahirən "kukla”lara bənzəyən obrazları mürəkkəb musiqi ritminin və mətnin köməyilə canlandırıb avanssenaya düzürdü. Obrazlar arasında ünsiyyət, elə bil ki, yasaqlanmışdı. Ünsiyyət yalnız bir-birini sevən iki qəhrəmanın arasında var idi. Aktyorlar obrazların yaranma prosesindəki psixoloji metoddan imtina edərək yeni formanın və cilalanmış nitqin vasitəsilə mahiyyətə gəlirlər. O zamankı demokrat tənqidçilərin düşündüyü həmin o "zülmət səltənəti” stereotipi öz sosial əhəmiyyətini bu tamaşada itirir və obrazlar mistik bir şəkil alır. Hadisələr isə finala yaxınlaşdıqca tragik notlarla zənginləşir. Bu tamaşaya görə A.Moquçiyə ən yüksək milli teatr mükafatı - "Qızıl maska” verilib.
- BTTA-ya üzv olmaq Azərbaycan teatrına, teatr tənqidinə nə qazandırır?
- Çox şey qazandırır. Birincisi, bu, təcrübə mübadiləsidir, fikir mübadiləsidir, ünsiyyətdir. Yeni səhnələr görmək imkanıdır. V.Fokinin teatrının möhtəşəm ölçülü səhnəsindəki texniki avadanlıqların milyonlarla qiyməti var. Səhnənin hər nöqtəsindən istifadə etmək üçün texniki imkanlar sonsuzdur. Döşəmədən, tavandan, hər yerdən səhnə effektləri yaratmaq üçün istifadə olunur.
Müqayisə etmək imkanı qazanırıq. Biz müqayisə etdik və bir daha əmin olduq ki, bəli, Azərbaycan teatrında (1980-2010) da dünya teatr arenasına çıxmaq potensialında olan Vaqif İbrahimoğlu yetişmişdir. Bu, milli teatrımızın faktıdır. Mən üzümü tutub teatr xadimlərimizə demək istəyirəm ki, mənim əzizlərim, bu dünyada hər şey çox sürətlə dəyişir. Teatr sənətində də dəyişikliklər sürətlə gedir. İstedadlı gənclərimiz var, inanıram ki, səhnə meydançaları versək, onlar böyük işlər görə bilərlər. V.Fokin Aleksandrinski teatrının bir meydançasını gənclərə verib. Onlar axtarırlar, səhvlər edirlər, öz səhvlərini düzəldirlər. V.Fokin ustad kimi gəlir, öz qeydlərini edir, bunlar iki addım irəli atılırlar. O gənclərə müstəqillik verib. Rejissura elə bir mürəkkəb sənətdir ki, burada heç nəyə konkret cavab yoxdur.
- Məryəm xanım, müasir teatrşünaslıqda hansı tendensiyalar müşahidə olunmaqdadır?
- Mən elə hesab edirəm ki, bu gün Azərbaycan teatrşünaslığında çox güclü alimlər var. Doktor-professor İ.İsrafilov, İ.Rəhimli, Ə.Vəliyev, A.Talıbzadə, V.Qafarov, İ.Piriyev, N.Ağayeva, siz gənclər... Mənə elə gəlir ki, bu gün dünya teatr prosesində hansı tendensiyalar mövcüddursa, Azərbaycan teatrı da, teatrşünaslığı da bu proseslərlə sinxron mövqedədir. H.T.Lemanın teatr düşüncəsinin istiqamətini dəyişməsi bizim tənqidə də öz müsbət təsirini göstərib. Biz bu gün teatr tənqidinin klassik nümunələrindən imtina etmirik, eyni zamanda da parlaq qeyri-klassik teatr tənqidi nümunələrimiz var. Mən elə hesab edirəm ki, bu nümunələr beynəlxalq teatr tənqidi səviyyəsində nümunələrdir. Nümunələr bizim tərəfimizdən yazılan monaqrafiyalar, kitablar, məqalələrdir...
- Bu gün teatr sənətinin və tənqidinin mövcud durumu haqqında bədbin proqnoz verənlər də var. Onlara görə tənqid artıq ölüb. Siz necə düşünürsünüz?
- Teatr heç vaxt ölməyəcək. Teatr varsa, teatr tənqidi də olacaq. Onlar irəliyə doğru bir gedirlər. İntəhası teatr və teatr tənqidinin laboratoriyasına hər gün ağlagəlməz yeni ideyalar, yeni ifadə vasitələri daxil olur. Mən bu yeni ifadə vasitələrini Sankt-Peterburqda gördüm. Məsələn, orda çıxış edən yunan rejissoru Teodor Terzopulos dedi ki, "biz çalışmalıyıq teatr milli köklərini itirməsin, kommersiya məqsədləri, qlobalizasiya teatrı özündən uzaqlaşdırmasın”. Buna da həmişə cavabdeh V.Fokin, L.Dodin kimi sənətkarlardır. P.Bruk, Y.Qrotovski, V.İbrahimoğlu canlarını sərf etdilər ki, teatr milli köklərindən uzaqlaşmasın, özü-özündən uzaqlaşmasın, amma daim axtarsın, yeniliklərlə məşğul olsun. V.Fokin nə edir? Rus teatrını ənənələrə əsaslanaraq gələcəyə yönəldir. Və burada forma-məzmun bir yerdədir, eyni zamanda biz burda müxtəlif formaları görürük. V.Fokinin tamaşalarında eklektika var. O, bilərəkdən bunları edir. Və o teatrı hər yerdə axtarır. V.Fokin=Qoqol+Dostoyevski+Roşin+Valodin... V.Fokin ənənələri özünə hopdurub, amma ortalığa çıxaranda çıxartdığı Fokinindir və yenidir. Amma ənənə bu yeni olanda yaşayır. O, gözəl pedaqoqdur, aktyorlarla çox sərt işləyir. Məşqlərinə heç kimi buraxmır. O həm V.Meyerholdu rekonstruksiya edir, həm də onun üzərində özününkünü yaradır. V.Fokin deyir ki, "mən rejissor kimi kollektiv sənətdə bir instrumentəm”, daha demir, mən dirijoram. "Hər gün bu instrumenti sazlamalıyam”. Bilirsiniz, indi Sankt-Peterburq bir mədəniyyət mərkəzidir, Avropaya pəncərədir. Və V.Fokin deyir, "bir peterburqlu kimi, hesab edirəm ki, Peterburq Avropanın bir hissəsidir, Avropa da Peterburqun”. Yəni, Rusiyanın mədəniyyəti bütün dövrlərdə, eləcə də bu gün yüksək səviyyədədir. Görkəmli fransız teatr tənqidçisi Banyu V.Fokinə həsr olunmuş simpoziumda qeyd elədi ki, "rejissor var, yaradıcılıq yolu bir ideyadan ibarətdir. Bir ideyadır, getdikcə başqa şəkillər alır. V.Fokin isə metamarfozalardan ibarətdir, daim dəyişir”. Bu gün isə Fokinin Aleksandrinski teatrında yaratdığı mühit sanki onun şərəfli teatr keçmişilə bir dialoqudur. Bu gün yeni bir zaman başlayıb, biz bu zamana qarşı həssas olmalıyıq, zamanı eşitməliyik. Zamanın tələblərini duymalıyıq, mən Azərbaycan teatrını da buna səsləyirəm. Zaman sərtdir, zaman möhtəşəmdir, sürətlə irəliyə gedəndir və biz, L.Dodinin dediyi kimi, mürəkkəb sferada çalışırıq, biz bilmirik nəyi axtarırıq, nəyi tutmalıyıq, biz bunu intuitiv duymalıyıq. Onu da kim duyur? Əsl sənətkar!
- Ötən illərdə Polşada, Çində, Serbiyada olmusunuz, yəni dünyada gedən teatr prosesindən xəbərdarsınız. Müasir teatr prosesi nəyi diqtə edir, ya da ki belə: hara gedir bu dünya?
- Böyük sənətkarlar dedilər ki, biz bilmirik hara gedir, mən buna necə cavab verə bilərəm?! Harasa gedir bu dünya... amma gedir...
- Bəs nəyi diqtə edir?
- Bu gün dünya sürət qatarının içindədir. İntuitiv duymalıyıq ki, Zaman nəyi diqtə edir. Həssas olmalıyıq zamana. Qatarımız sürət qatarıdır və ola bilər, bu qatar o qədər sürətlə getsin ki, çoxumuzu qapıdan, pəncərədən tullasın, bir də o qatara çatmayaq. Pekində 4 il bundan qabaq mövzu teatr tənqidiylə bağlı idi: teatr tənqidi ölmür! O da teatrla birlikdə dəyişir və bu gün baxdığımız tamaşalarda düzxətli düşüncə görmürük, hər şey ziqzaqlarla, sıçrayışlarla, enişlərlə, yoxuşlarla təqdim olunur. Bu, canlıya xas olan bir ritmdir. Tamaşa da canlı orqanizm olduğu üçün teatr da düz xətlə gedə bilməz. Bu gün teatra süjetə baxmağa getmirik ki, gedirik, bizdə assosiativ duyğular yaransın, biz özümüzdən, ətrafımızdan baş çıxardaq. İlk növbədə, özümüzdən baş çıxartmağa gedirik. Yoxsa sujet nəyimizə lazımdır?! Çağımızın tamaşaları çoxxətli, çoxsəsli, çoxqatlı olmalıdır. Teatr tənqidi də həmçinin...
- Oralardan baxanda Azərbaycan teatrı necə görünür və Azərbaycan teatrı bu gün dünya teatr prosesinə qoşula bilirmi?
- Azərbaycan teatrı normal görünür. Ümumi teatr prosesinə qoşulmaq potensialı var. Sadəcə, zamana həssas olmaq keyfiyyətini özümüzdə təkmilləşdirməliyik, kompas kimi onu tutub getməliyik. Mütləq dəyişməliyik, ənənəmizə, teatr tariximizə sadiqliyimizi qorumaqla, böyük sənətkarlarımızla fəxr edə-edə... Söhbət bu gün və sabahdan gedir. Biz bu günlə yaşayıb, sabaha yubanmadan getməliyik... Bir də ki, səhnə meydançaları verməliyik cavanlarımza, cavan rejissorlarımıza. Onlar orada özlərini mütləq sınamalıdırlar. Büdrəməlidirlər, yıxılmalıdırlar, axsamalıdırlar. Axırda ayağa durub Azərbaycan teatrını yenidən dünya teatr prosesinə qoşacaqlar. Mən demirəm, biz o prosesdən qıraqdayıq. Biz o prosesin içində gedirik. İntəhası, parlaq işlərlə getməliyik...
Söhbətləşdi: Könül Əliyeva-Cəfərova
Teatrşünas
banner

Oxşar Xəbərlər