Divizion komandiri: “Mərmiləri elə dəqiqliklə atırdıq ki, düz təpələrinə düşürdü” - FOTOLAR
Vətən
Müharibəsi iştirakçısı, polkovnik-leytenant Fərahim Həsənovun döyüş xatirələri
Artilleriya, atəş vasitələrini, döyüş texnikasını,
canlı qüvvəni, müdafiə qurğularını, eləcə də digər obyektləri məhv etmək, döyüş
zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq, həmçinin müşayiət
etmək üçün mühüm vasitədir. Demək olar ki, bütün müharibələrdə bu vasitədən
geniş istifadə olunub. Vətən Müharibəsinin zəfərlə başa çatmasında da
artilleriyanın - topçularımızın özünəməxsus rolu olub. Həmin müharibənin
iştirakçılarından biri də artilleriyaçı polkovnik-leytenant Fərahim Vahid oğlu
Həsənovdur. O, 9 fevral 1983-cü ildə Salyan rayonu Piratman-Gəncəli kəndində
anadan olub. Üç tərəfi Kür çayı ilə əhatə olunan bu yaşayış məntəqəsindəki
məktəbdə orta təhsil alan F.Həsənov 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi
Məktəbə qəbul olub. 2004-cü ildə Ali Hərbi Məktəbi Artilleriya ixtisası üzrə
bitirib, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində bir il ixtisas
təkmilləşdirmə kursu keçib. 2005-ci ildə taqım komandiri təyin olunaraq hərbi
xidmətə başlayıb. 2006-cı ildə artilleriya divizionunda batareya komandiri
təyin olunub. 2014-cü ildə divizion komandirinin maddi texniki təminat üzrə
müavini, 2016-cı ildə divizionun qərargah rəisi vəzifələrini icra edib. 2018-ci
ildən divizion komandiridir və hazırda xidmətini davam etdirir. Xidmət dövründə
Azərbaycan Ordusunun yaranmasının 90, 95, 100 illiyi medalları, 10 il qüsursuz
xidmətə görə üçüncü dərəcəli, 15 il qüsursuz xidmətə görə ikinci dərəcəli
medalları ilə təltif olunub, dəfələrlə komandanlığın diplom və
təşəkkürnamələrinə layiq görülüb. Vətən Müharibəsində iştirakına görə isə
"Vətən uğrunda”, həmçinin Füzuli, Xocavənd, Zəngilan, Qubadlı və Cəbrayılın
azad olunmasına görə medalları ilə təltif olunub.
"Bu vəzifənin öhdəsindən layiqincə gəldiyim
üçün...”
Müzəffər Ordunun
artilleriyaçı zabiti Bakıda qısamüddətli ezamiyyətdə olarkən onunla görüşüb
hərbi xidmət dövrü, iştirak etdiyi döyüşlər barədə ətraflı söhbət etdik.
Müsahibimiz öncə hərbçi peşəsinə sevərək yiyələnməsindən, çətin və şərəfli
xidmət yolu keçməsindən danışdı: "Ali Hərbi Məktəbi bitirib təkmilləşdirmə
kursu keçdikdən sonra əvvəlcə taqım komandiri, ardınca artilleriya divizionunda
batareya komandiri təyin olunmuşam. Bu, hərbidə ən çətin vəzifələrdən biridir.
8 il 6 ay bu ağır vəzifəni şərəflə yerinə yetirmişəm. Hətta mənə zabit
yoldaşlarım zarafatla deyirdilər ki, sənin adını "Əsrin kombatı” kimi "Qırmızı
kitaba” salmaq lazımdır. Məlumat üçün qeyd edim ki, batareya komandiri bütün
hər şeyə görə məsuliyyət daşıyır. Buraya şəxsi heyətin nizam-intizamı, xidmətin
təşkili, qidalanması, məişət şəraiti, hərbi texnikanın, silah-sursatın
saxlanması, qorunması, istismar qaydalarına düzgün riayət olunması və sair kimi
məsələlər daxildir. Bütün bunlara batareya komandiri başı ilə cavabdehdir.
Haradasa boşluq buraxılarsa, batareyanı idarə etmək çətinləşər. Bütün çətinliklərə
rəğmən, batareya komandiri şah vəzifəsidir. Təbii ki, batareya komandiri də
vəzifəsini dərindən dərk edən, son dərəcə məsuliyyətli biri olmalıdır. Bu
vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün sonrakı illərdə divizion
komandirinin maddi texniki təminat üzrə müavini, divizionun qərargah rəisi
vəzifələrini icra etmişəm. Qərargah rəisi də olduqca ağır, mürəkkəb və
məsuliyyətli vəzifədir. Demək olar ki, divizionun bütün işi qərargah rəisinin
üzərinə düşür. Bütün təhvil-təslimlərə, taktiki-texniki dərslərə, nizam
qaydalarının riayət olunmasına, şəxsi heyətin xidmətinə, döyüş hazırlığına
birbaşa cavabdehsən. Hətta bir sıra hallarda qərargah rəisinin məsuliyyəti
divizion komandirindən yüksəkdir. Şadam ki, bu vəzifəni də layiqincə yerinə
yetirdiyimə, komandanlığın etimadını doğrultduğuma görə divizion komandiri
təyin olunmuşam”.
"Rabitə vasitəsilə eşitdiyimiz ən xoş söz...”
İyirmi ildən
artıq bir müddətdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitimiz həm
2016-cı ilin aprel döyüşlərinin, həm də 2020-ci ilin 44 günlük Vətən
Müharibəsinin iştirakçısıdır. O, bu döyüşlərdə rəhbərlik etdiyi divizionun
şəxsi heyətinin böyük əmək sərf etdiyini, ruh yüksəkliyi ilə döyüşdüyünü
bildirdi: "2016-cı ilin aprel döyüşləri başlayanda divizion komandirinin maddi
texniki təminat üzrə müavini idim. Döyüş aparan divizionun bütün təminat
məsələləri, o cümlədən qidalanması, sursatı yüksək səviyyədə təmin olundu. Bir
neçə gün ərzində üzərimizə nə düşürdüsə, onu etdik. 2020-ci ilin 27
sentyabrından başlayaraq noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsində
isə divizion komandiri kimi iştirak etdim. Qürur duyuram ki, işğal altındakı
torpaqlarımızın azad olunmasında divizionumuzun bütün şəxsi heyətinin
özünəməxsus əməyi var. Şuşanın azad edilməsi istisna olmaqla, bütün rayonların
işğalçılardan təmizlənməsində divizion var qüvvəsi ilə döyüşüb. 44 günlük
müharibə dövründə elə bir yer olmadı ki, divizion orada bir gün qala bilsin.
Hətta elə vaxtlar olurdu ki, gün ərzində 3 dəfə yerdəyişmə edirdik. Sürətli
hücum olduğundan, Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək peşəkarlığından
irəli gələrək kənd, qəsəbə, şəhər və rayonlar bir-birinin ardınca azad olunur,
mövqelərimiz daha da irəli çəkilirdi. Rabitə vasitəsilə eşitdiyimiz ən xoş söz,
"qaçırlar məsafəni artırın”, "sağa və sola atışı artırın” ifadələri idi.
Mərmiləri elə dəqiqliklə atırdıq ki, düz təpələrinə düşürdü, mövqeləri
dağılırdı”.
"Düşmənin bir mərmisinə cavab olaraq...”
Həmsöhbətimiz vurğuladı ki, əks-hücuma keçən
bölmələrimizə artilleriya dəstəyi vermək, onların irəliləməsini əngəlləyən
maneələri, düşmən mövqelərini artilleriya atəşi ilə darmadağın etmək,
hərbçilərimizin daha da irəliləməsini təmin etmək üçün komandirlik etdiyi
divizion çeviklik və dəqiqlik nümayiş etdirib: "Biz atırdıq, mövqelərini
dağıdırdıq, düşmən qaçırdı. Davamlı olaraq artilleriya bölmələrini irəli çəkir,
daha qabaqdakı düşmən mövqelərini dağıdırdıq. Döyüş prosesində hər anın, hər
saniyənin öz hökmü var. Döyüş planı düzgün qurulmazsa, artilleriya dəstəyi zamanında
və dəqiqliklə yerinə yetirilməzsə, həm ön xətdəki hərbçilərimiz dəstəksiz
qalar, həlak olar, həm də irəliləmək mümkün olmazdı. Şadam ki, divizionumuzun
bütün əsgər, çavuş, gizir və zabit heyəti üzərinə düşən vəzifənin öhdəsindən
layiqincə gəldi, komandanlığın bütün tapşırıqlarını yerinə yetirə bildik.
Ermənistanın 41-ci artilleriya alayı var idi, Cəbrayıl rayonunun Daşkəsən
kəndində yerləşirdi. Bu alay hər dəfə döyüş mövqeyinə çıxan kimi dərhal həyəcan
siqnalı ilə biz də öz mövqelərimizi tutur, düşmənin atəşinə və ya həmləsinə
cavab vermək üçün hazır vəziyyətdə dayanırdıq. Vətən Müharibəsində nəinki
düşmənin 41-ci alayının, ümumən bir çox alayının, divizionunun axırına çıxdıq,
məhv etdik. Bizim müasir hərbi texnikamız, xüsusi cihazlarımız var idi. Düşmən
atəş açan kimi dərhal onun yerini, koordinatlarını müəyyən edir, dəqiq atəşlə
zərərsizləşdirə bilirdik. Düşmənin bir mərmisinə cavab olaraq 20 mərmi atıb
mövqelərini dağıdır, bizə mərmi atdığına görə onları peşman edirdik. Bunun
ardınca da bölmələrimiz irəliləyirdi. Məşhur məsəldə deyildiyi kimi,
artilleriya mərmisi dəyməyən yerə piyadanın ayağı dəymirdi”.
"44 gün çəkən
döyüşlərdə bir dəfə də rast gəlmədim ki...”
F.Həsənov Azərbaycan Ordusunun gücündən, Silahlı
Qüvvələrimizdə xidmət edən zabitlərimizin peşəkarlığından da söhbət açdı.
Vurğuladı ki, hərbi qulluqçular yüksək intellektual səviyyə və döyüş bacarığı
nümayiş etdirərək xidmət edirlər: "44 günlük Vətən Müharibəsində düzgün döyüş
taktikasının seçilməsi, ildırımsürətli müharibənin aparılması və müsbət
nəticənin əldə edilməsi, qarşıya qoyulan bütün hədəflərə nail olunması buna
əyani sübutdur. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbçilərlə
görüşündə vurğuladığı kimi, artıq bir çox inkişaf etmiş ölkələr Azərbaycan
Ordusunun İkinci Qarabağ Müharibəsində işlətdiyi döyüş taktikasını öyrənir, bu
təcrübəni hərbi dərsliklərə salırlar. 44 gün çəkən döyüşlərdə bir dəfə də rast
gəlmədim ki, hansısa zabit nədənsə ehtiyat etsin, qorxsun, geriyə çəkilsin. Hər
bir zabit əsgəri ilə çiyin-çiyinə düşmənə qarşı mərdliklə vuruşurdu.
Zabitlərimiz komanda və ya müşahidə məntəqəsində oturub ancaq irəli komandası
vermirdilər. Onlar özləri irəliləyib, əsgəri də ardınca apardılar. Şəxsən mən
hər dəfə döyüş mövqeyini dəyişəndə birinci özüm irəliyə gedir, şəxsi heyəti də
ardımca aparırdım. Eləcə də, digər zabitlərimiz bunu edirdi. Bu baxımdan heç də
təsadüfi deyil ki, istər düşmənin 2020-ci ilin iyul hücumunun qarşısının
alınmasında, istərsə Vətən Müharibəsində ümumilikdə şəhidlik zirvəsinə
ucalanlar arasında zabitlərimiz çoxdur. Şəhid polkovnik, Milli Qəhrəman Şükür
Həmidovun adını çəkmək istərdim. Onunla çiyin-çiyinə döyüşdük bu müharibədə.
Çox-çox peşəkar zabit, vətəninə bağlı mərd oğul idi. Şəhidlərimiz arasında
general, Milli Qəhrəman Polad Həşimov da var. Generalı, polkovniki öndə olan
Ordu yenilməz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə möhkəm can
sağlığı, uzun ömür bəxş etsin. Onların Vətən və tarix qarşısındakı xidmətləri
əvəzsizdir”.
"Əks-hücum əməliyyatları zamanı...”
Polkovnik-leytenant
müharibə dövründə Xalq-Ordu-Ali Baş Komandan həmrəyliyindən də danışdı.
Bildirdi ki, bu birlik qarşısında heç bir qüvvə davam gətirə bilməzdi: "Məşhur
bir atalar məsəlində deyildiyi kimi, güc bir olsa, zərbi kərən sındırar, el bir
olsa dağ oynadar yerindən. Vətən Müharibəsi dövründə əsgər və zabitlərimizin,
generallarımızın, bütün mülki vətəndaşlarımızın birliyi, vahid amal uğrunda Ali
Baş Komandan ətrafında sıx birləşib dəmir yumruğa çevrilməyi işğalçı
Ermənistanın belini qırdı, onun ordusunu darmadağın etdi, torpaqlarımız azad
olundu, ərazi bütövlüyümüz təmin edildi. Şəxsi heyətdə mənəvi-psixoloji
vəziyyət o qədər yüksək idi ki, hətta kiminsə silahı, sursatı olmasaydı belə,
əliyalın düşmənin üstünə hücum edib onları torpaqlarımızdan qovmağa cəhd
edərdi. Ordumuz mərmi və güllə yağışı altında daim irəliləyirdi. Azad olunan
hər bir yaşayış məntəqəsi şəxsi heyətin döyüş ruhunu, psixoloji durumunu bir
qədər də artırır, daha irəliyə can atmağa səsləyirdi. İldırım sürətli döyüş
oldu. Düşmənə göz açmağa, əks-hücuma keçməyə imkan vermədik. Düşmən
silah-sursatını, hərbi texnikasını, nəqliyyat vasitələrini, hətta yaralı
əsgərlərini və meyitlərini döyüş meydanında qoyub qaçırdı. Təkcə mənim
rəhbərlik etdiyim divizion düşmənin döyüşə yararlı 6 ədəd 2-S1 özüyeriyən artilleriya
qurğusunu, toplarını, onların sursatlarını, digər kiçik çaplı silahları qənimət
olaraq ələ keçirdi. Beləliklə, ermənilərin öz silahını, sursatını, hərbi
texnikasını özlərinə qarşı istifadə etdik. Düşmənin bir özüyeriyən artilleriya
divizionunu tamamilə sıradan çıxardıq, məhv etdik. 2020-ci il dekabrın 10-da
Bakıda keçirilən paradda Ermənistan ordusunun məhv edilən və qənimət olaraq ələ
keçirilən hərbi texnikasının çox cüzi bir hissəsi nümayiş olundu. Bu hadisə
Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə, eyni zamanda düşmən ordusunun
darmadağın edilməsinə, məhv olmasına dair əlavə sübutdur”.
"Atəşkəs elan olunana qədər hər gün döyüşlərdə olduq"
Divizion
komandiri 44 günlük döyüşlərin taktiki baxımdan çətinliyini də dilə gətirdi.
Dedi ki, yeganə çətinlik, bütün əlverişli mövqelərin düşməndə olması idi: "Əks-hücum
əməliyyatları zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət
göstərərək, qanı və canı bahasına o yüksəkliklərdə mövqe tutan düşməni geriyə
çəkilməyə məcbur etdi. Bütün çətinliklərə sinə gərdik. Füzulinin Horadiz
qəsəbəsinin azad edilməsi əməliyyatına başladıq və Füzuli, Cəbrayıl, Qubadlı,
Zəngilan və Xocavəndin yaşayış məntəqələrinin azad olunmasına qədər döyüşlərdə
iştirak etdik. Atəşkəs elan olunana qədər hər gün döyüşlərdə olduq. Əgər
atəşkəs elan olunmasaydı Ağdam, Kəlbəcər və Laçın rayonları da döyüş yolu ilə
azad olunacaqdı. Lakin Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi
strategiyası, siyasi-diplomatik bacarığı, uzaqgörənliyi sayəsində biz o
rayonları bir güllə atmadan, bir şəhid vermədən azad etdik. Peşəkar hərbçilər,
müharibənin iştirakçıları bunun necə böyük bir uğur olduğunu digərlərindən daha
aydın təsəvvür edir, qiymətləndirirlər”.
Rufik
İSMAYILOV