• cümə, 29 Mart, 12:54
  • Baku Bakı 14°C

Mərrix ulduzunun şəfəqləri və ya “Sabah“çıların “Paris inqilabı“

22.01.16 10:10 2314
Mərrix ulduzunun şəfəqləri və ya “Sabah“çıların “Paris inqilabı“
Adə , bu şəhərdə gəl gör nələr-nələr var imiş,
Nə şeytənət, nə dəsayis, nə hiylələr var imiş!
("Molla Nəsirəddin")

Paradoksaldır. Bəlkə də heç vaxt cavabını tapmayacaq, ya da tapdığı cavabla yola getməyəcək, onu incidəcək, inkar etmək üçün əlindən gələni edəcək "Aktyor kimdir?!" sualı. Oyunçuluq nədir...gərək bu məsələlərə azacıq da olsun təfsir vermək üçün cinləri, ifritləri çağıraq, bir məsləhət edək. Amma heç bilmirəm bunların əlmuzdunu kim kərəm edəcək..." ya Bəlixa!!!"
Oyun instinkdir, akyorluq (oyunçuluq) instiktivdir, qaçılmaz halətdir. Çətinlik, acizlik oyunçuluğu doğuran başlıca amildir. Həyat, Şeksprin sözü olmasın, sadəcə oyundur… tamaşa isə oyun içində oyun. Aktyor oyun içindəki oyunun canlı elementidir. O, dövrə xas yaşantıların enerjisini özündə qapsayan emosiyalar labaratoriyasıdır. Həyatın milyon üzlü gerçəkliyini, dövrü, insan münasibətlərini, insana xas psixi yaşantıları bədənində cəmləyir, səhnə əməlində həll edir, görüktürür , şəkilləndirir. Aktyor minlərlə insanı öz "mən"ində daşıyan paradoksal varlıqdır.
İndi deyəcəksiz, bu qəliz cümlələrin məsələnin mahiyyətinə nə aidiyyatı var...heç nə, "məhzər oxuyuram ki, işimiz avand olsun:
Dəğdəğəha fətəndi,
Tübbəl-kəra kərəndi!
Ya Səlixa!!!"
Teatr orqanizmdir. Başlıca təlabatı dəyişkənlik (mutasion xassə), yenilikdir. İmicini hər nəslin tələbatına uyğun formalaşdırmasa, ruhunu təzələməsə, ilan kimi qabıq verib də dəyişməsə yaşaya bilməz. Gərçi teatr yaşamasa babalı Məstəli Şahın boynuna...
Həzarat, bəs əhvalat vaqe olur "Səda" tədris teatrının səhnəsində - ustad Nofəl Vəliyev öz şəyirdlərini ( 2-ci kurs dram-kino aktyorları - "SABAH" qrupu) başına yığıb M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (məlum əsərin adını lokanikləşdirdim ki, nə sizi əziyyəyə salım, nə də özümü) komediyasını səhnə təcəssümünə qovuşdurub. Gəlin manifestasionun (təcəssümün, təzahürün) necəliyinə varmazdan əvvəl komediya ətrafında azacıq gəlişək :
Janrımız komediyadır. Komediya (daha doğrusu gülüş) enerji çatışmazlığından, yöndəmsizlikdən, gülünclükdən doğur. Komediya qəhrəmanı həmişə iddialıdır, ölüikən yaşamağa, var olmağa iddialıdır. Cəmiyyət içrə hakimi-mütləq olmağa, heç vaxt bacarmayacağı məsələlərin həllinə iddialıdır. Tükənmişin hakimiyyət iddiası gülüş doğurur. Yəni ki, “ cəmiyyət üçün zərərli, amma gülüş doğuran zərərli CƏHDin, iddianın meydana gətirdiyi konfliktin dramatik ifadəsi KOMEDİYA adlanır.
“Müsyö Jordan və dərviş Məstəli şah” xalqımızın “zaman içrə fəci karnavalı”dır. Axundzadə millətin tələbatı, tərəqqi prinsipləri içindən dünyaya baxanda Azərbaycan cəmiyyətinin “acı həqiqəti”ni dərk edir: materialist fəlsəfəsindən və qərbçilik konsepsiyasından çıxış edərək özünün maarifçi realizmini cahiliyyətə, xürafata qarşı qoyur.
Atüstü keçirəm tamaşaya…
Kursun rəhbəri, və tamaşanın rejissoru Nofəl Vəliyev ( əməktar artist)
Aktyor sənəti müəllimi: Ruslan İsmayılov
Səhnə danışığı müəllimi: Nadir Hüseynov (dosent)
Tamaşanın musiqi tərtibatı: Hüseynağa Hüseynov
“Sabah“ mərkəzinin rəhbəri : Bella Məmmədbəyova
Axundzadə hamımıza bəlidir …öz problemləri, ahu-naləsi, qəhqəhəsi ilə. Pyesin (“Müsyö Jordan və dərviş Məstəli şah”) oxucu, tamaşanın seyrçi üçün psixoloji qatda aktuallaşdırdığı məsələləri “əlimizin içi kimi” bilirik. Ondan yana gəlin məsələnin təfsirinə başqa aspektdən dalaq - Sabahçıların “Paris inqilabı”ndan danışaq: “Fətəbərəkallahu əhzənül xaliqin!”
Fəci karnavalın komik masqaları
“ Balıq başından iylənər” deyiblər…biz də ailənin başçısından başlayaq : Orxan…Hatəmxan… Hatəmxan ağa ( Orxan İsgəndərli) masqa-obrazdır, feodal–patrialxal yaşam tərzinin, mühitinin yaratdığı tipdir. Axundzadə digərləri kimi ona da acıyır, tənə edir. Orxanın oyunu Axundzadənin məramı ilə səsləşir. O, Hatəmxanı “sakral” məqamdan endirib sadəlövhləşdirir, ağa-bəy ədasından məhrum edir. Ən təsəlliverici məqam bu ki, Orxanın Hatəmxanı teatrımızın ştamplarından azaddır və “Adil İsgəndərovun xoşuna gəlməyə” çalışmır. Orxan imitasiydan, parodiyadan uzaqlaşır, öz yaradıcılıq potensialından geninə -boluna yararlanır ( məhz bu amili qrupun bütün üzvlərinə də aid edirəm)… ” Bir nimtənə kim, ta ola zərbəftü nikutər, Diba ona möhtac”.
Obamızın “başbilənlər”i: Şəhrəbanu…Xanpəri…
Axı “yazıq ilan vurmuş” Şəhrəbanu xanım haradan bilsin ki, Linney kimdi, Turnefort nəçidi, Jordan hansı niyyətin ağasıdı…gözün açıb nənədən-babadan eşidib ki, bəs “sarımsaq kötüyünü eşşək südündə qaynadıb içmək” hər dərdə dəvadır. Elə ol səbəbdəndir ki, Şahbaz bəyin Avropa şakərini məclislərdə “üzü-başı açıq oturan fransız qızlarının havasına yellənib uçmaq” dan özgə bir şey hesab etmir. Obraz 1, 2-ci pərdələrdə Sevgin Rzayeva, 3, 4-cü pərdələrdə Xədicə Məmmədovanın ifasında canlanır. Sevginin bir qədər ritorik , ağayana Şəhrəbanu xanımı, Xədicənin realist yanaşması ilə tamamlanır və bu iki fərqli yanaşma kifayət qədər koloritli oyunla sərgilənir.
Elimizin "düşünən beyinlər"inin ön sırasında Xanpəri ( Suzana Məmmədova, Könül Ələkbərova) dayanır. Suzananın Xanpərisi işin necə keçdiyini bilmədən ağlayır, ahu-fəğan edir...təki situasiyaya uyğun halətdə bulunsun. Rejissorun Xanpəri üçün cızdığı komik oyun çevrəsi Könül tərəfindən məharətlə qapanır.
Gülçöhrə ( Anaxanım Sultanova) də ki, hələ uşaqdır. Amma özünə söz verib ki, böyüyəndə anası kimi "başbilən"olacaq, onun yolunu ləyaqətlə davam etdirəcək. Anaxanım maraqlı ştrixlərlə ifa etdiyi Gülçöhrə surətini tamaşanın ən yaddaqalan rollarından birinə çevirir… "Mətnində tamam rabitə mövzun sərasər, Tək haşiyə qıyqac".
"Qamışlıq" sakinlərinin məhəbbət macəraları : Şərəfnisə...Şahbaz...
Olan Şahbaza (Corc Qafarov) oldu...Paris yenə bərpa olacaq , Müsyö Jordan öz elmi tədqiqatlarını uğurla davam etdirəcək, Məstəli şah hələ neçə-neçə şəhərləri viran qoyacaq. Bəs Şahbaz...onun itirilmiş vaxtı, məhv olmuş həyat eşqi, ürəyində qalmış arzuları... yəqin ki, "Qamışlıq" bu arzularla nə edəcəyini əla bilir və mən də əla bilirəm... hətta əminlikə iddia edirəm: Şahbaz bəy obrazını bu qədər zəngin çalarlarla var edəcək, canlandıracaq ikinci gənc aktyor tanımıram . Nədən ki, Corc Şahbazı öz "mən"indən qoparıb oynayır. Nədən ki, Corcun ifasında Şahbaz sevincdən kədərə, kədərdən qəzəbə, qəzəbdən məyusluğa böyük məharətlə sıçrayır. Axundzadənin ağladığı yerdə Corc da ağlayır, seyrçilər də. Məhz Corcun ağladığı yerdə komediya tamamlanır, bötövləşir və əsərin içözündəki (batinindəki) idealar hərəkətə gəlir, gülüş bətnindəki ağrını faş edir, bəlirdir. Hesab edirəm, komediya içində seyrçidən kədər göz yaşları axıtmaq üçün gərəkdir aktyor ən azı Corc qədər içdən oynamağı, obrazı kəndi yaşantılarında həll etməyi bacarsın.
Çilənay Cəfərli də öz Şərəfnisəsi ilə Corcdan geri qalmır. Bu iki istedadlı tələbə-aktyor öz səhnə əməlində Şahbaz və Şərəfnisə üçün komik-romantik-dramatik xətti bütün detal və zənginliyi ilə qoruyb saxlamağı bacarırlar..."Üstündə onun aşiqü məşuq müsəvvər, Dil şövqünə minhac".
Cəhənnəmdən qonaqlarımız var : Məstəli şah ...Qulaməli...
Dərviş Məstəli şah (Hilal Dəmirov) etiketdir- müsəlmanlarla Allah arasındakı anlaşılmazlığın, yəni ki, xürafatın, ziddiyyətli dini qavrayışın etiketi. İranlıdır. Şərq əhlidir. Amma və lakin...
Hilal plastik qatda Məstəli şahı yenidən diriltdi, ona yeni ruh, nəfəs verdi . Onu qrotesklə fars arasında aşağı getdi, yuxarı getdi...nə etdisə yaxşı etdi.
O ki qaldı Qulaməliyə Hüseynağa Aslanov bu qulbeçəni bütün həqiqəti, ziddiyyətləri, şorgözlüyü ilə çatdırmağı, onun üçün yeni-yeni cizgilər cızmağı bacardı..."Tiri-nəzəri əhli-təmaşaya müqərrər, Hər butəsi amac".
Ağ atlı fransız : Müsyö Jordan...
"Mirzə Fətəlinin Müsyö Jordana münasibətini onun Qərbi Avropaya bəslədiyi konseptual münasibətin işığında qiymətləndirmək lazımdır".( Yaşar Qarayev)
Bəs demə Jordan ağa (Məhəmməd Musayev) real tarixi şəxsiyyət imiş...adı da Aleksis Jordan. Bunu qoyaq kənara, atüstü onu vurgulayaq ki, tamaşa zamanı dirilən obrazların ən xoşbəxti Jordan ağa idi...təbii ki, Məhəmmədin ifasında!.."Içində onun şölə verə tələti-dilbər, Tabəndeyi-vəhhac".
Nəticəyə ötəri nəzər...
Tamaşanın əvvəlindəki musiqili kompazisiya "gələcək haqda" inamlı informasiya verirdi. Mən heç peşəkar teatrın səhnəsində əsərin bu qədər ritmik, canlı təcəssümünü görməmişdim. Tamaşa seyrçidə qəribə marağa səbəb olmuşdu , sanki təqdim olunan Azundzadə deyil, qeyri-tanış bir dramaturq idi. Nədən ki, rejissor ( Nofəl Vəliyev) əsərdəki hər bir nüansı mikrokonfliktlərlə canlandırmış və tamaşanı müasir seyrçinin təlabatına düzənləmişdi. Burada rol bölgüsünün də uğurlu olduğunu qeyd etmək lazım - elə bil Axundzadə komediyanı “sabahçılar” üçün yazıb.
Aktyorların (tələbələrin) münasibəti, tərəf müqabilinə reaksiyası, aralarındakı ruhsal-energetik mübadilə tamaşanı qüsrsuzlaşdıran elementlər sırasındadır. Qüsursuzluq da ki, Məşədi İbadın sözü olmasın, elə özü boyda qüsurun varlığına dəlalət edir. İndi bu qüsurdan yapışıb calışmağa, peşəkarlaşmağa, mükəmməlləşməyə nə deyirsiz , əziz və dəyərli "SABAH"çılar?!..."Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər, Ya bəhri-pürəmvac".
Azərbaycan xalqının tarixi gerçəklik içində obrazını Salvador Dalinin " Dolab qadın"ı ( "Antropomorfik dolab") qədər parlaq ifa edən ikinci bir obraz tanımıram..." Ya Məlixa !!!"
Dağlar Yusif
Tələbə-teatrşünas
banner

Oxşar Xəbərlər